Məhkəmə qərarları › İş №2-1(112)-7146/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7146/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7146/2023 28.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili X6 şəxsinə qarşı X4 üçüncü şəxs qismində cəlb olunmaqla “hərrac protokolunun və alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Mahmud Orxan Əlövsət oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili X6 şəxsinə qarşı X4 üçüncü şəxs qismində cəlb olunmaqla “hərrac protokolunun və alqı-satqı müqaviləsinin ləğv edilməsi” barədə iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşagıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili X6 şəxsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili X6 şəxsi tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 249 ünvanda yerləşən 4 saylı “Gilavar” kafe adlı qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə dair keçirilmiş xx.xx.2022-ci il tarixli hərracın və Əmlak Məsələləri Dövlət Xidməti ilə üçüncü şəxs X4 arasında daşınmaz əmlakın alqı-satqısına dair bağlanmış xx.xx.2022-ci il tarixli, 85 nömrəli müqavilənin etibarsız hesab olunması, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən qeydə alınmış daşınmaz əmlaka mülkiyyət hüququna dair müvafıq çıxarışın üçüncü şəxs X3 nisbətdə ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin cavabdehlər siyahısından çıxarılmasını və Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili X6 şəxsi tərəfindən ünvan 2 ünvanda yerləşən 4 saylı “Gilavar” kafe adlı qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə dair keçirilmiş xx.xx.2022-ci il tarixli 01 saylı hərrac protokolunun və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə üçüncü şəxs X4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 85 nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 13 fevral 1995-ci ildə ünvan 2 ünvanda yerləşən 4 saylı “Gilavar” adlı kafedə bufetçi vəzifəsinə təyin edilmiş və qeyri-yaşayış sahəsi həmin tarixdən etibarən onun istifadəsinə verilmişdir. 15 noyabr 2016-cı ildə iddiaçı istifadəsində olan əmlakın 15 faizini "Azərbaycan Respublikasında Dövlət Əmlakının Özəlləşdirilməsinin İİ Dövlət Proqramı"nın 4.6-cı maddəsində müəyyən olunmuş qaydada, əmək kollektivinin üzvü kimi güzəştli şərtlə əldə etmiş, nəticədə həmin qeyri-yaşayış sahəsinin 15 faizinə münasibətdə mülkiyyət hüququ yaranmışdır. Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən adı çəkilən əmlakın 15 faizinin mülkiyyətçisi İddiaçı əmlakın satın alınması barədə heç bir yazılı təklif və ya bildiriş təqdim edilmədən, əmlak, eləcə də həmin əmlakın yerləşdiyi 882 kv.m torpaq sahəsi ümumi hərraca çıxarılmış və xx.xx.2022-ci il tarixində qanunsuz olaraq keçirilən hərracla X1. Hərracın nəticəsi üzrə Əmlak Məsələləri Dövlət Xidməti ilə X4 arasında daşınmaz əmlakın alqısatqısına dair xx.xx.2022-ci il tarixli 85 nömrəli müqavilə bağlanmış və həmin müqavilə sonuncunun obyektin 85 faizinə, eləcə də əmlakın yerləşdiyi 882 kv.m torpaq sahəsinə olan mülkiyyət hüququ çıxarışla qeydə alınmışdır. Nəzərə alınmalıdır ki, 15 noyabr 2016-cı ildə keçirilən hərrac nəticəsində dövlət müəssisəsinin ilkin start qiymətinin 15 faizi iddiaçı tərəfindən satın alınmış və həmin hissəyə münasibətdə mülkiyyət hüququ müvafıq dövlət orqanında qeydiyyata alınmışdır. Bundan sonra əmlakın 15 faizi İddiaçı, qalan 85 faizi isə dövlət mülkiyyəti olmaqla ümumi paylı mülkiyyət münasibətləri yaranmış və yenə 100 faiz həcmində iddiaçının istifadəsində olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 218-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, satıcı öz payın istədiyi şəxsə sata bilər. Həmçinin, həmin Məcəllə ilə müəyyən olunmuş qaydaya əsasən paylı mülkiyyətin ümumi hərraca çıxarılması yalnız bütün mülkiyyətçilərin razılığı və ya məhkəmə qərarı əsasında mümkündür. Həmçinin, nəzərə alınmalıdır ki, 1995-ci ildə obyekt istifadəyə verilərkən obyektin 156,5 kv.m əsas sahə, 31,1 kv.m köməkçi sahə olmaqla ümumilikdə 187,6 kv.m ərazisi mövcud olmuşdur. Həmin fakt istifadəçi İddiaçı təqdim edilmiş 17 avqust 1999-cu il tarixli qeyri-yaşayış sahəsinin texniki pasportunda öz əksini tapmışdır. İstifadə dövründə iddiaçı tərəfindən tədricən xeyli miqdarda vəsait xərclənməsi hesabına obyektin sahəsi genişləndirilmiş və hazırda 324,8 kv.m təşkil edir. Əmlak Məsələləri Dövlət Xidməti isə obyektin sahəsinin istifadəçi tərəfindən genişləndirilməsini nəzərə almadan tam həcmdə, yəni 324,8 kv.m həcmində hərraca çıxarmış və özəlləşdirmişdir. Eyni zamanda İİ Dövlət Proqramının 9.2-ci maddəsinə əsasən üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaq sahələri satın alınması üçün ilk növbədə həmin müəssisə və obyektlərin mülkiyyətçilərinə təklif edilir. Mülkiyyətçilər təklifdən imtina etdikdə həmin torpaq sahəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada onların icarəsinə verilməlidir. Obyektin 1995-ci ildən indiyədək genişləndirilmiş 137,2 kv.m sahəsinin İddiaçı tərəfindən inşa edildiyini nəzərə alaraq həmin obyektin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının 9.2-ci maddəsində nəzərdə tutulan qaydada aparılmalı idi. Beləliklə yuxarıda qeyd olunanlara əsasən ünvan 2 ünvanda yerləşən 4 saylı “Gilavar" adlı kafeyə və həmin obyektin yerləşdiyi 882 kv.m torpaq sahəsinə münasibətdə, əmlakın digər mülkiyyətçisi eyni zamanda əmək kollektivinin üzvü olan iddiaçıya əmlakın satın alınması barədə hərhansı bir təklif edilmədən, əmlakın dövlət mülkiyyətində olan hissəsinin ümumi hərraca çıxarılması, eləcə də başqa şəxsə satılması mülki qanunvereiciliyin yuxarıda sadalanan normalarının tələblərinə ziddir və həmin hərrac etibarsız hesab edilərək nəticələri ləğv edilməlidir. Məhkəmənin qərardadı ilə X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir (zəruri cəlb etmə). Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə 3-cü şəxsə göndərilmiş, 3-cü şəxsdən iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının nımüyəndəsi (vəkili) iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verib və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazında bildirilmişdir ki, iddia əsassızdır və rədd edilməlidir. Belə ki, keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2016-cı il tarixli, 135 nömrəli sərəncamı ilə ünvan 2 ünvanında yerləşən 4 saylı kafenin (Gilavar) və onun yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi barədə qərar qəbul edilmişdir. Qeyd olunan sərəncama əsasən müəssisənin (obyektin) əmlakının (324.8 kv.m qeyri-yaşayış binası) ilkin start qiymətinin 15%-nin əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli qaydada, əmlakın qalan 85 %-nin və həmin müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsinin hərrac vasitəsilə satışı barədə qərar qəbul edilmişdir. Bildiririk ki, müəssisənin (obyektin) əmlakının (324.8 kv.m qeyri-yaşayış binası) ilkin start qiymətinin 15%-i əmək kollektivi üzvü olmuş İddiaçı tərəfindən özəlləşdirilmişdir. Daha sonra yuxarıda qeyd olunan sərəncama uyğun olaraq əmlakın qalan 85%-i və həmin müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsi hərrac yolu ilə özəlləşdirməyə çıxarılmış və Komitənin mətbu orqanı olan “Mülkiyyət” qəzetində, www.emdk.gov.az rəsmi internet saytında və www.privatization.az özəlləşdirmə portalında elan verilmişdir. Qeyd olunan əmlak və onun yerləşdiyi torpaq sahəsi xx.xx.2022-ci il tarixdə keçirilmiş sonuncu hərracda hərracın qalibi X4 tərəfindən özəlləşdirilmiş və bununla bağlı Komitə ilə Mətanət Məmmədova arasında xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müəssisənin əmək kollektivinin üzvü İddiaçı güzəştli satışda iştirak etmişdir və onlara müəssisənin qiymətinin 15 faizi dəyərində əmlakın alınmasına dair mülkiyyət hüququnu təsdiq edən bildiriş verilmişdir. Göründüyü kimi, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin ümumi sahəsinin yalnız 15%-i üzərində iddiaçının mülkiyyət hüququ olmuşdur, Komitə tərəfindən hərraca çıxarılmış qeyri-yaşayış sahəsinin 85 faiz hissəsi və onun yerləşdiyi torpaq sahəsi isə dövlət mülkiyyətində olmuş və ona dair iddiaçı heç bir hüquqa malik olmamışdır. Beləliklə mübahisənin predmeti olan qeyri-yaşayış və onun yerləşdiyi torpaq sahəsinə dair keçirilmiş hərracda iddiaçının qanunvericiliklə müəyyən edilmiş qaydada iştirak etmək və obyekti ümumi əsaslarla (hərracda qalib gəlməklə) əldə etmək hüququ olmuşdur. Qeyd olunan əmlakla bağlı Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən rəsmi qaydada elan verilmiş, Komitə hərrac barədə hər hansı şəxsi fərdi qaydada məlumatlandırma öhdəliyi daşımamışdır. Belə olan halda hesab edir ki, iddiaçının mübahisəli əmlakın yalnız əmək kollektivi üzvlərinə satışa yönəldilən 15% hissəsi ilə bağlı iddia qaldırmaq hüququ ola bilərdi ki, qeyd olunan hissə ilə bağlı Komitə tərəfindən iddiaçının hər hansı hüququ pozulmamışdır. Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məcburidir. Daşınmaz əmlak üzərində mülkiyyət və s. hüquqlar ancaq qeydiyyat sənədlərinə əsasən müəyyən olunur. Qeyd edir ki, mübahisəli əmlaka dair Əmlak Məsələləri Dövlət Komitəsi ilə iddiaçı arasında hər hansı icarə müqaviləsi bağlanmamış, əmlakın özəlləşdirilməsi ilə bağlı Komitə tərəfindən sərəncam qəbul olunan zaman həmin sahə üzərində iddiaçının hər hansı hüququ dövlət qeydiyyatına alınmamışdır. Belə olan halda iddiaçı mübahisəli əmlak üzərində rəsmi reyestrdə qeydə alınmış hər hansı hüquqlara malik olmadığı halda, özəlləşdirmənin “Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 4.6.2-ci maddəsi uyğun olaraq “İcarəyə verilmiş dövlət əmlakının satışı” qaydalarına uyğun olaraq aparılması ilə bağlı mövqeyi əsassızdır. Bundan əlavə iddiaçı mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin 85 faizinin özəlləşdirilməsindən qabaq həmin sahənin 15 faizinin ona məxsus olduğunu, bu səbəbdən də mübahisəli əmlakın yerləşdiyi torpaq sahəsinin özəlləşdirmədən qabaq ona təklif olunmalı olduğunu qeyd etmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, mübahisə predmeti olan dövlət əmlakının özəlləşdirilməsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın altıncı hissəsinə uyğun olaraq həyata keçirilmişdir. Belə ki, qeyd olunan qaydalara uyğun olaraq kiçik müəssisələr özəlləşdirilərkən yalnız müəssisənin (obyektin) start qiymətinin 15 faizinin əmək kollektivi üzvlərinə güzəştli qaydada satışı nəzərdə tutulur. Məhz qeyd olunan qaydalara uyğun olaraq mübahisə predmeti olan əmlakın özəlləşdirilməsi barədə Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2016-cı il tarixli, 135 nömrəli sərəncamla müəssisənin (obyektin) 15 faizinin əmək kollektivi üzvlərinə güzəştli qaydada, əmlakın qalan 85 faizinin və müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsinin hərraclar vasitəsilə satışı yolu ilə özəlləşdirilməsi barədə qərar qəbul edilmişdir. Mübahisə predmeti olan əmlakın və onun yerləşdiyi torpaq sahəsinin hərraca çıxarılması barədə Komitənin mətbu orqanı olan “Mülkiyyət” qəzetində, “www.emdk.gov.az” rəsmi internet saytında və “www.privatization.az” özəlləşdirmə portalında elan verilmiş, eyni zamanda əmək kollektivinin üzvü olan İddiaçı xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixlərdə keçirilmiş hərraclar barəsində əvvəlcədən Komitə tərəfindən məlumatlandırılmış və ona bu barədə bildiriş təqdim edilmişdir (qəbzin surəti əlavə olunur). Baxmayaraq ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununda və Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı” ilə keçiriləcək hərrac barədə Komitə tərəfindən rəsmi elan verilməsi vəzifəsi istisna olmaqla, əlavə digər vasitələrlə fiziki və hüquqi şəxslərin məlumatlandırılması müəyyən edilməmişdir. Eyni zamanda qeyd olunan bildirişlərdə müəssisənin (obyektin) satılmadığı halda yenidən hərraca çıxarılacağı və təkrar hərrac barədə məlumatın bildirişdə qeyd olunan mətbu orqanında və Komitənin rəsmi internet səhifəsində əks olunacağı iddiaçıya bildirilmişdir. Beləliklə qanunvericilikdə Komitənin hərrac barədə hər hansı şəxsi fərdi qaydada məlumatlandırma öhdəliyi daşımadığı halda, Komitə tərəfindən iddiaçıya təqdim olunmuş bildirişlərdən görünür ki, iddiaçı mübahisəli əmlakın və onun yerləşdiyi torpaq sahəsinin hərrac yolu ilə özəlləşdirilməsindən məlumatlı olmuş və mübahisə predmeti olan əmlaka və onun yerləşdiyi torpaq sahəsinə dair keçirilmiş hərracda iddiaçının qanunvericiliklə müəyyən edilmiş qaydada iştirak etmək və obyekti ümumi əsaslarla (hərracda qalib gəlməklə) əldə etmək hüququ ona izah olunmuşdur. Göründüyü kimi qeyd edilən mübahisə predmeti olan qeyri-yaşayış və onun yerləşdiyi torpaq sahəsinin satışı ilə əlaqədar keçirilmiş hərrac qanunvericiliyin tələblərinə uyğun olmuşdur və Xidmətin hərəkət və ya hərəkətsizliyi səbəbindən iddiaçının hər hansı hüquqları pozulmamışdır. Eyni zamanda iddiaçı iddia tələbi üzrə iddia müddətini də ötürmüşdür. Belə ki, iddiaçı bundan əvvəl mübahisə predmeti olan qeyri-yaşayış və onun yerlədiyi torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müvafiq sərəncam qəbul edilməsindən və əmlaka dair keçirilmiş hərraclardan məlumatlı olmuşdur. Bundan əlavə, mübahisə predmeti olan əmlak Mətanət Məmmədova tərəfindən xx.xx.2022-ci il tarixində özəlləşdirilmiş və 1 il ərzində xüsusi mülkiyyətdə olmuş və iddiaçı bundan xəbərdar olmuşdur. Göründüyü kimi iddiaçı inzibati aktın mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş 30 günlük müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Beləliklə, iddiaçı mübahisə predmeti olan əmlakın özəlləşdirilməsinə dair qərarın ləğv edilməsini xahiş etsə də, həmin qərarın qanunsuz olmasına dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:

Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən tərtib edilmiş 17 avqust 1999-cu il tarixli qeyriyaşayış sahəsinin texniki pasportundan görünür ki, ünvan 2 ünvanında yerləşən 4 saylı “Gilavar” kafesinin 156,5 kv.m əsas sahəsi, 31,1 kv.m köməkçi sahəsi olmaqla ümumilikdə 187,6 kv.m sahəsi və 201,8 kv.m torpaq sahəsi mövcud olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 135 №-li xx.xx.2016cı il tarixli sərəncamından görünür ki, ünvan 2 ünvanında yerləşən sahəsi 324.8 kv.m olan 4 saylı kafenin (Gilavar) və onun yerləşdiyi 882 kv.m torpaq sahəsinin özəlləşdirilməsi, müəssisənin (obyektin) əmlakının (324.8 kv.m qeyri-yaşayış binası) ilkin start qiymətinin 15%-nin əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli qaydada, əmlakın qalan 85 %-nin və həmin müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsinin hərrac vasitəsilə satışı barədə qərar qəbul edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli rəydən görünür ki, sifarişçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sifarişinə əsasən aparılmış hesablamalar və təhlillərə əsasən ünvan 2 ünvanında 882.0 kv.metr torpaq sahəsində yerləşən ümumi sahəsi 324,8 kv.m olan qeyriyaşayış (4 saylı kafe (Gilavar)) sahəsinin 05 oktyabr 2016-cı il tarixinə bazar dəyəri 324,8 kv.m olan qeyri-yaşayış sahəsi üzrə -156 000,0 (bir yüz əlli altı min) manat, 882,0 kv.m torpaq sahəsi üzrə - 200 000,0 (iki yüz min) manat qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən iddiaçıya ünvanlanmış bildirişdən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbə küçəsi, 249, 4 saylı kafenin (Gilavar) güzəştli satışa çıxarılan nizamnamə kapitalının 15 faizini 23400 manat məbləğində İddiaçı almışdır. İddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, o, 4 №-li kafedə xx.xx.1995-ci il tarixdən bufetçi işləmişdir. Azərbaycan Respublikasının Beynəlxalq Bankı tərəfindən verilmiş mədaxil qəbzlərindən, kassa mədaxil orderlərinin surətindən görünür ki, iddiaçı tərəfindən 2001, 2007, 2008, 2009, 2019, 2020, 2021-ci illər üzrə əmlaka görə xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytından çıxarışlardan görünür ki, sahəsi 324.8 kv.m olan ünvan 3 və onun yerləşdiyi 882 kv.m torpaq sahəsinin satışa çıxarılması ilə bağlı xx.xx.2017-ci il tarixdə saat 11:00-da, xx.xx.2019-cu il tarixdə saat 11:00-da, xx.xx.2021-ci il tarixdə saat 10:00-da, xx.xx.2021-ci il tarixdə saat 10:00-da hərracın elanları dərc edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli **********01 nömrəli bildirişi ilə iddiaçıya Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 249 ünvanında yerləşən, 4 saylı kafenin (Gilavar) (324,8 kv.m. olan qeyri-yaşayış binasının, 882,0 kv.m torpaq sahəsi ilə birlikdə) 166300 (bir yüz altmış altı min üç yüz) manat dəyəri ilə təkrar olaraq hərraca çıxarılacagı və hərraca üç bank günü qalanadək həmin əmlakın 10% beh məbləğinin Komitənin depozit hesabına ödənilməsi bildirilmişdir. “Kapital Bank” tərəfindən verilmiş 86-41 nömrəli kassa mədail orderindən görünür ki, X4 tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbə küçəsi, 249, 4 saylı kafenin (Gilavar) satışı ilə bağlı hərracda iştirak etmək üçün ödəniş etmişdir. Azərbaycan Respublikası İqtsadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə Kiçik dövlət müəssisəsinin (obyektin, daşınar əmlakın, yarımçıq tikilinin), torpaq sahəsinin və nəqliyyat vasitəsinin özəlləşdirilməsi üzrə keçirilən hərracda iştirak etmək üçün sifarişdən görünür ki, X4 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbə küçəsi, 249, 4 saylı kafeni (Gilavar) almaq istədiyini bildirmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixdə keçirilən 01 №-li hərrac protokolundan görünür ki, X4 ünvan 2 ünvanında yerləşən 4 saylı kafe (Gilavar) (ümumi faydalı sahəsi-324,8 kv.m) və 882,0 kv.m torpaq sahəsinin hərracdan satış qiyməti ilə 166300,00-(bir yüz altmış altı min üç yüz) manata alması barədə hərracın qalibi olmuşdur. Daşınmaz əmlakın xx.xx.2022-ci il tarixli, 85 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, X4 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixdə keçirilən hərracın 01 №-li protokoluna əsasən ünvan 2 ünvanında yerləşən 4 saylı kafe (Gilavar) (ümumi faydalı sahəsi-324,8 kv.m) və 882,0 kv.m torpaq sahəsinin hərracdan satış qiyməti ilə 166300,00-(bir yüz altmış altı min üç yüz) manata Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən satın almışdır. Özəlləşdirilmiş qeyri-yaşayış sahələrinin hesab vərəqindən görünür ki, Bakı şəhəri. Xəzər rayonu, Mərdəkan qəsəbə küçəsi, 249, 4 saylı kafenin (Gilavar) satışı ilə bağlı 166300 manat məbləğində pul vəsaitini X4 ödəmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli ********** saylı qeydiyyat nömrəli çıxarışından görünür ki, ünvan 3 ünvanında yerləşən sahəsi 324.8 kv.m olan əmlak kompleksi üzərində və onun yerləşdiyi 0,0882 ha torpaq sahəsi üzərində X2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən 28412389 nömrəli çıxarışından görünür ki, ünvan 3 ünvanında yerləşən sahəsi 324.8 kv.m olan əmlak kompleksinin 85 %-i və onun yerləşdiyi 0,0882 ha torpaq sahəsi üzərində X2 mülkiyyət hüququ xx.xx.2022-ci il tarixli ********** saylı qeydiyyat nömrəsi ilə və ünvan 3 ünvanında yerləşən sahəsi 324.8 kv.m olan əmlak kompleksinin 15%-i üzərində İddiaçı mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə ********** saylı qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Milli Operatorunun xx.xx.2023-cü il tarixli 3-27-109-2/1164 nömrəli məktubu ilə bildirilmişdir ki, xx.xx.2019-cu il tarixində İddiaçı göndərilmiş məktubun ştrix kod nömrəsi qeyd olunmadığı üçün sistem üzərindən də araşdırılması imkan xaricindədir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4.İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən tanınma haqqında iddia növünə aiddir. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş materiallarından iddiaçı tərəfin mübahisələndirdiyi sənədlərdən məlumatlı olmasını və ya ona rəsmi həmin sənədlərin təqdim edilməsinin sübut olunmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı mübahisələndirdiyi sənədlərdən barəsində məlumatlı olduqdan sonra iddia ərizəsini təqdim etməklə iddia müddətini ötürməmişdir. İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 60-cı maddəsinin 1 və 3-cü bəndlərinə görə dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, özəlləşdirilən müəssisənin (obyektin) mülkiyyətçisi kimi çıxış edən Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi həmin müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsini müvafiq normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydada satın ala və ya satınalma hüququ ilə icarəyə götürə bilər. Müəssisə (obyekt) özəlləşdirilərkən, onun yerləşdiyi torpaq sahəsinin qiyməti həmin müəssisənin (obyektin) qiymətindən asılı olmayaraq ayrıca müəyyənləşdirilir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsinə əsasən özəlləşdirmənin obyekti - özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda Azərbaycan Respublikasının dövlət mülkiyyətində olan əmlak, müştərək müəssisələrin nizamnamə fondundakı dövlətin payı, dövlətə məxsus səhmlər, özəlləşdirilən müəssisələrin altında yerləşən torpaq sahələridir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı (Əmlak Məsələləri Dövlət Xidməti) çıxış edir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən dövlət əmlakının hansı üsulla özəlləşdirilməsi bu Qanuna və Dövlət Proqramına müvafiq olaraq dövlət əmlakının özəlləşdirilməsi barədə qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin: 2-ci bəndinə görə özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur. 4-cü bəndinə görə özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyətçilərinin torpaq sahələrini ilk növbədə satın almaq hüququ vardır. 6-cı bəndinə əsasən özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallar istisna olmaqla satınalma obyektləri sayılır. 11-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. 12-ci bəndinə görə torpaq sahəsini almaq məqsədilə onun üzərində yerləşən özəlləşdirilmiş müəssisənin və ya obyektin mülkiyyətçisi Əmlak Məsələləri Dövlət Komitəsi aşağıdakı sənədləri təqdim edir: Ərizə; Hüquqi şəxsin nizamnamə kapitalında 75 faizdən az olmayan hissənin xüsusi mülkiyyətdə olmasını təsdiq edən səhmdarların reyestrindən çıxarış (açıq səhmdar cəmiyyətidirsə); Müəssisə və obyektin üzərində mülkiyyət hüququnu təsdiq edən şəhadətnamənin surəti; Özəlləşdirilmiş müəssisə və obyektin texniki pasportu (yarımçıq və başa çatdırılmamış tikililər üçün inşaat pasportu) və torpaq sahəsinin müəssisə və obyektin istifadəsində və ya icarəsində olmasını təsdiq edən sənəd (torpaq sahəsinin ayrılması haqqında qərar və ya icarə müqaviləsi). Torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlərin əldə edilməsi mümkün olmadıqda Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi müvafiq yerli icra hakimiyyəti orqanları ilə birlikdə özəlləşdirilmiş müəssisə və obyektlərin faktiki istifadəsində olan torpaq sahəsini müəyyən edir. Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ dövlət proqramı”nın: 6-cı bəndinə görə kiçik müəssisələrin (obyektlərin) özəlləşdirilməsi zamanı müəssisənin nizamnamə kapitalının (obyektin start qiymətinin) 15%-i əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışa yönəldilir, 85%-i isə hərrac vasitəsilə satılır. 9.1-ci bəndinə görə özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilən müəssisə və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələri qanunvericiliyə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həmin müəssisə və obyektlərin mülkiyyətçilərinə satılır. Bu sahədə məhdudiyyətlər olduqda torpaq sahələrinin verilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilir. 9.2-ci bəndinə görə Əmlak Məsələləri Dövlət Komitəsi fiziki və hüquqi şəxslərin müraciəti əsasında onlara məxsus torpaq sahələrinin satışını həyata keçirə bilər. Üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaq sahələri satın alınması üçün ilk növbədə həmin müəssisə və obyektlərin mülkiyyətçilərinə təklif edilir. Mülkiyyətçilər təklifdən imtina etdikdə həmin torpaq sahəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada onların icarəsinə verilməlidir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2007-ci il tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında” Əsasnamənin: 6-cı bəndinə əsasən özəlləşdirilən dövlət müəssisəsinin (obyektinin) qiymətləndirilən əmlakının tərkibinə onun əsas vəsaitləri və sair dövriyyədənkənar aktivləri, ehtiyat və məsrəfləri, pul və sair maliyyə vəsaitləri, digər maddi və qeyri-maddi aktivləri daxildir. 7-ci bəndinə görə əsas vəsaitlərə və sair dövriyyədənkənar aktivlərə aşağıdakılar daxildir: a) binalar, qurğular, ötürücü qurğular, maşın və avadanlıqlar, nəqliyyat vasitələri, iş alətləri, istehsal və təsərrüfat inventarları, iş heyvanları, məhsuldar heyvanlar, çoxillik əkmələr, digər növ əsas vəsaitlər, torpaqların yaxşılaşdırılmasına (meliorasiya, qurudulma, irriqasiya və s. işlər), habelə başqa işlərə qoyulan kapital qoyuluşları və başqa əmək vasitələri; b) balansda əks olunan qeyri-maddi aktivlər, torpaq, su və təbii ehtiyatlardan (sərvətlərdən) istifadə hüquqları, əmlak hüquqları, patentlər, lisenziyalar, «nou-hau», proqram məhsulları, inhisar və imtiyaz (üstünlük) hüquqları (xüsusi fəaliyyət növünə verilən lisenziyalar da daxil olmaqla), təşkilati xərclər, ticarət markaları, əmtəə nişanları və digər qeyri-maddi aktivlər; c) müəssisənin quraşdırılmamış avadanlıqları və başa çatdırılmamış əsaslı tikintisi; ç) müəssisənin uzunmüddətli maliyyə qoyuluşları, o cümlədən digər müəssisələrin qiymətli kağızlarına (səhm, istiqraz və s.), dövlət və digər borclar üzrə faizli istiqrazlara, ölkə ərazisində yaradılmış digər müəssisələrin nizamnamə fondlarına, müəssisənin xaricdəki kapitalına və sair uzunmüddətli maliyyə qoyuluşları; d) müəssisə balansının aktivindəki «Əsas vəsaitlər və sair dövriyyədən kənar aktivlər» bölməsinin digər maddələri. 11-ci bəndinə görə özəlləşdirilən dövlət müəssisəsinin (obyektinin) yerləşdiyi torpaq sahəsi bu Əsasnaməyə uyğun olaraq qiymətləndirilən əmlakın tərkibinə daxil edilmir və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən müəyyən edilmiş qaydada ayrıca özəlləşdirilir. Özəlləşdirilən torpaq sahəsinin qiymətləndirilməsi müvafiq normativhüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı” qaydalarına əsasən özəlləşdirmə əqdləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və hallarda etibarsız hesab edilir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin: 4.16.4-cü bəndinə əsasən müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrini “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadəyə və icarəyə vermək (rayon bölgüsü olan şəhərlərdə müvafiq rayonun icra hakimiyyətinin rəyi nəzərə alınmaqla) yerli icra hakimiyyətinin başçısının səlahiyyətinə aiddir. “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” Azərbaycan Respublikasının Prezidentinin 6 sentyabr 1997-ci il tarixli 629 nömrəli Fərmanının 1-ci bəndinə görə Azərbaycan Respublikasının ərazisində dövlətin adından daşınmaz dövlət əmlakını icarəyəvermə səlahiyyəti (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hal, habelə sənaye, yaxud texnologiya parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri, binalar və qeyri-yaşayış sahələri istisna olmaqla), dövlət əmlakının sərəncamçısına – Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilmiş (......), bu Fərman imzalandığı günə qədər daşınmaz dövlət əmlakının icarəyə verilməsinə dair bağlanmış icarə müqavilələrində icarəyəverənlərin hüquqi varisi Əmlak Məsələləri Dövlət Komitəsi hesab olunmuşdur. Azərbaycan Respublikasının Prezidentinin 9 dekabr 1999-cu il tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”nin: 1-ci bəndinə görə bu Əsasnamə «Azərbaycan Respublikasında dövlət əmlakının Registrinin yaradılması haqqında» 1998-ci il 20 iyun tarixli 732 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına müvafiq olaraq hazırlanmış və Azərbaycan Respublikasında dövlət əmlakının registrinə daxil olan məlumatların tərkibini, strukturunu və aparılması qaydalarını müəyyən edir. 2-ci bəndinə görə Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır və həmin əmlak barəsində bağlanmış əqdlər qeydə alınır. 3-cü bəndinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının Registri respublikanın informasiya sisteminin ümumi prinsiplərinə əsaslanan daşınmaz dövlət əmlakının (binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər) qeydiyyatı, onun barəsində bağlanmış əqdlər (icarəyə və ya istifadəyə verilməsi, girov qoyulması və s.) haqqında məlumatların məcmusu olan informasiya sistemidir. 7-ci bəndinə əsasən dövlət əmlakının mərkəzi registrində bu bəndin ikinci abzasında göstərilən əmlak istisna olmaqla, müvafiq dövlət hakimiyyəti orqanlarının, dövlət şirkətlərinin, konsernlərinin, birliklərinin və onların tabeçiliyində olan müəssisə, idarə və təşkilatların sərəncamında olan, habelə Azərbaycan Respublikasının xaricdə olan daşınmaz dövlət əmlakı qeydə alınır. Yerli registrlərdə yerli icra hakimiyyəti orqanlarının və onların tabeliyində olan müəssisə, idarə və təşkilatların sərəncamında olan daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır. 8-ci bəndinə əsasən Azərbaycan Respublikasında daşınmaz dövlət əmlakının Registri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının mərkəzi registri və yerli registrləri əsasında tərtib edilir. 15-ci bəndinə görə Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyata alınması üçün həmin əmlak sərəncamında olan subyektlər aşağıdakı sənədləri təqdim etməlidir: əmlakın qeydiyyata alınmasına dair müraciət məktubu; bu Əsasnamənin 1-ci bölməsinin 9-cu bəndində göstərilmiş sənəd (sənədlər); qeydiyyat obyektinin göstəricilərini əks edən qeydiyyat vərəqəsi (bu Əsasnaməyə Əlavə). 18-ci bəndinə görə sərəncamında olan daşınmaz dövlət əmlakı Azərbaycan Respublikasında dövlət əmlakının Registrində qeydə alınmadan və bunu təsdiq edən rəsmi sənəd («Registrdən çıxarış»ı) olmadan müvafiq dövlət orqanları, dövlət şirkətləri, konsernləri, birlikləri və onların tabeçiliyində olan müəssisə, idarə və təşkilatlar həmin əmlak barədə (balansdan silinməsi, balansdan balansa verilməsi, əqdlər bağlanması, o cümlədən icarəyə verilməsi, habelə girov qoyulması, digər öhdəliklərlə yüklənməsi, özgəninkiləşdirilməsi və s.) heç bir qərar qəbul edə bilməzlər. 19-cu bəndinə görə Azərbaycan Respublikasında dövlət əmlakının Registrində qeydə alınmış daşınmaz dövlət əmlakına münasibətdə hər bir dəyişikliyin qeydə alınması üçün müvafiq əmlak sərəncamında olan bu Əsasnamənin 7-ci bəndində müəyyən edilmiş subyektlər müəyyən edilmiş qaydada zəruri tədbirlər görməli və müvafiq registrləri aparan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və onun yerli qurumlarına 5 gün müddətində həmin dəyişikliyin qeydə alınması məqsədi ilə sənədlər təqdim etməlidirlər. Azərbaycan Respublikasında dövlət əmlakının Registrinə daxil edilmiş daşınmaz dövlət əmlakı sərəncamında olan bu Əsasnamənin 7-ci bəndində müəyyən edilmiş subyektlər hər ilin dekabr ayının 31-nə qədər müvafiq registrlərə daşınmaz əmlakın hərəkətinə dair balanslarının surətlərini təqdim etməlidirlər. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2016-cı il tarixli, 135 nömrəli sərəncamı ilə ünvan 2 ünvanında yerləşən 4 saylı kafenin (Gilavar) və onun yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi barədə qərar qəbul edilmişdir. Qeyd olunan sərəncama əsasən müəssisənin (obyektin) əmlakının (324.8 kv.m qeyri-yaşayış binası) ilkin start qiymətinin 15%-nin əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli qaydada, əmlakın qalan 85 %-nin və həmin müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsinin hərrac vasitəsilə satışı barədə qərar qəbul edilmişdir. Müəssisənin (obyektin) əmlakının (324.8 kv.m qeyri-yaşayış binası) ilkin start qiymətinin 15%-i əmək kollektivi üzvü olmuş İddiaçı tərəfindən özəlləşdirilmiş və mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin ümumi sahəsinin 15%-i üzərində iddiaçının mülkiyyət hüququ qeydiyyata alınmışdır. Daha sonra yuxarıda qeyd olunan sərəncama uyğun olaraq əmlakın qalan 85%-i və həmin müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsi hərrac yolu ilə özəlləşdirməyə çıxarılmış və xx.xx.2022-ci il tarixdə keçirilmiş sonuncu hərracda hərracın qalibi iş üzrə 3-cü şəxs olan X4 tərəfindən özəlləşdirilmiş, bununla bağlı Komitə ilə Mətanət Məmmədova arasında xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış və sonuncunun qeyri-yaşayış sahəsinin ümumi sahəsinin 324.8 kv.m 85%-i üzərində, habelə bütövlükdə onun yerləşdiyi 0,0882 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınmışdır. İddiaçı hazırki iddia tələbində xx.xx.2022-ci il tarixdə keçirilmiş hərracın yekun protokolunu və onun nəticəsində baglanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsini mübahisələndirmişdir. Hazırkı iş üzrə məhkəmə mübahisələndirilən özəlləşmənin nəticələrini iki hüquqi aspektdən qiymətləndirir:

1. hərrac barədə sərəncam ilə iddiaçının özəlləşmədə üstünlük hüququ pozulmuşdurmu,

2. dövlət əmlakının özəlləşdirilməsi proseduru baxımından qanunvericiliyin tələblərinə riayət edilmişdirmi. Qeyd edildiyi kimi iddiaçı mübahisəli qeyri-yaşayış sahəsinin bir hissəsinin, çıxarışda qeyd edilən 324.8 kv.m olan sahənin 15%-nin paylı mülkiyyətçisi olsa da, mübahisələndirilən əmlak və altındakı torpaq sahəsi uzun illər onun istifadəsində olmuş, iddiaçının dediyinə görə orada olan bütün artırmaları özü etmiş və buna xərc çəkmişdir. İş materiallarından göründüyü kimi iddiaçı üçün əlverişsiz olan hərracın nəticələri xx.xx.2022-ci il tarixli 01 saylı hərrac protokolu ilə rəsmiləşdirilərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 249 ünvanda yerləşən 4 saylı “Gilavar” kafe adlı qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə dair keçirilmiş hərracın qalibi X4 olmuşdur. xx.xx.2022-ci il tarixli, 85 nömrəli müqavilə ilə X4 müqavilədə göstərilən şərtlərlə ünvan 2 ünvanında yerləşən 4 saylı kafe (Gilavar) (ümumi faydalı sahəsi-324,8 kv.m) və 882,0 kv.m torpaq sahəsini hərracdan satış qiyməti ilə 166300,00 (bir yüz altmış altı min üç yüz) manata satın almışdır. Yuxarıda qeyd edilən normalardan müəyyən olunur ki, dövlət mülkiyyətində olan torpaq sahəsi və üzərində yerləşən obyekt bir qayda olaraq eyni vaxtda özəlləşdirilmir. Belə ki, yuxarıda göstərilən normalarda torpaq sahəsinin özəlləşdirilən obyektin tərkibinə daxil edilməməsi, torpaq sahəsinin qiymətinin özəlləşdirilən obyektin qiymətindən asılı olmayaraq ayrıca müəyyənləşdirilməsi, özəlləşdirilmiş obyektin mülkiyyətçisinin həmin obyektin yerləşdiyi torpaq sahəsini ilk növbədə satınalma hüquqlarının mövcudluğu, torpaq sahəsinin özəlləşdirilməsi üçün obyektin üzərində mülkiyyət hüququnu təsdiq edən şəhadətnamənin tələb edilməsi kimi tələblər onu ifadə edir ki, bir qayda olaraq torpaq sahəsi obyektin özəlləşməsindən sonra və ayrıca özəlləşir. Başqa sözlə, dövlət mülkiyyətində olan torpaq sahəsi üzərində yerləşən obyekt özəlləşdirildikdən sonra qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ əldə etmiş fiziki və ya hüquqi şəxsin həmin əmlakın altındakı torpaq sahəsinin özəlləşdirilməsini tələb etmək hüququ vardır. İşin müəyyən edilən hallarına görə iddiaçı hərraca cəlb edilməmişdir. Əmlak kompleksinin qalan 85%-nin və onun yerləşdiyi torpaq sahəsinin hərrac vasitəsilə satışa çıxarılması barədə iddiaçıya heç bir məlumat verilməmişdir. Məhkəmə araşdırması zamanı cavabdehlərdən hərracın keçirilməsi ilə bağlı iddiaçının xəbərdar edilməsi barədə sübut tələb edilsə də, cavabdehin nümayəndəsi tərəfindən müvafiq bildirişlər təqdim edilmiş, lakin onların lazımi qaydada iddiaçıya çatdırılmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə də müəyyən olunur ki, üzərində özəlləşdirilmiş tikili olan, yəni boş olmayan, eyni zamanda dövlət mülkiyyətində olan 882,0 kv.m torpaq sahəsini cavabdeh mübahisələndirilən alqı-satqı müqaviləsi ilə üçüncü şəxsə satmışdır. Qeyd olunmalıdır ki, mübahisələndirilən qeyri-yaşayış və torpaq sahələri dövlət fonduna aid olmaqla dövlət əmlakı hesab edilir. Dövlət orqanlarının balansında olan dövlət əmlakı barədə dövlət əmlakının mərkəzi registrində qeydiyyat aparılır. Daşınmaz dövlət əmlakına münasibətdə hər bir dəyişiklik, o cümlədən əqdlər bağlanması, icarəyə verilməsi dövlət registrində qeydə alınır. Sərəncamında registrə daxil edilmiş daşınmaz dövlət əmlakı olan qurumlar daşınmaz əmlakın hərəkətinə dair balanslarının surətlərini hər il Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim etməlidirlər. İşdə olan Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən tərtib edilmiş 17 avqust 1999-cu il tarixli qeyriyaşayış sahəsinin texniki pasportuna görə balansaxlayıcıda olmuş ünvan 2 ünvanında yerləşən 4 saylı “Gilavar” kafesinin 156,5 kv.m əsas sahəsi, 31,1 kv.m köməkçi sahəsi olmaqla ümumilikdə 187,6 kv.m sahəsi və 201,8 kv.m torpaq sahəsi mövcud olmuşdur. Sonradan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli rəylə Əmlak Məsələləri Dövlət Xidmətinin sifarişinə əsasən aparılmış hesablamalar və təhlillərə əsasən qeyriyaşayış sahəsinin bazar dəyəri 324,8 kv.m olan qeyri-yaşayış sahəsi üzrə -156 000,0 (bir yüz əlli altı min) manat, 882,0 kv.m torpaq sahəsi üzrə - 200 000,0 (iki yüz min) manat qiymətləndirilmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 135 №-li xx.xx.2016-cı il tarixli sərəncamı ilə özəlləşdirməyə çıxarılmışdır. İddiaçı da qeyriyaşayış sahəsinin güzəştli satışa çıxarılan nizamnamə kapitalının 15 faizini 23400 manat məbləğində almışdır. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin 12-ci bəndinə görə torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlərin əldə edilməsi mümkün olmadıqda Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi müvafiq yerli icra hakimiyyəti orqanları ilə birlikdə özəlləşdirilmiş müəssisə və obyektlərin faktiki istifadəsində olan torpaq sahəsini müəyyən edir. Eyni zamanda Azərbaycan Respublikasının Prezidentinin 9 dekabr 1999-cu il tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”nin 18-ci bəndinə görə sərəncamında olan daşınmaz dövlət əmlakı Azərbaycan Respublikasında dövlət əmlakının Registrində qeydə alınmadan və bunu təsdiq edən rəsmi sənəd («Registrdən çıxarış»ı) olmadan müvafiq dövlət orqanları, dövlət şirkətləri, konsernləri, birlikləri və onların tabeçiliyində olan müəssisə, idarə və təşkilatlar həmin əmlak barədə (balansdan silinməsi, balansdan balansa verilməsi, əqdlər bağlanması, o cümlədən icarəyə verilməsi, habelə girov qoyulması, digər öhdəliklərlə yüklənməsi, özgəninkiləşdirilməsi və s.) heç bir qərar qəbul edə bilməzlər. Məhkəmədə işin hallarından müəyyən edilir ki, iddiaçıya sözügedən qeyri-yaşayış sahəsi həmin vaxt balansaxlayıcıda olmuş ölçülərdə verilməmiş (17 avqust 1999-cu il tarixli qeyri-yaşayış sahəsinin texniki pasportuna görə), sonradan da iddiaçının iddia etdiyi kimi orada artırmalar, yenidənqurma və s. işlərin görüldüyü araşdırılmamış, mövcud əmlakın qiymətləndirilməsi aparılmadan qalan 85 faizi və bütövlükdə altında olan torpaq sahəsi hərraca çıxarılaraq 3-cü şəxsə satılmışdır. Bu isə o deməkdir ki, mübahisələndirilən hərracdan əvvəl əmlakın 85 faizi və bütövlükdə altında olan torpaq sahəsi dövlət fondunun qeyri-yaşayış sahəsi statusunda olmuş, yuxarıda qeyd olunan tələblərə uyğun olaraq balansaxlayıcı tərəfindən təqdim edilmiş məlumatlar əsasında (iddiaçı özəlləşdirdikdən sonra) həmin əmlak dövlət əmlakının registrinə yeni ölçülərlə daxil edilməmişdir. Buradan aydın olur ki, 17 avqust 1999-cu il tarixli qeyri-yaşayış sahəsinin texniki pasportuna görə balansaxlayıcıda olmuş ölçülərlə "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli rəydəki ölçülərin və 3-cü şəxs tərəfindən özəlləşdirmədən əvvəl əmlakın hansı ölçülərdə olması barədə qiymətləndirmə aparılmamış, bu məqamlara cavabdehin nümayəndəsi məhkəmədə aydınlıq gətirməmiş, əlavə torpaq sahəsinin zəbti halının baş veribverməməsi, həmin torpaq sahəsinin dövlət fondunda olmaqla özəlləşdirilən əmlaka yaxud müvafiq icra hakimiyyətinin (Bakı şəhər icra hakimiyyətinin) idarəçiliyinə verilmiş torpaq sahəsi olub-olmaması halları aidiyyəti qurumlardan rəy alınmadan və ilk növbədə də iddiaçının iştirakı ilə araşdırılmamışdır. Bundan əlavə Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2007-ci il tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında” Əsasnamənin 7-ci bəndinə görə özəlləşdirmədən əvvəl özəlləşdirilən dövlət müəssisəsinin (obyektinin) qiymətləndirilən əmlakının tərkibinə daxil olan binaların, qurğuların, ötürücü qurğuların, maşın və avadanlıqların, nəqliyyat vasitələrinin, iş alətlərinin, istehsal və təsərrüfat inventarlarının, digər növ əsas vəsaitlərin, torpaqların yaxşılaşdırılmasına (meliorasiya, qurudulma, irriqasiya və s. işlər), habelə başqa işlərə qoyulan kapital qoyuluşlarının və başqa əmək vasitələrinin, həmçinin balansda əks olunan qeyri-maddi aktivlərin, torpaq, su və təbii ehtiyatlardan (sərvətlərdən) istifadə hüquqlarının, qeyri-maddi aktivlərin, müəssisənin quraşdırılmamış avadanlıqlarının və başa çatdırılmamış əsaslı tikintisinin, müəssisənin uzunmüddətli maliyyə qoyuluşlarının, o cümlədən digər müəssisələrin qiymətli kağızlarına (səhm, istiqraz və s.), dövlət və digər borclar üzrə faizli istiqrazlara, ölkə ərazisində yaradılmış digər müəssisələrin nizamnamə fondlarına, müəssisənin xaricdəki kapitalına və sair uzunmüddətli maliyyə qoyuluşlarına, müəssisə balansının aktivindəki «Əsas vəsaitlər və sair dövriyyədən kənar aktivlər» bölməsinin digər maddələrinin cavabdeh tərəfindən araşdırılması da iş üzrə sübuta yetirilmir. Həmçinin də özəlləşdirilən torpaq sahəsinin qiymətləndirilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada aparılması da cavabdeh tərəfindən əsaslandırılmamışdır. Bütün bunlar isə dövlət əmlakının satılması üzrə hərracın müvafiq qanunvericiliyin tələblərinə riayət olunmadan formal olaraq keçirildiyinə dəlalət edir. Buna görə də məhkəmə hesab edir ki, iddia əsaslı oldugundan keçirilmiş hərracın yekun protokolu və onun nəticələrə etibarsız hesab edilməlidir. Ən əsası isə məhkəmə xüsusi olaraq vurgulayır ki, Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin 11-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş obyektin mülkiyyətçisi olan iddiaçıya təklif etməli, əgər iddiaçı torpaq sahəsini satın almaqdan imtina edirsə (bu halı isə cavabdeh məhkəmədə sübut edə bilməmiş), onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada iddiaçının satınalma hüququ ilə icarəsinə verilməli idi. Bu həmçinin Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ dövlət proqramı”nın 9.2-ci bəndinin mütləq tələbidir. Həmin bəndə görə Əmlak Məsələləri Dövlət Komitəsi fiziki və hüquqi şəxslərin müraciəti əsasında onlara məxsus torpaq sahələrinin satışını həyata keçirə bilər. Üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaq sahələri satın alınması üçün ilk növbədə həmin müəssisə və obyektlərin mülkiyyətçilərinə təklif edilir. Mülkiyyətçilər təklifdən imtina etdikdə həmin torpaq sahəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada onların icarəsinə verilməlidir. Beləliklə də Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı” qaydalarına əsasən özəlləşdirmə əqdləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və hallarda etibarsız hesab edildiyindən hazırki iş üzrə hərracın nəticələri üzrə 3-cü şəxslə baglanmış alqı-satqı müqaviləsi də etibarsız hesab edilməlidir. Göründüyü kimi cavabdehlərin hərəkətləri nəticəsində iddiaçının qanunla qorunan mülkiyyət hüququna qanunsuz olaraq müdaxilə edilmişdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic ). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bu Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmənin qənaəti belədir ki, iddia təmin edilməli, Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili X6 şəxsi tərəfindən ünvan 4 ünvanda yerləşən 4 saylı “Gilavar” kafe adlı qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə dair keçirilmiş xx.xx.2022-ci il tarixli 01 saylı hərrac protokolu və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə üçüncü şəxs X4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 85 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

NƏTİCƏVİ HİSSƏ:

İddia təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili X6 Şəxsi tərəfindən ünvan 4 ünvanda yerləşən 4 saylı “Gilavar” kafe adlı qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə dair keçirilmiş xx.xx.2022-ci il tarixli 01 saylı hərrac protokolu və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə üçüncü şəxs X4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 85 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 6

Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar