Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7146/2024 15.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil Ağahəsən oğlu İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, 203.70 kv.m qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətindədir. Mövcud vəziyyətdə qeyri-yaşayış sahəsinin qeydiyyata alınması barədə müraciət etsə də, həmin müraciətin təminindən əsassız olaraq imtina edilmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, qeyri-yaşayış sahəsinə bitişik əlavə sahələr inşa edilmiş, binanın konturundan kənarda, birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulmuş ümumi istifadədə olan hissədə yerləşdiyi müəyyən edilmişdir. Daşınmaz əmlak “Unibank” KB” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Tərəflər izahatları: İddiaçı nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İmtina məktubuna qeyd edilmişdir ki, qeyri-yaşayış sahəsinə bitişik əlavə sahələr inşa edilmiş, binanın konturundan kənarda, birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulmuş ümumi istifadədə olan hissədə yerləşdiyi müəyyən edilmişdir. Müayinə aktından görünür ki, qeyri-yaşayış sahəsinin faktiki sahəsi 379.3 kv.m təşkil edir. Nəsimi Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən X1 17 yanvar 2023-cü il tarixli rəyindən görünür ki, iddiaçıya məxsus mənzil və qeyri-yaşayış sahələri birləşdirilərək ümumi sahə 230.1 kv.m (mövcud vəziyyətdə faktiki 379,3 kv.m təşkil edir. Qonşu mənzillərdən təcrid edilmiş ayrıca giriş-çıxışı mövcuddur. Sahənin birləşdirilməsi və qeyriyaşayış sahəsinə keçirilmə məqsədəuyğun hesab edilir. Çıxarışdan görünür ki, ünvan 1 ünvanda (yeni qaydalarla 28 May küçəsi 80 A) yerləşən 203.70 kv.m qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətindədir. 17 yanvar 2023-cü il tarixli Komissiyanın Qəbul aktından görünür ki, iddiaçıya məxsus mənzil və qeyri-yaşayış sahələri birləşdirilərək ümumi sahə 230.1 kv.m (mövcud vəziyyətdə faktiki 379,3 kv.m təşkil edir. Qonşu mənzillərdən təcrid edilmiş ayrıca girişçıxışı mövcuddur. Sahənin birləşdirilməsi və qeyri-yaşayış sahəsinə keçirilmə məqsədəuyğun hesab edilir. Nəsimi Rayon İcra Hakimiyyətinin 18 yanvar 2023-cü il tarixli sərəncamından görünür ki, mənzil və qeyri-yaşayış sahələri birləşdirilərək qeyri-yaşayış sahəsinin ümumi sahəsi 230,1 kv.m hesab edilir. Nəsimi Rayon İcra Hakimiyyətinin 15 iyul 2024-cü il tarixli sərəncamından görünür ki, qeyri-yaşayış sahəsinin ümumi sahəsi 379,3 kv.m hesab edilmiş, hüquqi qeydiyyata alınması üçün sərəncamın cavabdehə göndərilməsi qərara alınmışdır. Ümumi sahədəki fərqin aparılmış təmir-tikinti və yenidənqurma işləri səbəbindən olması göstərilmişdir. Sərəncamda göstərilir ki, 1-ci mərtəbə 189,2 kv.m, 2-ci mərtəbə 190,1 kv.m olmaqla 379,3 kv.m təşkil edir. Nəsimi Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən X1 15 iyul 2024-cü il tarixli rəyindən görünür ki, ümumi sahənin 379,3 kv.m olması məqsədəuyğun hesab edilmişdir. Komissiyanın 15 iyul 2024-cü il tarixli qəbul aktından görünür ki, mumi sahənin 379,3 kv.m olması məqsədəuyğun hesab edilmişdir. Texniki sənədlərdən görünür ki, aparılmış ölçmə-yoxlama işləri nəticəsində 1-ci mərtəbə 189,2 kv.m, 2-ci mərtəbə 190,1 kv.m olmaqla 379,3 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Cavabdehin 16 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, faktiki ümumi sahə 379,3 kv.m təşkil edir. 143.9 kv.m binanın konturundan kənardır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. İddiaçının müraciətinin təmin olunmamasının əsası kimi yuxarıda göstərilmiş halların əmlaka dair çıxarışın verilməsinə maneənin yaradıb-yaratmamasına qiymət verilməsi üçün əmlaka dair hüquqmüəyyənedici sənədlərin əhatə dairəsi müəyyən edilməlidir. Daşınmaz əmlaka dövlət reyestrində hüququn qeydə alınması, ondan imtina edilməsi və digər hallar aşağıdaki qanunvericiliyin müddəaları ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. 18.1. Məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. 18.2. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məhkəmə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatının aparılması üçün qanunvericilik ilə tənzimlənən əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə əhatə olunur. Mənzil Məcəlləsinin: 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir 20.2. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. 20.3. Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. 20.4. Qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə o halda yol verilmir ki, belə sahə müəyyən edilmiş tələblərə cavab verməsin və ya bu sahənin müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək mümkün olmasın, yaxud bu sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edildiyi halda xeyrinə yüklülük müəyyən edilmiş şəxslərin razılığı olmasın. 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. 21.8. Sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd həmin sənəddə nəzərdə tutulmuş müvafiq yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) siyahısı göstərilən digər işlərin ərizəçi tərəfindən görülməsi üçün əsasdır 21.9. Bu Məcəllənin 21.8-ci maddəsində göstərilən yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. 23.1. Yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. 24.1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. 26.1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının başa çatması razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyasının aktı ilə təsdiqlənir. 26.2. Qəbul komissiyasının aktı razılaşdırmanı həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. İşin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisə yerli icra hakimiyyəti orqanının mənzillərin və qeyri-yaşayış sahələrinin birləşdirilərək qeyri-yaşayış sahəsinə keçirilməsi, daha sonra isə qəbul edilmiş sərəncam əsasında ümumi sahənin 379,3 kv.m olmaqla qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmalı olub-olmaması ilə əlaqədardır. Cavabdehin əsas imtina dəlili onunla əlaqədardır ki, konturdan kənar sahə vardır, həmin sahə ümumi istifadədə olan əraziyə düşür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda adıçəkilən normativ hüquqi aktların tələblərindən də göründüyü kimi müvafiq akt və rəylərdən alınmaqla yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsini, eləcə də qeyri-yaşayış sahələrinin ölçülərinin dəqiqləşdirilməsini həyata keçirən orqan müvafiq inzibati akt qəbul etməklə yerli icra hakimiyyəti orqanıdır. Yəni, mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsini, ölçülərin dəqiqləşdirilməsində səlahiyyətli qurumun qəbul etdiyi inzibati akt hüquqi nəticələrə səbəb olur. Hazırkı iş üzrə də qeyri-yaşayış sahəsinin ümumi ölçüsünün 379,3 kv.m olaraq müəyyən edilməsi, təmir-tikinti və yenidən qurma işləri ilə bağlı ölçülərin məhz həmin ölçüdə olması, eləcə də ümumi ölçünün 379,3 kv.m təşkil etməklə buna dair hüquqların dövlət qeydiyyatı üçün cavabdehə sərəncamın göndərilməsi ilə əlaqədar yerli icra hakimiyyəti orqanının sərəncamı qüvvədədir, ləğv edilməmiş, qüvvədən düşməmiş, hər hansı orqan, üst qurum tərəfindən də mübahisələndirilməmişdir. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, X.Miratayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Etimad hüququnun qorunmasını inzibati icraatın təməl prinsiplərindən biri kimi məhkəmə işin hazırkı faktiki hallarını da nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçı qeyri-yaşayış sahəsinə dair hüquqmüəyyənedici sənədləri nəzərə alaraq cavabdehə müraciət etmiş, cavabdeh isə işin mahiyyəti üçün əsas olan həmin sənədləri nəzərə almadan formal əsaslarla müraciətin təminin həyata keçirməmişdir. “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Yuxarı instansiya məhkəməsinin təcrübə müəyyən edən qərarlarının tələbləri ilə də müəyyən edilir ki, cavabdeh əmlak orqanı, yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilmə, yenidən qurma və təmir tikinti işlərinin aparılması, istismara və tikintiyə icazə verilmə və s kimi səlahiyyətli yerli icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş qərara bağlıdır və həmin qərarın məzmununa uyğun davranmağa borcludur. Həmçinin nəzərə almaq lazımdır ki, cavabdeh tərəfindən həmin qərar məzmun baxımından təftiş edilə və onun qüvvədə olduğu müddətdə həmin qərarın icrasından imtina oluna bilməz. Cavabdeh səlahiyyətli orqanlar tərəfindən verilmiş sənədlərə bağlıdır və həmin sənədlərin məzmununa uyğun davranmağa borcludur. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. (2-1(102)-1202/2024 saylı iş üzrə xx.xx.2024 tarixli, 2-1(102)-1485/2023 saylı, 28 sentyabr 2023-cü il tarixli, 2-1(102)- 2104/2023 saylı xx.xx.2023-cü il tarixli, 2-1(102)-1485/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı, 2-1(102)-242/2023 saylı xx.xx.2023-cü il tarixli, 2-1(102)-57/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 2-1(102)-1263/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il il tarixli, 2-1(102)-843/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il, 2-1(102)-263/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il qərarı, 2-1(102)-57/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərar, 2-1(102)-774/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020 il tarixli qərardakı qərarlarındakı hüquqi mövqeyə uyğun olaraq) Halbuki, cavabdehin hazırkı iş üzrə imtinası təftişetmə ilə əlaqədardır. Belə ki, cavabdehin hazırkı halda imtinası faktiki olaraq yuxarıda göstərilən məsələlər üzrə sərəncam vermək səlahiyyəti olan qurumun ləğv edilməmiş, qüvvədən salınmamış, etibarsız hesab edilməmiş sərəncamının etibarlılığının və qanuniliyinin şübhə altına alınaraq təftiş edilməsi ilə əlaqədardır. Həmin məntiqlə gedildikdə yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilmə barədə müvafiq mülkiyyət hüququnun dövlət qeydiyyatını təsdiq edən çıxarışla hər hansı şəxs də yerli icra hakimiyyəti orqanına müraciət etdikdə həmin şəxsin çıxarışının da mötəbərliyi bir daha yoxlanılmalıdır ki, məhkəmə hesab edir ki, dövlət orqanlarının qəbul etdiyi inzibati aktlarının və faktiki xarakterli hərəkətlərinin dövlətin öz çərçivəsindən kənar, yəni üst qurum və digər vasitə olmadan digər müstəvidə yoxlanılması, indiki halda isə, inzibati və inzibati məhkəmə icraatı gedişində həmin sərəncam qüvvədə olduğu halda imtinada buna münasibət bildirilərək faktiki olaraq sərəncamın hüquqi nəticələrinin nəzərə alınmasından imtina edilməsi yol verilməzdir. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.10-cu maddəsində nəzərdə tutulmuş sənədlər cavabdehə təqdim edilmişdir. Cavabdeh isə, həmin Qanunun 15.1-ci maddəsinin tələblərinə əsasən müraciətin təminindən imtina etmişdir ki, məhkəmə həmin imtinanı qeyd olunan maddənin tələbləri ilə uzlaşmadığı qənaətindədir. Eyni zamanda, əmlak üzərində yüklülüyün olmasına münasibətdə dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, hazırkı iddianın təmini yüklülüyün aradan qaldırılması üçün əsas olmamaqla, əksinə daha artıq ölçüdə qeyri-yaşayış sahəsinə yüklülüyün müəyyən edilməsi və yüklülük üçün əsas olan mülki münasibətlərin daha da effektiv təminatına yönəlmişdir. Belə ki, hazırkı iddianın predmeti yüklülüyün götürülməsi ilə əlaqədar deyildir və qeyri-yaşayış sahəsinin daha artıq ölçüdə qeydiyyatı da yüklülüyünün götürülməsinə səbəb olmamaqdadır. Odur ki, məhkəmə hesab edir ki, hazırkı halda iddianın təmini xeyrinə yüklülük edilən şəxsin nəinki ziyanına, əmlakın ölçüsünün və texniki göstəricilərinin dəyişdirilməsi baxımından xeyrinədir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Nəsimi r, 28 May küçəsi ev 46 (yeni qaydalarla: Bakı ş, Nəsimi r, 28 May küçəsi, ev 80 A (“Unibank” KB” ASC-də edilmiş yüklülüyü saxlanılmaqla) mövcud vəziyyətdə (379.3 kv.m) qeyri-yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-7146/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7146/2024
15.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver