Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7148/2022 17.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı Firmasına cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “artıq ödənilmiş verginin qaytarılması üçün vergi ödəyicisinə rəyin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Firması cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı firması tərəfindən artıq ödənilmiş 8.547,68 manat məbləğində vəsaiti firmanın hesabına geri qaytarılması vəzifəsini cavadehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə ərizə təqdim edərək məhkəmədən İddiaçı irması tərəfindən artıq ödənilmiş və bu günə kimi iddiaçıya geri qaytarılmamış 8.146,82 manat vergi və həmin məbləğin gecikdirilən hər gün 0,1 faiz 16.375 manat (2010 gün x 8,1AZN) məbləğində faiz, 5000 AZN ziyan, cəmi 29.521,82 manat vəsaitin firmanın hesabına köçürülməsi vəzifəsini cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. İddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmunundan görünür ki, İddiaçı Firmasının şəxsi hesab vərəqəsində olan məlumatlara əsasən müəssisənin ümumilikdə 8.146,82 manat artıq ödənilən vergi məbləği mövcud olmuşdur ki, bu da hazırki mərhələdə ona artıq ödənilən vergi məbləğinin geri qaytarılmasını tələb etmək hüququnu verir. İddiaçı artıq ödənilən vergi məbləğinin qaytarılmasından savayi həmçinin, xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixinə olan gecikdirilmiş günlərə görə yaranmış faiz məbləğinin qaytarılmasını da arzulayır. İddiaçı hesab edir ki, vergi orqanın bu istiqamətdə apardığı hərəkətlər onun hüquqlarının pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya münasibətdə bildirir ki, ötən müddət ərzində iddiaçının artıq ödənilmiş vergilərin qaytarılması barədə ərizə forması ilə Baş İdarəyə müraciəti daxil olmamışdır. Bundan başqa, cari tarixə iddia ərizəsində qeyd olunan artıq ödəmə məbləği üzrə iddiaçının şəxsi vərəqəsində faiz borcunun olmadığı müəyyən olunmuşdur. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən 8.146,82 manat artıq ödənilmiş vergi məbləğinin iddiaçıya qaytarılması və xx.xx.2016-cı il tarixdən gecikdirilmiş hər gün üçün həmin məbləğin 0,1% məbləğində faizin İddiaçı firmasına ödənilməsinə dair rəyin tərtib edilməsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 87.Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin qaytarılması. 87.1. Bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, inzibati cərimələr üzrə borclar istisna olmaq şərti ilə, artıq ödənilmiş məbləğlər: 87.1.1. digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir; 87.1.2. vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir. 87.4. Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli, 313 nömrəli Qərarı ilə təsdiq olunmuş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın: 3.1-ci bəndinə əsasən, vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə ilə vergi orqanına, sığortaedən isə artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, onlara hesablanmış faizlərin, habelə məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə vergi orqanına müraciət etməlidir. 3.2-ci bəndinə görə büdcəyə artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin və ya sığortaedənin qeydiyyatda olduğu vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır. 4.1-ci bəndinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar aşağıdakı artıq ödənilmiş vergilər, hesablanmış faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.1.1. vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər; 4.1.2. vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər; 4.1.3. Bu Qaydaların 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər. Bəhs edilən qanunvericiliyin müddəalarından görünür ki, vergi qanunvericiliyi vergi ödəyicisi tərəfindən hər hansı səbəbə görə artıq ödənilmiş və ya vergi orqanı tərəfindən artıq tutulmuş vergi məbləğlərinin geri qaytarılması mexanizmini təsbit etmişdir. Artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququ, həmin məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görmək isə vergi orqanlarının vəzifələridir. Bu vəzifənin icrası və hüququn həyata keçirilməsi VM-nin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli, 313 nömrəli Qərarı ilə təsdiq olunmuş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın müddəaları ilə tənzimlənir. Hazırkı mübahisə - iddiaçı tərəfindən artıq ödənilmiş vergi məbləğinin və gecikdirilmiş hər gün üçün həmin məbləğin 0,1% məbləğində faizin qaytarılması barədə müvafiq rəyin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması ilə bağlıdır. Nəzərə almaq lazımdır ki, inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından vergilərlə bağlı məsələnin həlli ilə əlaqədar hər bir halda inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə, həmin icraatın yekununda qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırılmış qərar qəbul etməyə borcludur. Şəxs inzibati orqanın hansı hallara və qanunvericilik normalarına söykənərək müvafiq qərarı qəbul etdiyini həmin qərardan aydın görmək imkanına malik olmalıdır. Cavabdehin vergi məbləğinin dəqiqləşdirilməsi, müvafiq ərizə formada müraciət olunması, əlavə sənədlərin (könüllü bəyanetmə və ya cari dəqiqləşdirilmiş bəyannamələr və s.) yaxud izahat məktubunun təqdim edilməsi barədə iddiaçıya heç bir əsaslandırma olmadan sadəcə olaraq məktub göndərməsi yetərli sayıla bilməz və yolverilməzdir. Belə davranış şəxsin qanunauyğun qərarın qəbuluna, eləcə də obyektiv və lazımi inzibati icraatın aparılmasına olan tələb hüququnun pozulması kimi qiymətləndirilməlidir. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ da tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Bundan əlavə, inzibati orqan icraat zamanı xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin dinlənilmə hüququnu təmin etmək, qəbul olunması nəzərdə tutulan inzibati aktla bağlı onun mülahizələrini və arqumentlərini dinləmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Nəzərə almaq lazımdır ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən əmlak hüquqlarına qanunsuz müdaxilələrdən qorunmaq üçün vergi ödəyicisini səmərəli hüquqi müdafiə imkanları ilə təchiz etməkdən ibarətdir. Bununla bağlı məhkəmə vurğulayır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərdir. Bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı). Hazırkı mübahisəyə münasibətdə qeyd olunmalıdır ki, artıq ödənilmiş vergi borcunun qaytarılması barədə rəy verilməsi ilə bağlı iddiaçının dəfələrlə edilən müraciətlərinə cavabdeh tərəfindən ərizənin düzgün tərtib olunmaması, müvafiq hesabat dövrləri üçün könüllü bəyənetmə və ya cari (dəqiqləşdirilmiş) bəyannamələr, ətraflı izahat məktunun təqdim edilməsi şəklində verilən cavablar inzibati orqan tərəfindən həmin müraciətlər üzrə lazımi icraatın və obyektiv araşdırmanın aparılmadığını, “İnzibati icraat haqqında” Qanunun 23-cü maddəsində nəzərdə tutulmuş inzibati orqanın yardım etmək vəzifəsinin müvafiq qaydada yerinə yetirilmədiyini göstərir. Belə ki, cavabdehin istinad etdiyi həmin hallar əslində inzibati orqanının yardım etmək vəzifəsi çərçivəsində həll olunmalı idi və cavabdeh onların aradan qaldırılmasında iddiaçıya yardım etməli idi. İstinad edilən iradlar iddiaçının müraciətinin baxılmasından imtina əsası kimi qiymətləndirilə bilməz. Bundan başqa Məhkəmə qeyd edir ki, iddiaçının artıq ödəmə məbləğinin qaytarılması ilə bağlı cavabdehə müraciət etdiyi tarixlərə (həmçinin müraciət etdiyi xx.xx.2021-ci il tarixə) onun həqiqətən də mübahisə edilən məbləğdə (8.146,82 manat) artıq ödəməsi mövcud olmuşdur. İddiaçının artıq ödəməsinin olması isə iş materiallara əlavə olunmuş şəxsi hesab vərəqəsi ilə də təsdiq olunur Lakin, cavabdeh inzibati orqanın məhkəməyə ünvanladığı sorğuya cavab məktubundan da göründüyü kimi həmin məbləğ xx.xx.2017-ci il tarixdən yaranmışdır ki, bu zaman həmin vəsaitin qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək üçün qanunla müəyyən edilmiş müddətin ötürülüb-ötürülməməsi aydınlaşdırılmalıdır. Bu araşdırmanın aparılması yönündə məhkəmə Vergi Məcəlləsinin müddəalarına istinad edir. Belə ki, Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinə yeni məzmunda əlavə edilmiş 1.4cü maddəsi ilə müəyyən edilmişdir ki, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Göründüyü kimi, vergi qanunvericiliyi vergi orqanı tərəfindən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək hüququnu müəyyən müddətə məhdudlaşdırılmış və tələb etmə müddətini 5 il müəyyən etmişdir. Yuxarıda göstərilənləri işin faktiki hallarına tətbiq etdikdə məlum olur ki, iddiaçının şəxsi hesab vərəqəsində artıq ödəmə kimi 8.146,82 manat pul vəsaiti göstərilsə də, iddiaçı həmin artıq ödəmənin qaytarılması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017 və digər tarixlərdə müraciət etdiyindən, ona həmin vəsait üzrə 5 illik müddəti ötməmiş ödənişlər geri qaytarılmalıdır. Məhkəmə bir daha qeyd edir ki, hazırkı iş üzrə işə əlavə edilmiş vergi ödəyicisinin şəxsi hesab vərəqəsində iddiaçının cavabdehə müraciət etdiyi tarixdə artıq ödəməsinin olduğu göstərilir. Eyni zamanda Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan fərziyyələrə əsaslanaraq, iddiaçının 8.470,10 manat ƏDV-nin, 4.396,04 manat mənfəət vergisinin büdcədən yayınmasını ehtimal edir və araşdırma aparılması üçün əlavə sənədlərin təqdim edilməsini tələb edir. Nəzərə alınmalıdır ki, iddiaçının artıq ödənilmiş vergi ödənişləri olduğundan, onun həmin ödənişlərin qaytarılmasını tələb etmək hüququ yaranır. İddiaçıya artıq ödənilmiş vergi ödənişlərin qaytarılmasını təmin etmək əvəzinə, onun iradə ifadəsini nəzərə almadan, həmçinin vergi borcunun yaranması öz təsdiqini tapmadığı halda cavabdeh inzibati orqanın iddiaçıdan əlavə sənədlərin təqdim edilməsini tələb etmək kimi bir hüququ olmamışdır. Çünki, Vergi Məcəlləsində qəbul edilmiş hüquqi dövlət prinsipinin tələblərindən irəli gələn əsas yanaşma ondan ibarətdir ki, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Göründüyü kimi vergi qanunvericiliyinin pozuntusunda şəxsin təqsirli hesab edə bilmək üçün iki haldan biri mövcud olmalıdır – 1) şəxs və ya Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilmiş olmalıdır və ya 2) şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə vergi pozuntusu törətməkdə təqsirli bilinməlidir. Bu hallardan hər hansı birinin olmaması isə vergi ödəyiciyisinin təqsirziliyi prezumpsiyası üçün əsas verir. Hazırki halda isə iddiaçının həqiqətən də vergi borcunun yaranması, həmin vergi borcu ilə bağlı məsuliyyətə cəlb edilmə barədə qərarın və ya məhkəmənin qərarın olması müəyyən olunmadığından, iddiaçıdan əlavə sənədlərin tələb edilməsi və bunun əsasında artıq ödənilmiş vergi ödənişlərinin qaytarılmasından imtina edilməsi qanunamüvafiq deyildir. Beləliklə Məhkəmə hesab edir ki, iddiaçının müraciət etdiyi tarixlərə 8.146,82 manat artıq ödəməsi olduğundan, onun Azərbaycan Respublikası Vergi Məcəlləsinin 87-ci maddəsinin tələbləri baxımından artıq ödənilmiş vergiləri tələb etmək hüququna malikdir. İddia tələbinin ikinci hissəsinə münasibətdə Məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli, 313 nömrəli Qərarı ilə təsdiq olunmuş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın: 6.1.Vergi ödəyicisi və ya sığortaedən tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə və ya sığortaedənə müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Bu faizlərin ödənilməsi büdcə gəlirlərinin azaldılmasına aid edilir. 6.2.Vergi ödəyicisinin və ya sığortaedənin artıq ödənilmiş məbləğlərinin qaytarılmasına dair vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verdiyi müddətdən 45 və ya bu Qaydaların 4.8-ci bəndinin birinci cümləsi ilə müəyyən edilən halda 20 gün, 4.8-ci bəndinin ikinci cümləsi ilə müəyyən edilən halda isə 4 (dörd) ay müddətində məbləğ qaytarılarsa, vergi ödəyicisinə və ya sığortaedənə faiz ödənilmir. Artıq ödənilmiş və ya düzgün tutulmayan verginin geri qaytarılmasının gecikdirilməsi anlayışı dedikdə müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, VM ilə başqa hallar nəzərdə tutulmuş müddətdən gec qaytarılması şəklində vergi hüququ pozuntusu başa düşülürür. Bu əməlin nəticəsi odur ki, vergi ödəyicisinə məxsus olan pul vəsaiti onun sərəncamına müəyyən edilmiş müddətdən gec daxil olur və onun həmin vəsaitə sərəncam vermək imkanı olmur. Pozuntuun subyekti məbləğlərin geri qaytarılması şəklində hərəkətsizlik kimi özünü göstərir. Bu əmələ görə vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz odənilir. Göründüyü kimi qüvvədə olan qanunvericilik artıq ödənilmiş və ya düzgün tutulmayan verginin geri qaytarılmasının gecikdirilməsinə görə vergi orqanını pul məsuliyyətinə cəlb etmiş, hər gecikdirilmiş günə görə vergi məbləğinin 0,1 faizi məbləğində faizin ödənilməsini nəzərdə tutmuşdur. Məhkəmə iddia tələbinin ikinci hissəsi ilə bağlı münasibətdə qeyd edir ki, doğrudur ki, iddiaçının vergi orqanına olan ilkin müraciəti xx.xx.2016-cı il tariчə təsadüf edir. Lakin nəzərə alınmalıdır ki, iddiaçının müraciəti həmin tarixə olsa da, onun 8.146,82 olan artıq ödəmə məbləği xx.xx.2017-ci il tarixdə yarandığından artıq ödənilmiş verginin geri qaytarılmasının gecikdirilməsinə görə faiz məbləğinin xx.xx.2016-cı il tarixdən müəyyən edilməsi mümkün deyildir. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, iddiaçın artıq ödəmə məbləği yarandığı tarixdən, yəni xx.xx.2017-ci il tarixdən sonra iddiaçı dəfələrlə cavabdeh inzibati orqanına müraciət etsə də, məhkəmə hesab edir ki, iddiaçıya artıq ödənilmiş verginin geri qaytarılmasının gecikdirilməsinə görə faiz məbləği onun son müraciət etdiyi tarixdən, yəni xx.xx.2021-ci il tarixdən müəyyən edilməlidir. Çünki, hər nə qədər də iddiaçının əvvəlki tarixlərə müraciəti olsa da, iddiaçı bu halı (artıq ödənilmiş vergi məbləğinin qaytarılmasından imtina edilməsini) mübahisələndirməmiş, aidiyyəti üzrə məhkəməyə müraciət etməmişdir ki, məhkəmə vergi orqanının artıq ödəmə barədə ərizənin təqdim edilməsi ilə bağlı prosedur qaydaların tələblərinə dair ərizə ilə bağlı iradlarının şəxs tərəfindən qəbul edilməsi kimi qiymətləndirir və nə qədər ki, həmin ərizələrə dair məhkəməyə müraciət edilmədiyindən həmin dövrlərdən faiz məbləğin hesablanmasını istisna edir. Bu səbəbdən Məhkəmə hesab edir ki, hər iki tərəfin hüquqlarının qorunması məqsədi ilə artıq ödənilmiş verginin geri qaytarılmasının gecikdirilməsinə görə faiz məbləğinin ödənilməsi xx.xx.2021-ci il tarixdən müəyyən edilməlidir. Məhkəmənin qənaətinə görə iddiaçı son olaraq xx.xx.2021-ci il tarixdə ərizə ilə cavabdeh inzibati orqana müraciət etdiyindən və müraciət etdiyi tarixdən sonra 45 gün müddətində artıq ödənilmiş vergi məbləğinin qaytarılması cavabdeh tərəfindən təmin edilmədiyindən, vergi ödəyicisi qismində çıxış edən iddiaçı gecikdirilmiş hər gün üçün 8.146,82 manat məbləğin 0,1% məbləğində faiz borcu tələb etmək hüququna malikdir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 236/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququ, həmin məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görmək isə vergi orqanlarının vəzifələridir. Hazırkı halda iddiaçı tərəfindən artıq vergi məbləğinin ödənilməsi sübut olunduğundan iddia tələbi əsaslıdır. Cavabdeh isə həmin ödəməni qaytarmaqdan imtina edərək öz vəzifələrinin icrasında yayınmış, bununla da iddiaçının hüquqlarını pozmuşdur.” Kassasiya instansiya məhkəməsinin eyni mövqeyi həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-38/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında da əks olunmuşdur. Belə ki, həmin qərarda qeyd olunmuşdur ki, “Hazırkı mübahisəyə münasibətdə qeyd olunmalıdır ki, artıq ödənilmiş vergi borcunun qaytarılması barədə rəy verilməsi ilə bağlı iddiaçının dəfələrlə edilən müraciətlərinə cavabdeh tərəfindən ərizənin düzgün tərtib olunmaması, vergi orqanının adının və ödəmə tarixinin düzgün göstərilməməsi şəklində verilən cavablar inzibati orqan tərəfindən həmin müraciətlər üzrə lazımi icraatın və obyektiv araşdırmanın aparılmadığını, “İnzibati icraat haqqında” Qanunun 23-cü maddəsində nəzərdə tutulmuş inzibati orqanın yardım etmək vəzifəsinin müvafiq qaydada yerinə yetirilmədiyini göstərir.” Göründüyü kimi formalaşmış məhkəmə təcrübəsi ona dəlalət edir ki, əgər artıq ödənilmiş vergi borcunun mövcudluğu təsdiq olunarsa, bu zaman vergi orqanı inzibati icraat mərhələsində vergi ödəyicisinə yardım etməli, formal mülahizələrə istinad etməməli və inzibati icraatı obyektiv araşdıraraq, bu istiqamətdə yardım etmək vəzifəsinin müvafiq qaydada yerinə yetirməli, vergi ödəyicisinə artıq ödənilmiş vergi məbləğinin qaytarılması ilə bağlı rəy tərtib etməlidir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi qismən təmin olunsun. 8.146,82 manat artıq ödənilmiş vergi məbləğinin iddiaçıya geri qaytarılması və xx.xx.2021-ci il tarixdən gecikdirilmiş hər gün üçün həmin məbləğin 0,1% məbləğində faizin İddiaçı Firmasına ödənilməsinə dair rəyin tərtib edilməsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-7148/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7148/2022
17.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver