Məhkəmə qərarları › İş №2-1(112)-7148/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7148/2024

02.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7148/2024 02.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "Çinar bağçılığın X5"-nin üzvü kimi Bakı şəhər X6 İcraiyyə Komitəsinin 10/369 nömrəli 22 Sentyabr 1989-cu il tarixli qərarı ilə Türkan qəsəbəsində ayrılmış torpaq sahəsindən 0.6 ha hisəsinin plan-ölçüsünün tərtib edib iddiaçının adına qeydiyyata alaraq xüsusi mülkiyyət hüquqlarına dair çıxarış verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər X6 İcraiyyə Komitəsinin 10/369 nömrəli 22 Sentyabr 1989-cu il tarixli qərarı ilə Türkan qəsəbəsində "Bakıelektropribor" İB-nə hazırki hüquqi varisi "xxxx" ASC-yə 12.45 hektar bağ sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinantları sxemi tərtib edilərək İdarə tərəfindən təsdiq edilmişdir. Qərarla ayrılan torpaq sahəsi Birliyin 200 (iki yüz) nəfər işçisi arasında bölünmüş və həmin vaxt siyahıda olan şəxslərin əksəriyyəti erməni və digər millətlərdən olan şəxslər olmuşdur. Bağçılıq yoldaşlığı haqqında təlimata və Nizamnaməyə uyğun olaraq Reyestr Xidmətinin razılığı əsasında Kollektivin yığıncağının qərarı ilə köhnə siyahıda adları qeyd olunan və məlum hadisələrlə əlaqədar olaraq Azərbaycan Respublikasını tərk etmiş şəxslər siyahıdan çıxarılmış və yerinə müəssisədə uzun müddət çalışmış və müxtəlif imtiyazlara malik olan şəxslərlə əvəz olunması qərara alınmışdır. Bundan sonra məhkəmənin tövsiyəsi ilə ''Bakı Çinar Soyuducuları" ASC -nin əməkdaşlarına göstərilən bağ sahəsi ilə əlaqədar yeni Bağçılıq Təsərrüfatı yaradılması tövsiyyə edilmişdir. Bu tövsiyyədən irəli gələrək "Çinar Bağçılığın X5" yaradılaraq AR Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Birliyin yığıncağının qərarı ilə əvvəlki siyahıda olan şəxslərin Azərbaycan Respublikasını tərk etdiyi üçün onların əvəzinə "xxxx" ASC-nin əməkdaşları üzvlüyə qəbul edilmişdir. Qeyd olunur ki, "Çinar bağçılığın X4in"-in daxili qaydaları və nizamnaməsinə əsasən uzun müddət birliyin ictimai tədbirlərində iştirak etməyən, yığıncaqlara və iclaslara laqeydlik göstərdiyinə görə torpaq sahəsini digər şəxsə vermək səlahiyyəti və hüquqi vardır. Yenilənmiş əvvəlki siyahı Əmlak Xidmətləri Məkanına "Çinar bağçılığın X5" tərəfindən təqdim olunmuş və qeyd edilən yenilənmiş siyahıda iddiaçının adı qeyd olunmuşdur. "Çinar bağçılığın X4"-in 14 yanvar 1997-ci il tarixli yığıncağının 5 saylı protokolundan çıxarışa əsasən "172" nömrəli bağ sahəsi ona, yəni İddiaçı verilmişdir. Həmin qərar "Çinar bağçılığın X5"-nin "153" nömrəli "Bağçının üzvlük kitabçası"nda da (qoşmaya əlavə olunub) öz əksini tapmışdır. Siyahıda olan Birliyin üzvlərinin hər birinə 0.6 ha olmaqla, bağ sahəsi 200 nəfər şəxs arasında bölünmüşdür. Bütün üzvlərə bağçının üzvlük kitabçası verilmişdir. Daha sonra isə AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən lazımi dövlət rüsumları ödətdirilərək hər bir şəxsin istifadəsinə ayrılmış 0,0562 ha ölçüdə torpaq sahəsi 2018-2019-cu illərdə qeydiyyata alınıb və 100 (bir yüz) nəfərdən çox şəxsə çıxarışlar verilmişdir. Lakin lazımi sənədləri dəfələrlə təqdim olunsa da iddiaçıya ayrılan və istifadəsində olan torpaq sahəsi qeydiyyata alınmamışdır. Bundan sonra cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2024-cü il tarixli **********97 nömrəli məktubla bildirilmişdir ki, xx.xx.2022-ci il tarixli **********61 nömrəli məktubla iddiaçıya cavab verilmişdir və həmin məktubda qeyd olunan iradlar aradan qaldırılmamışdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edildiyini bildirmişlər. Əvvəlki cavab məktubunda isə göstərilmişdir ki, arxivdə olan siyahıda onun adı aşkar olunmamış, təqdim olunan protokoldan çıxarış isə İdarənin arxivində mövcud deyil. Qeyd olunur ki, arxivdə olan həmin siyahıda əksəriyyəti erməni və digər millətlərdən olan şəxslərdir və onların əvəzinə yeni yaradılmış və AR ƏN-də qeydiyyata alınmış Çinar bağcılığın X5"-nin ümumi iclasının protokolunun qərarı ilə "xxxx" ASC-nin əməkdaşları üzvlüyə qəbul edilmişdir və həmin protokoldan çıxarışın arxivdə olması mümkün deyildir. İddiaçı hesab edir ki, rəsmi sənədlərə əsasən əldə etdiyi torpaq sahəsinin planölçüsünün tərtib edilməsi və qeydiyyata alaraq çıxarış verilməsindən göstərilən əsaslarla imtina etməkdə cavabdeh haqlı olmamışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

3. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək torpaq sahəsi hissəsində 600 m2 əvəzinə 562,5 m2 torpaq sahəsi kimi göstərilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** nömrəli xx.xx.2022-ci il tarixli, ********** nömrəli xx.xx.2024-cü il tarixli ərizələr ilə İdarəyə müraciət etmiş və xx.xx.2022-ci il tarixli **********61 xaricolma nömrəli, xx.xx.2024-cü il tarixli **********97 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, bağ sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, idarənin arxivində olan bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adı aşkar edilməmişdir. Əlavə olaraq, iddiaçı tərəfindən təqdim edilmiş üzvlük kitabçasında torpaq sahəsinin ölçüsü 562,5 kv.m qeyd olunsa da, iddia tələbi 6000 kv.m ilə bağlıdır. Həmçinin, texniki baxış keçirilməsi və inventarlaşdırma işlərinin aparılması üçün İdarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Belə ki, iddiaçı bağ sahəsinin yerini tanımadığını bildirmişdir (torpaq sahəsi istifadəsində deyil).

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

7. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə məhkəmə tərəfindən lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasına gəlməmişdir. Məhkəmə şifahi məhkəmə baxışı iclasında işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. Bakı şəhəri X6 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 10/369 nömrəli qərarına əsasən Əzizbəyov rayonu, Türkan qəsəbəsi ərazisindən PO “Bakelektrobıtpribor” ("xxxx" ASC) işçilərinin bağçılıq yoldaşlıq birliyinin 200 üzvün torpaq sahəsinin ayrılması qərara alınmışdır.

9. “Çinar” bağçılığın X4in 14 yanvar 1997-ci il tarixli yığıncağının 5 №-li protokolundan çıxarışdan görünür ki, Bakı şəhəri X6 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 10/369 nömrəli qərarına əsasən Əzizbəyov rayonu, Turkan qəsəbəsi ərazisində ayrılmış torpaq sahəsində PO “Bakelektrobıtpribor” ("xxxx" ASC) işçilərinin bağçılıq yoldaşlıq birliyinin üzvü X1 həmin sahə alınaraq İddiaçı verilmişdir. Onun bağ sahəsi 172 nömrə ilə qeydə alınaraq ümumi sahəsi 562,5 kv.m hesab edilmişdir.

10. Bölgü sxemindən görünür ki, Bakı şəhəri X6 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 10/369 nömrəli qərar əsasında “Bakelektrobıtpribor” İB-nin əmək kollektivinə bağçılıq yoldaşlığına ayrılmış 12,45 ha torpaq sahəsinin bölgüsü müəyyən olunmuşdur.

11. xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, iddiaçının adı “Çinar” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında aşkar olunmamışdır. Həmçinin, iddiaçı bağ sahəsinin yerini dəqiq tanımadığı üçün idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilməsi mümkün olmamışdır.

12. 9. xx.xx.2024-cü il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, qeyd edilən məsələ ilə bağlı müraciətə **********61 nömrəli, xx.xx.2022-ci il tarixli məktubla cavab verilmişdir.

13. Cavabdeh tərəfindən məhkəmə icraatı zamanı “Çinar” bağçılıq-yoldaşlıq təsərrüfatına dair sənədlər toplusu təqdim olunmuşdur. “Çinar” bağçılıq-yoldaşlıq cəmiyyəti üzvlərinin siyahısından görünür ki, X2 adı siyahıda qeyd olunmuşdur.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

14. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

15. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

16. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

17. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

18. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

19. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

20. Belə ki, məhkəmə cavabdehin imtina məktubunda əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir:

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış ... Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

22. İşin hallarından göründüyü kimi, cavabdeh tərəfindən etiraz ərizəsində göstərilmiş, iddiaçının müraciətinin təmin edilməsindən imtinanın əsası kimi iddiaçının adının bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında aşkar olunmamasına, torpaq sahəsinin ölçüsünün 562,5 kv.m olduğu halda da, iddia tələbinin 600 kv.m ilə bağlı olmasına istinad edilmişdir.

23. Cavabdehin imtina dəlillərindən biri iddiaçının adının bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında aşkar olunmaması olmuşdur ki, məhkəmə tərəfindən bununla bağlı araşdırma aparılması məqsədilə aidiyyəti qurumlara sorğu göndərilmiş, həmin sorğulara daxil olmuş cavab məktublarına əsasən müəyyən edilmişdir ki, İdarənin arxivində yalnız bağçılıq üzvlərinin ilkin siyahısı mövcuddur. Sonrakı dəqiqləşmiş siyahılar arxivə təhvil verilməmişdir.

24. Məhkəmə qeyd edir ki, iddiaçının bağçılıq yoldaşlığı cəmiyyətinin üzvlüyünə qəbul edilməsindən sonraki dövr üzrə bağçılıq yoldaşlığı üzvlərinin siyahısının yenilənməməsi iddiaçının iradə ifadəsindən asılı olmayan bir haldır və onun ziyanına şərh edilə bilməz. Əksinə, iddiaçının sonradan üzv kimi qəbul edilməsinə baxmayaraq ilkin siyahıda adının olması həmin sənədlərin mötəbərliyin şübhə altına alınmasına səbəb ola bilərdi ki, hazırkı iş üzrə təqdim edilən sənədlərin mötəbərliyinə həmin faktiki və hüquqi əsasla da şübhə mövcud deyildir.

25. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, “Çinar” bağçılığın X4in 14 yanvar 1997-ci il tarixli yığıncağının 5 №-li protokoluna əsasən X3 ayrılmış həmin sahə ondan alınaraq İddiaçı verilmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş bağçılıq yoldaşlıq siyahısında X2 adı qeyd edilmişdir. İdarənin arxivində saxlanılan “Çinar” bağçılığın X4in üzvlərinin siyahısı 27 dekabr 1986cı il tarixli, 33 №-li protokol əsasında tərtib olunmuşdur. Halbuki, iddiaçı “Çinar” bağçılığın X4in 14 yanvar 1997-ci il tarixli yığıncağının 5 №-li protokoluna əsasən bağçılığın üzvlüyünə qəbul edilmiş və ona torpaq sahəsinin ayrılması məhz üzvlüyə qəbul edilməklə həyata keçirilmişdir. Göründüyü kimi İdarənin arxivində saxlanılan üzvlərinin siyahısında iddiaçının adının olması qeyrimümkündür.

26. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, Bağçılıq Yoldaşlığı idarə heyətinin yığıncağının iddiaçının adı da qeyd olunan protokoldan çıxarışı və üzvlük kitabçası Qanunun 8.0.7-ci maddəsində göstərilən sənədlərə aid edildiyindən, cavabdeh inzibati orqanın formal mülahizələrə əsaslanan dəlillərə istinad etməklə qanunvericiliklə səlahiyyətlərinə və funksiyalarına aid edilmiş məsələnin həllindən imtina etməsi ilə bağlı hərəkəti “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci və 15-ci maddələrinin tələblərinə cavab vermədiyindən əsassız hesab edilir. Qeyd olunan protokol və üzvlük kitabçası hal-hazırda ləğv edilməmiş və tərəflər üçün hüquqi nəticələr yaratmaqla öz hüquqi qüvvəsini saxlayır. Bu səbəbdən də həmin protokol və protokol əsasında verilmiş üzvlük kitabçası iddiaçının iddia olunan torpaq (bağ) sahəsi üzərində gözlənilən mülkiyyət hüquqlarının yarandığının göstəricisidir.

27. Cavabdehin imtina əsası kimi istinad etdiyi digər hala münasibətdə Məhkəmə qeyd edir ki, iddiaçı məhkəmə icraatı zamanı iddia tələbini dəqiqləşdirərək mülkiyyət hüquqlarını məhz hüquqmüəyyənedici sənəd əsasında, daha dəqiq desək 562,5 m2 hissəsinə münasibətdə həyata keçirmək istəyir ki, bu da cavabdehin imtinasında göstərilən halın aradan qaldırıldığının göstəricisi kimi qəbul olunur.

28. Göründüyü kimi, cavabdehin sözügedən dəlilləri əsassız olmaqla iddiaçının ona məxsus hüququn qeydə alınmasını tələb etməsini istisna edə bilməz.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, ... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). ...Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulubqoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir.

30. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur.

31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

33. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

34. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. "Çinar bağçılığın X5"-nin üzvü kimi Bakı şəhər X6 İcraiyyə Komitəsinin 10/369 nömrəli 22 sentyabr 1989-cu il tarixli qərarı ilə Türkan qəsəbəsində ayrılmış sahəsi 562,5 m2 olan torpaq sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınaraq reyestrindən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar