Məhkəmə qərarları › İş №2-1(112)-715/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-715/2022

04.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-715/2022 04.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi ilə, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil oğunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı bağ sahəsi üzərinə məhdudiyyətin qoyulmasının qanunsuz hesab edilməsinə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı cavabdehin onun xüsusi mülkiyyətində olan ünvan 1 bağ sahəsinin üzərinə 21.05.2015-ci il tarxli, 1/110 m saylı məktubla məhdudiyyət qoyulmasının qanunsuz hesab edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 27 sentyabr 2012-ci il tarixli, seriya RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən (qeydiyyat nömrəsi **********) ünvan 1 bağ sahəsi (ölçüsü 0.072264 kv.m) onun xüsusi mülkiyətindədir. Daşınmaz əmlakın dövlət reyestri xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 17 fevral 2021-ci il tarixli, **********25 saylı məktubundan ona rəsmi olaraq məlum olmuşdur ki, onun xüsusi mülkiyyətində olan sözügedən bağ sahəsinin üzərinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 21 may 2015-ci il tarixli, 1/110 m saylı məktubu əsasında məhdudiyyət qoyulmuşdur. O, bu məsələnin araşdırılması və həmin məhdudiyyətin göürülməsi məqsədi ilə cavabdehə dəfərlərlə müraciətlər etmiş olsa da, ona yalnız 30 oktyabr 2020-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən aşağıda göstərilən mətndə cavab verilmişdir: “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən daxil olmuş müraciəti "xxxx" Açıq Səhmdar Cəmiyyətinin külli miqdarda pul vəsaitlərinin cinayət yolu ilə ələ keçirilməsi ilə bağlı istintaqı aparılan cinayət işinə əlavə edilmişdir. Müraciətinə baxılmasının nəticəsi barədə ona əlavə məlumat veriləcəkdir”. Bununla əlaqədar olaraq, ilk öncə qeyd etmək istəyir ki, Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə əsasən hər bir şəxsin dövlət orqanlarına və digər təşkilatlara ərizə ilə müraciət etmək hüququ vardır. Bu müraciətə mütləq qaydada cavab verilməlidir. Lakin, yuxarıda göstərilənlərdən göründüyü kimi, cavabdeh olan Daxili İşlər Nazirliyi ona heç bir cavab verməmişdir. Halbuki, onun hərəkətləri tamamilə qanunsuzdur. Belə ki, oğlu X1 2015-ci ildə Beynəlxalq Bank haqqında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən aparılan araşdırmalara cəlb edilmişdir. Onun bu məsələlərə heç bir aidiyyəti olmayıb və yoxdur. Lakin, buna baxmayaraq, ona atasından qalmış Maştağa qəsəbəsində yerləşən torpaq sahəsinə “müvəqqəti nəzarət” qoyulmuşdur. O, özü təqaüdçüdür və bu torpaq sahəsindən başqa heç bir mülkiyyəti yoxdur. Həmçinin, "xxxx" MMC-nin 24.11.2020-ci il tarixli çıxarışından da, aydın olur ki, onun heç bir banka heç bir kredit borcu yoxdur. Hesab edir ki, cavabdehin onun heç bir borcu olmadığı halda, xüsusi mülkiyyətində olan sözügedən bağ sahəsinin üzərinə 21 may 2015-ci il tarixli, 1/110 m saylı məktubla məhdudiyyət qoyması tamamilə qanunsuzdur. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən məhkəməyə həmin sərəncama əsasən iddia ərizəsinə qarşı hər-hansı bir etiraz (münasibət) təqdim olunmamışdır. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, 00559464 nömrəli, ********** qeydiyyat nömrəli, 27.09.2012-ci il qeydiyyat tarixli, **********89 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1, ümumi sahəsi 0.072264 ha olan bağ sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 389 nömrəli reyestr kitabının 36867 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan 06.10.2020-ci il, saat 12:45 tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsi ilə Bakı şəhəri 332 saylı notariat ofisi, X4 tərəfindən çap edilmiş “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlt reyestrindən aaryışdan görünür ki, tam mülkiyyət hüququ, ********** qeydiyyat nömrəsi, 27.09.2012-ci il qeydiyyat tarixli, RX seriyalı, ******* nömrəli İddiaçı Əlisoman qızına məxsus olan mülkiyyət üzərinə 20.05.2015-ci il tarixdə müvəqqəti nəzarət qoyulmuşdur. İşdə olan "xxxx" MMC 24.11.2020-ci il tarixdə tərtib olunmuş çıxarışdan görünür ki, həmin tarixə iddiaçının adına aktiv öhdəliklər olmamışdır. İşdə olan Azərbaycan Respubikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 30.10.2020-ci il tarixli, 007-601055M nömrəli məktubdan görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən daxil oolmuş müraciəti "xxxx" ASC-nin külli miqdarda pul vəsaitlərinin cinayət yolu ilə ələ keçirilməsi ilə bağlı istintaqı aparılan cinayət işinə əlavə edilmişdir. Müraciətinə baxılmasının nəticəsi barədə əlavə məlumat veriləcəkdir. İşdə olan iddiaçının müraciətinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi darəsi tərəfindən **********25 nömrəli, 17.02.2021-ci il tarixli məktubla verilmiş cavabdan müəyyən edilir ki, iddiaçının ünvan 1 ünvanda yerləşən bağ sahəsi üzərinə qoyulmuş məhdudiyyətin hansı əsasla qoyulması ilə bağlı 18.01.2021-ci il tarixli, ********** daxil olma nömrəli ərizəsinə baxılaraq bildirilmişdir ki, qeyd olunan bağ sahəsi üzərinə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 21.05.2015-ci il tarixli, 1/110 m saylı məktubu əsasında məhdudiyyət qoyulmuşdur. İşdə olan məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********14 nömrəli, 12.07.2021-ci il tarixli məktubla təqdim edilmiş məlumatdan görünür ki, ünvan 2 ünvanda yerləşən bağ sahəsi üzərinə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 21.05.2015-ci il tarixli, 1/110 m saylı məktubu əsasında məhdudiyyət qoyulmuşdur. İş materiallarından görünür ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə “İddiaçı xüsusi mülkiyətində olan ünvan 1 bağ sahəsi üzərinə hər hansı bir məhdudiyyətin qoyulub-qoyulmaması barədə məlumatın, məhdudiyyətin qoyulduğu təqdirdə isə məhdudiyyətin qoyulması ilə bağlı qərarın qısa müddət ərzində məhkəməyə təqdim edilməsi barədə” dəfələrlə müvafiq sorğular göndərilməsinə baxmayaraq, məhkəmə sorğuları sözügedən qurumlar tərəfindən cavablandırılmamışdır. Məhkəmə işin halları ilə bağlı aşağıdakıları qeyd edir: Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1 bağ sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, 27.09.2012-ci il qeydiyyat tarixli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Həmin bağ sahəsinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 21.05.2015-ci il tarixli, 1/110 m saylı məktubu əsasında məhdudiyyət qoyulmuşdur. Həmin bağ sahəsinə dair məhdudiyyət qoyulmasına əsas olmuş cinayət prosessual qərarı və ya məhkəmə qərarının olması müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, hazırki məhkəmə icraatında iddiaçının əmlakının üzərinə məhdudiyyət qoyulmasına əsas olmuş hallara dair cavabdeh orqan tərəfindən heç bir sübut, dəlil təqdim edilməmişdir. Dəfələrlə göndərilmiş məhkəmə sorğuları cavabdeh və onun aidiyyəti qurumları tərəfindən cavablandırılmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə 76.1). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə olan şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 12.1-ci maddəsinə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Göründüyü kimi, işin məhkəmə araşdırılması zamanı iddiaçının əmlakının üzərinə məhdudiyyət qoyulması üçün qanunvericiliklə müəyyən edilmiş əsaslardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Cavabdeh inzibati orqan məhkəməyə bununla bağlı hər hansı məhkəmə aktını, eləcə də cinayət prosessual fəaliyyəti həyata keçirən orqanın qərarını təqdim etməmişdir. "xxxx" ASC ilə hazırkı iddiaçının özü və ya ailə üzvünün (oğlu) cinayət prosesi tərəfi olduğu təqdirdə isə mübahisənin həlli üzrə iddiaçının əmlakının üzərinə məhdudiyyət qoyulması məsələsi yalnız məhkəmə aktı və cinayət prosessual fəaliyyəti həyata keçirən orqanın qərarı əsasında mümkün ola bilərdi ki, hansı ki, hazırkı iş üzrə belə bir qərarın mövcudluğu aşkar olunmamışdır. Belə olan halda məhkəmənin qənaətinə görə edir ki, qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud olmadığından, cavabdeh tərəfindən iddiaçının əmlakının üzərinə məhdudiyyətlər onun Konstitusiya ilə təsbit olunmuş “mülkiyyət” hüququna müdaxilə kimi qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, bu cür müdaxilə qanunvericiliyin məqsədlərinə mütənasib olmamaqla, həmin məqsədə çatmaq üçün hər hansı fayda yaratmır və zərurət təşkil etmir. Odur ki, iddiaçının əmlakının üzərinə 21.05.2015-ci il tarixli, 1/110 m saylı məktubla qoyulmuş məhdudiyyət qanunsuz sayılmalıdır. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Konstitusiyanın 125-cü maddəsinin İİİ hissəsinə görə Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət mühakimə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyatı keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X2 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit olunan və qorunan hüquqların daha effektiv şəkildə təmin olunması üçün ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsinə Konstitusion təminat verilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halda hüquqi qiymət verərək, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İddiaçı mülkiyyətində olan ünvan 1 bağ sahəsi üzərinə 21.05.2015-ci il tarixli, 1/110 saylı məktubla qoyulmuş məhdudiyyət qanunsuz hesab edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar