Məhkəmə qərarları › İş №2-1(112)-715/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-715/2024

30.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-715/2024 30.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs Cavabdeh2 MTK) «sərəncamın etibarsız hesab edilməsi» tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs Cavabdeh2 MTK) «sərəncamın etibarsız hesab edilməsi» tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdehlər Bakı Şəhər İcra Hakimiyyətinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə və Cavabdeh2 MTK-nın təsisçilərinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı Şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 104 saylı sərəncamının etibarsız hesab edilməsi, Cavabdeh2 MTK-nın üzərinə ona icarəyə ayrılmış torpaq sahəsində inşaat işlərinin aparılmasının dayandırması öhdəliyinin qoyulması, Cavabdeh2 MTK-nın üzərinə Bakı şəhəri Nizami rayonu K.Balakişiyev küçəsində 30 N-li evin və mənzillərin sökülməsinin dayandırması öhdəliyinin qoyulması, Cavabdeh2 MTKnın üzərinə iddiaçının evinin yanında qurulmuş hasarın sökülməsi, uşaq meydançasının bərpası və kəsilmiş çoxsaylı ağacların əvəzinə həmin sahədə yeni ağacların əkilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 104 saylı sərəncamı ilə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 154 saylı sərəncamı əsasında Gtindüz-AS MTK-nın adına tərtib olunmuş 12899 saylı inşaat pasportu Cavabdeh2 MTK-nın adına rəsmiləşdirilmişdir. Həmin sahədə yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsinin qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən həll edilməsi sonuncuya tapşırılmışdır. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 154 saylı sərəncamı ləğv edilməmişdir və Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 104 saylı sərəncamına əsasən "xxxx" MTK-ya çoxmərtəbəli yaşayış binasının tikintisi üzrə verilmiş hüquq və vəzifələr “KARAYEV CİTY" MTK-ya ötürülmüşdür. AR Şəhərsalma və Tikinti Məcəlləsinin 77.1-ci maddəsinə əsasən icazənin verildiyi vaxtdan 3 il ərzində tikintiyə başlanılmadığı və ya tikinti 3 il ərzində dayandırıldığı hallarda, tikintiyə icazə qüvvəsini itirir. AR Şəhərsalma və Tikinti Məcəlləsinin 77.2-ci maddəsinə əsasən bu Məcəllənin 77.1-ci maddəsində nəzərdə tutulmuş müddət sifarişçinin yazılı müraciəti əsasında uzadılır. Müddətin uzadılması ilə bağlı hallar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Beləliklə, Cavabdeh2 MTK tərəfindən çoxmərtəbəli yaşayış binasının tikintisi yuxarıda göstərilən normanın tələbləri pozulmaqla icra edilir. Buna baxmayaraq, cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən çoxmərtəbəli yaşayış binasının tikintisinin dayandırılması üçün Cavabdeh2 MTK barəsində heç bir tədbir görülməmişdir. Qeyd etmək lazımdır ki, Bakı şəhəri Nizami rayon məhkəməsində (hakim Fikrət Mirzəyev) Cavabdeh2 MTK-nın çavabdehlərə: X1, X2ma və X4 qarşı kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməsi barədə iddia ərizəsi üzrə iş vardır. Məhkəmə baxışı zamanı cavabdehlər Cavabdeh2 MTK-nın üzərinə Bakı şəhəri İcra Hakimiyyəti başçısı tərəfindən yeni yaşayış evinin tikilməsi üçün onlara icarəyə verilmiş torpaq sahəsində tikinti işlərinin müddətinin uzadılması barədə sənəd təqdim etmək vəzifəsinin qoyulması barədə vəsadətlə məhkəməyə müraciət etmişlər. Cavabdeh2 MTK bir neçə ayın keçinəsinə baxmayaraq, məhkəırıə\ə heç bir cavab verməmişdir. Cavabdeh2 MTK öz fəaliyyətini mövcud qanunvericiliyin kobud şəkildə pozulması ilə həyata keçirir ki, bununla da sakinlərin hüquqlarını və qanuni mənafelərini taptalayır. Belə ki, AR “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında”, AR MM-nin 157.9-cu maddəsinə, AR Mənzil Məcəlləsinin 31-ci maddəsinə, Bakı Şəhəri İcra Hakimiyyəti və digər hüquq normalarının tələblərinə görə hətta bir tərəfin razılığı olmadığı halda sakinlərin məcburi qaydada köçürülməsi qanunsuzdur. AR MPM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Vətəndaşların mülkiyyət hüququnun Azərbaycan Konstitusiyası və Avropa Konvensiyasının 1 N-li protokolu ilə qorunmasını nəzərə alaraq, inşaat şirkətləri sakinlərin razılığı olmadan onların yaşadıqları evləri sökmək hüququna malik deyillər. İstisna yalnız evin sökülməsinin dövlət proqramlarının icrası ilə əlaqədar olması hallarında mümkündür. Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının sərəncamı ilə kommersiya təşkilatı olan Cavabdeh2 MTK-ya torpaq sahəsi icarəyə dövlət ehtiyacları üçün verilməmişdi. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” AR Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə AR Prezidentin Fərmanı ilə 1.1-1-ci maddəsinə əsasən “müvafiq icra hakimiyyəti orqanf’nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; Azərbayaycan Respublikasının əsas qanunu olan AR Konstitusiyasının 29-cu maddəsinə əsasən İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. AR Fövqəladə Hallar Nazirliyi Tikintidə Nəzarət Təhlükəsizliyə Dövlət Agentliyinin, maddi hüququn bu normasının tələblərindən çıxış edərək yazılmış xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktublarında göstərilmişdir ki, Cavabdeh2 MTK-nin rəhbərliyinə sakinlərin qarşılıqlı razılaşma əsasında tam köçürülməsi təmin edildikdən sonra söküntü işlərinin aparılması, ətrafdakı mövcüd tikililərin və sakinlərin təhlükəsizliyinin təmin edilməsi tapşırılır. Yuxarıda göstərilənlərdən görünür ki, Cavabdeh2 MTK sökülmüş evin yerində yeni çoxmərtəbəli binanı inşaya yalnız evin bütün sakinlərinin razılığı olduqda başlaya bilər. Bu mövcud qanunvericiliklə də təsdiq olunur. Buna baxmayaraq,Cavabdeh2 MTK evlərin sakinlərini öz mənzillərindən çıxarmaq üçün onlara yaşayış üçün dözülməz şərait yaradır. Köçmüş sakinlərin mənzillərini öz sərəncamına alan kimi cavabdeh mənzillərin divarlarını və kommunikasiya xətlərini sökməyə başlayır. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən İddiaçı verilmiş Qeydiyyat Vəsiqəsinə əsasən iddiaçı Bakı şəhəri Nizami rayonu K.Balakişiyev küçəsi ev 30, 4 saylı mənzilinin mülkiyyətçisidir. Cavabdeh2 MTK ona və başqalarına qarşı, habelə Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi 30 N-li binadakı 4 saylı mənzilin mülkiyyətçisi İddiaçı qarşı həmin ərazidə tikiləcək binada 20% əlavə yaşayış sahəsi verilməklə, onlara yeni mənzil verilənədək müvəqqəti yaşamaq üçün aylıq kirayə haqqı ödənilməklə, cavabdehlərin Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 30 saylı evin 4 saylı mənzillərindən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddia ilə Nizami rayon məhkəməsinə müraciət etmişdir. Cavabdeh2 MTK-nın belə tələbi sökülmüş evin yerində həmin evdə yaşayan sakinlərin mövcudluğu və narazılığı şəraitində çoxmərtəbəli yaşayış binasının tikintisi üzrə fəaliyyətini tənzimləyən mövcud qanunvericiliyə ziddir. Belə razılığın olmaması cavabdehə mənzillərin sakinlərini onlara xüsusi mülkiyyət hüququ əsasında məxsus olan mənzillərdən məcburi çıxarılması hüququnu vermir. Cavabdeh2 MTK tərəfindən çoxmərtəbəli yeni yaşayış binasının tikintisi iddiaçının mənzilinin bilavasitə yaxınlığında aparılır. Bununla bağlı olaraq, tikinti texnikasının səsindən mənzildə yaşamaq mümkünsüzdür. Gecələr, yəni uşaqların, yaşlıların və xəstələrin yatdığı zaman, işlərin dayandırılması barədə çoxsaylı xahişlərinə baxmayaraq, Cavabdeh2 MTK bunu saya almayaraq, binanın tikintisini gecə vaxtı da davam etdirir. Bundan əlavə, tikinti onların evin bilavasitə yaxınlığında aparılır. Qurulmuş hasarın onların evdən məsafəsi 3 metrdir. Bu, təcili yardımın, yanğınsöndürən maşınların zəruri olduqda binanın bloklarına yaxınlaşmasını mümkünsüz edir. Bundan başqa, Cavabdeh2 MTK çoxillik ağacları kəsib doğramışdır, evin yanındakı sahədə olan uşaq meydançasını dağıtmışdır, buna görə də artıq uşaqların dincəlməsi üçün yer yoxdur. Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2008-ci il tarixli 796 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səsküy çirklənmələri normaları”nda dəyişikliklər edilməsi haqqında 1547 N-li xx.xx.2017-ci il tarixli AR Prezidentinin Fərmanında insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy normaları ilə bağlı bir sıra tələblər müəyyən edilmişdir. Cavabdeh2 MTK mənim evimin bilavasitə yaxınlığında çoxmərtəbəli yeni binanın tikintisi zamanı Prezidentin həmin Fərmanının tələblərini açıq surətdə pozur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5679/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə yerində müayinə keçirilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5679/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının “Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 104 saylı sərəncamının etibarsız edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və "xxxx" MTK-nın iş üzrə cavabdeh qismində prosessual iştirakına xitam verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5679/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırkı iş üzrə "xxxx" MTK zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə baxışı iclası xx.xx.2024cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar olunmuş tərəflər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdırlar. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilməmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - MH seriyalı 076238 nömrəli Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Gülüstan küçəsi, 30 saylı evin 4 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir; - Bakı Şəhər İcra Hakimiyyəti məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2023-cü il tarixli məktubla Bakı Şəhər İcra Hakimiyyəti başçısının 10.04 2014-cü il tarixli, 154 nömrəli, xx.xx.2018-ci il tarixli, 104 nömrəli sərəncamları və onların verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir; - Bakı Şəhər İcra Hakimiyyəti başçısının “Yaşayış binalarının layihələndirilməsi haqqında” 10.04 2014-cü il tarixli, 154 nömrəli sərəncamına əsasən "xxxx" Mənzil Tikinti Kooperativinin xx.xx.2014-cü il tarixli, 01 saylı müraciəti nəzərə alınaraq, Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsindəki 2400-cı məhəllədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin Kooperativin istifadəsinə verilmişdir. Həmin Sərəncamda ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən "xxxx" MTK tərəfindən həll edilməsi göstərilmişdir; - Bakı Şəhər İcra Hakimiyyəti başçısının “Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 154 saylı sərəncamının addan-ada keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli, 104 nömrəli Sərəncamına əsasən Cavabdeh2 xx.xx.2018-ci il tarixli, 01 saylı müraciətini və "xxxx" Mənzil-Tikinti Kooperativinin xx.xx.2018-ci il tarixli, 173 saylı razılıq məktubunu nəzərə alaraq, Nizami rayonu, 2400-ci məhəllə, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində yaşayış binalarının tikintisinin layihələndirilməsinə dair Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 154 saylı sərəncamı və tərtib olunmuş 12899 saylı inşaat pasportu Cavabdeh2 MTK-nın adına rəsmiləşdirilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə hazırkı iddia növü üçün nəzərdə tutulan xüsusi mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd edir. Hazırkı iddia növü müəyyən etmə və ya tanınma haqqında iddiadır. İPM-in 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. İPM-in 36.3-cü maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. İPM-in 36.4-cü maddəsinə əsasən hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın növünü və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən hazırkı işə tərəflərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsassız olduğundan təmin olunmamalıdır. İşin faktiki hallarından müəyyən edilir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 10 aprel 2014-cü il tarixli, 154 saylı sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, M.Abbasov küçəsi və Nəsimi küçəsi kəsişməsində yerləşən 2400-cü məhəllədə mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi istifadəyə verilmiş, daha sonra Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 05 mart 2018-ci il tarixli, 104 saylı sərəncamına əsasən adıçəkilən ünvana dair sərəncam və 12899 saylı inşaat pasportu Cavabdeh2 MTK-nın adına rəsmiləşdirilmişdir. Mübahisə predmeti olan iddiaçının istifadəsindəki Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, 30 saylı evdə yerləşən 4 saylı mənzilinin yerləşdiyi, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsindəki 2400-cü məhəllədə mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında Cavabdeh2 MTK-nın istifadəsinə verilmiş, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsinin qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən həll edilməsi Cavabdeh2 Mənzil Tikinti Kooperativinə tapşırılmışdır. Cavabdeh2 MTK Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 10 aprel 2014-cü il tarixli, 154 saylı sərəncamına əsasən yaşayış binasının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün binanın əksər mülkiyyətçiləri ilə qarşılıqlı razılıq əldə etsə də, İddiaçı ilə razılığa gələ bilməmişdir. Hazırda İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 104 saylı sərəncamının etibarsız hesab edilməsini tələb edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsinə əsasən mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə yaşayış sahələrinin yaşayış üçün yararsız hesab edilməsinin əsaslarını və qaydasını müəyyən etmək (10.0.11); mənzil fondunun yaşayış sahələrini müəyyən edilmiş qaydada yaşamaq üçün yararsız hesab etmək (10.0.12) aiddir. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Həmin Məcəllənin 12.4-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada və əsaslarla yaşayış sahəsi yaşamaq üçün yararsız hesab edilə bilər. "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarından göstərilmişdir: “Mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.” İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokol (Əlavə protokol, 1 saylı protokol) Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan inzibati aktın etibarsızlığı müəyyən olunarkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 65-ci maddəsində nəzərdə tutulmuş əsaslar yoxlanılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 65 İnzibati aktın etibarsız sayılması 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 104 saylı sərəncamının etibarsızlığının müəyyən edilməsi ilə bağlı məsələ məhkəmə tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə qeyd edir ki, qanunverici inzibati aktın etibarsızlığı və qanunsuzluğu institutlarını biri-birindən fərqləndirir. “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi anlamında etibarsız sayılmayan inzibati aktlar, hətta qanunsuz olsalar belə, qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Bu baxımdan inzibati aktın, o cümlədən qanunsuz inzibati aktın hüquqi qüvvəsi onun etibarlılığına bağlıdır və yalnız etibarlı inzibati aktlar hüquqi qüvvəyə malik olur. Etibarsız inzibati aktlara münasibətdə isə qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi anlamında etibarsız sayılan inzibati aktlar qəbul edildiyi andan hüquqi qüvvəyə malik olmur və bu mənada hər hansı hüquqi nəticə yaratmır. Başqa sözlə, istinad olunan norma anlamında etibarsız inzibati akt mövcud olmamış, yararsız və əhəmiyyətsiz inzibati akt kimi qiymətləndirilir. Bununla bağlı nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində etibarsız inzibati aktların dairəsi konkret olaraq müəyyən edilmişdir. Başqa sözlə, qanunverici tərəfindən inzibati aktın qəbul edildiyi andan etibarsız sayılmasını şərtləndirən hallar və bunun üzərindən qəbul edildiyi andan etibarsız sayılan inzibati aktlar əvvəlcədən həmin normada təsbit edilmişdir. İstinad olunan həmin normaya görə, hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati aktlar, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən, faktiki səbəblər üzündən icrası mümkün olmayan, kimə ünvanlandığı aydın olmayan inzibati aktlar etibarsız sayılır. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda, inzibati orqan öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. İnzibati orqan bundan imtina etdiyi hallarda, şəxs Azərbaycan Respublikasının İnzibati prosessual Məcəlləsinin 36-cı maddəsinə əsasən həmin aktın etibarsızlığının tanınmasına dair müəyyən etmə və ya tanınma haqqında iddia növündə iddia ilə məhkəməyə müraciət edə bilər. Bununla bağlı qeyd olunmalıdır ki, belə iddianın qaldırılmasında şəxsin xüsusi hüquqi marağı qısa müddətdə etibarsızlığın müəyyən olunmasına və etibarsızlıq faktının konstatasiyasına yönəlmiş olur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, etibarsızlığın tanınması haqqında iddialar üzrə məhkəmə araşdırmasının predmeti “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması ilə məhdudlaşır və həmin halların müəyyən edilmədiyi təqdirdə, tanınma haqqında iddianın təmin olunmasından imtina olunur. Başqa sözlə, həmin iddia yalnız “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğu hallarda əsaslı sayıla bilər. Hazırkı mübahisəyə münasibətdə “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində təsbit edilmiş və cavabdehin xx.xx.2018-ci il tarixli 104 saylı sərəncamının etibarsızlığını şərtləndirən əsasın mövcudluğu məhkəmə tərəfindən müəyyən edilmiş halları ilə təsdiq olunmur. Bu baxımdan həmin sərəncamın etibarsız hesab olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs Cavabdeh2 MTK) «sərəncamın etibarsız hesab edilməsi» ilə bağlı iddia tələbi təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar