Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7150/2022 13.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsinə qarşı “icra qeydinin icrasının təxirə salınması” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 01 may 2022-ci il tarixdən sonrakı aylarda kredit məbləğinin 50-100 manat hər ay üçün aylıq məbləğdə ödənməsinə zəmanət verdiyini, ağır sosial durumu, körpə azyaşlı olmasını, kirayədə yaşamağını, ahıl anasının himayəsində olduğunu nəzərə alaraq, 01 may 2022-ci il tarixədək təxirə salmaq və dayandırmaq barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 8 saylı Notariat orqanının icra sənədi üzrə 2598.43 manat məbləğində borcun ödənilməsi (hal-hazırda olan borc məbləği 2598.43 manat təşkil edir) tam təmin edilənədək İddiaçı hər ay əmək haqqından 50%-ni tutmaqla tələbkarın hesabına keçirilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qaradağ rayon İcra şöbəsinin hesabına tutulması barədə “SOCAR”-ın N.Nərimanov adına NQÇİ-yə məktub göndərilmişdir. "xxxx" ASC-yə həqiqətən də kredit təyinatlı borcu qalmışdır. "xxxx" ASC ilə həmin borcun ayda 80 manat miqdarında qaytarılması barədə aralarında razılıq olmuşdur. Müəyyən müddət həmin borc məbləği ödənilmişdir. Sonradan yaranmış iqtisadi çətinlik, o cümlədən ailədə körpə uşağın dünyaya gəlməsi xərclərini artırdığından və müəyyən qədər xəstəliklə bağlı müalicəyə ehtiyac olduğundan ödənişlərdə fasilələr yaranmışdır. “İcra haqqında” AR Qanununda icraçıların borclu ödənişlərə münasibətdə fiziki şəxslərin maddi imkanlarının nəzərə alınması barədə müvafiq göstərişlər vardır. Hazırda onun aylıq əmək haqqından 50 % tutmaqla tələbkarın hesabına keçirilməsi barədə Qaradağ rayon İcra şöbəsinin göstərişi iqtisadi ehtiyaclarının qarşılanmasını xeyli çətinləşdirir. Odur ki, hər ay əmək haqqından 50 % tutmaqla bağlı AR Ədliyyə Nazirliyi Qaradağ rayon İcra şöbəsinin Nərimanov adına NQÇİ-yə ünvanladığı məktubun icrasının 01 may 2022-ci il tarixədək dayandırılmasına zərurət yaranmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddianın mümkünlüyü məsələsinin həlli ilə əlaqədar 13 may 2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən iddiaçı hazırkı mübahisəyə inzibati məhkəmə icraatında baxılaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamış, məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddia ərizəsindən və iddiaçının məhkəmədə verdiyi izahatdan müəyyən olunur ki, iddiaçının "xxxx" ASC-yə olan borcu ilə əlaqədar Bakı şəhəri 8 saylı notariat orqanı tərəfindən icra qeydi verilmişdir. İcra qeydinin icra olunması ilə bağlı Qaradağ rayon İcra şöbəsi tərəfindən iddiaçının əmək haqqından 50 % tutulmalar aparılması üçün iş yeri üzrə “SOCAR”-ın N.Nərimanov adına NQÇİ-yə məktub göndərilmişdir. İddiaçı icra qurumunun icra qeydinin icrası ilə bağlı qeyd edilən məktubun icrasının təxirə salınmasını hazırkı inzibati məhkəmə icraatında inzibati iddia qaydasında tələb edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, hazırkı işə iddia və inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: -6.1-ci maddəsinə görə aşağıdakılar icra sənədləri sayılır: 6.1.4. notariusun icra qeydləri. -8.1-ci maddəsinə görə icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. -16.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsinə çətinlik yaradan hallar olduqda, icra məmuru tələbkarın və ya borclunun əsaslandırılmış müraciətinə əsasən icra hərəkətlərini 10 gündən çox olmayan müddətə təxirə salır. -16.2-ci maddəsinə əsasən icra məmuru icra hərəkətlərinin təxirə salınması haqqında qərar qəbul edir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Bu barədə tərəflərə, habelə müvafiq məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) bildiriş göndərilir. -16.3-cü maddəsinə görə tərəflər icra hərəkətlərinin təxirə salınması haqqında icra məmurunun qərarından onun surətini aldıqdan sonra 3 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. -26-cı maddəsinə görə icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” 10 oktyabr 2017-ci il tarixli Qərarında qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. X1 Məhkəməsi bu nəticəyə gəlmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın: -147-ci bəndinə görə Azərbaycan Respublikasının məhkəmə sistemi üzrə vahid qeydiyyat və hesabat formasının təmin edilməsi üçün məhkəmə kodlarından (17-1 nömrəli əlavə) istifadə olunur, habelə işlərin (materialların) icraat növlərinin bir-birindən fərqləndirilməsi üçün onların birinci, apellyasiya, kassasiya instansiyası məhkəmələrində, həmçinin Ali Məhkəmənin Plenumunda qeydiyyatı üçün aşağıdakı indekslər müəyyən edilir: 2 - mülki işlər üzrə icraat; 2-1. inzibati mübahisələrə dair işlər üzrə icraat; 8 məhkəmə və digər orqanların qərarlarının icrası qaydasında icraat. Yuxarıda adıçəkilən normalardan, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən müəyyən olunur ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərar, hərəkət və ya hərkətsizliyi müstəqil iddia qaydasında mübahisələndirilə bilməz. Prosessual qanunvericilik notariusun icra qeydi olan icra sənədinin icrası ilə bağlı mübahisəni də bu qəbildən olan mübahisələrə aid etməklə bu növ şikayət, ərizələrə müstəqil iddia qaydasında - mülki işlər üzrə icraat - 2 və ya inzibati mübahisələrə dair işlər üzrə icraat - 2-1 indeksi ilə deyil, inzibati orqanın qərarının icrası qaydasında 8 indeksi ilə məhkəməyə müraciət edilməsini nəzərdə tutumuşdur. Deməli, hazırkı iddia notariusun icra qeydinin icrası ilə bağlı icra məmurunun qərar, hərəkət və ya hərəkətsizliyi müstəqil iddia icraatında baxıla bilməz. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Qeyd edilməlidir ki, ilk növbədə notariusun verdiyi icra qeydinin özülündə, təməlində mülki məsələ dayanır. Və digər inzibati orqanların verdiyi icra sənədinin icrasından fərqli olaraq “İcra haqqında” Qanun notariusa verdiyi icra qeydinin icrasına nail olanadək nəzarət etmək vəzifəsini nəzərdə tutumamışdır. Təsadüfi deyildir ki, “İcra haqqında” Qanunun 8.3-cü maddəsində icra məmurunun icraata başlamaq haqqında qərarın, 16.2-ci maddəsində icra məmuru icra hərəkətlərinin təxirə salınması haqqında qərarın, 20.7-ci maddəsində icraata xitam verilməsi barədə qərarın və s. notariusa göndərilməsinin nəzərdə tutulmaması, dolayısı ilə digər inzibati orqanların verdikləri icra sənədindən fərqli olaraq notariusun icra qeydi ilə bağlı icra hərəkətlərinə nəzarət etmədiyinə, icra qeydinin inzibati aktdan, publik hüquqdan daha çox mülki xarakterli olduğuna və bu halda həmin icra sənədinin icra olunması ilə bağlı mübahisənin də mülki məhkəmə icraatının predmeti ola biləcəyinə dəlalət edir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı - icra qeydinin icrası ilə bağlı hərəkətlərin təxirə salınması ilə bağlı tələb olduğundan məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən tələbini ümumi məhkəmədə və icra məmurunun icra ilə bağlı hərəkətlərindən şikayət verməklə həllinə nail ola bilərdi. İddiaçı isə bu qaydada məhkəməyə müraciət etməmiş, hazırkı tələblə inzibati məhkəmə icraatında müstəqil inzibati iddia qaldırmışdır. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, hazırkı iş üzrə iddiaya inzibati məhkəmə icraatında baxılması mümkün hesab olunmur. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsinə qarşı “icra qeydinin icrasının təxirə salınması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-7150/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7150/2022
13.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver