Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7153/2024 16.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə qarşı “qanunsuz əməllər törətmiş polis əməkdaşlarının cəzalandırılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin üzərinə Ülvi və Vladik adlı polis əməkdaşlarının şəxsiyyətinin dəqiq təyin edilməsi, qanunsuz əməllərə görə müvafiq şəkildə cəzalandırılması və bu barədə ona lazımi məlumatların yazılı şəkildə təqdim edilməsi öhdəliyinin qoyulması barədə qərar verilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 07 iyul 2023-cü il tarixində (saat 13-14 radələrində) iddiaçı öz **-CF-*** nömrəli “Tofaş Şahin S” markalı minik maşınında Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi ilə hərəkət edərkən **-YP-*** nömrəli Yol Polis maşını ona saxlama işarəsi vermiş və iddiaçı maşını sağa çəkib saxlamışdır. Bir gənc polis işçisi maşına yaxınlaşıb özünü təqdim etmədən əlində olan bir aparatı onun ön şüşəsinin üstünə tutub demişdir ki, “Sizin şüşəniz qaydalara uyğun gəlmir”. İddiaçı sakit tonda bildirmişdir ki, bu şüşə artıq 17-20 ildir bu maşının üstündədir, hər il texniki baxışdan keçir, gündə 10-15 Yol Polis əməkdaşlarının yanından keçib hərəkət edir və indiyədək heç kəs bununla əlaqədar onu saxlamayıb və ona bir irad bildirməyib. X2 əməkdaşı deyib ki, “Gedək meydançada aydınlaşdırarıq”. Onun yanında olan digər polis əməkdaşı iddiaçının yanında oturmuşdur və iddiaçı rahat formada maşını onun dediyi istiqamətə sürmüşdür. İddiaçı qeyd edir ki, bu polis əməkdaşı da özünü təqdim etməmişdir. İddiaçı bir müddət sonra kənar şəxslərdən öyrənib ki, bu polis əməkdaşlarının birinin adı Vladikdir, o birisinin adı isə Ülvidir. Əvvəlcədən deməsələr də, sonra aydın oldu ki, onlar iddiaçının maşınını saxlanma meydançasına gətiriblər. İddiaçı onlara bildirmişdir ki, o, Qarabağ müharibəsi veteranıdır (vəsiqəsini də təqdim etmişdir), mövcud qaydaları da pozan adam deyil, amma əməkdaşlar ona nə özünü təqdim etmiş, nə əlindəki aparatın sənədlər əsasında nə olduğunu, hansı işlək vəziyyətdə olmasını deməmişlər, sertifikatını göstərməmişlər, elə “gedək orada hörmət edərik” deyərək buraya gətirmişlər, “bu məsələ belə olmaz ki”. Ülvi adlı şəxs iddiaçıya kiçik kağız parçası vermiş və demişdir ki, bu kağızı Bakı şəhər Yol Polis İdarəsinə (Badamdar, Şəhər DYP, 30 otaq) aparın və oradan icazə alın. İddiaçı bildirib ki, onlar maşını görməyiblər, bu hadisədə iştirak etməyiblər, heç bir protokol yazılmayıb, ona bir rəsmi sənəd verilməyib, bəs onlar necə bu məsələni aydınlaşdıracaqlar. İddiaçı bu suallarla Vladikə də müraciət etmişdir, amma o da iddiaçıya Bakı şəhər DYP getməyini bildirmişdir. İddiaçı bir taksiyə oturub Badamdara Bakı şəhər Yol Polis İdarəsinə gəlmiş və 30-cu otağa müraciət etmişdir. Bir gənc polis əməkdaşı məsələnin həlli üçün ondan 100 manat istəmiş, iddiaçı təəcüblənmişdir, qeyd etmişdir ki, müharibə veteranıdır, o, bu maşını həmin ön şüşə ilə 17-20 ildir ki, sürür və indiyədək buna görə heç kəs ona irad bildirməyib, indi isə heç bir rəsmi protokol olmadan 100 manat istəyirlər. Gənc polis əməkdaşı iddiaçıya “məsləhət” görüb ki, “maşını meydançadan çıxarmaq istəyirsinizsə, ödəyin”. O, məcbur olub 100 manatı həmin gənc polisə vermiş, o, isə mətbəədə hazırlanmış kiçik bir kağız vermişdir, orada iddiaçının nəqliyyat vasitəsinin nömrəsini yazmışdır. Həmin kağız parçası ilə iddiaçı taksi ilə Nizami rayonunda olan maşın meydançasına qayıdıb, meydançanın çıxışında əlavə 10 manat verib öz maşınını götürmüşdür. Amma eyni zamanda işçilərə bildirmişdir ki, bütün qanun pozuntularına görə, heç bir əsaslandırma olmadan, uydurma bir pozuntu icad edib, sənədləşdirmədən, müharibə veteranı olduğunu göz ardına vurub, bir qrup polis əməkdaşı əlbir olub vətəndaşa qarşı bu cür qeyri-qanuni davranış nümayiş etdirdiklərinə və rüşvət aldıqlarına görə məhkəməyə müraciət edəcəkdir. Bu qanun pozuntusu ilə əlaqədar iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirinin adına şikayət yazmışdır. DİN Bakı şəhər Baş polis idarəsi X1 idarəsinin rəisi R.Piriyevin imzası ilə xx.xx.2023-cü il tarixli 7/2-M- 58017 saylı məktubu ilə onun şikayət ərizəsinə cavab verilmişdir. Cavabda bildirilir ki, “araşdırma zamanı normativ-hüquqi aktların tələblərinin pozulması hallarına yol verilməsi müəyyən edildiyindən YPX əməkdaşı müvafiq intizam tənbehi tədbirinə layiq görülmüş, müraciətinizdə qeyd etdiyiniz digər xüsusatlar öz təsdiqini tapmamışdır”. Bundan sonra iddiaçı yenidən Azərbaycan Respublikası Daxili İşlər Nazirinin adına şikayət məktubu ilə müraciət etmişdir. Həmin şikayət məktubunda iddiaçı vurğulamışdır ki: “xx.xx.2023-cü il tarixində YPX əməkdaşlarının mənə qarşı qanunsuz hərəkətləri barədə Sizə şikayət ərizəsi ilə müraciət etmişəm (ərizənin mətni əlavə olunur). Bununla əlaqədar Bakı şəhər YPİ əməkdaşları (icraçı: R.Quliyev, tel. 590 21 62) müvafiq araşdırma aparmışlar və normativ-hüquqi aktların tələblərinin pozulması hallarının baş verməsi təsdiqlənmişdir. Bununla əlaqədar mənə xx.xx.2023-cü il tarixli 7/2 -M-58017 nömrəli məktubla cavab verilmişdir. Qeyd etmək lazımdır ki, araşdırılan faktla əlaqədar YPX əməkdaşı intizam tənbehi tədbirinə layiq görülmüşdür. Bununla bərabər nə həmin cavab məktubunda, nə də mənim şifahi sorquma cavab olaraq işin aşağıdakı xüsusatları qeyri-qanuni olaraq açıqlanmamışdır ki, mən qanunvericiliyə uyğun olaraq obyektiv qərara nail olmaq üçün məhkəmə orqanlarına müvafiq qaydada müraciət edim: 1.Normativ-hüquqi aktların tələblərini pozmuş YPX əməkdaşlarının kim olduğu (adı, soyadı, atasının adı, rütbəsi, hansı vəzifəni tutması) bilərəkdən açıqlanmır. 2.İşin xüsusatlarına və araşdırılmasına dair mənə (ən azından sorğuya cavab olaraq) heç bir sənəd təqdim olunmayıb. Halbuki qanunvericiliyə əsasən şikayət edən vətəndaşa araşdırmaya dair bütün sənədlərin bir surəti təqdim edilməlidir. 3.İşin yekun sənədi, kim intizam tənbehi tədbirinə layiq görülüb, hansı hüquqi qaydanı pozub, bu haqda mənə heç bir məlumat verilmir. 4.Məndən alman pul məbləği nəyə görə alınıb, hansı hesaba keçib, dövlət ödəmə sistemindən niyə yayındırılıb, niyə sənədləşdirilməyib? Bu məsələ cavabsız olaraq qalır. Xahiş edirəm araşdırılan faktla əlaqədar qanunvericiliyə uyğun olaraq müvafiq qaydada mənə sənədlərin surəti təqdim edilsin ki, mən məhkəmə orqanlarına müraciət edib obyektiv qərarın qəbul edilməsinə nail ola bilim”. Onun bu şikayətinə DİN Bakı şəhər Baş polis idarəsi X1 idarəsinin rəisi R.Piriyevin imzası ilə 30.Xİ.2023-cü il tarixli M-58017/2 saylı məktubla cavab verilmişdir. Cavab məktubunda bildirilir ki, “ilkin müraciətiniz əsasında Bakı Şəhər BPİ DYPİ-də araşdırma aparılmış və nəticəsi barədə Sizə yazılı cavab verilmişdir... Araşdırma zamanı normativ-hüquqi aktların tələblərinin pozulması hallarına yol verilməsi müəyyən edildiyindən YPX əməkdaşı müvafiq intizam tənbehi tədbirinə layiq görülmüş, müraciətinizdə qeyd etdiyiniz digər xüsusatlar öz təsdiqini tapmamışdır”. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunması xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib iddianın mümkünlük məsələsinin müzakirəsini zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini olduğu kimi müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkünsüz sayılmalıdır. Belə ki, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında qeyd olunur ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (1.1-2.1-ci bəndlər). Göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Məhkəmə ilk növbədə qeyd edir ki, iddia ərizəsində iddia tələbi qeyri-müəyyəndir. Məhkəmə tərəfindən təklif edilməsinə baxmayaraq, iddiaçı tələbi olduğu kimi müdafiə etmiş, konkret və aydın iddia tələbi məhkəməyə təqdim edilməmiş, aydın olmayan iddia tələbi dəqiqləşdirilməmişdir. Bununla belə, iddia ərizəsinin məzmunundan və iddiaçının izahatından müəyyən edilmişdir ki, iddia tələbi cavabdeh kimi Baş X1 İdarəsinə qarşı yönəlmişdir. İddiaçının tələbi cavabdehin inzibati xətalara dair işlər üzrə fəaliyyəti ilə bağlıdır və iddiaçı ilə cavabdeh arasında hər hansı bir inzibati hüquq münasibəti mövcud deyildir. İnzibati hüquq münasibətinin mövcud olmadığı halda isə inzibati mübahisədən söhbət gedə bilməz. Bu qəbildən olan işlərə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılması müəyyən olunduğundan hazırki iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılması istisna edilir. İnzibati hüquqi mübahisələr dedikdə, inzibati orqanla (müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul olunması, ləğv olunması, dəyişdirilməsi, eləcə də inzibati orqanın hərəkət və ya hərəkətsizliyi barədə yaranan mübahisələr başa düşülür. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı inzibati orqanın inzibati xətalara dair işlər üzrə fəaliyyətinə aid olduğundan, inzibati məhkəmə icraatı qaydasında baxılan məsələlər sırasına aid deyildir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən, həmin Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Eyni Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən, həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Həmçinin, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 nömrəli qərarının 7.2-ci bəndində göstərilir ki, nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum Qərarının 17-ci bəndində göstərilir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır). Məhkəmə bildirir ki, iddiaçının hüquqi marağına uyğun olaraq ehtimal etdiyi hüquqlarının pozulması ilə ilə əlaqədar qeyd etdiyi YPX əməkdaşlarının müvafiq məsuliyyətə cəlb edilməsi ilə bağlı aidiyyəti hüquq-mühafizə orqanına, yaxud ümumi məhkəməyə müraciət etmək imkanı vardır. Beləliklə, aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 80.1-ci maddəsinə görə, bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-7153/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7153/2024
16.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver