Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7154/2025 28.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X2 kаtibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğuna qarşı “Azərbaycan Respublikası Hərbi Prokurorluğunun depozit hesabına ödədiyi 2200 (iki min iki yüz) manat məbləğində pulun iddiaçıya qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğuna qarşı “Azərbaycan Respublikası Hərbi Prokurorluğunun depozit hesabına ödədiyi 2200 (iki min iki yüz) manat məbləğində pulun iddiaçıya qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçının İkinci Qarabağ müharibəsi zamanı xx.xx.2020-ci il tarixdə partlayış travması nəticəsində bədənində qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı, mülayim dərəcədə ifadə olunmuş üzvi emosional labil pozuntu, davamlı postkommosion sindrom və davranış pozuntuları ilə təzahür edən nəticəsində soltərəfli xroniki koxlear nevrit, soltərəfli neyrosensor ağıreşitmə, sol bud-çanaq oynağı nahiyyəsinin kor odlu silah yaralanması, sol qalça sümüyünün qanadının açıq, qapalı sınığına görə aparılmış yaraların birincili cərrahi işlənməsindən sonrakı bitişmiş sınığı, yad çisimin (güllə) xaric edilməsindən sonrakı bərkimiş dəri çapığı olmaqla xəsarətlər oluşmuşdur. Bununla əlaqədar olaraq 2020-ci və 2021-ci illərdə müalicələr almışdır. (Azərbaycan Respublikasının Prezidenti tərəfindən cəsur döyüşü,şücaətə görə, Fizuli azad olunmasına, Cəbrayıl azad olunmasına, Xocavənd azad olunmasına və vətən müharibəsi iştirakçısı medalları ilə təltif olunmuşdur. Silahlı Qüvvələrin Baş Klinik Hospitalının xx.xx.2021-ci il tarixli 1234- saylı arayışına əsasən iddiaçıya ağır xəsarət dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Hərbi Prokurorluğunda aparılan ********* saylı cinayət işi üzrə iddiaçıya bildirdilər ki, arayışlar düzgün verilməyib və ödənilmiş 2.750 manat sığorta ödənişinin 2200 manat məbləğini dövlətə qaytarmalıdır. İddiaçı da 2.200 manat pulu Azərbaycan Respublikası Hərbi Prokurorluğunun depozit hesabına ödədi. İstintaq bitdikdən sonra həmin məbləğin qaytarılacağı bildirilsə də bu günə qədər ödənilməmişdir. Həmin məbləğin qaytarılması ilə bağlı etdiyi müraciətə Azərbaycan Respublikası Hərbi Prokurorluğu xx.xx.2024-cü il tarixli 3-3-020/2- 048436/2024 saylı məktub (xx.xx.2025-ci il tarixdə məktubu almışdır) ilə cavab verərək məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Cavabdeh iddiaya dair rəy (etiraz) təqdim edərək bildirmişdir ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin sabiq hərbi qulluqçusu, ehtiyatda olan gizir İddiaçı Respublika Hərbi Prokurorluğunun İstintaq idarəsində istintaqı aparılmış cinayət işi üzrə Hərbi Prokurorluğun depozit hesabına ödədiyi 2200 manat pulun ona geri qaytarılmasına dair Azərbaycan Respublikası Hərbi Prokurorluğunun üzərinə öhdəlik qoyulması barədə iddia ərizəsi və Bakı İnzibati Məhkəməsində baxılan 2-1(112)-7154/2025 nömrəli inzibati iş üzrə 12 mart 2025-ci il tarixli sərəncam Respublika Hərbi Prokurorluğunda öyrənilmişdir. Müəyyən edilmişdir ki, Respublika Hərbi Prokurorluğunun İstintaq idarəsində Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları olan əsgərlər X3, X8, X4, mülki şəxslər X5 və X1 qabaqcadan əlbir olan bir qrup şəxs halında “Vətən müharibəsi” zamanı müxtəlif dərəcəli xəsarətlər almış hərbi qulluqçulardan müəyyən məbləğlərdə pul alaraq Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasından onların adına tərtib edilmiş müvafiq arayışları saxtalaşdırmaqla, eləcə də saxta arayışlar hazırlamaqla onların daha çox məbləğdə sığorta ödənişləri almalarını təmin etmələri faktları üzrə Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 320.1, 320.2 və digər maddələri ilə təqsirləndirilmələrinə dair ********* №-li cinayət işinin ibtidai istintaqı tamamlanaraq ittiham aktı ilə birlikdə 27 oktyabr 2021-ci il tarixdə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilmişdir. Həmin cinayət işinin materiallarından görünür ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, gizir İddiaçı “Vətən müharibəsi” zamanı döyüş əməliyyatlarında iştirak edərək güllə yaralanması və digər xəsarətlər almış, 12 yanvar 2021-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən şəhadətləndirilərək müalicəsi tam bitmədiyindən ilkin olaraq aldığı xəsarətlərin dərəcəsi yüngül bədən xəsarəti kimi qiymətləndirilmişdir. Bununla razılaşmayan İddiaçı yuxarıda göstərilən təqsirləndirilən şəxslərdən 750 manat məbləğində pul müqabilində poliklinikanın arayışında xəsarətin dərəcəsinin yüngüldən ağıra dəyişdirilməsinin mümkünlüyünü və belə olduğu halda 550 manat əvəzinə 2750 manat məbləğində sığorta pulu ala biləcəyini öyrənib onlarla razılaşaraq həmin məbləğdə pulu verməklə ağır dərəcəli bədən xəsarəti alması barədə tibbi arayış əldə etmiş, lakin arayışın saxta yolla hazırlanmasından məlumatı olmadığı üçün həmin arayışı Dövlət Sığorta Kommersiya şirkətinə təqdim etmiş və 10 gün sonra sığorta şirkəti tərəfindən onun adına açılmış bank hesabına 2750 manat məbləğində pul köçürülmüşdür. Cinayət işi üzrə İddiaçı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının 12 yanvar 2021-ci il tarixli tibbi arayışına əsasən 550 manat məbləğində sığorta ödənişi verilməli olduğu halda, onun saxta tibbi arayışdan istifadə etməklə 2750 manat məbləğində sığorta ödənişi alması müəyyən edilmiş, istintaq zamanı onun 27 iyul 2021-ci il tarixdə 2200 manat məbləğində maddi ziyanı tam həcmdə Hərbi Prokurorluğun depozit hesabına ödəməsi, eləcə də istifadə etdiyi tibbi arayışın saxta olduğundan məlumatının olmaması və rüşvət verməsi haqqında dövlət orqanın könüllü məlumat verməsi nəzərə alınaraq, barəsində aparılan cinayət təqibinə 21 oktyabr 2021-ci il tarixli qərarla Azərbaycan Respublikası CPM-in 40.2 və 40.3-cü maddələrinə əsasən hissəvi xitam verilmişdir. İddiaçı Bakı İnzibati Məhkəməsinə təqdim etdiyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalının 14 sentyabr 2021-ci il tarixli 1234 nömrəli arayışından görünür ki, o, 16 noyabr 2020-ci il tarixdə “Partlayış travması nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi emosional labil pozuntu, davamlı postkommosion sindrom və davranış pozuntuları ilə təzahür edən nəticəsi, mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli postravmatik stress pozuntusu. Partlayış travması nəticəsində soltərəfli xroniki koxlear nevrit, soltərəfli neyrosensor ağıreşitmə, sol budçanaq oynağı nahiyəsinin kor odlu silah güllə yaralanması, sol qalça sümüyünün qanadının açıq, qəlpəli sınığına görə aparılmış yaraların birincili cərrahi işlənməsindən sonrakı bitişmiş sınığı, yad cismin (güllə) xaric edilməsindən sonrakı bərkimiş dəri çapığı” diaqnozlu ağır dərəcəli bədən xəsarət almışdır. Lakin İddiaçı həmin arayışı ibtidai istintaq zamanı təqdim etmədiyindən aldığı xəsarətlərin dərəcəsi ilə bağlı ona 2750 manat məbləğində sığorta ödənişinin təyin edilməli olduğu müəyyən edilməmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, İddiaçı ********* nömrəli cinayət işi üzrə vurulmuş maddi ziyana görə ödədiyi 2200 manat pul hal-hazırda da Respublika Hərbi Prokurorluğunun depozit hesabında saxlanılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: (...) 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) 34.1.Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 3.1. Bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. 3.2. Bu Qanun inzibati orqanların: 3.2.1. cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə; 3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. 3.3. Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən: 178.1. Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə— min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 178.2. Eyni əməllər: 178.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 178.2.2. təkrar törədildikdə; 312.1. Rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi - beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 312.2. Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə - səkkiz min manatdan on iki min manatadək miqdarda cərimə və ya dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd: Rüşvət verən şəxs vəzifəli şəxs tərəfindən tətbiq edilən hədə-qorxu nəticəsində rüşvət verdikdə və ya rüşvət vermə haqqında müvafiq dövlət orqanına könüllü məlumat verdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Prosessula Məcəlləsinə əsasən: 129.1. Maddi sübutlar mümkün qədər qablaşdırılır, möhürlənmiş halda cinayət işində saxlanılır, həcmi böyük olduqda isə təşkilatlara, müəssisələrə və müvafiq şəxslərə onların razılığı ilə məsul saxlanışa verilə bilər. 129.2. Cinayət təqibi üzrə icraat zamanı aşağıdakı əşyalara baxış keçirilməsindən dərhal sonra, lakin götürmə hərəkəti edildiyi andan 7 (yeddi) gündən gec olmayaraq cinayət prosesini həyata keçirən orqan dövlət bankına təhvil verməlidir: 129.2.2. milli və ya xarici valyuta ilə nağd pullar, çeklər, sənədli qiymətli kağızlar və lotereya biletləri. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.
12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.
13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər.
17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İddiaçının iddia tələbi cavabdeh Respublika Hərbi Prokurorluğuna qarşı qaldırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “ İnzibati orqanların təsnifatı”na əsasən prokurorluq orqanları bu siyahıya daxil deyildir. İddiaçının hüquqi marağı - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun depozit hesabına ödədiyi 2200 (iki min iki yüz) manat məbləğində pulun iddiaçıya qaytarılması barədə qərar qəbul edilməsindən ibarətdir; və bu məsələ cinayət təqibi ilə bağlı olduğu üçün cinayət-prosessual fəaliyyətinə aiddir. Məhkəmə hesab edir ki, iddiaçının tələbinə inzibati məhkəmə icraatında baxılması qanunvericiliklə nəzərdə tutulmamışdır. İddia ərizəsinə əlavə edilmiş: “Pul vəsaitinin depozitə qoyulması haqqında” 27 iyul 2021-ci il tarixli 138218 nömrəli Protokolda qeyd edilmişdir ki, Azərbaycan Respublikası CPM-nin 51,85 və 129.2.2-ci maddələrinin tələblərinə əsasən İddiaçı S.N.Hüseynov tərəfindən törədilmiş cinayət əməli nəticəsində dövlətə vurmuş olduğu 2200 manat məbləğində maddi ziyanı istintaqa ödədiyi üçün həmin pul vəsaiti İddiaçı hesabına depozitə qoyulması və saxlanılması üçün 27 iyul 2021-ci il tarixdə Respublika hərbi prokurorluğunun maddi-texniki təminat şöbəsinin mühasibatlığına təqdim edildi. Azərbaycan Respublikası Hərbi Prokurorluğun “Cinayət təqibi üzrə icraata hissəvi xitam verilməsi haqqında” 21 oktyabr 2021-ci il tarixli 046904 nömrəli Qərarına əsasən İddiaçı barəsində vəzifəli şəxsə rüşvət vermələri haqqında müvafiq dövlət orqanına könüllü məlumat verilməsi nəzərə alınaraq, barələrində həmin xüsusat üzrə CM-nin 312.2ci maddəsi ilə aparılan cinayət təqqibinə CM-nin 312-ci maddəsinin “Qeyd” hissəsinə, Azərbaycan Respublikası CPM-nin 39.1.11 və 40.3-cü maddələrinə əsasən, yəni cinayət qanunu müddəalarının qüvvəsinə görə onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan hissəvi xitam verilməsi və İddiaçı barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 40.2-ci maddəsinə əsasən, yəni şəraitin dəyişməsi ilə əlaqədar hissəvi xitam verilməsi qərara alınmışdır. Qərarda göstərilmişdir ki, İddiaçı (və digərləri) Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasından onların adlarına tərtib edilmiş aldıqları xəsarətlərin dərəcəsini müəyyən edən müvafiq arayışları saxtalaşdırmaqla, xəsarətlərin ağır dərəcələrini yüngüldən ağıra dəyişib, daha çox məbləğdə sığorta ödənişlərini almalarını təmin etmiş və bununla da hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırıb və qanunsuz hazırlayaraq bu cür sənədi satmış, habelə bilə-bilə saxta sənədlərdən istifadə etmiş, eyni məqsədlə saxta blankı hazırlamış və satmış, habelə bilə-bilə saxta sənədlərdən istifadə etmiş, təkraarən digər şəxsi vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar bilə-bilə qanunsuz hərəkətlər etməyə görə onun özü üçün birbaşa və dolayı yolla, şəxsən və vasitəçidən istifadə etməklə maddi neməti rüşvət verməyə təhrik etmiş, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmiş, habelə təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etməyə cəhd etmişdir. Hərbi qulluqçular İddiaçı (və digərləri) Azərbaycan Respublikası CM-nin 178.2.1 və 312.2-cii maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmişlər. Beləliklə, iş materiallarında olan sənədlərdən də müəyyən edilir ki, iddiaçının cavabdehdən tələb etdiyi 2.200 manat pulu cinayət işi üzrə Cinayət Prosessual Məcəlləsinin 129.2.2 maddəsinə əsasən Hərbi Prokurorluğun depozit hesabına ödənilmiş məbləğdir. Göründüyü kimi cavabdeh inzibati orqan olsa da belə iddiaçının iddia tələbi ilə bağlı işə baxılması zamanı tətbiq ediləcək hüquq publik hüququn nizamasalma predmetinə aid olmayacaqdır. Azərbaycan Respublikasında mülki məsuliyyət, inzibati məsuliyyət, cinayət məsuliyyəti (təqibi) məsələləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi ilə tənzimlənir ki, bu da inzibati icraat qaydasında həmin məsələlərə baxılmasını istisna edir. Halbuki inzibati məhkəmə icraatı qaydasında inzibati orqanların yalnız publik hüquqdan irəli gələn hərəkətlərinin (hərəkətsizliyinin) qanuniliyi və əsaslılığı yoxlanılır. Hazırki mübahisə ilə bağlı hüquq isə cinayət məsuliyyəti (təqibi) məsələlərinə dair işlər üzrə fəaliyyətinə aid hüquqdur. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məkəmədə baxılmasına yol verilmir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab vermir və mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cə məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova