Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7155/2023 14.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın (çıxarışın) verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın (çıxarışın) verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 14 iyul 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”a əsasən Kirov (Binəqədi) rayonu, Kirov (Binəqədi) qəsəbəsi, Xarici dairəvi küçəsində 5 №-li ev X3 adına qeydə alınmışdır. AZ-İİ № 229851 “Ölüm haqqında şəhadətnamə”yə əsasən X5 xx.xx.2021-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 966 № ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ünvan 1 ünvanlanmış 29 dekabr 2022-ci il tarixli 765 №-li məktubda qeyd edilmişdir ki, Bakı şəhəri 31 saylı notariat ofisinə, xx.xx.2021-ci ildə vəfat etmiş X1 (xx.xx.1956-cı il təvəllüdlü) irs qalmış Bakı şəhəri, Binəqədi rayonu, Xarici Dairəvi küçəsi ünvanında yerləşən 5 nömrəli fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı vərəsəsi olan oğlu İddiaçı ərizəsi qəbul edilmişdir və vərəsə kimi tanınmışdırlar. İddiaçı (bundan sonra – iddiaçı) Bakı şəhəri, Binəqədi rayonu, Xarici Dairəvi küçəsi ünvanında yerləşən 5 nömrəli fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) xx.xx.2023-cü il tarixdə müraciət etmiş, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “… tərəfinizdən təqdim edilən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş texniki pasport barədə İdarənin arxivində məlumat aşkar olunmamışdır. Elektron kadastr məlumatlarına əsasən göstərilən fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportda qeyd olunan torpaq sahəsi ilə faktiki sahə arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. Bundan əlavə torpaq sahəsi ümumi istifadədə olan yol kənarı yaşıllıq ərazidə yerləşir. Həmçinin bildiririk ki, İdarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlaka texniki baxış keçirilən zaman texniki pasportda göstərilən “A” tikilisinin daxilində yenidənqurma işlərinin aparılaraq arakəsmələrin götürüldüyü, təmir işlərinin davam etdiyi, həmçinin “B” tikilisinin söküldüyü məlum olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir”. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin vahid əmlak kimi onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, fərdi yaşayış evi ona xx.xx.2021-ci il tarixdə vəfat etmiş atası X2 miras qalmışdır. Fərdi yaşayış evinin 23 yanvar 1981-ci il tarixdə tərtib edilmiş texniki pasportundan görünür ki, fərdi yaşayış evi 3 hissədən ibarətdir: yaşayış evi - 38.4 kv.metr, sanitar qovşaq - 3 kv.metr, anbar - 1368.0 kv.metr, həyətyanı sahəsi 655.6 kv.metr. Beləliklə, fərdi yaşayış evinin ümumi sahəsi 2065.0 kv.metr təşkil etmişdir. Fərdi yaşayış evi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqan tərəfindən müraciətinin icrasından imtina edilmişdir. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuzdur. İddiaçının nümayəndəsi və vəkili elektron kabinet vasitəsi ilə iddia tələbinin dəqiqləşdirilməsi (iddia tələbinin həcminin azaldılması) barədə ərizə ilə müraciət edərək, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 2065 kv.metr olan torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququnun mərhum X4 məxsus olması barədə arayışın (daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz imtina məktubu ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına əsasən Kirov (Binəqədi) rayonu, Kirov (Binəqədi) qəsəbəsi, Xarici dairəvi küçəsində 5 №-li fərdi yaşayış evi və həmin evin yerləşdiyi 2065 kv.m torpaq sahəsi, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”a əsasən X3 adına qeydə alınmışdır. İddiaçı Musa Tağıyevin oğlu – vərəsəsi kimi həmin torpaq sahəsinin X4 məxsus olması barədə arayışın verilməsini xahiş edir. İş materiallarında olan evlər idarəsi üzrə texniki inventarizasiynın kartoçkasından müəyyən edilir ki, qeyd olunan ev 1960-cı ildə inşa edilmiş, texniki pasport isə xx.xx.1981ci ildə tərtib edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (...) 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; ... Azərbaycan Respublikası Prezidentinin 439 saylı, 2015-ci il 13 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 1.11-ci bəndinə əsasən, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab olunur. Göründüyü kimi, iddiaçının təqdim etdiyi sənəd həmin torpaq sahəsi üzərində mülkiyyət hüquququn qeydə alınması üçün hüquqmüəyyənedici sənəd kimi təsbit edilmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən aşağıdakılara istinad etmişdir: 1) Təqdim edilən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş texniki pasport barədə İdarənin arxivində məlumat aşkar olunmamışdır; 2) Elektron kadastr məlumatlarına əsasən göstərilən fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportda qeyd olunan torpaq sahəsi ilə faktiki sahə arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur; 3) Torpaq sahəsi ümumi istifadədə olan yol kənarı yaşıllıq ərazidə yerləşir. 4) İdarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlaka texniki baxış keçirilən zaman texniki pasportda göstərilən “A” tikilisinin daxilində yenidənqurma işlərinin aparılaraq arakəsmələrin götürüldüyü, təmir işlərinin davam etdiyi, həmçinin “B” tikilisinin söküldüyü məlum olmuşdur. Məhkəmə birinci halla bağlı qeyd edir ki, qeyd edilən sənədin əsli iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmişdir. Cavabdeh özü də həmin sənədin mötəbərliliyi ilə bağlı hər hansı bir dəlil irəli sürməmiş, yalnız həmin sənəd barədə İdarənin arxivində məlumat aşkar olunmamasını göstərmişdir. Məhkəmə qeyd edir ki, xx.xx.1981-ci il tarixdə tərtib edilmiş və əsli məhkəməyə təqdim edilmiş SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş texniki pasportun İdarənin arxivində aşkar edilməməsi iddiaçının (və ya mərhum atasının) təqsirindən baş verən hal deyildir. Qeyd olunan hal iddiaçının müraciətinin təmin edilməsindən imtina üçün əsas sayıla bilməz. Həmin sənədin mötəbərliliyini şübhə altına alacaq hər hansı bir hal müəyyən edilmir. Məhkəmə ikinci halla bağlı qeyd edir ki, göstərilən hal da iddiaçının müraciətinin təmin edilməsindən imtina üçün əsas sayıla bilməz. Göstərilən fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənəd verəcəyi təqdirdə həmin fərqi (uyğunsuzluğu) aradan qaldırmaq, torpaq sahəsinin hüquqmüəyyəndici və texniki sənədlərini torpaq sahəsinin faktiki vəziyyətinə uyğunlaşdırmaq cavabdeh İdarənin vəzifəsidir. Üçüncü halla bağlı məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən iddiaçının vəkilinin və cavabdehin mütəxəssisin iştirakı ilə xx.xx.2023-cü il tarixdə mübahisəli torpaq sahəsinin və üzərində yerləşən tikililərin yerində müayinəsi aparılmışdır. Müayinə zamanı həmin torpaq sahəsinin hasara alındığı, torpaq sahəsinin hasarının həmin ərazidə yerləşən digər torpaq sahələri ilə eyni cərgədə yerləşdiyi, hasarın yol üzərində deyil, yol kənarında yerləşdiyi müəyyən edilmişdir. Torpaq sahəsinin həyətində 13 ədəd şam ağacının və 11 ədəd söyüd ağacının olması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının sahiblik və istifadəsində olan torpaq sahəsinin həyətində ağacların olması, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından (mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsindən) imtina edilməsi üçün əsas deyildir. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanının ikinci bəndinə daşınmaz əmlaka münasibətdə hüququnu yaranması əsaslarından imtina edilməsi üçün əsaslar göstərilmişdir. Həmin bənddə qeyd edilmişdir ki, “..bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir”. Digər tərəfdən həmin Fərmanda qeyd edilməsə belə, hazırkı halda iddiaçının sahibliyində və istifadəsində olan torpaq sahəsində ağacların olması mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas sayıla bilməz. Belə ki, “Yaşıllıqların mühafizəsi haqqında” AR Qanunun 1.0.1-ci bəndinə yaşıllığa anlayış verilmişdir. Həmin normaya görə, yaşıllıqlar - şəhərlərin, digər yaşayış məntəqələrinin və infrastruktur obyektlərinin hüdudları daxilində lazımi ekoloji, mədəni-sağlamlaşdırma, landşaft və məkan görünüşü baxımından əhəmiyyət daşıyan, təbii halda mövcud olan və ya süni yaradılan ağac, kol, gül-çiçək və ot bitkilərinin toplumudur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli qərarı ilə “Yaşıllıqların götürülməsi” Qaydaları təsdiq edilmişdir. Qaydaların 1.2-ci bəndinə görə, yaşıllıqların götürülməsi bu Qaydanın 2.2-ci bəndində göstərilən hallarda ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsinə (kökündən çıxarılmasına) və ya bərpa edilməsi şərtilə kəsilməsinə yönəldilmiş tədbirdir. 2.1. Yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. 2.2. Yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir: 2.2.1. dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; 2.2.2. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin dövlət ekoloji ekspertizasının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə. 2.2.3. şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyriyaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda; 2.2.4. ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və s.) aparıldıqda; 2.2.5. texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda; 2.2.6. ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda. 2.4. Fiziki və hüquqi şəxslər (bundan sonra - ərizəçi) bu Qаydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər. 2.5. Yaşıllıqların götürülməsinə dair müraciətə aşağıdakı sənədlər əlavə olunur: 2.5.2. fiziki şəxslər üçün - soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumat (seriyası, nömrəsi, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı), hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda isə həmçinin vergi uçotu haqqında şəhadətnamənin surəti; 2.5.3. götürülməsi nəzərdə tutulan yaşıllığın ərizəçinin mülkiyyətində, istifadəsində və ya icarəsində olmasını təsdiq edən sənəd; 2.5.4. yaşıllığın götürülməsinin əsaslandırılması. Sadalanan normalardan göründüyü kimi, fiziki şəxslər istifadələrində olan torpaq sahələrində yaşıllıqların götürülməsi ilə bağlı müvafiq mərkəzi icra hakimiyyəti orqanına müraciət etməli, müraciət edərkən isə götürülməsi nəzərdə tutulan yaşıllığın ərizəçinin mülkiyyətində, istifadəsində və ya icarəsində olmasını təsdiq edən sənədi təqdim etməlidir. Göründüyü kimi, fiziki şəxsin onun yalnız mülkiyyətində deyil, həmçinin istifadəsində və icarəsində olan torpaq sahəsində yaşıllığın götürülməsi ilə bağlı müvafiq mərkəzi icra hakimiyyəti orqanına müraciət etməsi nəzərdə tutulmuşdur. Hazırkı işdə mübahisəli torpaq sahəsinin iddiaçının faktiki sahibliyində və istifadəsində olması işin mübahisələndirilməyən halıdır. Yəni iddiaçının həmin torpaq sahəsinə dair mülkiyyət hüqunun dövlət reyestrində qeydə alınaraq mülkiyyət hüququna dair sənədin verilməsi ona mülkiyyətində olan torpaq sahəsinin həyətində yerləşən yaşıllıqların götürülməsi ilə bağlı əlavə bir imtiyaz vermir. Qeyd olunan qaydalar torpaq sahəsi ilə bağlı fiziki şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olması ilə bağlı fərqli prosedur təsbit etməmişdir. Yəni iddiaçı hazırkı halda da həmin yaşıllıqların götürülməsi ilə bağlı müvafiq prosedurlara tabedir, eyni ilə həmin torpaq sahəsində mülkiyyət hüququna dair çıxarış aldıqdan sonra da. Ona görə də, bu əsas da iddiaçının müraciətinin təmin olunmasında imtina üçün əsas sayıla bilməz. Məhkəmə 4-cü halla bağlı qeyd edir ki, qeyd edilən imtina əsasları torpaq sahəsində yerləşən tikililərlə bağlıdır. İddiaçı isə iddia tələbinin həcmini azaldaraq fərdi yaşayış evinə deyil, yalnız torpaq sahəsinə dair tələb irəli sürmüşdür. Odur ki, 4-cü bənddə qeyd edilən imtina əsaslarının araşdırılmasına zərurət qalmamışdır və həmin əsaslar öz əhəmiyyətini itirmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında qeyd olunmuşdur ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 2065 kv.metr olan torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququnun mərhum X4 məxsus olması barədə arayışın (daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın) verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-7155/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7155/2023
14.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver