Məhkəmə qərarları › İş №2-1(112)-7156/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7156/2024

29.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7156/2024 29.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı Əliabbas oğlunun, üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Əliabbas oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxs: "xxxx" MTK) qarşı “qeyriyaşayış sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Əliabbas oğlu (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2, 4,5-ci girişində, 1-ci mərtəbədə yerləşən 19,6 kv.metr qeyri-yaşayış sahəsinin onun adına dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr təqdim edərək əsl olmayan cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilməsini və Bakı şəhəri, Nəsimi rayonu, M.Cəfərov küçəsində "xxxx" MTK tərəfindən inşa edilmiş 10 saylı yaşayış binasının 4 və 5-ci girişinin birinci mərtəbəsində yerləşən sahəsi sahəsi 19,16 kv.metr olan qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmiş, ərizələr icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə "xxxx" MTK iş üzrə 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsində yerləşən, "xxxx" MTK-ya məxsus çoxmərtəbəli yaşayış binasının 4,5-ci girişində yerləşən, - 6,40 səviyyəsindəki qeyri-yaşayış sahəsi 19,6 kv.metr təşkil edir. İddiaçı 2017-ci ildə kooperativə üzv olmaqla həmin sahəni almışdır. Kooperativə pay haqqını tam ödəmişdir. Əmlakı dövlət qeydiyyatına aldırmaq üçün 2023-cü ilin sentyabr ayının 23-də təkrarən, kooperativdən, maliyyə arayışı və protokoldan çıxarış almışdır. Bundan əlavə, layihənin təsdiq edilmiş surətini də almışdır. 2023-cü ilin dekabr ayında, qeyd edilən sənədləri də əlavə etməklə, əmlakın dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubu ilə, əmlak üzərində hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. İmtinanı əsassız hesab etdiyindən hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Belə ki, imtinaya səbəb olaraq mübahisəli qeyri-yaşayış sahəsinin layihədə mövcud olan, lakin inşa edilməmiş pilləkən qəfəsinin yerində olması göstərilmişdir. Qeyd edilməlidir ki, layihədəki dəyişiklik kooperativ tərəfindən razılaşdırılmışdır. İddiaçı kooperativə payçı qəbul edilməklə həmin sahəni alarkən ona layihə təqdim edilməmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilməmişdir. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirdi ki, bina 2014cü ildə hazırkı vəziyyətdə istismara qəbul edilmişdir. İlkin layihədə pilləkən liftdən nəzərdə tutulmuşdu. Həmçinin əlavə pilləkən də olmalı idi. Lakin, sonradan layihəyə dəyişiklik edilib və həmin layihə İcra Hakimiyyəti ilə razılaşdırılıb. İlkin layihə 2005-ci ildə tərtib edilmişdir və iddiaçının müraciətinə əlavə edilmişdir. Sonrakı layihəni əldə etmək mümkün olmamışdır. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İş materialları ilə müəyyn edilir ki, iddiaçı xx.xx.1986-cı ildə anadan olmuşdur. O, Bakı şəhəri, Yasamal rayonu, X2 Naxçıvani küçəsi, ev 27 ünvanında qeydiyyatdadır. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, təqdim edilmiş layihəyə (mərtəbəlik planı) əsasən qeyri-yaşayış sahəsi faktiki inşa edilməmiş pilləkən qəfəsinin yerində yerləşir. Cavabdehin xx.xx.2024-cü il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında göstərilmişdir ki, Nəsimi rayonu, M.Cəfərov küçəsi, ev 10 ünvanda yerləşən daşınmaz əmlakın hüquqmüəyyənedici sənədlər üzrə ölçüsü 19,6 kv.metr, faktiki 19,0 kv.metr təşkil etmişdir. 14-18 mərtəbəli binanın -6,40 m səviyyəsinin bir hissəsi. Qeyri-yaşayış sahəsinin yerləşməsi və konfiqurasiyası təqdim olunmuş layihəyə uyğundur. Qeyri-yaşayış sahəsi hal-hazırda oyun zalı kimi fəaliyyət göstərir. Daxildə sahənin bir hissəsində sanitar qovşağı quraşdırılmışdır. Layihədə göstərilən pilləkən qəfəsi faktiki mövcud deyil və qeyri-yaşayış sahəsi binaya xidmət göstərən pilləkən qəfəsinin sağ tərəfində yerləşir və ayrıca girişi var. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 290 saylı sərəncamı ilə təsdiq edilmiş Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının Aktına əsasən Nəsimi rayonu, A.Mustafayev küçəsi, 3006-cı məhəllədə 1 ədəd 14-16-17-18 mərtəbəli (+ texmərtəbə) 7 girişli (1-ci mərtəbəsi qeyriyaşayış sahəsi, zirzəmi mərtəbəsi 3 səviyyəli, aşağı səviyyəsində yeraltı qaraj) və 1 ədəd 16 mərtəbəli (+ texmərtəbə) 2 girişli (1-ci mərtəbəsi qeyri-yaşayış sahəsi, 1 səviyyəli zirzəmi mərtəbəsində yeraltı qaraj) cəmi 9 girişli yaşayış binası mövcud vəziyyətdə istismara qəbul edilmişdir. "xxxx" MTK üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılıq ilə bölüşdürülməsi barədə xx.xx.2023-cü il tarixli, 613 saylı iclas protokolundan çıxarışa əsasən iddiaçı MTK üzlüyünə qəbul edilmiş və razılıq yolu ilə "xxxx" MTK-nın ünvan 2 ünvanda tikilən 14-16-17-18 mərtəbəli yaşayış binasının -6,40 səviyyəsində (blok №4, 5-ci girişdə), ümumi sahəsi 19,6 kv.metr olan qeyri-yaşayış sahəsinə payçı qəbul edilmişdir. "xxxx" MTK tərəfindən iddiaçıya verilmiş KM-130-2/23 nömrəli, xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, ünvan 2 ünvanında yerləşən kooperativ yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Bu binanın -6,40 səviyyəsində (blok №4, 5-ci girişdə), ümumi sahəsi 19,6 kv.metr olan qeyri-yaşayış sahəsinin pay haqqı iddiaçı tərəfindən tam ödənilmişdir. Kooperativə borcu yoxdur. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). Mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır (139-1.1.6.). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin əsası hesab edilmişdir (8.0.6). İşin hallarına görə, iddiaçı qanuni sahibliyində və istifadəsində olan, Bakı şəhəri, Nəsimi rayonu, M.Cəfərov küçəsində "xxxx" MTK tərəfindən inşa edilmiş 10 saylı yaşayış binasının 4 və 5-ci girişinin birinci mərtəbəsində yerləşən sahəsi 19,16 kv.metr olan qeyriyaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən isə iddiaçının tələbinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh buna əsas kimi təqdim edilmiş layihəyə (mərtəbəlik planı) əsasən sözügedən qeyri-yaşayış sahəsinin faktiki inşa edilməmiş pilləkən qəfəsinin yerində yerləşdiyini göstərmişdir. İş materiallarından görünür ki, iddiaçı istifadəsində olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün həmin sahənin əldə edilməsinə dair qanunla müəyyən edilmiş sənədləri cavabdeh inzibati orqana təqdim etmişdir. Belə ki, "xxxx" Mənzil Tikinti Kooperativi üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılıq ilə bölüşdürülməsi barədə xx.xx.2023-cü il tarixli, 613 saylı iclas protokolundan çıxarışa əsasən iddiaçı MTK üzlüyünə qəbul edilmiş və razılıq yolu ilə "xxxx" MTK-nın ünvan 2 ünvanda tikilən 14-16-17-18 mərtəbəli yaşayış binasının -6,40 səviyyəsində (blok №4, 5-ci girişdə), ümumi sahəsi 19,6 kv.metr olan qeyri-yaşayış sahəsinə payçı qəbul edilmişdir. Qeyri-yaşayış sahəsinin pay haqqı tam məbləğdə kooperativə ödənilmiş və bununla əlaqədar olaraq payçıya müvafiq maliyyə arayışı verilmişdir. Payçının pay haqqı ilə əlaqədar kooperativə bu və ya digər borcu yoxdur. Həmçinin, "xxxx" MTK ilə payçı, eləcə də payçı ilə digər şəxslər arasında hər hansı mübahisə mövcud deyildir. Belə ki, məhkəmə iclasında iştirak edən kooperativin nümayəndəsi ilkin layihədə əsas və əlavə pilləkən qəfəsinin nəzərdə tutulduğunu, iddiaçıya ayrılan qeyri-yaşayış sahəsinin əlavə pilləkən qəfəsinin yerində yerləşdiyini, bununla bağlı ilkin layihəyə edilmiş dəyişikliyin icra hakimiyyəti ilə razılaşdırıldığını, habelə binanın o vəziyyətdə istismara qəbul edildiyini bildirmişdir. Göründüyü kimi, qeyri-yaşayış sahəsinin yerləşdiyi bina razılaşdırılmış layihəyə əsasən inşa edilmiş, qanunvericiliyin və qeyd olunan dövlət qurumlarının göstərişlərinə uyğun olaraq tikinti işləri yekunlaşdırılmış, bina istismara qəbul edilmişdir. Qeyd edilməlidir ki, iddiaçı kooperativə üzv qəbul edilmiş və qeyd edilən qeyriyaşayış sahəsi ödədiyi pay haqqına uyğun olaraq iddiaçıya ayrılmışdır. Bu səbəbdən iddiaçı pay haqqını ödədiyi vaxtdan artıq qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququ əldə etmişdir ki, bu da onun həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsasdır. Belə ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin halları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilərək göstərilmişdir. Həmin maddəyə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, cavabdeh tərəfindən etirazın əsası kimi göstərdiyi hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından imtinaya aid edilən hallarda nəzərdə tutulmadıgından və iddiaçı həmin Qanunun 10.2.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan olan sənədləri qeydiyyat orqanına verilən ərizəyə əlavə etdiyindən cavabdehin imtinası iddiaçının qanuni əsaslarla əldə etdiyi əmlak üzərində mülkiyyət hüquqlarının tam şəkildə həyata keçirilməsini əsassız olaraq məhdudlaşdırmışdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, M.Cəfərov küçəsində "xxxx" MTK tərəfindən inşa edilmiş 10 saylı yaşayış binasının 4 və 5-ci girişinin birinci mərtəbəsində yerləşən sahəsi 19,16 kv.metr olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Əliabbas oğlunun Bakı şəhəri, Nəsimi rayonu, M.Cəfərov küçəsində "xxxx" MTK tərəfindən inşa edilmiş 10 saylı yaşayış binasının 4 və 5-ci girişinin birinci mərtəbəsində yerləşən sahəsi 19,16 kv.metr olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar