Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7156/2025 25.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh İB-yə qarşı maddi zərərin ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən ona dəymiş 10.000 (on min) manat maddi zərərin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1979-cu il tarixində Laçın rayon, Pircahan kəndində doğulmuşdur.1996-cı ildən 2013-cü ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət etmişdir. Xidmət müddətində Müdafiə Nazirliyinin tərkibində olan N saylı Xüsusi Təyinatlı, Qoşun Kəşfiyyatı və Motoatıcı hərbi hissələrdə, mayor rütbəsində, zabit kimi müxtəlif vəzifələrdə xidmət etmişdir. Hal hazırda ehtiyyatda olan zabitdir, rütbəsi mayordur. Prezident təqaüdçüsü, 2-ci dərəcə müddətsiz Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlildir. 2004-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubley medalı ilə, 2008- ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illik yubley medalı ilə, 2011-ci ildə 3-cü dərəcəli qüsursuz xidmətlərə görə medalı ilə təltif olunmuşdur.Xidmətinin axırıncı 8 ilini düşmənlə təmasxəttində olan Qazax rayon Daşsalahlı, Kəmərli, Aslanbəyli, Qaymaqlı, Abbasbəyli, Fərəhli. Məzəm, Quşçuayrım, Cəfərli, Qızılhacılı kəndlərinin ərazilərində keçirmişdir. Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aparılan 44 günlük X1,Tərtər və Murov dağ istiqamətlərində bir çox hərbi hissələrdə şəxsi heyyətə maddi və mənəvi dayaq olmaqla ehtiyatda olan zabit kimi əsgərlərin yanında olmuşdur.Ona imtiyazlı şəxs kimi Bakı şəhər İcra Hakimiyyəti, Suraxanı rayon İcra Hakimiyyəti və Suraxanı rayon Hövsan Bələdiyyəsi tərəfindən 4 sot torpaq sahəsi ayrılmışdır, lakin həmin ərazidə ona məxsus yaşayış evinin qaz şəbəkəsinə birləşdirib qazla təhciz edilməmişdir, bir cox vaxtlarda cavabdehə, 3-cü şəxslərə yazılı və şifahi müraciət etsə də, ona biganə cavab verilmişdir ki, müraciəti bu səbəblərdən müsbət həllini tapmamışdır. Azəriqaz” İstehsalat Birliyi tərəfindən Bakı şəhər, Suraxanı rayon, Hovsan qəsəbəsində yerləşən ona məxsus fərdi yaşayış evinin qaz şəbəkəsinə birləşdirib qazla təhciz edilmədiyi üçün Suraxanı rayon Məhkəməsinə müraciət etmişdir, məhkəmə xx.xx.2023-cü il tarixədək ətraflı araşdırma apararaq ədalətli qətnamə qəbul etməklə iddia tələbi Suraxanı RayonMəhkəməsinin 2(010)-688/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin etmişdir.Suraxanı Rayon Məhkəməsinin 2(010)-688/2023 nömrəli xx.xx.2023-cü ıl tarixli qətnaməsindən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir.Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3691/2023 nömrəli xx.xx.2023-cü il tarixli Qəradadı ilə Suraxanı Rayon Məhkəməsinin 2(010)-688/2023 nömrəli xx.xx.2023- cü il tarixli qətnaməsi ləğvedilərək qeyd edilmişdir ki, bu kimi iddia tələbi üzrə işlərə İnzibati Məhkəmələrdə baxılmalıdır. Məcbur qalıb ‘‘Azəriqaz” İstehsalat Birliyi tərəfindən Bakı şəhər, Suraxanırayon, Hövsan qəsəbəsində yerləşən ona məxsus fərdi yaşayış evinin qaz şəbəkəsinə birləşdirib qazla təhciz edilmədiyi üçün məhkəməyə müraciət etmişdir, məhkəmə hərtərəfli və obyektiv araşdırma apararaq Bakı İnzibatı Məhkəməsinin 2-1(112)- 1490/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbini təmin etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1490/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti təmin edilmədən qüvvədə saxlanılmışdır. Beləliklə cavabdeh tərəfindən ona qarşı etdiyi qanuna zidd hərəkətləri nəzərə alaraq ona külli miqdarda maddi zərər vurmuşdur, yəni onun haqsız olaraq müraciətinə müsbət cavab verməməklə, sənətində şəxsi qərəzçilik etməklə məhkəmə çəkişmələrinə cəlb edilməyi, məhkəməyə sənətləri hazırlamağı, yol gedib gələrkən onun yol xərci, sənətləri toplayarkən bir çox hüquq müdafiəçilərindən ödənişli məsləhət almağı, sonda hər üç instansiya məhkəməsi xeyrinə qərar qəbul etməyi və sair digər bu kimi hallara yol verməkləri nəticəsində ona 10 000 (on min) manat maddi zərər vurmuşdurlar. Məhkəmə iddia ərizəsini və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki,mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 4 nömrəli qərarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “9” oktyabr 2024-cü il tarixli Qərarı ilə bu növ mübahisələrə mülki məhkəmə icraatı çərçivəsində baxılmalı olması qərara alınmışdır. Belə ki, həmin Qərarın 5-ci bəndindən görünür ki, 14-cü bənd aşağıdakı redaksiyada verilmişdir: “Təbii inhisar subyektləri dövlət və ictimai maraqları təmin etməyə yönəlmiş fəaliyyətlərin həyata keçirilməsi ilə əlaqədar həm onların fəaliyyətinin dövlət tənzimlənməsini həyata keçirən orqanlarla (rəqabət orqanı, Tarif (qiymət) Şurası və digər tənzimləyici qurumlar), həm də təsərrüfat subyektləri və istehlakçılarla münasibətlərə daxil olurlar. Buna görə, məhkəmələr ilk növbədə, təbii inhisar subyektlərinin iştirakçısı olduğu mübahisələrin qeyd edilən iki kateqoriya münasibətlərdən məhz hansının çərçivəsində yarandığını aydınlaşdırmalıdırlar. Təbii inhisarları tənzimləyən orqanlarla təbii inhisar subyektlərinin daxil olduqları münasibətlər ümumi hüquq sahəsinə aid olduğundan belə münasibətlərdən yaranan mübahisələrə inzibati məhkəmələrdə baxılmalıdır. Çünki təbii inhisar fəaliyyətinin dövlət tənzimlənməsi ilə bağlı qərarların qəbul olunması, hərəkət və ya hərəkətsizliyin edilməsi publik maraqlar naminə hakimiyyət səlahiyyətlərinin icrası qaydasında həyata keçirilən, eləcə də ünvanlandığı təbii inhisar subyektləri barəsində hüquqi nəticələr yaradan fəaliyyətdir. Müvafiq olaraq belə fəaliyyətin həyata keçirilməsi nəticəsində hüquqlarının pozulduğunu iddia edən təbii inhisar subyektləri tərəfindən təbii inhisarları tənzimləyən orqanlara qarşı qaldırılmış iddialara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Təbii inhisar subyektlərinin təsərrüfat subyektləri və istehlakçılarla daxil olduqları münasibətlər (təbii inhisar subyektlərinin şəbəkələrinə qoşulma, texniki şərtlərin verilməsi, məhsulun satışına dair müqavilə bağlanılması və s.) isə konkret subyektlərə təbii inhisar fəaliyyətinə aid edilmiş sahələr üzrə məhsulun satışı və ya xidmətlərin təqdim edilməsinə yönəlmiş iqtisadi fəaliyyət olmaqla son nəticədə mülki-hüquqi xarakter daşıyır. Həmin münasibətlər xüsusi hüquq rejiminə tabe edildiyinə görə, bununla bağlı yaranmış mübahisələr inzibati hüquq sahəsində yaranmış münasibətlər kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan işlərə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır. Təbii inhisar subyektlərinə qarşı və ya onlar tərəfindən qaldırılmış deliktdən əmələ gələn, yaxud əşya hüquqlarının müdafiəsinə yönəlmiş və digər iddiaların məhkəmə aidiyyəti müəyyən edilərkən isə həmin münasibətlərdə təbii inhisar subyektinin qanunvericiliyə müvafiq olaraq publik səlahiyyətin icrası qaydasında, yoxsa mülki dövriyyənin bərabər hüquqlu iştirakçısı kimi iştirak edib-etmədiyinə qiymət verilməlidir. Təbii inhisar subyektinin qanunvericiliklə verilmiş ümumi (publik) hüquq sahəsindəki səlahiyyətlərin (məsələn, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət ehtiyacları üçün torpaqların geri alınması ilə bağlı alan orqan kimi müəyyən olunduqda) icrasından doğan mübahisələrə inzibati məhkəmələrdə baxılmalıdır. Qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş ümumi (publik) hüquq sahəsinə aid səlahiyyətlərin həyata keçirilməsi vəziyyəti mövcud olmadıqda, əksinə, mülki dövriyyənin iştirakçısı kimi gündəlik təsərrüfat fəaliyyətinin həyata keçirilməsindən yaranan mübahisələrdən söz edildikdə (vurulmuş zərərin əvəzinin ödənilməsi, ərazinin boşaldılması və s.) isə işlərə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır.” Plenum Qərarının hüquqi mövqeyindən irəli gələrək qeyd olunmalıdır ki, təbii inhisar subyektləri ilə digər hüquqi və ya fiziki şəxslər arasında yaranan hüquqi münasibətlərin məhkəmə aidiyyəti müəyyən edilərkən əsas meyar kimi həmin subyektin konkret münasibət çərçivəsində publik səlahiyyətləri həyata keçirib-keçirməməsinə qiymət verilməlidir. Belə ki, əgər təbii inhisar subyekti qanunvericiliklə ona həvalə edilmiş publik hüquq xarakterli səlahiyyətləri (məsələn, dövlət ehtiyacları üçün torpaq sahələrinin geri alınması və ya enerji resurslarının məcburi şəkildə yönləndirilməsi kimi hallarda) icra edirsə, bu zaman həmin mübahisələr inzibati məhkəmələrin yurisdiksiyasına daxildir. Əksinə, təbii inhisar subyekti gündəlik təsərrüfat fəaliyyəti çərçivəsində, yəni mülki dövriyyənin bərabərhüquqlu iştirakçısı qismində çıxış etdikdə və bu fəaliyyətdən irəli gələn mübahisələr – məsələn, zərərin ödənilməsi və s. ilə bağlı mübahisələr yarandıqda, bu zaman həmin hüquqi münasibət mülki-hüquqi xarakter daşıyır və bu cür iddialara kommersiya və ya ümumi məhkəmələrdə, yəni mülki mühakimə icraatı qaydasında baxılmalıdır. Məhkəməyə təqdim olunan iddia ərizəsinin məzmunundan açıq şəkildə görünür ki, iddiaçının tələbi fərdi yaşayış evinin qazlaşdırılmasının əsassız gecikdirilməsi ilə bağlıdır. Yuxarıda qeyd edilənlərə əsasən, iddiaçı ilə cavabdeh arasında həmin məsələ ilə bağlı yaranmış münasibət inzibati deyil, mülki-hüquqi xarakterlidir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının istehlak münasibətlərindən irəli gələn hazırkı iddiası inzibati mübahisə hesab olunmadığından inzibati məhkəmə icraatında baxıla bilməz. Qeyd olunmalıdır ki, fərdi yaşayış evinin qazlaşdırılmasına dair işin inzibati məhkəmədə mahiyyəti üzrə baxılması da, iddiaçı və cavabdeh arasında yaranmış hazırkı mübahisənin inzibati mübahisə olmasına dəlalət etmir. Belə ki, qazlaşdırma ilə əlaqədar mübahisə inzibati məhkəmədə qiymətləndirilsə də, cavabdehin gecikdirilməyə yönələn hərəkətsizliyindən şikayət üzrə mübahisə hazırkı qanunvericiliyin tələbinə əsasən mülki mübahisə hesab edildiyindən, mübahisənin hazırda mülki olması baxımından ehtimal olunan zərərin ödənilməsi də mülki icraat qaydasında qiymətləndirilməlidir. Nə qədər ki, qərarın qəbul edildiyi vaxtda olmasa da, hazırda mövcud qanunvericilik, o cümlədən Plenum Qərarının tələbləri inhisar subyektlərinə qarşı mübahisənin mülki icraat qaydasında qiymətləndirilməsi ilə əlaqədar mövqe müəyyən edir, hərəkətsizliklə bağlı zərər tələbi də buna uyğun olaraq mülki icraat qaydasında baxılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. İddiaçıya hazırkı iddia tələbi ilə aidiyyəti üzrə mülki məhkəmə icraatı qaydasında baxılması üçün səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilir. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həsənov Orxan
Məhkəmə qərarları › İş №2-1(112)-7156/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7156/2025
25.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver