Məhkəmə qərarları › İş №2-1(112)-7157/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7157/2024

03.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7157/2024 03.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı və onun vəkili X9 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “yaşayış sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən evin ikinci mərtəbəsində yerləşən 54,7 kv.m yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının iddiaçının adına reyestrdə qeydə alınması və çıxarış verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2003-cü ilin yayında iddiaçı və həyat yoldaşım Əzimov Yalçın Bakı şəhərində mənzil almaq qərarına gəliblər. Evlərlə maraqlananda həyat yoldaşının bacısı Günəş İbrahimova bildirib ki, onun qaynatası X6 öz həyət evini satır. X6 həm qohumları, həm də iddiaçının atası ilə uzun müddətdən bəri tanış və dost idi. Ona görə də onunla görüşüb bu barədə söhbət ediblər. Həmin vaxt X19 qəsəbəsində NZS deyilən ərazidə yerləşən evində yaşayırdı. Nürəddin İbrahimov 6 min ABŞ dollarına evi onlara satıb. Daha sonra isə Nürəddin İbrahimov iddiaçı və ailə üzvlərinin həmin evə daimi qeydiyyata alınmalarını təmin edib. Onlar həmin vaxtdan etibarən öz evlərinə köçərək orada yaşamağa başlayıblar. 16 ildir ki, qeyd olunan ünvanda fasiləsiz və etirazsız yaşayırlar. İddiaçının uşaqları həmin evdən məktəbə getmiş, evə görə bütün kommunal ödənişləri ödəmişdir. Ev bir mərtəbəli 1 otaqdan ibarət idi və yaşayış sahəsi 40 kv.m təşkil edirdi. Ev köhnə və təmirsiz idi. 2016-cı ilin yay və payız aylarında iddiaçı həmin evi sökərək yerində iki mərtəbəli, 3 otaqlı yeni ev inşa etdirib. Nürəddin İbrahimov həmin vaxt sağ idi və qonşu ilə həyətyanı sahə ilə bağlı narazılıq olmaması üçün torpaq sahəsinin sərhədlərini də onunla dəqiqləşdiriblər. Bu hadisədən qısa müddət sonra Nürəddin İbrahimov vəfat edib. Onun ölümündən sonra həmin evə dair sənədləşdirmənin aparılmasında çətinlik yaranıb. İddiaçı cavabdehə müraciət edərək həmin ünvanda yerləşən evin ikinci mərtəbəsindəki yaşayış sahəsinə dair çıxarış verilməsini xahiş edib. Lakin müraciəti təmin edilməyib. Mübahisəli ev fərdi yaşayış evidir. Evin 1/2 hissəsi mərhum Nürəddin İbrahimovun mülkiyyətində olmuşdur. Həmin hissə birmərtəbəli və 1 otaqdan ibarət olmuş və sahəsi 40 kv.m təşkil etmişdir. Lakin hazırkı ev ümumi sahəsi 120 kv.m təşkil edən 3 otaqlı iki mərtəbəli evdir. Bu səbəbdən həmin evin ikinci mərtəbəsində inşa edilən yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüquqları qeydiyyata alınmalıdır. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2024cü il tarixli, ********** daxilolma nömrəli ərizə ilə cavabdehə müraciət etmiş və xx.xx.2024cü il tarixli, **********23 xaricolma nömrəli məktubla cavab verilmişdir. Fərdi yaşayış evinin ikinci mərtəbəsinin iddiaçı adına daşınmaz əmlakın dövlət reyestrdinə qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evi 1/4 hissədə X3, 1/4 hissədə X7, 1/4 hissədə X4, 1/4 hissədə X10 adlarına paylı şəkildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmənin qərardadı ilə X12, X14, X13 və X16 iş üzrə zəruri cəlbetmə qaydasında üçüncü şəxs kimi cəlb edilmişlər. Cavabdehə və üçüncü şəxslərə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək həmçinin bildirdi ki, evi onlara Nürəddin İbrahimov satmışdır. X18 inanaraq evi almışlar. Sonradan isə ev ilə bağlı məhkəmə mübahisələri olduğunu bilmişdir. Evdə o, ailəsi ilə birlikdə yaşayır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının vəkili məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək həmçinin bildirdi ki, iş üzrə üçüncü şəxslərin bəzilə iddiaçının həmin yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasına etiraz etmirlər. Həmin şəxslərin məhkəmə iclasında iştirak etmələri zəruridir. Qeyd edilənlərə əsasən iddiaçının vəkili iddianın təmin edilməsini xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. 64 saylı Mənzil Kommunal İstismar Sahəsinin 69 saylı, xx.xx.2019-cu il tarixli məktubunda göstərilmişdir ki, K.Kazımzadə küçəsi, 13 saylı ev xüsusi mülkdür. İddiaçı göstərilən ünvanda qeydiyyatdadır və yaşayır. İddiaçı öz vəsaiti hesabına ikinci mərtəbədə 54,7 kvşmetr ev tikmişdir. Mülkiyyətçi X5 öz evində uzun müddət yaşamadığına görə onun çıxarışına aid olan hissədən də iddiaçı istifadə etmiş və şifahi olaraq dediyi sözə görə onun evini də təmir etmişdir. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin məhkəmə sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, ünvan 1 ünvanında iddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evinin tikintisi ilə bağlı məlumatlandırma icraatının tətbiqi ilə əlaqədar iddiaçının rayon İcra Hakimiyyətinə hər hansı müraciəti aşkar edilmədiyindən xahişinizin yerinə yetirilməsi mümkün deyildir. Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış evi 2/4 hissədə X1, ¼ hissədə X3, ¼ hissədən 1 otaq (yaşayış sahəsi 14,8 kv.metr, köməkçi sahə 8,8 kv.metr) X10, ¼ hissədən qalan hissə isə X7 mülkiyyətindədir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qətnaməsi ilə iddiaçı X3 cavabdehlər X11, Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontoruna, Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə və İsmayılov Nurəddin ibrahim oğluna qarşı vərəsəlik hüquqlarının tanınması, qeydiyyat vəsiqəsinin ləğv edilməsi barədə iddiası təmin edilmiş, X3 ünvan 2 ünvanında yerləşən mülki üzrə ¼ hissədə pay hüququnun tanınması, X11 və X8 ünvan 2 ünvanında yerləşən mülk üzrə ¼ hissədə pay nisbəti ilə xüsusi mülkiyyət hüququ haqqında qeydiyyat vəsiqəsi verilməsi nqət edilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 6k-1822 saylı qərarı ilə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində edərək ünvan 1 ünvanında yerləşən evin ikinci mərtəbəsində yerləşən 54,7 kv.m yaşayış sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün (139- 1.1.10.). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır (8.0.10.). İddiaçı hazırkı iddiasında ünvan 1 ünvanında yerləşən evi 2003-cü ildə X2 aldığını, 2016-cı ildə həmin evi sökərək yerində yeni ev inşa etdirdiyini bildirir və evin ikinci mərtəbəsində yerləşən 54,7 kv.m yaşayış sahəsinə dair mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Lakin iş materiallarından görünür ki, iddiaçı həmin tikili üzərində hüquqlarını təsdiq edən hər hansı sənədə istinad edə bilmir. Göründüyü kimi həm Mülki Məcəllədə, həm də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda xx.xx.2013-cü ildən sonra inşa edilən tikililərə dair mülkiyyət hüququnun qeydə alınması üçün zəruri olan sənədlərin siyahısı öz əksini tapmışdır. İddiaçının həmin tikili üzərində hüququ isə qeyd edilən normativ hüquqi aktlarda təsbit edilmiş hər hansı sənədlə təsdiq edilmir. Eyni zamanda Mülki Məcəllədə göstərilmişdir ki, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur (213.1.). Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər (213.2.). Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir (215.1.). Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər (215.2.). Göründüyü kimi ünvan 1 ünvanında yerləşən yaşayış evi 2/4 hissədə X1, ¼ hissədə X3, ¼ hissədən 1 otaq (yaşayış sahəsi 14,8 kv.metr, köməkçi sahə 8,8 kv.metr) X10, ¼ hissədən qalan hissə isə X7 mülkiyyətindədir. Belə olan halda iddiaçının həmin yaşayış sahəsinin bir hissəinin üzərində mülkiyyət hüququnun qeydə alınması yaşayış sahəsinin mülkiyyətçilərinin mülkiyyət hüquqlarına müdaxilə kimi qiymətləndirilə bilər ki, bu da yolverilməzdir. Belə ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin halları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilərək göstərilmişdir. Həmin maddəyə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi iddiaçının müraciətinə əsasən cavabdehin verdiyi imtina məktubu əsaslı olmuş və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olmuşdur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “yaşayış sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar