Məhkəmə qərarları › İş №2-1(112)-7159/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7159/2023

10.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7159/2023 10.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, İddiaçının və onun vəkili X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı əlillik qrupunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə işin ərazi aidiyyəti məsələsinə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona əlillik qrupunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o 708 saylı h/h komandirinin 15 iyul 1993-cü il tarixli 188 nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil edilmiş və uzun müddət müalicədə olmağı nəzərə alınaraq h/h komandirinin xx.xx.1994-cü il tarixli 363 nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarılmışdır və xx.xx.1995-ci il tarixli əmrlə sıravi hərbi rütbəsində ordu sıralarından azad edilmişdir. Ona xx.xx.1999-cu il tarixdə sonuncu dəfə Birinci Qarabağ müharibəsində iştirak edərək başın sağ gicgah nahiyəsinin odlu silahla yaralanması nəticəsində aldğını xəsarətlərlə bağlı “Başın sağ gicgah nahiyəsinin odlu silahla yaralanması. Açıq kəllə beyin travması. Yayılmış mikroorqanik simptomlarla ANS, hər iki gözdə buynuz qişasının qəlpə yaralanmasından sonraki hal VİS OD=0.6b/k, VİS OS-0.7b/k” qoyularaq müddətisz ikinci dərəcəli əlillik təyin edilmişdir. Lakin sonuncu dəfə xx.xx.2022-ci il tarixdə yenidən eyni “Başın sağ gicgah nahiyəsinin odlu silahla yaralanması. Açıq kəllə beyin travması. Yayılmış mikroorqanik simptomlarla ANS, hər iki gözdə buynuz qişasının qəlpə yaralanmasından sonraki hal VİS OD=0.6b/k, VİS OS- 0.7b/k” diqanozu ilə ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində müəyinədən keçmiş və bu dəfə ona əlillik qrupunun verilməsindən heç bir əsas olmadan imtina edilmişdir. Bu qərardan narazıdır və hesab edir ki, bu qərar onun qanuni hüquqlarını pozur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi icraata daxil olduqdan sonra hazırki iddianın aidiyyət məsələsinə baxılması əlaqədar məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən tərəflər ayrı-ayrılıqda işin aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilməsinə etiraz etmədiklərini bildirdilər. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını nəzərə alaraq hesab edir ki, iş baxılması üçün ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 8.1-ci maddəsinə əsasən, inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar məcburetmə haqqında iddialara aiddir. İPM-in 2.2.3-cü maddəsinə görə, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. İşdən görünür ki, iddiaçının hazırkı tələbi ona əlillik dərəcəsinin verilməsi ilə bağlıdır. İddiaçının bu iddiası məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı cavabdeh qismində isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunu göstərmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini, o cümlədən Qax rayonunu əhatə edir. Belə olan halda hazırkı işə hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin məhkəməsi tərəfindən baxılmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı hazırki iddiaya cavabdeh verməli olan orqan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Tibbi Sosial Reabilitasiya və Ekspertiza Agentliyini qoysa belə, həmin qurumun da səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 3-cü maddəsinin 1-ci bəndinə görə yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. İddia ərizəsində iddiaçı rəsmi qeydiyyat ünvanı kimi ünvan 1xarışdan iddiaçının yaşayış yerinin Qax rayonu, Əmircan kəndi olması müəyyən edilir. Belə olan halda, İPM-in 8.1.2-ci maddəsinin tələbini hazırkı işə tətbiq etdikdə aydın olur ki, hazırkı işə baxmağa Şəki İnzibati Məhkəməsi səlahiyyətlidir. Belə ki, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərarın 17.1-ci bəndinə əsasən Qax rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İPM-in 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, qanunvericinin ərazi aidiyyəti üzrə bu qaydanı müəyyən edərkən əsas məqsədi: - şəxslərin məhkəməyə əlçatanlığının; - işlərə ağlabatan müddətdə baxılmasının; - prosessual qənaət prinsipinin; - ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsindən ibarət olmuşdur. Məhz qeyd olunanları, həmçinin yuxarıda istinad olunan normaların tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-in 8.5-ci maddəsinə görə həmin Məcəllənin 8.2 – 8.4-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı əlillik qrupunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar