Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7163/2022 30.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı “R.N X3 Biznes” MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “mənəvi ziyanın və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı “R.N X3 Biznes” MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “mənəvi ziyanın və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı “R.N X3 Biznes” MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin qanunsuz hərəkətləri nəticəsində biznes mühitində işgüzar nüfuzuna vurulan mənəvi zərərə, onun müəyyən müddət fəaliyyətinin dayandırılması və hesablarına sərəncam qoyulması səbəbinə görə “R.N X3 Biznes” MMC-yə 40000.0 manat məbləğində kompensasiya və 10000.0 manat əldən çıxmış faydanın ödənilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən, xx.xx.2020-ci il tarixli **********139183 saylı qərara əsasən “R.N X3 Biznes” MMC firmasında aparılmış növbədənkənar səyyar vergi yoxlamasının nəticəsinə dair tərtib edilmiş xx.xx.2020-ci il tarixli **********139402 saylı Səyyar vergi yoxlaması aktına və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********143346 nömrəli qərarına əsasən 2019-cu il üzrə 12.740,40 manat mənfəət vergisi, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 12.740,40 manat vəsaitin 50 %-miqdarında 6.370,20 manat maliyyə sanksiyası, ƏDV üzrə 23.838,20 manat ƏDV məbləği hesablanmış, Vergi Məcəlləsinin 58.4-cü maddəsinə əsasən yayındırılmış 23.838,20 manatın 50%-i miqdarında 11.919,10 manat maliyyə sanksiyası, muzdlu işdən gəlir vergisi üzrə 200,90 manat, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 200.90 manatın 50%-i miqdarında yəni 100,45 manat maliyyə sanksiyası və məcburi dövlət sosial sığorta haqqı üzrə 8.613,67 manat, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 8.613,67 manatın 50%-i miqdarında yəni 4.306,84 manat maliyyə sanksiyası, işsizlikdən sığorta haqqı üzrə 331,30 manat, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 331,30 manatın 50%-i miqdarında yəni 165,65 manat maliyyə sanksiyası tətbiq edilmişdir. “R.N X3 Biznes” MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2- 1(112)-3482/2021 nömrəli qərarına əsasən (hakim Mehriban Qarayeva) iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29 dekabr 2020-ci il tarixli **********143346 saylı qərarı ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-1912/2021 nömrəli qərarına əsasən (sədrlik edən və məruzəçi - Azər Hüseynov, hakimlər - Səadət Bəktaşi və Vidadi Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2- 1(112)-3482/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali X1 xx.xx.2021-ci il tarixli 2-1(102)-2286/2021 saylı Qərarına əsasən cavabdehin kassasiya şikayəti təmin edilməmiş,Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-1912/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Vergi orqanı tərəfindən göndərilən 27 yanvar 2022-ci il tarixli **********140200 saylı məktuba əsasəsən “R.N X3 Biznes” MMC barəsində əsassız olaraq başlanılmış ********* saylı cinayət işinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1 maddəsinə əsasən xx.xx.2022-ci il tarixindən xitam verilmişdir. Nəzərinizə çatdırırıq ki, “R.N X3 Biznes” MMC-nin 2020-ci il üzrə 91870 manat dəyərində dövriyyəsi olmuş və hesabat ilinin sonunda 36568.91 manat mənfəət əldə etmişdir. Lakin, Vergi orqanının qanunsuz hesablamaları nəticəsində “R.N X3 Biznes” MMC-nin bank hesablarına sərəncam qoyulmuş və bu səbəbdən 2021-ci ildə bank hesabımına pul daxil olmamışdır. Cavabdehin qanunsuz hesablamalarına görə “R.N X3 Biznes” MMC-nin fəaliyyətini dayandırmağa məcbur olmuşdur. Cavabdehin qanunsuz hərəkətlərinə görə işçilərin bir qismi işdən azad edilmiş, “R.N X3 Biznes” MMC-nin hesablarına sərəncam qoyulmuş, bir ildən artıq müddətdə fəliyyəti dondurulmuşdur. “R.N X3 Biznes” MMC-nin 2021-ci ildə bank hesabına pul daxil olmaması və fəaliyyətini dayandırmağı nəticəsində nəticəsində xərclər çıxıldıqdan sonra əldə etməli olan sərbəst mənfəəti qədər ziyan etmiş, mənəvi cəhətdən işgüzar nüfuzuna 40000.0 manat məbləğində zərər dəymiş və əldən çıxmış fayda 10000.0 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixdə vergi orqanına kompensasiyanın ödənilməsi ilə bağlı şikayətlə müraciət edilsə də şikayətin verildiyi vaxtdan 35 gün keçməsinə baxmayaraq, vergi orqanı tərəfindən heç bir qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilməsi qərara alınmışdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar olunmuş tərəflər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilməmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - iddiaçının hazırkı tələblə cavabdehə müraciət ərizəsinin surəti. - Səyyar vergi yoxlaması aktının surəti. - Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-3482/2021 nömrəli qərarının surəti. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(103)1912/2021 nömrəli qərarının surəti. - Azərbaycan Respublikası Ali X1 xx.xx.2021-ci il tarixli 2-1(102)-2286/2021 saylı qərarının surəti. - Vergi orqanının 27 yanvar 2022-ci il tarixli **********140200 saylı məktubu.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati icraat qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. “İnzibati icraata haqqında” Azərbaycan Respublikası Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəflərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsassız olduğundan təmin edilməməlidir. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə cavabdehin qanunsuz hərəkətləri nəticəsində biznes mühitində işgüzar nüfuzuna vurulan mənəvi zərərə, onun müəyyən müddət fəaliyyətinin dayandırılması və hesablarına sərəncam qoyulması səbəbinə görə “R.N X3 Biznes” MMC-yə 40000.0 manat məbləğində kompensasiya və 10000.0 manat əldən çıxmış faydanın ödənilməsini tələb edir. Məhkəmə iş üzrə iddiaçının mənəvi zərərin əvəzinin tutulması ilə bağlı tələbi ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 07 nömrəli qərarında qeyd edilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) , habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Lakin iddiaçı məhkəməyə mənəvi əzab çəkməsini, barəsində (işgüzar nüfuzuna) mənfi fikrin formalaşmasını sübut edəcək faktlar təqdim etməmişdir. Belə ki, İddiaçı iddia tələbində 40.000 manat məbləğində kompensasiya və 10000.0 manat mənəvi zərərin ödənilməsini tələb etmiş, lakin bu barədə müvafiq qərarın çıxarılmasını tələb etməsində ifadə olunan hər hansı sübutu məhkəməyə təqdim etməmiş, tələbini əsaslandırdığı bu halları sübut edə bilməmişdir. Həmçinin iddiaçı tərəf şikayətinin əsası kimi istinad etdiyi halları həmin məbləğə münasibətdə əsaslandırmamışdır. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya ziyanın dəyməsi işin məhkəmə araşdırılması ilə sübut olunmadığından, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, əldən çıxmış fayda dedikdə, hüququ pozulmasaydı, şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin başa düşülməsini nəzərdə tutur. Bu mənada əldən çıxmış fayda ehtimala əsaslanır. Burada zərər, şəxsin əmlakında zərər vurmadan sonrakı vəziyyət və zərər vurma olmasaydı, baş verməsi ehtimal olunan vəziyyət arasındakı fərqi ifadə edir. Bu baxımdan, zərər vurma olmasaydı, zərər çəkən şəxsin əmlakında bir artımın olacağından əmin olmaq zəruridir. Məhkəmə araşdırması zamanı işdə olan sənədlərlə cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya ziyan vurulması və iddiaçının gəlirdən məhrum olması təsdiq olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 saylı qərarında isə qeyd edilir: Məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. 10-cu bənd. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə qeyd edir ki, yuxarıda istinad olunan normalara əsasən iddiaçıya maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş vermiş, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqə və zərər vuranın təqsiri müəyyən edilmiş olsun. Hazırki iş üzrə qeyd edilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından mənəvi zərərin ödənilməsi ilə bağlı tələb təmin oluna bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı “R.N X3 Biznes” MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin qanunsuz hərəkətləri nəticəsində biznes mühitində işgüzar nüfuzuna vurulan mənəvi zərərə, onun müəyyən müddət fəaliyyətinin dayandırılması və hesablarına sərəncam qoyulması səbəbinə görə “R.N X3 Biznes” MMC-yə 40000.0 manat məbləğində kompensasiya və 10000.0 manat əldən çıxmış faydanın ödənilməsinə dair iddia tələbi təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev