Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7163/2023 02.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (əri) X1, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-ə qarşı “əlavə dəyər vergisinin qaytarılması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək "xxxx" ASC-dən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün elektron qaimə-fakturanın Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaiməfaktura sistemi vasitəsilə tərtib edilərək vahid elektron məlumat bazasına ötürülməsini və çap edilərək İddiaçı təqdim edilməsini "xxxx" ASC-nin üzərinə öhdəlik kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı **********42736 saylı xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (qanlı gölün şimal-qərb hissəsi) inşa olunan kompleksin 7-ci binası, 2-ci mərtəbəsi, 11№li, 2 otaqlı mənzil əldə etmişdir. Müqaviləyə əsasən xx.xx.2022-ci il tarixdə ABB bankının vasitəsi ilə həmin mənzilin dəyərini tam ödəmişdir. İddiaçı bildirmişdir ki, satıcı elektron qaimə-fakturanı tərtib edərək Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının vahid elektron məlumat bazasına ötürməyib və ona təqdim etməmişdir. Bu səbəbdən iddiaçı ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün bu günə qədər müraciət edə bilməmişdir.
3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etdi.
5. xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (qanlı gölün şimal-qərb hissəsi) inşa olunan kompleksin 7-ci binası, 2-ci mərtəbəsi, 11№li, 2 otaqlı mənzili tikib alıcı İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürür.
6. İddiaçı “Əldə edilmiş yaşayış sahəsinə görə MTK tərəfindən elektron-qaimə fakturanın təqdim edilməməsinin araşdırılması” halı ilə əlaqədar olaraq xx.xx.2023-cü il tarixində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş idarəsinə müraciət ünvanlamışdır.
7. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş idarəsi xx.xx.2023-cü il tarixində iddiaçının müraciətinə uyğun olaraq bildirmişdir ki, Vergi Məcəlləsinin 16.8-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan 2020-ci il 1 yanvar tarixindən sonra tikinti-quraşdırma işlərinə başlamış və sadələşdirilmiş verginin ödəyicisi olmayan, 2020-ci ilin 1 yanvar tarixinədək tikinti-quraşdırma işlərinə başlanmış, lakin tikintisi başa çatmayan, habelə bina üzrə təqdim edilməmiş yaşayış və qeyri-yaşayış sahələri olan şəxslər yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məlumat formasını hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim etməlidirlər. Azərbaycan Respublikasının Prezidentinin 2022-ci ilin 25 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması şərtləri və qaydası”nın 4.1-ci bəndinə əsasən satıcı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı həmin yaşayış və qeyriyaşayış sahələrinin tam dəyərinə (ƏDV daxil olmaqla) bu qaydaya əlavə olunmuş formada elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid məlumat bazasına ötürür və çap edərək alıcıya təqdim edir. Qeyd olunanlara əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı bina üzrə vergi orqanının təsdiq etdiyi formada portal üzərindən müraciət edildikdən sonra alıcıya təqdim edilməsi üçün elektron-qaimə fakturanın formasının formalaşdırılması prosesi mümkün olur.
II. İddianın mümkünlüyü
8. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı; 1.3 və 1.4-cü bəndlər)
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.
10. "xxxx" ASC Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatına əsasən inzibati orqan deyil.
11. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı; 17-ci bənd).
12. Vergi Məcəlləsinin 165.6-cı maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDVnin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir.
13. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın (bundan sonra “Qaydalar”) 1.2-ci bəndinə əsasən bu qaydanın tələbləri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaimə-faktura üzrə yaşayış və qeyri-yaşayış sahələrinin qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq edilir. Həmin qaydanın 1.3-cü bəndinə əsasən ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Həmin qaydaların 4.1-ci maddəsinə əsasən Satıcı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı həmin yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinə (ƏDV daxil olmaqla) bu Qaydaya əlavə olunmuş formada elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin İnternet Vergi idarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürür və çap edərək alıcıya təqdim edir. Həmin qaydaların 5.1.2-ci maddəsinə əsasən alınmış yaşayış və qeyriyaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi ƏDV-nin qaytarılması məqsədilə edilən müraciətə əlavə edilməlidir.
14. Qaydalara əlavə olunan “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün elektron qaimə-fakturanm forması”nın sonunda - “Qeydlər” hissəsinin 1-ci bəndində göstərilmişdir ki, yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisi həmin sahələrin tam dəyəri (ƏDV daxil olmaqla) nağdsız qaydada (alıcının bank hesabından satıcının bank hesabına ödəmə tapşırığı əsasında köçürmə yolu ilə və ya alıcı tərəfindən birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə) satıcının bank hesabına ödənildikdə və ƏDV məbləği satıcının ƏDV-nin depozit hesabına ödənildikdə qaytarılır.
15. Məhkəmə müəyyən edir ki, hazırki iş üzrə tələb "xxxx" ASC-yə yönəldiyindən inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz.
16. Digər tərəfdən məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən qaydaya əlavə olunmuş formada elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid məlumat bazasına ötürülmə imkanı Dövlət Vergi Xidməti tərəfindən təmin edilmədiyi təqdirdə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması tələbi ilə inzibati orqana müraciət edilməli, tələbin təmin edilməsindən imtina ediliyi təqdirdə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edilməlidir.
17. Odur ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya səmərəli hüquq müdafiə vasitəsi izah olunduğundan iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
18. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
19. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva