Məhkəmə qərarları › İş №2-1(112)-7167/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7167/2022

02.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7167/2022 02.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi (vəlkili) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «imtinanın əsassız hesab edilməsi və iddiaçının torpaq sahəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırkı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «imtinanın əsassız hesab edilməsi və iddiaçının torpaq sahəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 19 avqust 1994-cü il tarixli tarixli 2773 saylı sərəncamına əsasən Badamdar qəsəbəsi, 1 massiv ərazisində bağ evi tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı 1994-cü ildən həmin torpaq sahəsini hasara almış və sahə onun qanuni istifadə və sahibliyində olmuşdur. İddiaçı həmin torpaq sahəsinin xüsusi mülkiyyəti kimi qeydiyyata alınması ilə bağlı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh 19 oktyabr 2021-ci il tarixli məktubla ona bildirmişdir ki, torpaq sahəsinə dair sənədlərin əsli və torpaq sahəsinin coğrafi mövqeyini göstərən yerləşmə cizgisi təqdim olunduqdan sonra müraciətə müvafiq qaydada baxılacaqdır, bu məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmır. Cavabdehə ünvanlanmış müraciətlərdə iddiaçı torpağın təhkim olunması zamanı ona sərəncamla bərabər plan-cizginin təqdim olunmadığını bildirmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı 21 avqust 2021-ci il tarixdə iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, Bakı şəhəri Səbail RİH başçısının 19 avqust 1994-cü il tarixli 2773 nömrəli (İddiaçı torpaq sahəsi ayrılması barədə) sərəncamı Dövlət Arxivinin Bakı Filialında mövcuddur, lakin sərəncama plan-cizgi əlavə edilməmişdir. Ona görə də cavabdehə ünvanlanmış bütün müraciətlərdə torpaq sahəsinin plancizgisinin olmaması bildirilmiş və torpağın faktiki yerləşmə yerinə görə sənədləşməsi xahiş olunmuşdur. 18 oktyabr 2021-ci il tarixli müraciətlə Bakı şəhəri Səbail RİH başçısının 19 avqust 1994-cü il tarixli sərəncamının notarial təsdiqlənmiş surəti, eləcə də sərəncamın Dövlət Arxivinin Bakı Filialı tərəfindən təsdiq olunmaqla verilmiş surəti təqdim olunsa da, cavabdeh təşkilat “müraciətə sənədlərin əsli təqdim olunduqdan sonra baxılacaqdır” cavabını vermişdir. İddiaçı həmin məsələ ilə bağlı sifarişli məktubla 1 noyabr 2021-ci il tarixdə təkrarən müraciət etsə də (məktub 5 noyabr 2021-ci il tarixdə İdarəyə çatdırılmışdır), müraciətə cavab verilməmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 13, 26, 29, 60-cı madələrinə, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9, 10-cu maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65.5-ci maddəsinə, İPM-in 34, 45-ci maddələrinə əsaslanaraq, cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinasının əsassız sayılması və iddiaçının Bakı şəhəri, Badamdar qəsəbəsi, 1-ci massivdə yerləşən, yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 5 iyul 2022-ci il tarixli məktubunda bildirilir ki, İddiaçı iddiası etirazla qarşılanır. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən sözügedən torpaq sahəsinə dair sənədlərin əsli və torpaq sahəsinin coğrafi mövqeyi göstərilən yerləşmə sxemi təqdim edilməmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya 19 oktyabr 2021-ci il və 15 noyabr 2021-ci il tarixli məktublar ünvanlanmışdır. Göstərilənlərə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65, 66.1, 67, 68-ci maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 10.2, 11, 23cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» 22 may 2007-ci il tarixli Sərəncamına əsaslanaraq, İPM-in 48.2-ci maddəsini rəhbər tutaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə görə (3.0.6) hüquqları dövlət qeydiyyatına almaq, (3.0.11ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.29) vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək, (3.0.31) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq Xidmətin vəzifələri sırasına daxildir. İş materialları, habelə tərəflərin iddia ərizəsi və etirazda olan dəlilləri əsasında aparılmış məhkəmə araşdırılması ilə müəyyən edilir ki, Bakı şəhəri Səbail RİH başçısının 19 avqust 1994-cü il tarixli tarixli 2773 saylı sərəncamına əsasən Səbail rayonu, Badamdar qəsəbəsi, 1 massiv ərazisində fərdi ev tikintisi üçün 600 kv.m torpaq sahəsi hazırkı İddiaçı ayrılmışdır. İddiaçı həmin torpaq sahəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh inzibati orqan məsələnin həllindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, sözügedən torpaq sahəsinə dair sənədlərin əsli və torpaq sahəsinin coğrafi mövqeyi göstərilən yerləşmə sxemi təqdim edilməmişdir. İddiaçı hazırda inzibati orqan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinasını mübahisələndirir. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Səbail rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İnzibati orqan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırkı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldlırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisə Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşən daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, bu mübahisəyə İPMin 8.1.1-cü maddəsinin tələblərinə uyğun baxılmalıdır. Odur ki, işə baxmaqda müvafiq daşınmaz əmlakın olduğu yer (Bakı şəhərinin Səbail rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının “Keçid Müddəaları”nın 6-cı bəndində nəzərdə tutulmuşdur ki, bu Konstitusiya qüvvəyə mindiyi gündən Azərbaycan Respublikası yerli xalq Deputatları Sovetlərinin səlahiyyətlərinə xitam verilir. Azərbaycan Respublikasının qanunvericiliyi yerli xalq deputatları sovetlərinə aid edilmiş səlahiyyətləri yerli icra hakimiyyəti orqanları həyata keçirir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.8ci maddəsinə görə bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə 439 nömrəli Fərmanı ilə “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Siyahının 2-ci bəndində Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair müvafiq sənədlər sırasına aşağıdakılar da daxil edilmişdir: - (2.2-ci bənd) rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları» təsdiq edilmişdir. Qaydaların 4-cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 gün müddətində icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərarlar bu əsaslar sırasında nəzərdə tutulmuşdur. Nəzərə alınmalıdır ki, iddiaçının hüquqmüəyyənedici sənəd qismində təqdim etdiyi Bakı şəhəri Səbail RİH başçısının 2773 nömrəli 19 avqust 1994-cü il tarixli sərəncamının qəbul edilmə vaxtı 15 dekabr 1995-ci il tarixdən əvvəlki dövrə təsadüf edir. Həmçinin qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.3-cü maddəsinə görə inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Həmin Qanunun 64.4-cü maddəsinə görə etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Məhkəmə icraatında iddiaçı tərəfin təqdim etdiyi Bakı şəhəri Səbail RİH başçısının 2773 nömrəli 19 avqust 1994-cü il tarixli sərəncamına münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, İddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən 19 avqust 1994-cü il tarixli qərar geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. İPM-in 58-ci maddəsi və «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinin tələbləri baxımından Bakı şəhəri Səbaiı RİH-in 2773 saylı 19 avqust 1994-cü il tarixli sərəncamı mötəbər sübut kimi qiymətləndirilməlidir. Bundan başqa məhkəmə vurğulayır ki, Səbail RİH başçısının 2773 nömrəli 19 avqust 1994cü il tarixli sərəncamına plan-cizginin əlavə edilmədiyi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının müvafiq sorğuya cavab məktubunda da bildirilmişdir. Lakin nəzərə alınmalıdır ki, torpaq sahəsinin coğrafi mövqeyi göstərən cizgi təqdim olunmasa da, bu sahədə hər hansı uyğunsuzluğun aradan qaldırılması hazırkı cavabdeh inzibati orqanın səlahiyyətlərindədir. Çünki, Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 3.0.31-ci bəndinə görə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq Xidmətin vəzifələri sırasına daxildir. Eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 171 nömrəli 6 oktyabr 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş «Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri»nin 2.3-cü bəndinə görə mərzçəkmə işləri aşağıdakı hallarda aparılır: (2.3.1) yerquruluşu işləri aparılan zaman torpaq sahələrinin sərhədləri yerdə (naturada) müəyyən ediləndə və bərkidiləndə; (2.3.2) qanunvericiliyə uyğun olaraq fiziki və hüquqi şəxslər tərəfindən dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində hüquqlar ilk dəfə əldə edildikdə; (2.3.3) torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda. İş üzrə iddiaçı tərəfin əlavə sübut kimi təqdim etdiyi mütəxəssis rəyi də iddiaçının iddia etdiyi torpaq sahəsinin naturada göstəriciləri müəyyən edilmiş (Karvan küçəsi, ev 16) və həmin torpaq sahəsinin hər hansı hissədə qonşu sahələrlə kəsişməməsi, yəni başqa şəxslər tərəfindən mübahisələndirilməməsi (bu xüsusatı cavabdeh tərəf də bildirməmişdir) əksini tapır. Odur ki, məhkəmənin qənaətinə görə Bakı şəhəri Səbail RİH başçısının 29 avqust 1994-cü il tarixli 2773 nömrəli qərarı ilə iddiaçıya ayrılmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci massiv ərazisində yerləşən 600 kv.m torpaq sahəsi «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə əsasən onun mülkiyyətinə keçmişdir və həmin sərəncam «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.8-ci maddəsinə uyğun olaraq, sözügedən torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınması üçün əsasdır. Belə olan halda məhkəmə hesab edir ki, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinası formal mülahizələrə istinad olunan sayılmaqla qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası əsassız (qanunsuz) sayılmalı və İddiaçı Bakı şəhəri, Badamdar qəsəbəsi, 1-ci massivdə yerləşən, yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 58.7, 68 – 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası əsassız (qanunsuz) sayılsın. İddiaçı Bakı şəhəri, Badamdar qəsəbəsi, 1-ci massivdə yerləşən, yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar