Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7167/2025 11.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “sənədlərin surətinin verilməsi” tələbinədair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2014-cü il tarixli 203 saylı sərəncamı ilə Bakı şəhəri İstehlak Bazarı və xidmət departamentinin 4 nömrəli bazarının investisiya müsabiqəsi yolu ilə "xxxx" ASC-nin adına özəlləşdirmişdirilməsinə dair hüquqverici sənədlərin surətinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Əmlak Nazirliyinin xx.xx.2000-ci il tarixli, 220 saylı sərəncamı ilə ünvan 1 ünvanında yerləşən 4 saylı bazar “Ticarət Mərkəzi 4” ATSC-yə çevrilmiş və xx.xx.2000-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmışdır. Bundan sonra tərəflərindən məhkəməyə müraciət olunaraq, Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin xx.xx.2000-ci il tarixli, 220 saylı sərəncamının və onun hüquqi nəticələrinin tam şəkildə etibarsız hesab edilərək, ləğv edilməsi, müəssisənin həmin sərəncama qədər olan vəziyyətə qaytarılması, müəssisənin yenidən özəlləşdirilməsinin təşkil edilməsinin Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi Üzrə Dövlət Komitəsinə tapşırılması, Emissiya prospektinin hazırlanaraq səhmlərin satışı və səhmdarların İ ümumi yığıncağı keçirilənədək müəssisənin rəhbəri vəzifəsinə həmin müəssisənin əvvəllər rəhbəri və özəlləşmə komissiyasının sərdi olmuş X2 təyin edilməsinin Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi Üzrə Dövlət Komitəsinə tapşırılması, iddiaçılara dəymiş zərərin alınaraq onlara verilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmiş və iddianın qismən təmin olunmasına dair Bakı şəhər Xətai rayon Məhkəməsinin 2-214/2008 saylı, xx.xx.2008 saylı qətnaməsi qəbul edilmişdir. Qətnamədən apelliyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1322/2008 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsi ilə Bakı şəhər Xətai rayon Məhkəməsinin 2-214/2008 saylı, xx.xx.2008 saylı qətnaməsi qismən emissiya prospektinin hazırlanaraq səhmlərin satışı və səhimdarların İ ümumi yığıncağı keçirilənədək müəssisənin rəhbəri vəzifəsinə həmin müəssisənin əvvəllər rəhbəri və özəlləşmə komissiyasının sərdi olmuş X2 təyin edilməsinin Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi Üzrə Dövlət Komitəsinə tapşırılması hissəsində ləğv edilməsi qət edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi Üzrə Dövlət Komitəsi uzun müddət bu işlə əlaqədar olaraq, danışıqlar və sənədləşmələr aparılmasını əsas gətirərək, iş prosesini davam etdiyini deyirdi. Sonradan ona məlum olmuşdur ki, ünvan 1 ünvanında yerləşən 4 saylı bazar "xxxx" ASCyə çevrilmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2021 -ci il tarixli 88 saylı sərəncamla alınmış səhmlər üzrərində mülkiyyət hüququ alıcıya verilmişdir. Bununla əlaqədar olaraq tərəflərindən xx.xx.2024-cü il tarixli sorğu ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunaraq, "xxxx" ASC-nin mülkiyyətə verilməsinə dair hüquqverici sənədlərinin surətinin təqdim olunmasını xahiş etmişlər. Əmlak Məsələləri Dövlət Xidməti verdikləri sorğuya xx.xx.2025-ci il tarixli, 3-21-3/2-R-0704-3 5/2024 saylı məktubla cavab verərək bildirmişdir ki, "xxxx" ASC-nin səhmləri 2021-ci ildə investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmiş və müvafiq səhmlər üzərində mülkiyyət hüququ alıcıya keçmişdir. Həmin dövrdən cəmiyyət özəl sahibkarlıq subyekti kimi fəaliyyət göstərməkdədir və əmlaklar üzərində daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı məhkəmə iclasında iştirak edən şəxslərin fikirləri dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın mümkün sayılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin hallarından müəyyən olunur ki, iddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2014-cü il tarixli 203 saylı sərəncamı ilə Bakı şəhəri İstehlak Bazarı və xidmət departamentinin 4 nömrəli bazarını investisiya müsabiqəsi yolu ilə "xxxx" ASC-nin adına özəlləşdirmişdirilməsinə dair hüquqverici sənədlərin təqdim edilməsinə nail olmaq niyyətindədir. İddia tələbinə münasibətdə ilkin olaraq qeyd edilməlidir ki, “İnformasiya əldə etmək haqqında” Qanunun 2.1, 2.2 və 2.3.2.-ci maddələrinə görə Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır. Hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. İnformasiya sahibinə müraciət edən hər kəs informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir. Həmin Qanunun 3.0.1, 3.0.5 və 3.0.6-cı maddələrində isə təsbit edilmişdir ki, informasiya - yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlardır; informasiya sahibi - informasiya əldə etmək hüququnu təmin etmək üçün bu Qanunun 9-cu maddəsi ilə müəyyənləşdirilən dövlət orqanları, bələdiyyələr, mülkiyyət növündən asılı olmayaraq yaradılmış hüquqi şəxslər və fiziki şəxslərdir; informasiya sorğusu - informasiya əldə etmək üçün yazılı və ya şifahi müraciətdir. Həmin Qanunun 21.3-cü maddəsində isə təsbit edilmişdir ki, informasiya sorğusunun təmin edilməsindən imtina barədə cavab Azərbaycan Respublikası qanunvericiliyinin müvafiq maddələri də göstərilməklə, aydın və əsaslandırılmış şəkildə tərtib edilməlidir. İşin hallarından görünür ki, cavabdeh informasiya sorğusunu icra etməkdən “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə istinadla imtina etmişdir. Həmin Qanunun 34-cü maddəsində təsbit edilmişdir ki, əldə olunma növünə görə informasiya ümumi istifadə üçün açıq və alınması məhdudlaşdırılan informasiyalara bölünür. Azərbaycan Respublikasının qanunu ilə əldə olunması məhdudlaşdırılmayan informasiyalar açıq informasiyalar sayılır. Əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyalar hüquqi rejiminə görə məxfi və gizli (konfidensial) olur. Həmin Qanunun 34.4-cü maddəsində dövlət sirri məxfi, vətəndaşların, mülkiyyət növündən asılı olmayaraq yaradılmış idarə, müəssisə və təşkilatların, digər hüquqi şəxslərin qanuni maraqlarının qorunması məqsədi ilə əldə olunmasına məhdudiyyət qoyulan peşə (həkim, vəkil, notariat), kommersiya, istintaq və məhkəmə sirləri, konfidensial xarakter daşıyır. Məhkəmə bu konteksdə qeyd edir ki, "xxxx" ASC-nin adına özəlləşdirmişdirilməsinə dair hüquqverici sənədlər “İnformasiya əldə etmək haqqında” Qanun anlamında məlumat sayıla bilməz. Həmin Qanunun 3.0.1-ci maddəsinə görə, informasiya - yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlardır, 3.0.3-cü maddəsinə görə ictimai informasiya - qanunlarla və ya digər normativ hüquqi aktlarla müəyyənləşdirilən ictimai vəzifələrin yerinə yetirilməsi prosesində yaradılan və ya əldə edilən faktlar, rəylər, məlumatlardır. İddiaçının ona verilməsini tələb etdiyi sənədlər hipotetik olaraq informasiya sayılsa belə, hazırki halda "xxxx" ASC-nin adına özəlləşdirmişdirilməsinə dair hüquqvericisənədlərin sənədlərin hazırkı halda ASC-nin mülkiyyət hüquqları qanunla qorunduğundan və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qeydiyyatına alınmış hüquqlar barədə məlumat hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verildiyini nəzərə alaraq, onların razılığı olmadan "xxxx" ASC-nin adına özəlləşdirmişdirilməsinə dair hüquqmüəyyənedici sənədlər hər hansı şəxsə verilə bilməz. İstinad olunan normalar baxımından "xxxx" ASC-nin adına özəlləşdirmişdirilməsinə dair hüquqmüəyyənedici sənədlər “İnformasiya əldə etmək haqqında” qanunun 34.4-cü maddəsinə əsasən konfidensial xarakter daşıdığından cavabdehin iddiaçı qarşısında həmin sənədlərin iddiaçıya təqdim etmək öhdəliyi və bu öhdəliyi yaradan maddi-hüquqi əsas mövcud deyildir. Məhkəmənin qənaətinə görə bu halların mövcudluğu iddiaçının İPM-in 35.1-ci maddəsinin tələbləri baxımından hazırkı iddianı qaldırmağa dair subyektiv hüququnun olmadığını təsdiq edir. Belə olduqda məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin adına özəlləşdirmişdirilməsi bağlı hər hansı subyektiv hüquqlarının pozulmasını əsaslandıra bilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “sənədlərin surətinin verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-7167/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7167/2025
11.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver