Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7169/2022 02.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X3 inzibati məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməklə işsiz kimi qeydiyyata alınmaqla, birdəfəlik ödəmə verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı işsiz kimi qeydiyyata alınmaqla, yaşayış minimumu həcmində birdəfəlik ödəmənin verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onu işsiz kimi qeydiyyata almaqla, aprel və may ayları üçün yaşayış minimumu həcmində 190 manat birdəfəlik ödəmənin (cəmi 380 manat) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə təqdim edərək, onu işsiz kimi qeydiyyata almaqla, pandemiya davam etdiyi müddət ərzində ona müəyyən edilmiş hər ay olmaqla yaşayış minimumu həcmində 190 manat birdəfəlik ödəmə verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, xx.xx.2000-ci il tarixdə Gədəbəy rayonunda doğulmuşdur, 2017-ci ildə Sumqayıt Dövlət Universitetinin Tarix və Coğrafiya fakültəsinin qiyabi şöbəsinə ödənişli əsaslarla qəbul olunub. xx.xx.2018-ci il tarixdə “X1 Tesisat. X7 İtalat İhracat Sanayi ve Ticaret LTD-nin Azərbaycan Respublikasındakı filialında satış meneceri kimi əmək fəaliyyətinə başlasa da, iş yerinin fəaliyyətini dayandırması ilə əlaqədar xx.xx.2019-cu il tarixdə öz arzusu ilə işdən azad edilmişdir. Həmin vaxtdan hazırki vaxtadək işsizdir. Təhsil aldığı müddətdə hər il təhsil haqqını ödəmişdir. “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nda Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində -190 manat birdəfəlik ödəmə veriləcəyi nəzərdə tutulduğundan işsiz kimi qeydiyyata alınmağı üçün “online” qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində elan edilmiş xüsusi karantin dövründə (bu günə kimi) Məşğulluq Mərkəzləri tərəfindən vətəndaşların qəbulu dayandırılmışdır. 190 manat birdəfəlik ödəmə ilə bağlı vətəndaşların müraciətlərinin qəbulu yalnız onlayn qaydada aparılmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, “online” qaydada müraciət etmək üçün nazirliyin “e-sosial.az” portalında, hər hansı bir qeydiyyat proseduru tələb olunmadan “Online müraciət” bölməsinə daxil olaraq, işsiz və ya işaxtaran kimi uçota alınmaq mümkün idi. Müraciət şəxsiyyət vəsiqəsinin seriyasını və FİN nömrələrini daxil etməklə. “İstiqamət” bölməsində “məşğulluq sahəsində göstərilən xidmətlər”, “Xidmət növü” bölməsində isə “vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması və qeydiyyatdan çıxarılması” bölmələrini seçməklə həyata keçirilirdi. Bu qaydada da müraciət etmişdir. Hazırda Azərbaycan Respublikasında xüsusi karantin rejimi tətbiq olunur və iki aydan çoxdur ki, ölkədə əksər iş yerləri bağlıdır. İş yerlərinin bağlanması və karantin rejimi ilə əlaqədər dövlət işsizlər üçün 190 manat birdəfəlik müavinət ödəyəcəkdi. Məşğulluq haqqında qanunvericiliyə əsasən, işi və qazancı olmayan, işsiz kimi qeydiyyata alınan əmək qabiliyyətli şəxs-işsiz şəxs hesab olunur. Birdəfəlik ödəmənin hazırda dövlətdən sosial ödəniş alanlar istisna olmaqla, ünvanlılıq prinsipi əsas götürülərək pandemiya dövründə zərərçəkən işsizlər almalıdır. Yəni birdəfəlik ödəmənin işsiz olan və məhz heç bir gəliri olmayan şəxslərə verilməsi nəzərdə tutulur. Lakin xx.xx.2020-ci il tarixdə heç bir hüquqi əsası olmayan və həqiqəti əks etdirməyən səbəblə ona imtina sms bildirişi verilmişdir. Belə ki, həmin sms bildirişdə Məşğulluq haqqında qanunun 4.1.6-4 maddəsinə əsasən onun işsiz kimi qeydiyyata alınmağından imtina edilmişdir. Halbuki həmin maddə -(4.1.6.) ödənişli fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsil müəssisələrində əyani təhsil alanları nəzərdə tutur. O, isə qiyabi təhsil aldığından imtina səbəbini əsassız hesab edir. Bu səbəbi, də nazirliyin elan etdiyi kimi qaynar xəttinə (142) zəng vuraraq bu barədə məlumat vermiş, araşdırılacağ və dediklərinin doğru olacağı təqdirdə ona 190 manat birdəfəlik ödəmənin ayrılacağını bildirsələr də hazırki vaxtadək ona cavab verilməmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X3 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Cavabdeh inzibati orqanın məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı münasibətində göstərilmişdir ki, Koronavirus (COVİD-19) xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, onun Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədi ilə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 19 mart 2020-ci il tarixində 1950 nömrəli Sərəncam imzalanmışdır. Həmin Sərəncamın icrası olaraq, “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş X4 Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası” təsdiq edilmişdir. Həmin qaydaya əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Hazırda məşğulluqla bağlı məhdudiyyətlərin əksəriyyəti aradan qaldırılmış, birdəfəlik ödəmənin verilməsi proqramı başa çatdırılaraq, icrası müddəti bitmiş və 600 min şəxsə bu ödəmə təyin olunaraq, ödənişlər həyata keçirilmişdir. Bu səbəbdən də hazırda məşğulluqla bağlı məhdudiyyətlərin əksəriyyəti aradan qaldırıldığını və birdəfəlik ödəmənin verilməsi proqramı başa çatdırılaraq, icrası müddətinin bitdiyini nəzərə alaraq, iddianın mümkünsüz hesab edilməsi barədə qərardad qəbul etməyi xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10204/2021 saylı 30 noyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X3 inzibati məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməklə işsiz kimi qeydiyyata alınmaqla, birdəfəlik ödəmə verilməsi barədə iddiasının mümkün sayılmaması qərara alınmışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək ləğv edilməsini və işin baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1110/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10204/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qərardadının qismən, “iddiaçının 190 manat birdəfəlik ödəmə tələbinin mümkün sayılmaması” hissəsində ləğv edilməsi, həmin hissədə işin yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi, qalan hissəsində qərardadın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin qeyd olunan qərardadında qeyd olunmuşdur ki; - İddiaçının Pandemiya dövründə işsizlərə hər ay 190 manat yaşayış minimumu məbləğində birdəfəlik ödəmənin verilməsi tələbinə gəldikdə isə həmin hissədə birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli araşdırmanın apardığı müəyyən olunmur. - Belə ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il 07 aprel tarixli 127 nömrəli Qərarı ilə Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və Qaydaları” təsdiq olunduqdan sonra, işsiz kimi qeydiyyata alınmaq üçün müraciət edən şəxslərə münasibətdə, “e-Sosial onlain” platforması vasitəsilə “online” bölməsində işsiz kimi qeydiyyata alınmaq üçün müraciətlə yanaşı, eyni zamanda, 190 manat məblğində birdəflik ödənişlə bağlı müraciətin də yerləşdirilməsinin mümkünlüyü tədqiq edilməmişdir. - Ən azından, həmin “online müraciət” bölməsində işsiz və ya işaxtaran kimi uçota alınma mümkün olduğu, birdəfəlik ödəmə ilə bağlı isə müvafiq qrafanın mövcud olmadığı, başqa sözlə, ödəmə ilə əlaqədar ikinci bir müraciətin həmin bölmədə yerləşdirilməsi mümkünsüz olduğu təqdirdə və iddiaçının pandemiya şəraitində tətbiq olunan məhdudiyyətlərdən irəli gələrək başqa üsulla cavabdehə müraciətini reallaşdırılmaq imkanı olmadığı halda, onun dövlət tərəfindən işsiz statusu olan şəxsələrə ödənilən 190 manat birdəfəlik ödəməni alması üçün Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsi ilə müəyyən olunan, dövlət orqanlarına şəxsən müraciət etmək hüququnun pozulmasına gətirib çıxarır - Cavabdehin nümayəndəsinin qeyd olunan izahatından göründüyü kimi, pandemiyəya dövrünə və Nazirlər Kabinetinin 2020-ci il 07 aprel tarixli 127 nömrəli Qərarı qəbul olunana qədər işsiz kimi qeydiyyatı olan vətəndaşlara münasibətdə sözügedən 190 manat birdəfəlik ödəmə verilməsi məsələsinə onların müraciət olmadan, baxılmışdır. Konkret halda isə Nazirlər Kabinetinin qeyd olunan qərarından sonra isə xx.xx.2020-ci il tarixdə müraciət etmiş və xx.xx.2020-ci il tarixində işsiz kimi qeydiyyata alınmış iddiaçıya İddiaçı münasibətdə isə cavabdeh orqanın hansı səbəbdən əvvəlki praktikasına uyğun olmayan tərzdə hərəkət etməsi də birinci instansiya məhkəməsi araşdırılmalı olduğunu tələb edir. - Ümumiyyətlə, məhkəmə pandemiya dövründə işsiz kimi qeydiyyata alınması ilə bağlı eyni “online” bölməsində birdəfəlik ödəmə ilə əlaqədar müraciətin də daxil edilməsi mümkünlüyü və həmin qeydin də tələb olunub-olunmadığı məsələləri məhkəmə tərəfindən aydınlaşdırmamış, bununla bağlı cavabdeh qurumdan izahatlar almamışdır. İPM-nin 87.9-cu maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. İşə yenidən birinci instansiya məhkəməsində baxılarkən, inzibati məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X3 nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın pandemiya davam etdiyi müddət ərzində ona müəyyən edilmiş hər ay olmaqla yaşayış minimumu həcmində 190 manat birdəfəlik ödəmə verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması hissəsində təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X5 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək və təqdim olunmuş etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş edi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia pandemiya davam etdiyi müddət ərzində iddiaçıya müəyyən edilmiş hər ay olmaqla yaşayış minimumu həcmində 190 manat birdəfəlik ödəmə verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması hissəsində təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: iddiaçıya məxsus AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2000-ci ildə doğulmuşdur. Sumqayıt Dövlət Universiteti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli TCF-089 №li arayışda göstərilmişdir ki, İddiaçı Sumqayıt Dövlət Universitetinə 2017/2018-ci tədris ilində qəbul olunmuşdur və Tarix və cografiya fakültəsinin qiyabi şöbəsinin 817-1 saylı qrupunda “Tarix” ixtisası üzrə ödənişli əsaslarla tələbə olmuşdur. İddiaçı 23 aprel 2020-ci il tarixdə “E.Sosial.az”-dan göndərilmiş SMS-dən müəyyən olunur ki, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4.1.6-cı maddəsinə əsasən onun işsiz kimi qeydiyyata alınmasından imtina olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 52.1-ci maddəsinə əsasən səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. İPM-nin 2.2.2-ci maddəsinə görə inzihati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 07 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq olunmuş Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və Qaydalarının 1.4-cü bəndində əsasən Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Qaydaların 2.1-ci bəndində əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir.- 2.2-ci bəndə əsasən birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir: -2.2.1. 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə; -2.2.2. pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MASda işsiz kimi qeydiyyata alınmış şəxslərə. Qaydaların 2.3-cü bəndində əsasən Dövlət qurumlarından aşağıdakı ödənişləri alan, habelə bu bənddə göstərilən meyarlara cavab verən işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: 2.3.1-ci bəndində əsasən ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə; 2.3.2-ci bəndinə əsasən əmək pensiyaçılarına; 2.3.3-ci bəndində əsasən aylıq müavinət alanlara; 2.3.4-ci bəndində əsasən aylıq təqaüd alanlara; 2.3.5-ci bəndində əsasən özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə; 2.3.6-cı bəndində əsasən işsizlikdən sığorta ödənişi alanlara; 2.3.7-ci bəndinə əsasən. peşə hazırlığına görə təqaüd alanlara; 2.3.8.-ci bəndinə əsasən 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə; 2.3.9-cu bəndinə əsasən. əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara; 2.3.10.-cu bəndinə əsasən bu Qaydanın 2.3.1-2.3.8-ci, 2.3.11ci, 2.3.12-ci və 2.3.15-ci yarmbəndlərində göstərilən şəxslərin əri və ya arvadı; 2.3.11-ci bəndində əsasən . mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara; 2.3.12.-ci bəndində əsasən mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara; 2.3.13.-cü bəndinə əsasən birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara; 2.3.14.-cü bəndində əsasən yaşı 18-dən aşağı olanlara; 2.3.15-ci bəndində əsasən. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4.1.6-cı maddəsinə əsasən ödənişli fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsil müəssisələrində əyani təhsil alanlar məşğul şəxslərə aiddirlər. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən işaxtaran və işsiz şəxslərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) qeydiyyata alınması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Həmin Qanunun 5.5-ci maddəsinə əsasən şəxs işaxtaran kimi qeydiyyata alındığı gündən 5 (beş) iş günü ərzində ona münasib iş təklif olunmadığı və ya işəgötürən (işəgötürənlər) tərəfindən vakansiyaya qəbulundan imtina edildiyi halda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin şəxsin işsiz kimi qeydiyyata alınması haqqında qərar qəbul edir və bu barədə şəxsin fərdi məşğulluq vərəqində müvafiq qeyd aparır. Yuxarıda adı qeyd olunan Qaydaların 3.1-ci bəndində əsasən şəxs birdəfəlik ödəmənin alınması üçün “e-sosial” portalında “Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın müvəqqəti ləğv edilməsi” xidmətindən istifadə edərək müraciət edir. 3.2-ci bəndə əsasən işsiz statusu olanlara münasibətdə MAS tərəfindən bu Qaydanın 3.4-cü və 3.5-ci bəndlərinə uyğun olaraq yoxlama aparılır və müvafiq qərar qəbul olunur. Məhkəmənin müvafiq sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********1 №-li cavab məktubunda göstərilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemindən əldə olunan anket məlumatlarına əsasən, İddiaçı xx.xx.2020-ci il tarixində e-Sosial onlayn platforması vasiəsilə müraciət etmiş və vətəndaşın anket məlumatları xx.xx.2020-ci il tarixində təsdiqlənmişdir. İddiaçı Gədəbəy rayon Məşğulluq Mərkəzi tərəfindən xx.xx.2020ci il tarixində “İşsiz” statusu verilmiş və hazırki dövrə qədər də “Məşğulluq” altsistemində “işsiz”olaraq qeydiyyatdadır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1110/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadında qeyd olunmuş göstərişlərə əsasən verilmiş məhkəmənin müvafiq sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X3 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********5 №-li cavab məktubunda göstərilmişdir ki, koronavirus pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar şəxslər tərəfindən birdəfəlik ödəmənin alınması üçün “e-sosial” portalında “Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyatın müvəqqəti ləğv edilməsi” xidmətindən istifadə edərək müraciət edilmişdir. Bu zaman “Məşğulluq” altsistemi (bundan sonra -MAS) tərəfindən şəxsə münasib işin təklif edilməsi mümkün olmadıqda, dərhal işsiz statusunun verilməsi haqqında qərar qəbul olunmuşdur. İşsiz statusu olanlara münasibətdə MAS tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 07 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (Covid-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 3.4-cü və 3.5-ci bəndlərinə uyğun yoxlama aparılmış və MAS tərəfindən müvafiq qərar qəbul olunmuşdur. Qeyd olunanlara əlavə birdəfəlik ödəmənin alınması üçün “online” müraciət zamanı birdəfəlik ödəmə ilə əlaqədar xüsusi bir müraciətin daxil edilməsi və xüsusi bir qeydiyyatın aparılmasına dair tələb müəyyən edilməmişdir. Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli 216 nömrəli qərarı: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Bakı, Sumqayıt, Gəncə,Lənkəran, Mingəçevir, Şəki, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etsinlər. “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 216 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 8 iyul 2020-ci il tarixli 245 nömrəli qərarı:
1. “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 216 nömrəli Qərarının adında və 1-ci hissəsində “şəhərləri” sözü “, Mingəçevir, Şəki, Yevlax şəhərləri” sözləri ilə və “Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları” sözləri “Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən, Xaçmaz rayonları” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etsinlər. Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Salyan, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 avqust 2020-ci il tarixli 283 nömrəli qərarı:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Salyan, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin.
2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etsinlər. Lənkəran, Şəki şəhərləri və Cəlilabad, Biləsuvar, Qax, Zaqatala, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 noyabr 2020-ci il tarixli 444 nömrəli qərarı:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 4, maddə 474, № 6, maddə 805; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 aprel tarixli 149 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Lənkəran, Şəki şəhərləri və Cəlilabad, Biləsuvar, Qax, Zaqatala, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin.
2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etsinlər. Azərbaycan Respublikasının ərazisində koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 dekabr 2020-ci il tarixli 506 nömrəli qərarı:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin.
2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etsinlər. Məhkəmə mövqeyini aşağıdakılara əsasən əsaslandırır: Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejimi tətbiq olunduğu zaman, işsiz kimi qeydiyyatda olan şəxslərə aprel, may, iyun, avqust, noyabr və dekabr ayları üzrə birdəfəlik ödəmənin verilməsi həyata keçirilmişdir. Məhkəmə qeyd edir ki, iş üzrə araşdırma zamanı iddiaçı və cavabdehin səlahiyyətli nümayəndələri tərəfindən verilmiş izahatlardan müəyyən edilmişdir ki, iddiaçı işsiz kimi qeydiyyatda olsa da, koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar 190 manat məbləğində birdəfəlik ödəmənin verildiyi şəxslər siyahısına daxil edilməmiş və ona 190 manat ödənişlər həyata keçirilməmişdir. Belə olan halda müvafiq səlahiyyətlərə malik inzibati orqan kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddiaçıya münasibətdə inzibati icraat düzgün aparılmamışdır. Belə ki, İnzibati icraat haqqında Qanunun 24-cü maddəsinə əsasən: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı işsiz kimi qeydiyyatda olan şəxs statusuna malik olduğundan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli 127 nömrəli qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydasının 2.3-cü bəndində qeyd edilmiş birdəfəlik ödəmənin verilməsindən imtina üçün əsaslara malik olmadığından birdəfəlik ödənişin həyata keçirilməsindən inzibati orqanın imtinası formal xarakter daşımış və əsassız olmuşdur. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilədən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf olaraq cavabdehin iddiaçıya işsiz qismində qeydiyyatda olan şəxs kimi birdəfəlik ödəmənin verilməsindən imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir (İPM-in 14.2-ci maddəsi), qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası nəticə olaraq qanunazidd olmaqla, iddiaçının hüquqlarını pozmuşdur, imtina mövcud inzibati praktikaya da ziddir və cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Qanunun 13.2 və 17-ci maddələri). İPM-nin işin hallarının araşdırılması prinsipi haqqında 12-ci maddəsinə əsasən: 12.1. məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, İddiaçı iddiası pandemiya davam etdiyi müddət ərzində ona müəyyən edilmiş hər ay olmaqla yaşayış minimumu həcmində 190 manat birdəfəlik ödəmə verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması hissəsində təmin edilməli, İddiaçı pandemiya davam etdiyi müddət ərzində müəyyən edilmiş hər ay olmaqla yaşayış minimumu həcmində 190 manat birdəfəlik ödəmə verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
qərara aldı:
İddiaçı iddiası pandemiya davam etdiyi müddət ərzində ona müəyyən edilmiş hər ay olmaqla yaşayış minimumu həcmində 190 manat birdəfəlik ödəmə verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması hissəsində təmin edilsin. İddiaçı pandemiya davam etdiyi müddət ərzində müəyyən edilmiş hər ay olmaqla yaşayış minimumu həcmində 190 manat birdəfəlik ödəmə verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Nəriman Abıyev