Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7169/2025 10.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X9 Vahid oğlunun sədrliyi, Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “sənədlərin təqdim edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2014-cü il tarixli 203 saylı sərəncamı ilə Bakı şəhəri İstehlak Bazarı və Xidmət Departamentinin 4 nömrəli bazarı investisiya müsabiqəsi yolu ilə "xxxx" ASC-nin adına özəlləşdirilməsinə dair hüquqverici sənədlərin surətinin iddiaçıya verilməsi öhdəlliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası DƏN-nin xx.xx.2000-ci il tarixli, 220 saylı Sərəncamı ilə ünvan 1 ünvanında yerləşən 4 saylı bazar “Ticarət Mərkəzi 4” ATSC-yə çevrilmiş və xx.xx.2000-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmışdır. Bundan sonra məhkəməyə müraciət olunaraq, Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin xx.xx.2000-ci il tarixli, 220 saylı sərəncamının və onun hüquqi nəticələrinin tam şəkildə etibarsız hesab edilərək, ləğv edilməsi, müəssisənin həmin sərəncama qədər olan vəziyyətə qaytarılması, müəssisənin yenidən özəlləşdirilməsinin təşkil edilməsinin Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə tapşırılması, Emissiya prospektinin hazırlanaraq səhimlərin satışı və səhimdarların 1-ci ümumi yığıncağı keçirilənədək müəssisənin rəhbəri vəzifəsinə həmin müəssisənin əvvəllər rəhbəri və özəlləşmə komissiyasının sərdi olmuş X3 təyin edilməsinin Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi Üzrə Dövlət Komitəsinə tapşırılması, iddiaçılara dəymiş zərərin alınaraq onlara verilməsinə dair qətnamə qəbul edilməsini xahiş edilmiş və iddianın qismən təmin olunmasına dair Bakı şəhər Xətai rayon Məhkəməsinin 2-214/2008 saylı, xx.xx.2008 saylı qətnaməsi qəbul edilmişdir. Qətnamədən apelliyasiya şikayəti verilmiş və Bakı Apelliyasiya Məhkəməsinin 2(103)-1322/2008 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsi ilə Bakı şəhər Xətai rayon Məhkəməsinin 2-214/2008 saylı, xx.xx.2008 saylı qətnaməsi qismən Emissiya prospektinin hazırlanaraq səhimlərin satışı və səhimdarların 1-ci ümumi yığıncağı keçirilənədək müəssisənin rəhbəri vəzifəsinə həmin müəssisənin əvvəllər rəhbəri və özəlləşmə komissiyasının sədri olmuş X3 təyin edilməsinin Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi Üzrə Dövlət Komitəsinə tapşırılması hissəsində ləğv edilməsi qət edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi Üzrə Dövlət Komitəsi uzun müddət bu işlə əlaqədar olaraq, danışıqlar və sənədləşmələr aparılmasını əsas gətirərək, iş prosesini davam etdiyini deyirdi. Sonradan onlara məlum olmuşdur ki, ünvan 1 ünvanında yerləşən 4 saylı bazar "xxxx" ASC-yə çevrilmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 88 saylı sərəncamla alınmış səhmlər üzrərində mülkiyyət hüququ alıcıya verilmişdir. Bununla əlaqədar olaraq xx.xx.2024-cü il tarixli sorğu ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunaraq, "xxxx" ASC-nin mülkiyyətə verilməsinə dair hüquqverici sənədlərinin surətinin təqdim olunmasını xahiş edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti verilən sorğuya xx.xx.2025-ci il tarixli, 3-21-3/2-B-10xx-xx/2024 saylı məktubla cavab verərək bildirmişdir ki, "xxxx" ASC-nin səhmləri 2021-ci ildə investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmiş və müvafiq səhmlər üzərində mülkiyyət hüququ alıcıya keçmişdir. Həmin dövrdən cəmiyyət özəl sahibkarlıq subyekti kimi fəaliyyət göstərməkdədir və əmlaklar üzərində daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa malikdir. Məlumat üçün bildirilir ki, sorğunun lazımınca icra olunması barədə məhkəməyə və ya Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman) şikayət etmək hüququnun olduğunu qeyd etmişdir. Müqavilə öhdəlikləri icra edildikdən sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə verilmiş xx.xx.2021-ci il tarixli 88 saylı sərəncamla səhmlər üzərində mülkiyyət hüququ alıcıya keçmiş və həmin tarixdən "xxxx" ASC tam özəl sahibkarlıq subyekti kimi fəaliyyət göstərməkdədir. Bildirilmişdir ki, qeyd olunan ərazidə ilkin olaraq, “4 nömrəli Bazar” fəaliyyət göstərmişdir. Bundan sonra “4 nömrəli Bazar” hüquqi forması dəyişdirilərək "xxxx" ASC olmuşdur. Qeyd olunan dəyişiklik olduqdan sonra məhkəməyə müraciət olunaraq Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin xx.xx.2000-ci il tarixli 220 saylı Sərəncamının və onun hüquqi nəticələrinin tam şəkildə etibarsız hesab edilərək ləğv edilməsi, müəssisənin həmin vaxdadək olan vəziyyətə qaytarılması, müəssisənin yenidən özəlləşdirilməsinin təşkil edilməsinin Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi Üzrə Dövlət Komitəsinə tapşırılması, Emissiya Prospektinin hazırlanaraq səhimlərinin satışı və səhimdarların 1-ci ümumi yığıncağı keçirilənədək müəssisənin rəhbəri vəzifəsinə həmin müəssisənin əvvəlki rəhbəri və özəlləşmə komissiyasının sədri olmuş X3 təyin edilməsinin Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi Üzrə Dövlət Komitəsinə tapşırılması və iddiaçılara dəymiş zərərin alınaraq onlara verilməsinə dair qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İddia ərizəsi aidiyyəti üzrə Xətai rayon Məhkəməsi aidiyyəti üzrə baxılmış və qismən təmin olunması barədə xx.xx.2008-ci il tarixli 2-214/2008 saylı qətnamə qəbul edilmişdir. Qətnaməyə əsasən iddia Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin Bakı şəhər İstehlak bazarı və Xidmət Departamentinin tabeçiliyində olan ünvan 2 ünvanında yerləşən 4 nömrəli bazar bazasında "xxxx" ASC-nin yaradılması ilə bağlı Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin xx.xx.2000-ci il tarixli 220 saylı sərəncamının və onun hüquqi nəticələrinin tam şəkildə etibarsız hesab edilməsi, həmin ünvanda yerləşən 4 nömrəli bazarın sərəncama qədər olan vəziyyətə qaytarılması, “Ticarət Mərkəzi-4" ASC-nin bütün əmlakının cəmiyyətdən alınaraq, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə təhvil verilməsi, 4 nömrəli bazarın (Ticarət Mərkəzi-4 ASC-nin) yenidən özəlləşdirilməsinin təşkil edilməsinin Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə tapşırılması, Emissiya Prospektinin hazırlanaraq səhimlərinin satışı və səhimdarların 1-ci ümumi yığıncağı keçirilənədək müəssisənin rəhbəri vəzifəsinə həmin müəssisənin əvvəlki rəhbəri və özəlləşmə komissiyasının sədri olmuş X3 təyin edilməsinin Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi Üzrə Dövlət Komitəsinə tapşırılması hissəsində təmin qalan hissədə isə rədd edilmişdir. Bundan sonra qətnamədən narazı qalan cavabdehlər Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2-214/2008 saylı qətnaməsindən Apelliyasiya şikayəti verərək, qeyd olunan qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Apelliyasiya Məhkəməsi şikayətlərə aidiyyəti üzrə baxaraq, şikayətin qismən təmin olunması Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2-214/2008 saylı qətnaməsinin qismən Emissiya Prospektinin hazırlanaraq səhimlərinin satışı və səhimdarların 1-ci ümumi yığıncağı keçirilənədək müəssisənin rəhbəri vəzifəsinə həmin müəssisənin əvvəlki rəhbəri və özəlləşmə komissiyasının sədri olmuş X3 təyin edilməsinin Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi Üzrə Dövlət Komitəsinə tapşırılması hissədə ləğv edilməsi, iddianın o hissədə rədd edilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanmasına dair xx.xx.2008-ci il tarixli qətnamə qəbul etmişdir. Bundan sonra qeyd olunan qətnamə qanuni qüvvəsini almış və qətnamənin icra olunması üçün icra vərəqəsi verilmişdir, onlar tərəfindən dəfələrlə müraciət olunsa da, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi uzun müddət bu işlə əlaqədar olaraq, danışıqlar və sənədləşmələr aparılmasını əsas gətirərək, iş prosesini davam etdiyini bildirərək, müddəti uzadırdı. Sonradan bizə məlum olmuşdur ki, ünvan 1 ünvanında yerləşən 4 saylı bazar "xxxx" ASC-yə çevrilmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 88 saylı sərəncamla alınmış səhmlər üzərində mülkiyyət hüququ alıcıya verilmişdir. Qeyd olunan prosesin hansı qaydada aparılmasının öyrənilməsi və buna dair pozulmuş hüquqların hansı şəkildə bərpa olunacağını öyrənmək məqsədi ilə qeyd olunan prosedurun hansı sənədlər əsasında olduğunu həyata keçirilməsini təsdiq edən hüquqverici sənədlərin onlara təqdim olunmasına dair xx.xx.2024-cü il tarixli sorğu ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunaraq, "xxxx" ASC-nin mülkiyyətə verilməsinə dair hüquqverici sənədlərinin surətinin təqdim olunması xahiş edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti sənədləri verməkdən imtina edərək, verilən sorğuya xx.xx.2025-ci il tarixli, 3-21-3/2-B-10xx-xx/2024 saylı məktubla cavab verərək bildirmişdir ki, "xxxx" ASC-nin səhmləri 2021-ci ildə investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmiş və müvafiq səhmlər üzərində mülkiyyət hüququ alıcıya keçməsini qeyd etmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin (indiki adı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti) xx.xx.2014-cü il tarixli 203 saylı sərəncamı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1322/2008 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsinə məhəl qoymadan qanuni qüvvədə olan məhkəmə qərarının icrasından kənara çıxaraq, onlara məlum olmayan qaydada Bakı şəhəri İstehlak Bazarı və xidmət departamentinin 4 nömrəli bazarını investisiya müsabiqəsi yolu ilə "xxxx" ASC-nin adına özəlləşdirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Cavabdeh iddiaya dair etirazla müraciət edərək bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Əmlak Məsələləri Dövlət Komitəsinin (indiki adı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) xx.xx.2014-cü il tarixli 203 saylı sərəncamı ilə Bakı şəhəri İstehlak Bazarı və Xidmət Departamentinin 4 nömrəli bazarını investisiya müsabiqəsi yolu ilə "xxxx" ASC-nin adına özəlləşdirilməsinə dair hüquqmüəyyənedici sənədlərin surətinin iddiaçıya verilməsi vəzifəsinin (öhdəliyi) cavabdehə həvalə olunmasını xahiş etmişdir. Bununla əlaqədar bildirilir ki, İddiaçı qeyd olunan sənədlərin verilməsi ilə bağlı müraciətə Əmlak Məsələləri Dövlət Xidmətinin 3-21-3/2-B-10xx-xx/2024 nömrəli, xx.xx.2025-ci il tarixli məktubu ilə cavab verilmişdir. Belə ki, "xxxx" ASC-nin səhmləri 2021ci ildə investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmiş və müvafiq səhmlər üzərində mülkiyyət hüququ alıcıya keçmişdir. Həmin dövrdən cəmiyyət özəl sahibkarlıq subyekti kimi fəaliyyət göstərməkdədir və əmlaklar üzərində daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.1-ci maddəsinə əsasən daşınmaz əmlakın təsviri, dövlət qeydiyyatına alınmış hüquqlar və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış qanunla müəyyən edilmiş qaydada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. Həmin qanunun 15.6-cı maddəsinə əsasən yazılı sorğu fiziki şəxs və ya hüquqi şəxsin rəhbəri, yaxud onların səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. Eyni zamanda, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən, informasiyalar əldə olunma növünə görə açıq və alınması məhdudlaşdırılan informasiyalara, alınması məhdudlaşdırılan informasiyalar isə hüquqi rejiminə görə məxfi və konfıdensiala bölünür. Vətəndaşların, habelə mülkiyyət növündən asılı olmayaraq idarə, müəssisə, təşkilatların, digər hüquqi şəxslərin qanuni maraqlarının qorunması məqsədilə əldə olunmasına məhdudiyyət qoyulan peşə, kommersiya, istintaq və məhkəmə sirləri konfıdensial xarakter daşıyır. İddiaçı tərəfindən qeyd olunan və əldə etmək istədiyi məlumatlar konfidensial xarakter daşıdığı üçün onların iddiaçıya açıqlanmasına qanunvericiliklə yol verilmir. Bundan əlavə qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən göründüyü kimi, şəxsin yalnız üzərində hüquqlara malik olduğu əmlak barəsində məlumatın alınması üçün müraciət etmək hüququ nəzərdə tutulduğu halda, iddiaçı cavabdeh qurumla üçüncü şəxslərlə bağlanmış özəlləşdirməyə dair sənədlərin təqdim olunmasını xahiş edir ki, qanunvericiliyə əsasən qeyd olunan sənədlər yalnız onların bilavasitə aid olduğu şəxslərə təqdim oluna bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1- ci maddəsinin tələblərinə uyğun olaraq daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, qanunvericilikdə daşınmaz əmlak üzərində qeydə alınmış hüquqlara dair məlumat verilməli olan şəxslərin siyahısı konkret olaraq göstərilmişdir və "xxxx" ASC-yə dair iddiaçının adına hər hansı hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, Xidmət tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina olunmuşdur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etməmiş və yazılı etirazın məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli 3-21-3/2-B- 10xx-xx/2024 saylı məktubunda bildirmişdir ki, "xxxx" ASC-nin səhmləri 2021-ci ildə investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmiş və müvafiq səhmlər üzərində mülkiyyət hüququ alıcıya keçmişdir. Həmin dövrdən cəmiyyət özəl sahibkarlıq subyekti kimi fəaliyyət göstərməkdədir və əmlaklar üzərində daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148-ci maddəsinə əsasən daşınmaz əmlakın reyestrində dövlət qeydiyyatına alınmış hüquqlar haqqında məlumatlar qanunla müəyyən edilmiş qaydada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. Eyni zamanda, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən, informasiyalar əldə olunma növünə görə açıq və alınması məhdudlaşdırılan informasiyalara, alınması məhdudlaşdırılan informasiyalar isə hüquqi rejiminə görə məxfi və konfidensiala bölünür. Vətəndaşların, habelə mülkiyyət növündən asılı olmayaraq idarə, müəssisə, təşkilatların, digər hüquqi şəxslərin qanuni maraqlarının qorunması məqsədilə əldə olunmasına məhdudiyyət qoyulan peşə, kommersiya, istintaq və məhkəmə sirləri konfidensial xarakter daşıyır. Müraciətdə qeyd olunan və əldə etmək istədiyi məlumatlar konfidensial xarakter daşıdığı üçün onların açıqlanmasına qanunvericiliklə yol verilmir. Sorğunun lazımınca icra olunmaması barədə məhkəməyə və ya Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombdusman) şikayət etmək hüququnun olduğu qeyd edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə kollegiyasının xx.xx.2008-ci il tarixli 2(103)-1322/2008 saylı qətnaməsindən görünür ki, Xətai rayon məhkəməsinin 2-214/2008 saylı xx.xx.2008-cı il tarixli qətnaməsi qismənemissiya prospektinin hazırlanaraq səhmlərinin satışı və səhmdarların 1 ümumi yığıncağı keçirilənədək 4 nömrəli bazarın rəhbəri vəzifəsinə X3 təyin edilməsinin Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə tapşırılması hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbi rədd edilməsi, qətnamənin digər hissədə dəyişdirilmədən saxlanılması, maraqlı şəxslər “Ticarət Mərkəzi 4” ATSC-nin, X4, X1 apellyasiya şikayətləri qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə kollegiyasının iddianı təmin etmə tədbiri görülməsi barədə xx.xx.2008-ci il, xx.xx.2008-ci il tarixli 2(103)-1322/2008 saylı qərardadları ləğv edilməsi, Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qəbul edildiyi andan qanuni qüvvəyə minməsi qərara alınmışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır. 2.2. Hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. 2.3. İnformasiya sahibinə müraciət edən hər kəs: 2.3.2. informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir. 2.4. Fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. 2.4-1. İnformasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmasın. Qeyd edilən Qanunun 29.1-ci maddəsinə əsasən informasiya sahibi cəmiyyətin maraqlarını daha asan və daha operativ şəkildə təmin etmək, çoxsaylı informasiya sorğularını azaltmaq məqsədi ilə malik olduğu, ictimai vəzifələrin yerinə yetirilməsi nəticəsində yaradılmış, yaxud əldə olunmuş aşağıdakı informasiyaları açıqlamalıdır: 29.1.29. qanunla nəzərdə tutulduğu həddə dövlət reyestrləri haqqında məlumatlar; Qeyd edilən Qanunun 34.1-ci maddəsinə əsasən əldə olunma növünə görə informasiya ümumi istifadə üçün açıq və alınması məhdudlaşdırılan informasiyalara bölünür. 34.2. Azərbaycan Respublikasının qanunu ilə əldə olunması məhdudlaşdırılmayan informasiyalar açıq informasiyalar sayılır. 34.3. Əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyalar hüquqi rejiminə görə məxfi və gizli (konfidensial) olur. 34.4. Dövlət sirri məxfi, vətəndaşların, mülkiyyət növündən asılı olmayaraq yaradılmış idarə, müəssisə və təşkilatların, digər hüquqi şəxslərin qanuni maraqlarının qorunması məqsədi ilə əldə olunmasına məhdudiyyət qoyulan peşə (həkim, vəkil, notariat), kommersiya, istintaq və məhkəmə sirləri, konfidensial xarakter daşıyır. Fərdi məlumatlar daxilolma (əldə olunma) növünə görə konfidensial və açıq kateqoriyalara bölünür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli Qərarı) Həmçinin, nəzərə alınmalıdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulan digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. İddia qaldırmaq səlahiyyətinin mövcudluğundan o vaxt bəhs oluna bilər ki, inzibati akt və ya inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və ya qanunla qorunan maraqlarının pozulma imkanı olsun. Göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması ehtimalının mövcud olması mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük şərtlərini yoxlamalıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2014-cü il tarixli 203 saylı sərəncamı ilə Bakı şəhəri İstehlak Bazarı və xidmət departamentinin 4 nömrəli bazarını investisiya müsabiqəsi yolu ilə "xxxx" ASC-nin adına özəlləşdirmişdirilməsinə dair hüquqverici sənədlərin təqdim edilməsinə nail olmaq niyyətindədir. Məhkəmə hesab edir ki, "xxxx" ASC-nin adına özəlləşdirmişdirilməsinə dair hüquqverici sənədlərin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qeydiyyatına alınmış hüquqlar barədə məlumat hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilmə mümkünlüyü nəzərə alınaraq, qeyd edilən şəxslərin razılığı olmadan "xxxx" ASC-nin adına özəlləşdirmişdirilməsinə dair hüquqmüəyyənedici sənədlərin kənar şəxsə verilə bilməz. Məhkəmənin qənaətinə görə bu hallar iddiaçının İPM-in 35.1-ci maddəsinin tələbləri baxımından hazırki iddia üzrə subyektiv hüququnun olmadığını təsdiq edir. Subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. İnzibati mübahisə üzrə iddia isə onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə, iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilsin. İddiaçı daha əvvəl məhkəmə qətnaməsi əsasında təmin edilmiş hüquqları ilə yanaşı, hazırda tələb etdiyi məlumatın verilməsinin pozulmuş digər hüquqlarının təmini ilə əlaqədar yeni iddia verilməsinə əsasların yoxlanması baxımından məlumatların əldə edilmə zəruriliyini qeyd etmişdir. Məhkəmə bununla bağlı məhkəmə iclasında eyni məzmunlu hüquqi yardım etmişdir və təkrar olaraq iddiaçının nəzərinə çatdırır ki, hazırki iddia üzrə tələb mahiyyəti etibarilə ehtimal olunan hüquq pozuntusu ilə bağlı məqsədə nail olmaq üçün müvafiq iddia üzrə vəsatət xarakteri daşıyır və müvafiq iddia üzrə məhkəmə araşdırması zamanı vəsaət əsasında qeyd edilən məlumatların əldə edilməsi istisna olunmur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, “Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. (2.3-cü bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.”(9-cu bənd) Qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 23, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Aydın Babayev
Məhkəmə qərarları › İş №2-1(112)-7169/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7169/2025
10.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver