Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-717/2024 13.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 4- 369 saylı torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-cı il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, qeyd edilən torpaq sahəsi Prezidentin İşlər İdarəsinin X3 balansına ayrılmış ərazinin ayrıc aktından kənarda yerləşdiyindən ona xx.xx.2022-ci il tarixdə torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsi barədə **********01 nömrəli bildiriş verilmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 4-369 saylı torpaq sahəsinə (4- 369 kodlu torpaq sahəsinin ölçüsü faktiki olaraq 0,1377 ha təşkil edir) dair mülkiyyət hüquqlarının qeydiyyata alınaraq, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi Bələdiyyə mülkiyyətində deyildir, Bələdiyyə ərazisi sayılmamışdır, sahə Bələdiyyəyə təhvil verilməmişdir, sahə dövlət fondu torpaqlarına da aid deyildir, yəni həmin qurumlardakı mövcud sənədlər və plan-cizgilərə əsasən sözügedən torpaq sahəsi Prezidentin İşlər idarəsinin X3 balansında olan sahələrə aiddir. i 1999-cu ildə ona fərdi yaşayış evi tikintisi üçün 0,10 ha torpaq sahəsi ayrılmışdır. O, həmin tarixdən sözgügedən torpaq sahəsinə mülkiyyət hüququ ilə sahiblik və istifadə edir. İndiyə kimi fasiləsiz və etirazsız olaraq həmin sahədən istifadə etmiş, ev tikmiş, heç vaxt heç bir etiraz olmamışdır. Sonuncu dəfə isə müvafiq qurumların - Buzovna Bələdiyyəsi, Xəzər Rayon İcra Hakimiyyəti, Prezidentin İşlər idarəsinin X3 bəyan və mülahizələrini cavabdehin diqqətinə çatdırmaqla yenidən müraciət edərək işin faktiki hallarının yerində araşdırılmasını xahiş etmişdir. Lakin cavabdeh cavab məktubunda onun yuxarıda qeyd olunan mülahizələrinə, irəli sürülən arqumentlərə, eləcə də mövcud sənədlərə heç bir münasibət, fikir bildirməmişdir. Göründüyü kimi cavabdehin iddiaçının müraciətindən imtinasında yalnız formal mülahizələrə istinad olunmuşdur. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında imtina məktubunda göstərilən əsaslara istnad etmiş və əlavə olaraq qeyd etmişdir ki, qeyd edilən torpaq sahəsi Prezidentin İşlər İdarəsinin X3 balansına ayrılmış ərazinin ayrıc aktından kənarda yerləşir. Bununla yanaşı, torpaq sahəsinin ayrılması barədə Abşeron Rayon Buzovna Tərəvəzçilik-Südçülük sovxozunun direktorunun 096 nömrəli, xx.xx.1999-cu il tarixli əmrinin əsli təqdim edilməmişdir. Bundan əlavə, təqdim edilmiş cizgidə istinadlar göstərilmədiyindən sənəd üzrə sahənin yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin təqdim olunan Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X3 xx.xx.2023-cü il tarixli, 28 nömrəli əmrdən çıxarışında 0,10 ha torpaq sahəsinin ayrıldığı qeyd edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya **********44 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasında ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia həm də əsaslıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən “Vətəndaşlara həyətyanı torpaq sahəsi verilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X3 xx.xx.2003-cü il tarixli, 28 nömrəli əmindən çıxarışdan görünür ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli, 096 saylı sərəncamı, tərəvəzçilik-südçülük sovxozu (Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi) Həmkarlar Təşkilatının xx.xx.2003-cü il tarixli, 02 saylı protokolu nəzərə alınaraq baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən İddiaçı 0,10 hektar hesabı ilə həyətyanı torpaq sahəsinin ayrılmışdır. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X1 xx.xx.2023-cü il tarixli, 1-2- 27/2-168/2023 nömrəli məktubundan görünür ki, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3 balansında olan torpaq sahələrinin vətəndaşların adına ayrılması haqqında, Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2015-ci il tarixli 664 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Dövlət Əmlak Komitəsi tərəfindən birgə qəbul edilmiş və təsdiqlənmiş siyahı üzrə sənədləşmə aparılır. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X2 saxlanılan sənədlərə əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3 (Buzovna Tərəvəzçilik-südçülük sovxozunun) 21 may 2003-cü il tarixli 28 saylı əmrinə əsasən müəssisənin balansında olan torpaq sahəsindən İddiaçı fərdi mənzil tikintisi üçün 0.10 ha hesabı ilə 4-369 saylı həyətyanı torpaq sahəsi ayrılmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, göstərilən torpaq sahəsi sənəd üzrə 0.10 ha olsa da, faktiki olaraq 0.1395 ha təşkil edir (iki torpaq sahəsi eyni hasar daxilində, ara sərhədləri şərtidir). Torpaq sahəsinin üzərində ikimərtəbəli yaşayış evi (inşası tam olaraq tamamlanmamış) mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən iddia olunan torpaq sahəsi dövlət mülkiyyətində olmaqla tam şəkildə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X6 ayrılmış ərazinin Ayrıc üzrə hüdudlarından 35 metr kənarda yerləşir. İddiaçı hazırda onun faktiki istifadəsində olan bu torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Həmin maddəyə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Siyahının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmrini bu əsaslardan birinə aid etmişdir, hansı ki, iddiaçı bu əsası - Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3 (Buzovna Tərəvəzçilik-südçülük sovxozunun) 21 may 2003-cü il tarixli 28 saylı əmrindən çıxarışı cavabdehə təqdim etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı ona ayrılmış həmin torpaq sahəsi ilə bağlı hüquqlarının qeydə alınmasını tələb etməkdə haqlı olmuşdur. İşdən görünür ki, cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən qeyd edilən torpaq sahəsinin Prezidentin İşlər İdarəsinin X3 balansına ayrılmış ərazinin ayrıc aktından kənarda yerləşməsinə istinad etmişdir. Məhkəmə cavabdehin bu imtinası ilə razılaşmır və qeyd edir ki, birincisi, iddiaçı hüququnun qeydə alınması üçün qanunvericiliklə zəruri olan hüquqmüəyyənedici sənədi cavabdehə təqdim etmişdir, həmin əmr qüvvədədir, ləğv olunmamış, geri çağırılmış, dəyişdirilmiş və ya qüvvədən düşmüş hesab olunmamışdır. İkincisi, torpaq sahəsi iddiaçıya 2003-cü il tarixdə ayrılmış, həmin vaxt Prezidentin İşlər İdarəsinin X6 ayrılmış torpaq sahəsinin dəqiq koordinatlarını müəyyən edən xəritə olmamış, iddiaçıya ayrılmış torpaq sahəsinin müvafiq ayrıc aktından kənarda yerləşməsi iddiaçının məsuliyyətində olmamışdır. Üçüncüsü, iş materiallarından görünür ki, iddiaçının hüququnun qeydə alınması ilə bağlı müraciət etdiyi torpaq sahəsinin qonşuluğunda yerləşən, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi tərəfindən xx.xx.2003-cü il tarixli 28 saylı əmr ilə ayrı-ayrı vətəndaşlara ayrılmış və cavabdehin göstərdiyi ayrıc aktından kənarda yerləşən torpaq sahələri **********76, **********72, **********23, **********85 və **********79 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 13.1-ci maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Məhkəmə qeyd edir ki, qanunvericiliyin müəyyən etdiyi bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Həmçinin inzibati orqanı eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlı etməklə, digər tərəfdən, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadının yaranmasına səbəb olur. İşin yuxarıda qeyd olunan hallarından görünür ki, cavabdeh hazırda iddiaçının mübahisəli torpaq sahəsinə hüququnu qeydə almaqdan imtina etsə də, eyni faktiki hallara malik digər vətəndaşların müraciətləri üzrə müsbət qərar qəbul etmiş, lakin tətbiq etdiyi fərqli praktikanı əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqların dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. İşin yuxarıda istinad olunan hallarından isə müəyyən olunur ki, iddiaçı bu əsası cavabdehə təqdim etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0,10 ha sahəsi olan 4- 369 saylı torpaq sahəsinə dair iddiaçı X5 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-717/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-717/2024
13.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver