Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-717/2025 18.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-3275/2023 saylı qərarının ləğv edilməsi və ona əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1988-ci il tarixdə anadan olmuşdur. xx.xx.2016-cı il tarixində saat 02:00 radələrində Goranboy rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən odlu silah-mərminin partlaması zamanı əmələ gəlmiş partlayış dalğasının, birincili və ikincili qəlpələrin təsirindən mövcud bədən xəsarəti almışdır. Onun səhhətində çox ciddi problemlər var. Uzun illərdir ki, müxtəlif xəstəliklərdən əziyyət çəkir. Xəstəliklərinin başlıca səbəbi döyüş tapşırığını yerinə yetirərkən aldığı xəsarətlər ilə bağlıdır. xx.xx.2016-cı il tarixində döyüş tapşırıqlarını yerinə yetirərkən aldığı travmalara görə hərbi hissə həkiminə müraciət etmiş, ambulator və dəfələrlə stasionar müalicələr almışdır. xx.xx.2019-xx.xx.2019, xx.xx.2019-xx.xx.2019, xx.xx.2019-xx.xx.2019cü il tarixlərdə SQ BKH-da stasionar müayinə və müalicədə olmuş, müalicəsinin effekti qısa müddətli olmuşdur. xx.xx.2019-cu il tarixində şəhadətləndirilərək “Xəstəliklər cədvəli”nin 23b maddəsinin İİİ qrafasına əsasən “Sülh dövründə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı verilmişdir. xx.xx.2021-xx.xx.2021-ci il tarixinədək X5 adına Milli Oftalmologiya Mərkəzindən “OD-buynuz qisçasını dəlib-keçən yaralanması, quzehli qişanın yarada boğulması, travmatik katarakta” diaqnozu ilə stasionar müalicədə olmuşdur. xx.xx.2019-xx.xx.2019, xx.xx.2019-xx.xx.2019, xx.xx.2019-xx.xx.2019 - SQ BKH-da; xx.xx.2021-xx.xx.2021 - X5 adına Milli Oftalmologiya Mərkəzində; xx.xx.2022xx.xx.2022 - Respublika Psixiatriya Xəstəxanasında: xx.xx.2022-ci il tarixdə MN MHP da müayinə və müalicə olunmuşdur. O, bütün lazımı sənədlərini toplayaraq ona əlilliyin təyin edilməsindən ötrü cavabdehə müraciət etmişdir. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi vərəqəsində imtina cavabı verilmişdir. İmtina cavabının səbəbi Diaqnoz əlillik əlamətini təyin etmir göstərmişdir. Ona şifahi olaraq bildirilmişdir ki, həkim tam məlumatı VTEKƏ yerləşdirmədiyi üçün imtina cavabı verilir. Diaqnozu isə, üzvi şəxsiyyət pozuntusu, özünə xəsarət hərəkətləri və koqnitiv funksiyaların enməsi. Onun sağlamlığı yerində deyil. İş qabiliyyəti yoxdur. İşləmir və heç bir yerdən gəliri yoxdur. Cavabdehin yazılı etirazında göstərilmişdir ki, iddiaçının əlillik vəziyyəti sonuncu dəfə xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və əyani müayinə edilərək “diaqnoz əlillik əlaməti təyin etmir” barədə imtina qərarı verilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı və onun nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazı müdafiə etdi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin 59 nömrəli, xx.xx.2023-cü il tarixli məktubu ilə Həkim Psixiatr Komissiyasının 455 nömrəli, xx.xx.2023-cü il tarixli rəyinə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun olaraq iddiaçı Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: üzvi şəxsiyyət pozuntusu, özünə xəsarət hərəkətləri və koqnitiv funksiyaların enməsi ilə F 07.0. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2023-cü il tarixli qərara əsasən iddiaçıya əlilliyinin təyin edilməsindən imtina edilmişdir. Səbəb: diaqnoz əlillik əlaməti təyin etməməsi. Diaqnoz: keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin dağınıq üzvi nevroloji nişanələr və vegetativ damar davamsızlığı, mülayim kəllədaxili hipertenziya ilə müşayət olunan serebral araxnoiditlə nəticələnmiş qalıq əlamətləri. Üzvi (qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu. Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, odlu silahmərminin partlanması zamanı əmələ gəlmiş partlayış dalğasının birincili və ikincili qəlpələrin təsirindən başın ənsə nahiyəsinin yaraları ilə müşayət olunmuş qapalı kəllə beyin travması və sağ çiyin nahiyəsinin yarası. Diskogen mənşəli sağ tərəfli S1 radikulopatiyası. Arxa qütbün və ləkənin degenerasiyası. Yapışan leykoma Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında müayinəyə dair 7KFLZYA0001 nömrəli xx.xx.2020-ci il tarixli qərara əsasən xəstəliklərin beynəlxalq təsnifatı: XİX sinif – travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri – T90-T98 – travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri – T90 – başın… Diaqnozun mətni T90 Başın travmalarının nəticələri, döyüş əməliyyatlarında (04/2016) odlu silah mərmisinin (top mərmisi) partlayışı nəticəsində yaralanma. Qapalı kəllə beyin travması. Baş beynin travması. Baş beynin silkələnməsinin davamlı təzahür edən qalıq əlamətləri. Qapalı kəllə beyin travmasından sonrakı sol tərəfli piramid çatışmazlığı. Astenevrotik və vegetativ damar davamsızlığı ilə nəticələnmiş travmatik ensefalopatiya. Ağırlaşma T90.5 kəllədaxili travmaların nəticələri, vegetativ və hərəkəti-koordinator pozulmalarlamüşayət olunan kəllədaxili travmanın nəticəsi. Ağırlaşma G81 Hemiplegiya, sağ ətrafların nəzərə çarpan parezi. Ağırlaşma G25 digər ekstrapiramid və hərəkəti pozğunluqlar, keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı soltərəfli piramid çatışmazlığıhərəkəti pozğunluqlarla. Ağırlaşma S06.0 Baş beynin silkələnməsi, partlayış nəticəsində baş-beynin silkələnməsi – yaddaşın zəifliyi. Vestibülyar pozuntular, sol tərəfli piramid çatışmazlığı əlamətləri, hərəkəti-koordinator funksiyaların pozulması ilə. Ağırlaşma F48 digər neqativ pozğunluqlar, şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə biruzə verən kəskin asteno-nevrotik sindrom. Ağırlaşma G93.4 dəqiqləşdirilməmiş ensefalopatiya, travmatik ensefalopatiya. Ağırlaşma R56 başqa rubrikalarda təsnif olunmayan qıcolmalar, kəllə beyin travmasından sonrakı tez-tez təkrarlanan qıcolma tutmaları (ayda 7-8 dəfə olmaqla). Yanaşı xəstəliklər İ11 ürəyin hipertenziv xəstəliyi, hipertoniya xəstəliyi İİ mərhələ. Yanaşı xəstəliklər H53.8 Görmənin digər pozğunluqları, hər iki gözün torlu gişasının angiopatiyası. Yanaşı xəstəliklər M54.1 radikulopatiya, diskogen mənşəli sağ tərəfli (sağ aşağı ətraf funksiyalarının pozulması ilə) bel-oma radikuliti natamam remissiya mərhələsində. Meyar: imtina edilir. Mərkəzə göndərilmənin /İmtina edilmənin səbəbi: göndərişin natamam doldurulması – səbəb: xəstənin ağırlıq dərəcəsi, funksional pozğunluğu və ekspertiza üçün əhəmiyyətli olan digər xüsusiyyətləri qeyd edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında müayinəyə dair xxxxxxx0002 nömrəli xx.xx.2020-ci il tarixli qərara əsasən XİX sinif – travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri – T90-T98- travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri – T90 – başın… T90 Başın travmalarının nəticələri, döyüş əməliyyatlarında (04/2016) odlu silah mərmisinin (top mərmisi) partlayışı nəticəsində yaralanma. Qapalı kəllə beyin travması. Baş beynin silkələnməsinin davamlı təzahür edən qalıq əlamətləri. Qapalı kəllə beyin travmasından sonrakı sol tərəfli piramid çatışmazlığı. Astenevrotik və vegetativ damar davamsızlığı ilə nəticələnmiş travmatik ensefalopatiya. Ağırlaşma R56 Başqa rubrikalarda təsnif olunmayan qıcolmalar, kəllə beyin travmasından sonrakı tez-tez təkrarlanan qıcolma tutmaları (ayda 7-8 dəfə olmaqla). Ağırlaşma F48 digər neqativ pozğunluqlar, şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə biruzə verən kəskin asteno-nevrotik sindrom. Ağırlaşma G93.4 dəqiqləşdirilməmiş ensefalopatiya. Ağırlaşma G25 digər ekstrapiramid və hərəki pozğunluqlar, keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı soltərəfli piramid çatışmazlığı hərəki pozğunluqlarla. Ağırlaşma T90.5 kəllədaxili travmaların nəticələri, vegetativ və hərəkə-koordinator pozulmalarla müşayət olunan kəllədaxili travmanın nəticəsi. Ağırlaşma G81 Hemiplegiya, sağ ətrafların nəzərə çarpan parezi. Ağırlaşma S06.0 Baş beynin silkələnməsi, Partlayış nəticəsində baş-beynin silkələnməsi – yaddaşın zəifliyi. Vestübilyar pozuntular, sol tərəfi piramid çatışmazlığı əlamətləri, hərəki-koordinator funksiyaların pozulması ilə. Yanaşı xəstəliklər M54.1 radikulopatiya, diskogen mənşəli sağ tərəfli (sağ aşağı ətraf funksiyalarının pozulması ilə) bel-oma radikuliti natamam remissiya mərhələsində. Yanaşı xəstəliklər İ11 ürəyin hipertenziv xəstəliyi, hipertoniya xəstəliyi İİ mərhələ. Yanaşı xəstəliklər H53.8 görmənin digər pozğunluqları, hər iki gözün torlu gişasının angiopatiyası. Meyar: imtina edilir. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: əlavə müalicəyə ehtiyacın olması – səbəb: son 11 ayda heç bir müalicə almadığına görə DTSERX - əyani müayinədən keçməsi məsləhət görülür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında müayinəyə dair xxxxxxx0003 nömrəli xx.xx.2021-ci il tarixli qərara əsasən xəstəliklərin beynəlxalq təsnifatı: XİX sinif – travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri – T90-T98- travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri – T90 – başın… Diaqnozun mətni: Başın travmalarının nəticələri, döyüş əməliyyatlarında (04/2016) odlu silah mərmisinin (top mərmisi) partlayışı nəticəsində yaralanma. Qapalı kəllə beyin travması. Baş beynin silkələnməsinin davamlı təzahür edən qalıq əlamətləri. Qapalı kəllə beyin travmasından sonrakı sol tərəfli piramid çatışmazlığı. Astenevrotik və vegetativ damar davamsızlığı ilə nəticələnmiş travmatik ensefalopatiya. Meyar: imtina edilir. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: diaqnoz əlillik əlaməti təyin etməməsi – səbəb: diaqnoz əlillik təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında müayinəyə dair xxxxxxx0004 nömrəli xx.xx.2022-ci il tarixli qərarına əsasən xəstəliklərin beynəlxalq təsnifatı: V sinif – psixi pozğunluqlar və davranış pozğunluqları – F00-F09 –simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar – F07 – Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsi… Diaqnozun mətni: üzvi mənşəli şəxsiyyət pozğunluğu, üzvi (qapalı kəllə beyin travması nəticəsində emosional labil pozuntu, davranış pozuntuları ilə. Baş beynin silkələnməsi. Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, diskogen radikulopatiya. Xroniki xolesistit. Göz yuvasının dəlib-keçən yarası nəticəsində göz yuvasına çoxdan düşmüş, çıxarılmamış yad cisim, sağ gözün dəlib keçən güllə yaralamasından s/v. Qaraciyərin, başqa rubrikalarda təsnif olunmayan piy degenerasiyası, qaraciyər siteatozu. Meyar: imtina edilir. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: diaqnoz əlillik əlaməti təyin etməməsi – səbəb: diaqnoz əlillik əlaməti təyin etmir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin 24 may 2023-cü il tarixli, 3-17-4/3-3-3275/2023 saylı qərarından görünür ki, qiymətləndirilmiş və əyani müayinə edilərək “diaqnoz əlillik əlaməti təyin etmir” barədə imtina qərarı verilmişdir. İş materiallarına iddiaçının əlilliyinin qiymətləndirilməsi və tibbi sənədləri əlavə edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə kompleks məhkəmə tibbi və məhkəmə psixiatrik ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 T241/2025 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, iddiaçı 07xx.xx.2025-ci il tarixlərdə Respublika Psixiatriya Xəstəxanasında “F07.0- Üzvi (xx.xx.2016cı ildə aprel döyüşləri zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozğuntusu, tez- tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, özünə xəsarət hərəkətləri, koqnitiv funksiyaların enməsi ilə” diaqnozu ilə müayinə və müalicədə olmuşdur. Yəni o hazırda da həmin xəstəliklərdən əziyyət çəkir. Qərardadın 2-ci bəndindəki sualların həlli meyarlara aid olduğundan onların həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. Onun adına Sumqayıt Psixiatriya Xəstəxanası tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, X00085817BPA saylı Forma 088 göndərişində Əsas diaqnoz: F07.0- Üzvu mənşəli şəxsiyyət pozğunluğu. Üzvi (qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu.”F62.O-Fəlakət keçirdikdən sonra şəxsiyyəti davamlı dəyişikliyi” əsas xəstəliyin ağırlaşma kimi qeyd edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. İddiaçının müraciətinə əsasən cavabdeh tərəfindən əyani müraciət aparılaraq əlilliyin təyinindən imtina barədə qərar qəbul edilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda göstərilmişdir ki, bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir (1.1). Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir (1.2.). TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir (1.3.). Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir (1.4.). Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir (1.7.). Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır (2.1.). Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda (3.1.). İşdən göründüyü kimi iddiaçı müharibədə aldığı xəsarətlər nəticəsində səhhətində problemlər yarandığını bildirir və ona əlillik dərəcəsi təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. O, bir neçə dəfə tibb göndəriş alaraq cavabdehə müraciət etsə də, cavabdeh ona əlillik təyin etməkdən imtina etmişdir. İddiaçı sonuncu dəfə cavabdeh tərəfindən əyani müayinə olunaraq diaqnozun əlillik təyin etmədiyi üçün əlillik təyinindən imtina barədə qərar qəbul edilmişdir. İddiaçı hazırda həmin qərarı mübahisələndirir. Qeyd edilməlidir ki, şəxsə əlillik dərəcəsinin təyin edilməsi üçün onda yalnız əlillik təyinatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli Qərarı ilə təstiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulmuş xəstəliklərin olması kifayət deyildir. Həmin xəstəliklərin qeyd olunan “Meyarlar”ın müvafiq yarımbəndlərində nəzərdə tutulmuş ağırlaşmalara səbəb olması şəxsə əlillik təyinatına əsas verə bilər. Hərbi həkim komissiyası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli şəhadətnamədə qoyulmuş diaqnoz “Keçirilmiş qapalı kəllə-beyin travması dağınıq üzvi nevroloji nişanələr, vegetativ damar davamsızlığı, sağ gözün buynuz qişasının dəlib keçən yaralanmasına görə aparılmış birincili-cərrahi işlənməsi sonrakı buynuz qişanın çapığı nəticəsində görmə itiliyinin 0,8-ə qədər azalması, korreksiya etmir. Sol gözün görmə itiliyi 1,0 olmaqla” kimi qeyd edilmişdir. Eyni zamanda iddiaçıya tibbi göndərişdə qoyulmuş diaqnoz tibbi göndərişdə qoyulmuş diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu, F06.6 üzvi (qapalı kəllə beyin travması nəticəsində) emosional ləbil pozuntu, davranış pozuntuları ilə” olmuşdur. İddiaçıya qoyulmuş diaqnozların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli Qərarı ilə təstiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulmuş ağırlaşmalara səbəb olub-olmamasının təyin edilməsi üçün məhkəmə tərəfindən ekspertizalar təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 T241/2025 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyində ekspert rəyində iddiaçıda 07xx.xx.2025-ci il tarixlərdə Respublika Psixiatriya Xəstəxanasında “F07.0- Üzvi (xx.xx.2016cı ildə aprel döyüşləri zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozğuntusu, tez- tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, özünə xəsarət hərəkətləri, koqnitiv funksiyaların enməsi ilə” diaqnozlarının mövcud olduğu, eyni zamanda Sumqayıt Psixiatriya Xəstəxanası tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, X00085817BPA saylı Forma 088 göndərişində Əsas diaqnoz: F07.0- Üzvu mənşəli şəxsiyyət pozğunluğu. Üzvi (qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu.”F62.O-Fəlakət keçirdikdən sonra şəxsiyyəti davamlı dəyişikliyi” əsas xəstəliyin ağırlaşma kimi qeyd edildiyi bildirilmişdir. Həmin daqnozlarla bağlı ağırlaşmaların mövcud olub-olmaması ilə bağlı suallara isə ekspert cavab verməkdən imtina etmişdir. İş üzrə ekspert rəylərində iddiaçının tibbi göndərişdə ona qoyulmuş diaqnozlardan mövcudluğunun istisna edilmədiyi bildirilmişdir. Məhkəmə hesab edir ki, ekspert iddiaçıda həmin diaqnozların mövcudluğunu bildirsə də, həmin diaqnozların “Əlilliyin müəyyən olunması meyarları”na uyğunluğu və müvafiq ağırlaşmalara səbəb olub-olmaması barədə rəy verməkdən imtina etmişdir. Bu hal isə iddiaçının xeyrinə şərh edilməlidir. Belə ki, məhkəmə tərəfindən qərar qəbul edilməsi üçün əsas sübut qismində çıxış edən espert rəyində məsələnin bir hissəsinə qiymət verilməməsi iddiaçının ziyanına şərh edilə bilməz. İPM-də göstərilmişdir ki, İnzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır (101.6.). Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir (101.7.). Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-3275/2023 saylı qərar ləğv edilsin və İddiaçı əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-717/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-717/2025
18.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver