Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7170/2021 14.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X14 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakə şəhəri, Nizami rayon Polis İdarəsinə qarşı X5 və X7 məhkəmə icraatına 3-cü şəxslər qismində cəlb olunmaqla “qeydiyyatdan çıxarılması” barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanından həmin mənzildə qeydiyyatda olan 18.02.1992-ci il təvəllüdlü X2 və 27.06.1990-cı il təvəllüdlü X3 pasport qeydiyyatından çıxarılma vəzifəsinin cavabdeh Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7170/2021 saylı, 07 iyun 2021-ci il tarixli qərardadı ilə X6 və X7 3-cü şəxslər qismində işə cəlb edilmişdir. 21.06.2021-ci il tarixdə İddiaçı cavabdehin əsl cavabdehlə əvəz olunması barədə məhkəmə iclasından kənar ərizə təqdim edərək ünvan 1 ünvanında qeydiyyatda olan X2 və X3 pasport qeydiyyatından çıxarılma vəzifəsinin cavabdeh Bakı şəhər Nizami rayon Polis İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 21.06.2021-ci il tarixli, 2-1(112)-7170/2021 saylı qərardadı ilə ərizə icraata qəbul olunmuş, cavabdeh Bakı şəhəri, Sabunçu RPİ əsl cavabdeh Bakı şəhəri, Nizami RPİ ilə əvəz olunmuşdur. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və cavabdehə və üçüncü şəxslərə iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh və 3-cü şəxslər tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, 3-cü şəxslər və cavabdeh Bakı şəhəri, Nizami rayon Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin və 3-cü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev-90. 85 saylı mənzili o İddiaçı 09.01.2014-cü ildə alqı-satqı müqaviləsi ilə almış və həmin mənzil 21.01.2014-ci ildə adına mülkiyyət hüququ tanınmışdır. Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev-90. l 85 saylı mənzildə o və ailəsi yaşayır O, MKİS-nə müraciət edərək, mənzilindən keçmiş sakinlərin qeydiyyyatdan çıxdığına əmin olmaq istəmiş, lakin ona təqdim olunan arayışda mənzilin keçmiş sakinləri X2 və X3 hələ də onun mənzilində pasport qeydiyyatında olduqlarının şahidi olmuşdur. Qeydiyyatdan çıxarmaq istədiyi şəxslər mənzilin keçmiş sakinidirlər və həmin şəxslər qeydiyyatda olduğu ünvan 1-də yaşamırlar. Qeydiyyatdan çıxarmaq istədiyi şəxslər ilə alqı-satqı müqaviləsi bağlayarkən mənzildən qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdürlər və həmin mənzili ona sataraq mənzildən çıxmışdırlar. Mənzilin bütün komunal xərclərini o ödəyir. Həmin şəxslərin qeydiyyatda qalmağı ona maddi cəhətdən ziyan vurduğundan o əlavə kommunal xərclər ödəmək məcburiyyətində qalır və mənzilinə mülkiyyət hüquqlarından istifadə edə bilmir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini, ünvan 1 ünvanından X2 və X3 qeydiyyatdan çıxarılma vəzifəsinin Bakı şəhər Nizami rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin faktiki hallarından görünür ki, X8 09.01.2014-cü il tarixdə İddiaçı ilə bağladığı alqı-satqı müqaviləsi əsasında xüsusi mülkiyyətindəki, iki otaqdan ibarət, yaşayış sahəsi 28.81 kv.m, yardımçı sahəsi 18,4 kv.m, ümumi sahəsi 47,21 kv.m olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 90 saylı evin 85 saylı mənzilini İddiaçı mülkiyyətinə vermişdir. Hazırda iddiaçı 3-cü şəxslər X2 və X3 qeydiyyatdan çıxarılmasını tələb edir ki, bunu da həmin şəxslərin qeydiyyatının hazırda formal olması ilə əsaslandırır. MKİS tərəfindən verilən 19.04.2021-ci il tarixli, 149 nömrəli və Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 03.05.2021-ci il tarixli arayışlardan görünür ki, X6 və X7 ünvan 1 ünvanında qeydiyyatdadırlar. İşdə olan Bakı şəhəri Nizami rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 23.10.2020-ci il tarixli məktubdan görünür ki, X2 və X3 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmalarından imtina olunmuş, İddiaçı məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmə araşdırılması zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinə sorğu göndərilmiş, sorğuya cavab olaraq 06.07.2021-ci il tarixdə məhkəməyə daxil olmuş **********33 saylı cavab məktubunda qeyd edilmişdir ki, X2 və X3 Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 90, 85 saylı mənzilə dair istifadə hüquqlarının qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Eyni zamanda məktuba əlavə edilmiş 21.04.2014 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Həmçinin, 09.01.2014-cü il tarixli notariat işində olan ərizələrdən görünür ki, ünvan 1də qeydiyyatda olan X6 və X7 Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 90, 85 saylı X4 məxsus olan evin İddiaçı Tapqıq qızına satılmasına etiraz etməmişlər. Bundan əlavə X8 ilə 09.01.2014-cü il tarixdə İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, satıcı (X8) alıcıya (İddiaçı) üçüncü şəxslərin hüquqlarından azad mənzil verməyi öhdəsinə görümüşdür. Beləliklə, Məhkəmə qənaətə gəlmək üçün aşağıdakı qanunvericilik normalarına istinad edir: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci bəndinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Yuxarıda şərh olunan qanunvericilik normalarının tələblərinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. İşin hallarından məlum olur ki, hazırki işin mübahisə predmetini təşkil edən ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı X1 mülkiyyətindədir. Həmin mənzilə dair üçüncü şəxslərin istifadə hüququ, həmçinin onun qeydiyyata düşməsi barədə hüquqmüəyyənedici sənədlər mövcud deyildir. Həmçinin, satıcı iddiaçıya mənzili satan zamanı üçüncü şəxslərin hüquqlarından azad əmlak verməyi öhdəsinə götürmüşdür. İddiaçı Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək üçüncü şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmiş, lakin inzibati orqan əsassız olaraq iddiaçının tələbinin yerinə yetirilməsindən imtina etmişdir. Hazırkı mübahisədə həqiqətən də şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar mövcud deyil. Lakin həmin Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” iş üzrə qəbul etdiyi qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə” qarşı işdə isə Avropa Məhkəməsi öz qərarında göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Məhkəmə belə hesab edir ki, şəxsin mülkiyyətçiyə məxsus evdə qeydiyyatdan çıxarılması tələbi mülkiyyətçinin bu kimi hüquqlarından irəli gəlir. Belə olan təqdirdə Məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin üçüncü şəxslərin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmasından imtina etməsi İddiaçı hüquqlarının pozulmasına səbəb olmuşdur. Beləliklə, Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, X2 və X3 Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 90, 85 saylı mənzildən qeydiyyatdan çıxarılma vəzifəsi cavabdeh Bakı şəhəri, Nizami rayon Polis İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 34-cü, 68-ci, 69-cu, 85-ci,10-cu mаddələrini rəhbər tutаrаq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 90, 85 saylı mənzildən üçüncü şəxslər X2 və X3 qeydiyyatdan çıxarılması vəzifəsi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakıİ nzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-7170/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7170/2021
14.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver