Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7170/2022 04.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, iddiaçı X1 iştirakı ilə, iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “məlumatların təkzib edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında (Bakı şəh. N.Vəzirov küç. 56), açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işgüzar nüfuzunu ləkələyən Daxili Tədqiqatlar İdarəsinin rəydə mövcud olan həqiqətə uyğun olmayan məlumatları təkzib etmək üçün cavabdehin üzərinə qoyulması və Ə-746 №-li, 09 sentyabr 2014-cü il tarixli əmrlərlə onun üzərinə qoyulmuş 3.2, 3.4, 3.8, 3.9 və 65-ci bəndlərin növündə intizam tənbehinin ləğv olunması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, sentyabr 2014-cü il tarixdə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Tədqiqatlar idarəsinin rəyi əsasında onu daxili işlər orqanlarından Ə - 746 № -li, 09 sentyabr 2014-cü il tarixli əmrlə intizam nizamnaməsinin 3.2, 3.4, 3.8, 3.9 və 65- ci bəndlərinin tələblərini pozaraq mütamadi olaraq üzərinə düşən vəzifələrin icrasından yayınaraq katibliyin işinə müdaxilə etdiyinə görə və attestasiyadan keçmədiyi üçün xaric etmişlər. 12 sentyabr 1990-cı il tarixdən o, yəni X4, AR Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin dəftərxana rəisi vəzifəsində işləmişdir. 1998 iyul ayında analıq məzuniyyətinə çıxmışdır. 2001-ci ildə onun xəbəri olmadan onu həmin idarənin katibliyinin operatoru vəzifəsinə təyin etmişlər. 2003-cü ildə analıq məzuniyyətindən döndükdən sonra idarənin rəisi ona başqa idarəyə keçməyi təklif etmişdir. O, bununla razılaşmayıb həmin idarədə qalmış ki, onu vəzifəsinə qaytarsınlar. Lakin ona daktiloskopik kartotekasını səliqəyə salmağa vermişlər. Saxlama müddəti daimi olan jurnal olmadığından o, məcbur olub yeni jurnala işlər daxil edib və kartotekaya yerləşlədirmişdir. 2009-cu ildən idarənin yeni rəisi onu katibliyə keçirmişdirdi. 2011-ci ildə onu Kriminalistik şöbəsinə kiçik inspektor vəzifəsinə təyin etmişlər. Bu vəzifələrin dəyişdirilməsi nə razılığı, nə də ərizələri olmamışdır. 10.09.2014-cü il tarixində Daxili Tədqiqatlar idarəsinin əməkdaşları yazdığı raporta aydınlıq gətirmək üçün ondan izahat almışlar. AR DİN-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş AR DİN DTİ rəyində qeyd edildiyi AR DİN KTİ-nin əməkdaşları izahatlarında ona iftira, şər, heç bir əsası olmayan böhtanlar atıb və bunu əsas tutaraq onu orqandan xaric ediblər. Göstərilən məlumatlar həqiqətə uyğun deyil, çünki o, 1990-cı ildə dəftərxana rəisi vəzifəsinə qəbul olunmuşdur. Cavabdehin hərəkətləri nəticəsində onun işgüzar nüfuzuma ziyan vurulmuşdur. Bundan başqa, cavabdeh tərəfindən onun işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması nəticəsində hazırki vaxtadək özünə iş tapa bilmir və peşəkar fəaliyyətini bu günə kimi davam etdirilməsi mümkün deyil. İddiaçı qeyd olunanların nəzərə alınmaqla iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən məhkəməyə təqdim olunmuş etirazda göstərilmişdir ki, iddiaçı Sevinc Əzizova Azərbaycan Respublikası Daxili işlər Nazirliyinə qarşı “işgüzar nüfuzun müdafiəsi və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi’’ tələbi ilə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Aparılmış xidməti təhqiqat nəticəsində müəyyən edilmişdir kı, 11.04.2011-ci il tarixdən Kriminalistik Tədqiqatlar idarəsinin katibliyinin operatoru vəzifəsindən azad edilərək, Kriminalistika şöbəsinin kiçik inspektoru vəzifəsinə təyin edilən Sevinc Əzizova mütəmadi olaraq üzərinə düşən vəzifələrin icrasından yayınmış, 2012-ci ilin noyabr ayından etibarən yenidən özbaşına İdarənin katibliyinə qayıdaraq Katibliyin rəisi Jalə Quliyevanın işinə müdaxilə etmişdir. Həmçinin polis baş serjantı Sevic Əzizovanın idarə və şöbə rəhbərliyinin tələblərinə məhəl qoymayaraq polis geyim formasını daşımaqdan imtina etməsi, mütəmadi işə gecikməsi, üzürsüz səbəbdən xidmətdən yayınması, iş yoldaşları ilə münasibətdə qeyri-etik hərəkətlərə yol verməsi, xidməti peşə hazırlığı dərslərində iştirak etməməsi ilə bağlı intizam məsuliyyətinə cəlb edilməsinə və dəfələrlə xəbərdar olunmasına baxmayaraq hərəkətlərini davam etdirməsi ilə əlaqədar 15.03.2014-cü il tarixdə onun hərəkətləri Yerli Attestasiya Komissiyasında müzakirə olunaraq daxili işlər orqanlarında xidmətdən xaric edilməyə layiq olması barədə qərar qəbul edilsə də S.Əzizova idarə rəhbərliyi tərəfindən ciddi xəbərdar olunmaqla kifayətlənərək tərtib edilmiş attestasiya vərəqi Mərkəzi Attestasiya Komissiyasına göndərilməmişdir. Bundan əlavə polis baş serjantı Sevinc Əzizova 30.06.2014-cü il tarixdə İdarə rəisi Gündüz Sadıxovun xidməti otağına daxil olaraq ona maddi yardım göstərilməsi barədə nazir müavininə ünvanladığı raporta imza etməsini tələb etmiş, ona hüquq və vəzifələri izah edildikdə tabesizlik göstərərək nalayiq ifadələrlə səs-küy salıb İdarə rəisinin xidməti otağını tərk etməkdən imtina edərək iş rejimini pozmuşdur. Kiçik inspektor Sevinc Əzizovanın bu hərəkətləri aktlaşdırılıb həmin tarixdə Kriminalistika şöbəsinin iclasında müzakirə edilmiş və onun növbədənkənar attestasiyadan keçirilməsi üçün KTİ-nin Yerli Attestasiya Komissiyasına müraciət edilməsi haqda qərar qəbul olunmuşdur, 2 ay müddətində hərəkətlərində dönüş yaratmayacağı təqdirdə 01.09.2014-cü il tarixdə Yerli Attestasiya Komissiyasında onun xidmətdə qalıb-qalmaması məsələsinə baxılması barədə YAK-ın sədri, idarənin rəis müavini Rövşən Bayramova göstəriş verilmişdir. Lakin polis baş serjantı Sevinc Əzizova rəhbərliyin iradlarını səmimi qəbul edib fəaliyyətində dönüş yaratmaq əvəzinə 01.09.2014-cü il tarixdə KTİ-nin rəhbərliyi tərəfindən təzyiqlərə məruz qalması və ona maddi yardım göstərilməsindən imtina edilməsi barədə DİN-in rəhbərliyinə həqiqətəuyğun olmayan məzmunda müraciət etmişdir. Polis baş serjantı Sevic Əzizovanın müraciətində göstərilən xüsusatlar araşdırılarkən müəyyən edilmişdir ki, 2011-ci ildən etibarən hər il ona maddi yardım göstərilmiş, eyni zamanda müalicə olunması ilə əlaqədar pul müavinəti ilə də təmin edilmişdir. Rəhbərlik tərəfindən mənfi xarakterizə olunan S.Əzizova xidməti təhqiqat prosesində qeyri-səmimi mövqe tutaraq yol verdiyi qəbahətləri təkzib etmişdir. “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi” nin 1, 2, 9, 14, 17 və 22-ci maddələrinin, “ İntizam Nizamnaməsinin” 3.2, 3.4, 3.8, 3.9 və 65-ci bəndlərin tələblərini pozaraq mütəmadi olaraq üzərinə düşən vəzifələrin icrasından yayınaraq katibliyin işinə müdaxilə etdiyinə, idarə və şöbə rəhbərliyinin tələblərinə məhəl qoymayaraq polis geyim formasını daşımaqdan imtina etdiyinə, üzürsüz səbəbdən xidmətdən yayındığına və işə gecikdiyinə, iş yoldaşları ilə münasibətdə qeyri-etik hərəkətlərə yol verdiyinə, xidməti peşə hazırlığı dərslərində iştirak etmədiyinə, 30.06.2014cü il tarixdə İdarə rəisi Gündüz Sadıxovun xidməti otağında intizamsızlıq göstərərək İdarə rəisinin xidməti otağını tərk etməkdən imtina etdiyinə, yol verdiyi qəbahətlərə görə rəhbərliyin irad və tənqidini qərəzli mövqe kimi qəbul edərək fəaliyyətində əsaslı dönüş yaratmaq əvəzinə İdarə rəhbərliyinin barəsində DİN-in rəhbərliyinə bilərəkdən qərəzli və həqiqətəuyğun olmayan məzmunda şikayət etdiyinə, rəhbərlik tərəfindən mənfi xarakterizə olunduğuna, xidməti təhqiqat prosesində qeyri-səmimilik göstərərək, yol verdiyi qəbahətləri təkzib etdiyinə, bu hərəkətləri ilə daxili işlər orqanları əməkdaşı adına və polisin nüfuzuna xələl gətirdiyinə görə DİN-in KTİ-nin Kriminalistika şöbəsinin kiçik inspektoru polis baş serjantı X5 “ Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə ”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən DİN-in 09.09.2014-cü il tarixli Ə746-001-14 nömrəli əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Bununla yanaşı S.Əzizova DİN-ə qarşı işdən azad olunma barədə əmrin ona aid hissəsinin ləğv olunması barədə 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət etsə də sonuncunun iddiasının təmin olunmaması barədə 21.10.2016-cı il tarixli qərardad qəbul olunmuş, birinci instansiya məhkəməsindən verdiyi apellyasiya şikayətinə Bakı Appellyasiya Məhkəməsində baxılaraq məhkəmənin 06.12.2016-cı il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmış, eləcə də Bakı Appellyasiya Məhkəməsindən verdiyi kassasiya şikayətinə Ali Məhkəmədə baxılaraq məhkəmənin 14.11 2017-ci il tarixli qərarı ilə Bakı Appellyasiya Məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin “Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri” ni müəyyən edən 296-cı maddəsinin 2-ci bəndində göstərildiyi kimi fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən bir təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Göstərilənlərdən aydın olur ki, Sevinc Əzizovanın DİN-ə qarşı “işgüzar nüfuzun müdafiəsi və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbi barədə qaldırdığı iddiasında göstərdiklərinin heç bir hüquqi əsası yoxdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4159/2021 saylı iş üzrə qəbul etdiyi 06 oktyabr 2021-ci il tarixli qərardadı ilə iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “məlumatların təkzib edilməsi və s.” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. Qərardadla razı olmayan iddiaçı X4 qərardaddan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4159/2021 saylı iş üzrə qəbul etdiyi 06 oktyabr 2021-ci il tarixli qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-666/2022 saylı 18 yanvar 2022-ci il tarixli qərardadı ilə iddiaçı X2 apellyasiya şikayəti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin e-2-1(103)-4159/2021 saylı, 06.10.2021-ci il tarixli qərardadının ləğv edilməsi, iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “onun işgüzar nüfuzunu ləkələyən Daxili Tədqiqatlar İdarəsinin rəydə mövcud olan həqiqətə uyğun olmayan məlumatları təkzib etmək üçün cavabdehin üzərinə qoyulması və Ə-746 №-li, 09 sentyabr 2014-cü il tarixli əmrlərlə onun üzərinə qoyulmuş 3.2, 3.4, 3.8, 3.9 və 65ci bəndlərin növündə intizam tənbehinin ləğv olunması vəzifəsinin cavabdehə həvalə olunması” tələbinə dair inzibati işin müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qərardadında göstərilmişdir ki, iş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin mümkün sayılmaması barədə nəticəyə gəlsə də, iddiaçıya İPMnin 13-cü maddəsində nəzərdə tutulmuş məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq, iddia tələbinin dəqiqləşdirilməsi barədə təklif edilməmişdir. İPM-nin 87.9-cu maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsinin məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirilməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Bununla bağlı məhkəmənin 18 mart 2022-ci il tarixli məktubu ilə, iddiaçı X3 iddia ərizəsində yol verilmiş formal xətaların aradan qaldırılmaqla, iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) və iddiaya cavab verməli olan cavabdehin dəqiqləşdirilməsi təklif olunmuşdur. İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsində yol verilmiş formal xətaların aradan qaldırılmaqla, iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim olunmamış və müvafiq olaraq iddiaya cavab verməli olan cavabdeh dəqiqləşdirilməmişdir. İddiaçı tərəfindən “Elektron məhkəmə sistemi” vasitəsilə məhkəməyə ünvanlanmış “İPM-nin 13-cü maddəsinin tələblərinə uyğun olaraq aydın olmayan iddia tələbinin dəqiqləşdirilməsinin aparılması üçün” 12.04.2022-ci il tarixli ərizədə “Məhkəmə Ekspertizası fəaliyyəti haqqında” Qanunun 21-ci maddəsinə əsasən materialların məhkəmə ekspertiza idarəsinə göndərilməsi ilə bağlı Vəkil həvalə edilməsi üçün qərar çıxarılması xahiş olunumuşdur ki, məhkəmə hesab edir ki, qeyd olunan ərizə iddianın dəyişdirilməsi (iddianın əsasını və ya predmetini dəyişdirilməsi, iddia tələbinin həcmini artırılması və ya azaldılması) kimi qəbul oluna bilməz. Məhkəmə iclasında iştirak edən iddiaçı X4 iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia ərizəsində qeyd olunanların nəzərə alınmaqla iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 30.04.2021-ci il tarixli 022/22-5636-1221 №li məktubla məhkəməyə təqdim olunmuş; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 10 avqust 2001-ci il tarixli 1298ş/h №li əmrində göstərilmişdir ki, polis sıravisi X4 “20” iyul 2001-ci il tarixdən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ekspert-Kriminalistika İdarəsinin kiçik inspektoru, o da dəftərxana müdiri vəzifəsindən azad edilib, “10” avqust 2001-ci il tarixdən Kriminalistik Tədqiqatlar İdarəsinin dəftərxanasının operatoru vəzifəsinə təyin edilsin. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 09 sentyabr 2014-cü il tarixli Ə746-001-14 №li əmrində göstərilmişdir ki, “Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi”nin 1,2,9,14,17 və 22-ci maddələrinin, “İntizam Nizamnaməsi”nin 3.2, 3.4, 3.8, 3.9 və 65-ci bəndlərinin tələblərini pozaraq mütəmadi olaraq üzərinə düşən vəzifələrin icrasından yayınaraq katibliyin işinə müdaxilə etdiyinə, idarə və şöbə rəhbərliyinin tələblərinə məhəl qoymayaraq polis geyim formasını daşımaqdan imtina etdiyinə, üzürsüz səbəbdən xidmətdən yayındığına və işə gecikdiyinə, iş yoldaşları ilə münasibətdə qeyri-etik hərəkətlərə yol verdiyinə, xidməti peşə hazırlığı dərslərində iştirak etmədiyinə, 30.06.2014-cü il tarixdə İdarə rəisi Gündüz Sadıxovun xidməti otağında intizamsızlıq göstərərək İdarə rəisinin xidməti otağını tərk etməkdən imtina etdiyinə, yol verdiyi qəbahətlərə görə rəhbərliyin irad və tənqidini qərəzli mövqe kimi qəbul edərək fəaliyyətində əsaslı dönüş yaratmaq əvəzinə İdarə rəhbərliyinin barəsində DİN-in rəhbərliyinə bilərəkdən qərəzli və həqiqətəuyğun olmayan məzmunda şikayət etdiyinə, rəhbərlik tərəfindən mənfi xarakterizə olunduğuna, xidməti təhqiqat prosesində qeyrisəmimilik göstərərək, yol verdiyi qəbahətləri təkzib etdiyinə, bu hərəkətləri ilə daxili işlər orqanları əməkdaşı adına və polisin nüfuzuna xələl gətirdiyinə görə DİN-in KTİ-nin Kriminalistika şöbəsinin kiçik inspektoru polis baş serjantı X5 “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə ”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilsin. İlkin iddia tələbindən məlum olur ki, iddiaçı onun işgüzar nüfuzunu ləkələyən Daxili Tədqiqatlar İdarəsinin rəydə mövcud olan həqiqətə uyğun olmayan məlumatları təkzib etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması və Ə-746 №-li, 09 sentyabr 2014-cü il tarixli əmrlərlə onun üzərinə qoyulmuş 3.2, 3.4, 3.8, 3.9 və 65-ci bəndlərin növündə intizam tənbehinin ləğv olunmasını xahiş etmişdir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-nin 8.1.3-cü maaddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 №li 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, inzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılır (bənd 12). İPM-nin 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir (bənd 15.1) Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati-iqtisadi inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır (bənd 15.2). Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (bənd 15.3). Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh inzibati orqan arasında yaaranmış hazırki mübahisəli hüquq münasibətləri dövlət qulluğu ilə bağlı olmadığından (iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən sonuncu dövlət qulluqçusu və ya hərbi qulluqçu olmadığından) və iddiaçının barəsində həqiqətə uyğun olmayan məlumatları təkzib etmək barədə cavabdehə qarşı irəli sürdüyü iddia tələbinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin (Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi) tələblərinə uyğun olaraq baxılmalı olduğundan, hazırki iddiaya inzibati icraat qaydasında baxıla bilməz və bu zaman iddiaçıya izah olunmalıdır ki, hazırki iddia ərizəsi ilə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəməyə müraciət etmək hüququ vardır. Odur ki, yuxarıda qeyd olunanlara əsasən işin bu cür halında iddia mümkün sayılmamalıdır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “məlumatların təkzib edilməsi və s.” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-7170/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7170/2022
04.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver