Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7170/2024 23.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinə (hazırda Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsi) qarşı “qərarın ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinə (hazırda Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsi, bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş sadələşdirilmiş vergi 4-cü rüb 2022-ci il üzrə xx.xx.2023-cü il tarixli, **********775500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin sadələşdirilmiş vergi 4-cü rüb 2022-ci il üzrə xx.xx.2023-cü il tarixli **********775500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən iddiaçıya kameral vergi yoxlaması nəticəsində vergi məbləğləri hesablanmışdır. Vergilərin hesablanması haqqında qərarla kameral olaraq hesablanmış gəlir vergisi məbləğləri əsassız və qanunsuz olaraq hesablanmışdır. Göstərilən qərarın qəbul edilməsinə əsas kimi sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilmədiyinə görə əlaqəli məlumatlara əsasən sadələşdirilmiş vergi hesablanması qeyd edilmişdir. Belə ki, hər hansı maddə və ya qanunda sadələşdirilmiş vergi ödəyicisi olan şəxsə əvvəlki hesabat dövrlərinə görə əlavə vergi məbləğlərinin eyni bir dövrdə hesablanması nəzərdə tutulmamışdır. Vergi Məcəlləsinə əsasən sadələşdirilmiş vergi ödəyicisi tərəfindən illik hesabatlar 4 rüb üzrə verilir. Yəni 2022-ci il üzrə 4 rüb təşkil etməsinə baxmayaraq vergi orqanı tərəfindən bu hesabatlar yalnızca bir dövrə aid edilmişdir. Əgər vergi ödəyicisi vergidən yayınırsa və vergi hesabatını təqdim etmirsə, sadələşdirilmiş vergini ödəməkdən yayınmışdırsa bu zaman keçmiş dövrlər üzrə kameral münasibət bildirilməli idi. Buradan da aydın olur ki, həmin zaman vergi ödəyicisinin hər hansı vergidən yayınma halı olmamış və kameral münasibət bu səbəbdən bildirilməmişdir. Bu isə vergi orqanının qərəzli mövqeyini və qanunsuz əməllərini açıq aşkar sübuta yetirir. xx.xx.2023-cü il tarixdə sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edilməsi müddəti bitmişdir. Həmin bəyannaməyə kameral münasibət bildirilməsi üçün müəyyən edilmiş 30 iş günü isə vergi orqanı tərəfindən ötürülmüşdür. Bu isə Vergi Məcəlləsinin 37-ci maddəsinə əsasən qəbul edilmiş qərarın qanunsuz olmasına dəlalət edir. Bu səbəbdən qərar ləğv edilməlidir. Vergi orqanının sadələşdirilmiş vergi hesablamasında vergi tutma obyekti olaraq hansı vergi tutma obyektinə istinad etməsi qeyri-müəyyəndir. Vergi Məcəlləsinin 12-ci maddəsində vergi tutmanın əsasları qeyd edilmişdir. Vergi orqanı tərəfindən qəbul edilmiş qərar tamamilə əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Hər bir rübün hesabat dövrü müəyyən edilmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etirazda göstərilmişdir ki, cavabdehin uçot-baza məlumatlarına əsasən 2022-ci il ərzində tərtib edilmiş elektron alış aktı üzrə iddiaçı tərəfindən 31600 manat dəyərində mal (nəqliyyat vasitəsi) təqdim edilməsi müəyyən edilmişdir. Aparılan araşdırma zamanı iddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2022-ci il tarixdə EAA seriyalı, 604301 və 604268 nömrəli elektron alış aktlarına əsasən hər biri 15800 manat olmaqla 2 ədəd ümumilikdə 31600 manat dəyərində “KİA CEED” markalı avtomobillərin təqdim edildiyi müəyyən edilmişdir. Həmçinin, yük gömrük bəyannaməsinə əsasən iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə mühərrik həcmi 1497 sm3, şassi/ban no:JTDKB20UX83331759 nömrəli xx.xx.2007-ci il istehsalı olan “TOYOTA PRİUS” (benzin elektrik hibrid) markalı avtonəqliyyat vasitəsinin idxalı müəyyən edilmişdir. Uçot-baza məlumatlarına əsasən vergi ödəyicisi tərəfindən 2022-ci il üzrə 11389,41 manat dəyərində nəqliyyat vasitəsinin idxal edilməsinə və alış aktı ilə 31600 manat dəyərində 2 ədəd minik avtomobilinin təqdim edilməsinə baxmayaraq, müvafiq dövr üzrə sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış kənarlaşma ilə bağlı vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli, **********710200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Vergi ödəyicisi tərəfindən müvafiq dövr üzrə sadələşdirilmiş vergi bəyannaməsi, əsaslandırılmış izahat və araşdırmaya zəruri hesab olunan müvafiq təsdiqedici sənədlər vergi orqanına təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən, kameral vergi yoxlaması ilə 2022-ci ilin 4-cü rübü üçün sadələşdirilmiş vergi bəyannaməsi üzrə 859,79 manat əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********775500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Həmçinin, iddiaçı tərəfindən qeyd olunan qərarın ləğv edilməsi ilə bağlı iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Belə ki, iddiaçının ərizəsində ləğvini tələb etdiyi xx.xx.2023-cü il tarixli, **********775500 nömrəli qərarın iddiaçıya həmin tarixdə (həmin gündə) saat 15:17-də göndərilməsi təmin edilmiş və iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə 14:13:22-də oxunmuşdur. İddiaçıya şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. İddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə təqdim edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazı müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.2000-ci ildə anadan olmuşdur və Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçıya məxsus xx.xx.2022-ci il tarixli, ********** nömrəli VÖEN-dən görünür ki, iddiaçı həmin VÖEN-ə əsasən vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmışdır. VÖENdə iddiaçının fəaliyyət istiqaməti kimi “taksi fəaliyyəti” göstərilmişdir. İddiaçı fərdi sahibkar kimi fəaliyyətini müvəqqəti dayandırmışdır. xx.xx.2022-ci il tarixli tarixli gömrük bəyannaməsinə əsasən iddiaçı tərəfindən “TOYOTA PRİUS (HİBRİD) minik” markalı 2007-ci il buraxılışlı nəqliyyat vasitəsi ölkəyə idxal edilmişdir. EAA seriyalı 604301 və 604268 nömrəli elektron alış aktlarına əsasən iddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2022-ci il tarixdə hər biri 15800 manat olmaqla 2 ədəd ümumilikdə 31600 manat dəyərində KİA CEED markalı avtomobillərin təqdim edildiyi görünür. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********775500 saylı, xx.xx.2023-cü il tarixli Qərarına əsasən iddiaçıya bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış 859,79 manat vergi və ya sığorta haqqı hesablanmışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubunda göstərilmişdir ki, aparılmış araşdırma zamanı iddiaçının 2022-ci il ərzində sahibkarlıq fəaliyyəti üzrə aparılmış kameral vergi yoxlanılması zamanı uçot baza məlumatlarına əsasən uçot baza məlumatlarına əsasən il ərzində 0 manat məbləğində hesabat dövrünün əvvəlinə ehtiyatlar üzrə mal qalığı olduğu; 0 manat məbləğində hesabat dövrünün əvvəlinə debitor borc olduğu; 0 manat məbləğində bank hesablarına vəsaitin daxil olduğu; 0 manat məbləğində malların ixrac edildiyi; manat məbləğində nəzarət-kassa aparatları vasitəsilə dövriyyəsinin olduğu; 0 manat məbləğində elektron qaimə-faktura əldə edildiyi; 11389,41 manat məbləğində malların idxal edildiyi; 0 manat məbləğində malların alış aktı ilə əldə edildiyi müəyyən edilmişdir. Bildirilmişdir ki, bəyannamə təqdim etmək öhdəliyinin və iqtisadi göstəricilərinin olmasına baxmayaraq, müvafiq dövrlər üzrə sadələşdirilmiş vergi bəyannamələrinin təqdim edilməməsi və müvafiq göstəricilərin vergi orqanına bəyan edilməməsi vergidənyayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar sadələşdirilmiş vergi bəyannaməsinin və ya ətraflı izahat məktubunun 5 (beş) gün müddətində vergi orqanına təqdim olunması tələb edilmişdir. İddiaçının şəxsi hesab vərəqəsindən çıxarışa əsasən onun xx.xx.2024-cü il tarixə 859,79 manat əsas, 313,82 manat faiz borcu olmuşdur. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş sadələşdirilmiş vergi 4-cü rüb 2022-ci il üzrə xx.xx.2023-cü il tarixli **********775500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Həmin qərarla iddiaçıya əlavə vergi məbləği hesablanmış və iddiaçının hüquqları məhdudlaşdırılmışdır. Bu səbəbdən iddia mahiyyətcə mübahisələndirmə barədə iddiadır. İddiaçı xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət etmiş, işdən görünür ki, qərarın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş 30 günlük müddəti ötürməmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 16.1-ci maddəsinə əsasən 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; 16.1.2. vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq; 16.1.4-3. bu Məcəllənin 14-2.2-ci maddəsində nəzərdə tutulan arayışı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi formada mənfəət (gəlir) vergisi bəyannaməsi üçün nəzərdə tutulan müddətdə vergi orqanına təqdim etmək vergi orqanının vəzifələrinə aid edilmişdir. Həmin Məcəllədə həmçinin göstərilmişdir ki, bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir (71-2.1.). Elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir (71-2.2.). Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir (71-2.3.). İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı EAA seriyalı 604301 və 604268 nömrəli elektron alış aktlarına əsasən tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2022-ci il tarixdə hər biri 15800 manat olmaqla 2 ədəd ümumilikdə 31600 manat dəyərində KİA CEED markalı avtomobilləri satmışdır. xx.xx.2022-ci il tarixli tarixli gömrük bəyannaməsinə əsasən iddiaçı tərəfindən “TOYOTA PRİUS (HİBRİD) minik” markalı 2007-ci il buraxılışlı nəqliyyat vasitəsi ölkəyə idxal edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixində vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmışdır. Qeyd edilməlidir ki, iddiaçı xx.xx.2022-ci il tarixində vergi ödəyicisi kimi qeydə alınmış olsa da, faktiki olaraq bundan əvvəl avtomobil alışı və satışı ilə məşğul olmuş, buna baxmayaraq sadələşdirilmiş vergi bəyannamələrini təqdim etməmişdir. Vergi Məcəlləsinin 218.2-ci maddəsində göstərilmişdir ki, sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan vergi ödəyicisi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) hər il aprel ayının 20-dən gec olmayaraq, müvafiq bəyannaməni və ya bu Məcəllənin 218.1-ci maddəsində qeyd olunan hüquqlardan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduğu vergi orqanına təqdim edir. Bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin təqvim ilinin sonunadək seçdiyi metodu dəyişdirmək hüququ yoxdur. Vergi ödəyicisi qeyd olunan müddətdə bəyannaməni və ya yazılı məlumatı təqdim etmədikdə, vergi orqanı vergi ödəyicisinin əvvəlki vergi ilində seçdiyi metodu tətbiq edir. İl ərzində yeni fəaliyyətə başlayan vergi ödəyicisi vergi uçotuna durmaq üçün ərizədə qeyd etdiyi metodu tətbiq edir. Bu Məcəllənin 158.2-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinin ƏDV qeydiyyatı ləğv edildikdə, o, öz fəaliyyətini bu Məcəllənin 218.1.1-ci maddəsinə uyğun və ya gəlir (mənfəət) vergisi ödəyicisi kimi davam etdirmək barədə müraciət edə bilər. Həmin Məcəllənin 219-cu maddəsində göstərilmişdir ki, hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi vergitutma obyektidir (219.1.). Göründüyü kimi iddiaçı sadələşdirilmiş verginin ödənilməsindən yayınmış və bu səbəbdən ona kameral qaydada vergi borcu hesablanmışdır. İddiaçı öz iddia ərizəsində xx.xx.2023-cü il tarixdə sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edilməsi müddətinin bitdiyini və həmin bəyannaməyə kameral münasibət bildirilməsi üçün müəyyən edilmiş 30 iş günün isə cavabdeh tərəfindən ötürüldüyünü bildirmişdir. Vergi Məcəlləsində göstərilmişdir ki, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir (37.1.). Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz (37.2.). Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır (37.4) Qanunun qeyd edilən müddəalarından görünür ki, vergi ödəyicisi tərəfindən zəruri sənədlər təqdim edilmədikdə vergi orqanının Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən əlaqəli məlumatlardan istifadə etməklə vergiləri hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin 67.1-ci maddəsində isə digər hallarla yanaşı Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ təsbit edilmişdir. Qeyd edilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, cavabdehin qəbul etdiyi qərar əsaslı və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Bu səbəbdən iddia əsaslı sayıla və təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “xx.xx.2023-cü il tarixli, **********775500 saylı qərarın ləğv edilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-7170/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7170/2024
23.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver