Məhkəmə qərarları › İş №2-1(112)-7171/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7171/2024

16.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7171/2024 16.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclasının katibi İbazadə Aytən Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “müavinətin ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixindən - xx.xx.2022-ci ilədək ötürülmüş 1 il, 1 ay, 4 gün üçün pensiya məbləğinin cavabdeh tərəfindən hesablanmasının və ona ödənilməsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçının ərizəsinə əsasən məhkəmənin qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixindən sonra xx.xx.2022-ci il tarixində aparılan təkrar qiymətləndirmə nəticəsində əlillik təyinatı yenidən aparılmışdır. Əlillik statusunun bitdiyi tarixdən təkrar təyinata qədər ötürülmüş müddətə (1 il 1 ay 4 gün) görə pensiyanın ödənilməsində Dövlət Sosial Müdafiə Fondu tərəfindən imtina edilməsini qanunsuz hesab edir. İlk əlillik təyinatın ümumi xəstəlik səbəbindən xx.xx.2015-ci ildə 1 il müddətinə, növbəti təyinat xx.xx.2016-ci il tarixində 5 il müddətinə xx.xx.2021-ci il tarixinədək aparılmışdır. xx.xx.2021-ci il tarixindən sonra iki dəfə əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Səhiyyə müəssisəsi tərəfindən Forma 88 göndərilməsinə baxmayaraq, Tibbi-sosial ekspert komissiyası tərəfindən göndərişin natamam doldurulması, sonra isə müalicənin davam etdirilməsi qərarı verilmişdir. Şəkər xəstəliyinin sağalmaz olmasını və onun ağırlaşmış fəsadlarının müalicə ilə aradan qaldırılmasının mümkün olmaması səbəbindən Mərkəzi Tibbi-sosial ekspert komissiyasında nəzarət qaydasında təkrar müayinə edildikdən sonra, xx.xx.2022-ci il tarixindən 2 il müddətinə, Ümumi xəstəlik səbəbindən xx.xx.2024-cü il tarixinədək ona əlillik təyinatı aparılmışdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Hesab edir ki, Qanunda qeyd edilən 6 ay müddət ümumi yanaşmadır və ona əlillik vəziyyətinə, şəkər xəstəliyinin sağalmaz və ağırlaşmalarının müalicə olunmaması, yalnız dərmanlar vasitəsi ilə müəyyən müddətlik səhhətinin stabil saxlanılmasının mümkünlüyü nəzərə alınmalıdır. Şəkər xəstəliyi səbəbindən ilk əlillik təyinatının 2015-ci ildən aparıldığını və hazırda artıq 9 il müddətə yaxın əlil olmağını nəzərə alaraq, arada ötürülmüş 1 il, 1 ay, 4 gün müddətinə görə pensiya ödənişinin ödənilməməsini hüquqlarının pozulmasını fiziki, mənəvi və maddi ziyan kimi dəyərləndirir. Belə ki, ötürülmüş 1 il, 1 ay, 4 gün ərzində o sağlam olmamış və ya sağalmamış, əksinə maddi imkansızlıq səbəbindən natamam müalicə və dərmanların vaxtında ala bilməməyimdən səhhətində daha da ağırlaşmalar olmuşdur. Şəkər xəstəliyi səbəbindən ilk əlillik təyinatının 2015-ci ildən aparıldığını və hazırda artıq 9 il müddətə yaxın əlil olmağını nəzərə alaraq, arada ötürülmüş 1 il, 1 ay, 4 gün müddətinə görə pensiya ödənişinin ödənilməməsini hüquqlarının pozulmasını fiziki, mənəvi və maddi ziyan kimi dəyərləndirir. Belə ki, ötürülmüş 1 il, 1 ay, 4 gün ərzində ona sağlam olmamış və ya sağalmamış, əksinə maddi imkansızlıq səbəbindən natamam müalicə və dərmanların vaxtında ala bilməməyindən səhhətində daha da ağırlaşmalar olmuşdur.

4. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iddiaçının iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı iddia ərizəsinin əsasları kimi ona əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən sonra xx.xx.2022-ci il tarixində aparılan təkrar qiymətləndirmə nəticəsində əlillik təyinatı yenidən aparıldığına görə əlillik statusunun bitdiyi tarixdən təkrar təyinata qədər ötürülmüş müddətə (1 il 1 ay 4 gün) görə pensiyasının ödənilməli olduğunu qeyd etmişdir. İddiaçı bununla bağlı ərizə ilə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-1/2-R-25339/2024 nömrəli məktubla iddiaçının müraciəti cavablandırılmış və sözügedən dövr üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsinin mümkün olmadığı bildirilmişdir. Bundan narazı qalan İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İlk öncə qeyd etmək istəyir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 12.1-ci maddəsinin xx.xx.2015-ci il tarixində qüvvədə olmuş tələblərinə əsasən İddiaçı həmin tarixdən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Sözügedən Qanunun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa uyqun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. Məlumat üçün bildiririk ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Əlillik” altsistemində olan məlumatlara əsasən İddiaçı əlillik müddətinin xx.xx.2021-ci il tarixdə bitməsi ilə əlaqədar olaraq əmək pensiyasının ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Eyni zamanda bildiririk ki, MEİS-in “Əlillik” altsistemində olan məlumatlara əsasən İddiaçı əlilliyinin müddəti xx.xx.2022-ci il tarixdən orqanizmin funksiyalarının 75 faiz pozulmasına görə bərpa olunduğu üçün əlilliyə görə əmək pensiyasının ödənişi həmin tarixdən 340,53 manat məbləğində olmaqla bərpa edilmişdir (Qanunun 29.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Həmin Qanuna xx.xx.2023-cü il tarixdən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən İddiaçı əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 357,19 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinə əsasən 409,69 manata çatdırılıb. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən sözügedən Qanuna 3.3-1-ci maddə əlavə olunmuşdur (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli №356-VİQD nömrəli fərmanına əsasən). Həmin maddəyə uyğun olaraq əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Belə ki, xx.xx.2021-ci il tarixdən sonra əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi müəyyən edildikdə, yəni şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən, 6 ay keçibsə əlilliyin təkrar qiymətləndirilməsi tarixdən bərpa edilir. Qeyd olunanlara əsasən bildiririk ki, iddiaçının əlillik müddətinin bitdiyi tarixdən 6 aydan çox (1 il 1 ay 4 gün) müddət keçdikdən sonra təkrar qiymətləndirmə nəticəsində bərpa olunduğu üçün ona ödənilməmiş müddət üzrə (xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək) əmək pensiyasının ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Hesab edirik ki, hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməsi iş materialları ilə müəyyən edilmədiyindən, iddiaçının qaldırmış olduğu iddia tələbində qeyd olunan dövrlər üçün əlliliyə görə əmək pensiyasının ödənilməsi tələbi mümkün sayıla bilməz (oxşar mövqe Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(102)-864/2023 nömrəli qərarında öz əksini tapmışdır). Beləliklə, İddiaçı iddia tələbi yuxarıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir.

5. İddiaçının təqdim etdiyi sosial arayışdan görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdə xx.xx.2016-cı il növbəti müayinə tarixi qeyd olunmaqla 1 (bir) il müddətinə, xx.xx.2016-cı il tarixdə xx.xx.2021-ci il növbəti müayinə tarixi qeyd olunmaqla 5 il müddətinə 5 nömrəli Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixdə xx.xx.2024-cü il növbəti müayinə tarixi qeyd olunmaqla 2 il müddətinə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən bütün hallarda ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik təyin edilmişdir.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verməklə etirazın təmin olunmasını məhkəmədən xahiş etdi.

7. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

8. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.

9. Belə ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

10. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

11. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

III. Məhkəmənin mövqeyi

12. İş materiallarında olan sənədlərə əsasən görünür ki, İddiaçı əlillik müddətinin xx.xx.2021-ci il tarixdə bitməsi ilə əlaqədar olaraq əmək pensiyasının ödənişi dayandırılmışdır, əlilliyinin müddəti xx.xx.2022-ci il tarixdən orqanizmin funksiyalarının 75 faiz pozulmasına görə bərpa olunduğu üçün əlilliyə görə əmək pensiyasının ödənişi həmin tarixdən 340,53 manat məbləğində olmaqla bərpa edilmişdir.

13. İddiaçının tələbi xx.xx.2021-ci il tarixindən - xx.xx.2022-ci ilədək ötürülmüş 1 il, 1 ay, 4 gün üçün pensiya məbləğinin cavabdeh tərəfindən hesablanması və ona ödənilməsindən ibarətdir.

14. Bununla bağlı məhkəmə qeyd edir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Sözügedən Qanuna Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli №356- VİQD nömrəli fərmanına əsasən 3.3-1-ci maddə əlavə olunmuşdur: 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.

15. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 03/2020 nömrəli, 8 oktyabr 2020-ci il tarixli kollegial Qərardadında aşağıdakılar qeyd edilmişdir:

92. Kollegiya qeyd edir ki, sosial təminat hüququ sahəsində normativ-hüquqi aktların geriyə şamil edilməsinin yol verilməzliyinə cinayət və inzibati xətalarla bağlı hüquq sahəsində olduğu kimi mütləq bir qayda olaraq deyil, daha çox bir prinsip kimi yanaşılmalıdır. Ona görə də, geriyə şamil edilmənin yarada biləcəyi problemləri həll etmək üçün əksər hallarda bir çox ümumi hüquq prinsiplərinin birgə dəyərləndirilməsi tələb olunur. Bu mənada, hüquqi təhlükəsizlik, qazanılmış hüquqlar və mütənasiblik prinsipləri onların mahiyyətinə xələl gətirəcək dərəcədə pozulmadıqda, eləcə də ictimai maraqlarla fərdin hüquqları arasındakı ağlabatan tarazılığa riayət edildikdə sosial təminat hüququ sahəsində normaların geriyə şamil edilməsi yol verilən hesab edilə bilər.

93. Normativ-hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi ilə bağlı məsələ özünün tənzimlənməsini Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində tapmışdır. Buna görə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyəti aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

94. “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 87-ci maddəsində isə təsbit edilmişdir ki, normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Törədilməsi anında məsuliyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb olan əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir....

17. Məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirdiyi zaman kəsiyində (qüvvədə olan qanunvericilik normalarının tələbləri cavabdeh tərəfindən düzgün tətbiq edilməklə inzibati icraat aparılmış, iddiaçının sosial təminat hüququ pozulmamış, onun hüququnun mahiyyətinə zərər yetirilməmişdir.

18. Belə ki, mübahisələndirilən dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.7-ci bəndinə əsasən, şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Həmçinin, həmin dövrdə qüvvədə olan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

19. Göründüyü kimi, iddiaçının əlillik müddəti bitdiyi tarixdən təkrar müəyyən edildiyi tarixədək 6 aydan çox müddət keçdiyi üçün ona ərizəsində qeyd etdiyi dövrlər üzrə müavinətin (və ya təqaüdün) təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

20. Məhkəmənin hazırkı iş üzrə mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-1388/2023 saylı işi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli Qərarına uyğundur. Qərarda qeyd edilir: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 17-ci bəndindən göründüyü kimi xx.xx.2021-ci il tarixli 356-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (25 iyul 2021-ci il dən qüvvəyə minmişdir) gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Bu yeni normanın əlilliyi olan şəxslərin xx.xx.2021-ci il tarixdən sonra yaranan hüquqlarına münasibətdə tətbiq ediləcəyi ilə bağlı şübhə yoxdur. Lakin, bu normanın Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsaslanmaqla geriyə tətbiq edilməsi yolverilməzdir. Əvvəla, sözügedən Qanunun özündə onun yeni müddəasının geriyə tətbiq edilməsinə dair müddəa nəzərdə tutulmamışdır. Bundan başqa, nəzərə alınmalıdır ki, qanunla əvvəllər mövcud olmayan yeni məzmunlu normativ tənzimləmə həyata keçirilmişdir. Sözügedən tənzimləmələr əlillik təyin edilmiş şəxsin - iddiaçının hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən xarakterli tənzimləmə olmamış, eləcə də onların qazanılmış hüquqlarına müdaxilə edilməmişdir. Belə ki, “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar” dedikdə, hüquq və azadlıqlara qoyulmuş məhdudiyyətlərin götürülməsi, şəxsin əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilməsi, əvvəllər verilməmiş hüquqların verilməsi və s. başa düşülür. Beləlilklə, xx.xx.2021-ci il tarixli 356- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yeni norma, dövlətin sosial təminat hüququ sahəsində malik oldluğu geniş mülahizə sərbəstliyi çərçivəsində həyata keçirilmiş yeni tənzimləmə olmuşdur. Müvafiq olaraq qanunun özündə onun əvvəlki münasibətlərə tətbiq ediləcəyinə dair müddəa olmadığından, normayaratma fəaliyyətinin ümumi prinsipinə əsasən bu Qanun qüvvəyə mindiyi tarixidən sonra yaranmış münasibətlərə şamil edilməlidir.

21. Beləliklə, iddia tələbi əsassız olduğundan rədd edilməlidir.

22. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

23. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

24. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia rədd edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar