Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7174/2021 28.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia ərizəsində bildirir ki, iddiaçı 3 may 1959-cu il tarixdə doğulmuşdur. 1981, 1983, 1985 – 1991, 1994-cü illərdə Beyləqan rayonu K.Marks adına kolxozda işləmiş və əmək haqqı almışdır. Lakin həmin illərə dair əmək kutabçasında qeydlər aparılmamışdır. O, Sabirabad rayon arxivinə müraciət edərək, sözügedən illərdə işləməsinə dair arxiv arayışı almışdır. Hazırda iddiaçı sosial pensiya alır. Sağlamlıq imkanları məhdud 2003-cü il təvəllüdlü övladı X3 anadangəlmə qüsurlu olmaqla əlildir. İddiaçı həmin uşağına doğulandan hazıradək qulluq etmiş və uşağın qəyyumu kimi qeyd olunan müddət ona sığorta stajı kimi hesablanmışdır. İddiaçı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən qadınların yaş həddi 1 iyul 2020ci il tarixdən 1 iyul 2021-ci il tarixədək 62 yaş müəyyən edilmişdir. Hazırda iddiaçının 62 yaşı tamam olmuşdur. O, cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək, sağlamlıq imkanları məhdud xəstə uşağa qulluğa görə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdehin 4 mart 2021-ci il tarixli məktubunda “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə istinadən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası, əmək fəaliyyəti barədə sənədlər üzürlü səbəbdən təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edildiyi əsas gətirilərək onun kolxozda işlədiyi dövrlər sığorta nəzərə alınmamış və yaşa görə əmək pensiyası təyinatından imtina edilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. İddaçı qeyd edilmiş faktiki və hüquqi əsaslara görə məhkəməyə müraciət etmək məcburiyyətindədir. DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ona (iddiaçıya) sağlamlıq imkanları məhdud uşağa qulluğa görə əmək pensiyasının təyin olunmasından imtina etməklə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun sığorta stajına daxil edilən iş və ya digər faəliyyət müddətlərindən bəhs edən 21-ci maddəsinin tələblərini pozmuş olur. Həmin Qanunda qeyd edilir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətlərindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin olunmuş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə, İPM-in 2, 33-cü maddələrinə, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsinə, AR Mülki Prosessual Məcəlləsinin 296 – 300-cü maddələrinə əsaslanaraq, iddiaçının 1981, 1983, 1985 – 1991, 1994-cü illərdə Beyləqan rayonu K.Marks adına kolxozda işlədiyi dövr, 2003-cü ildən sağlamlıq imkanları məhdud uşağa qəyyum olaraq qulluq etdiyi müddət sosial sığorta stajı hesab edilərək ona aldığı pensiyanın növü dəyişdirilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdehin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazında aşağıdakılar bildirilir: - İddiaçı iddiası tam əsassızdır və məhkəmə tərəfindən təmin edilməməlidir, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» AR Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüququnun müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi 1 yanvar 2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, iddiaçıya yaşa görə əmək pensiyası 64 yaş 6 aydan təyin edilə bilər. Bunun üçün isə, Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq; 2) 25 il sığorta stajı olduqda. Həmin Qaydaların 3.2.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edildiyi zaman nəzərə alınan sığorta stajı əhatə etdiyi dövr əmək kitabçasında qeyd edilən dövrləri əhatə edir. Həmin Qaydaların 3.9-cu bəndinə əsasən İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. İddiaçı onun barəsində ikinci halın olmasından çıxış edərək, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. İddiaçı 11 yanvar 2021-ci il tarixdə DSMF-nin 10 saylı regional ərazi filialına müraciət etmişdir. 3 may 1959-cu il təvəllüdlü İddiaçı DSMF-nin 10 saylı regional ərazi filialına müraciət edərkən yaş həddinin «Əmək pensiyaları haqqında» AR Qanununun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etdiyi üçün bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququnun mövcud olduğunu iddia etmişdir. İddiaçının 11 yanvar 2021-ci il tarixdə daxil olmuş müraciətinə ünvanlanmış imtina cavabının əsasını onun 1981, 1983, 1985 – 1991, 1994-cü illərdə Beyləqan rayonu “K.Marks adına kolxoz”da işlədiyi illərin əmək kitabçasında qeyd edilməməsi təşkil edir. Belə ki, iş materiallarında olan 273 nömrəli 23 dekabr 2018-ci il tarixli AR Milli Arxiv İdarəsi İmişli rayon Dövlət Arxivinin arayışından məlum olur ki, İddiaçı 1981, 1983, 1985 – 1991, 1994-cü illərdə Beyləqan rayonu “K.Marks adına kolxoz”da işləmişdir. İddiaçı 1985-ci ildə 172 gün, 1986-cı ildə 162 gün, 1989-cu ildə 125 gün, 1990-cı ildə 120 gün, 1991-ci ildə 142 gün, 1994-cü ildə isə 56 gün adam günü normasını yerinə yetirmişdir. Məlumat üçün bildirilir ki, Beyləqan rayonu K.Marks adına kolxozda iddiaçının işlədiyini iddia etdiyi illərdə minimum adam günü norması 180 gün olmuşdur. İddiaçının yerinə yetirdiyi adam günü normasına münasibətdə faktiki müddətlə iş stajı müəyyən edilməlidir: (172 gün + 162 gün + 125 gün + 120 gün + 142 gün + 56 gün) x 12/180 = 64 ay 7 gün = 5 il 04 ay 07 gün. İddiaçının mübahisələndirilən 05 il 04 ay 07 gün sosial sığorta stajının nəzərə alındığı təqdirdə belə qanunla tələb edilən 25 il sosial sığorta stajı və ya pensiya kapitalı tələbi (28.800 manat) ödənilmir. 05 il 04 ay x 306 manat = 1.621,8 manat. 1) 2007-ci il üzrə: 1.621,8 + 8,3% = 1.756,4 manat; 2) 2008-ci il üzrə: 1.756,4 + 16,7% = 2.049,7 manat; 3) 2009-cu il üzrə: 2.049,7 + 20,8% = 2.476 manat; 4) 2010-cu il üzrə: 2.476 + 1,5% = 2.513,2 manat; 5) 2011-ci il üzrə: 2.513,2 + 5,7% = 2.656,4 manat; 6) 2012-ci il üzrə: 2.656,4 + 7,9% = 2.866,3 manat; 7) 2013-cü il üzrə: 2.866,3 + 1,1% = 2.897,8 manat; 8) 2014-cü il üzrə: 2.897,8 + 2,4% = 2.967,4 manat; 9) 2015-ci il üzrə: 2.967,4 + 1,4% = 3.008.9 manat; 10) 2016-cı il üzrə: 3.008,9 + 4% = 3.129,3 manat; 11) 2017-ci il üzrə: 3.129,3 + 12,4% = 3.517,3 manat; 12) 2018-ci il üzrə: 3.517,3 + 5,7% = 3.717,8 manat; 13) 2019-cu il üzrə: 3.717,8 + 3% = 3.829,3 manat; 14) 2020-ci il üzrə: 3.829,3 + 16.6 % = 4.465 manat; 15) 2021-ci il üzrə: 4.465 + 5.7 % = 4.719,5 manat. İddiaçı sağlamlıq imkanları məhdud oğlu X2 doğulduğu 11 noyabr 2003-cü il tarixdən qulluq etdiyini iddia edir. Lakin qanunvericilikdə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilməsi nəzərdə tutulmuşdur. Müvafiq akt tərtib edilmədiyindən İddiaçı sağlamlıq imkanları məhdud oğluna qulluq etdiyi illər onun sosial sığorta stajına daxil edilə bilməz. Ali Məhkəmənin analoji işlərə baxdığı zaman özünün formalaşdırdığı hüquqi mövqeyə əsasən qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Qüvvədən düşmüş 1992-ci il 23 sentyabr tarixli «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanunun müddəalarına nəzər yetirdikdə, oxşar məsələlərin həmin Qanunda da təsbit edildiyi müşahidə olunur. Belə ki, qeyd edilən Qanunun 12-ci maddəsinə müvafiq olaraq, kişilər üçün pensiya hüququnun yaranması üçün 2 şərtin olması tələb olunur: 1) 60 yaş 2) azı 25 il iş stajı. Göründüyü kimi, şəxsə pensiya təyin edilməsi üçün hər iki şərtin eyni anda mövcud olması tələb olunur. Əks təqdirdə şəxsin pensiya hüququ yaranmayacaq və bununla əlaqədar şəxsə cavabdeh orqan tərəfindən imtina verilməsi qanunun tələblərinə uyğun və əsaslı olacaqdır. Göstərilənlərə və «Əmək pensiyaları haqqında» AR Qanununun 7-ci maddəsinə, AR Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsaslanaraq, məhkəmədən İddiaçı iddiasının təmin edilməməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddiaya qarşı yazılı etirazda göstərlənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər (8.1.1 – 8.13-1-ci maddələrindən başqa) hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi»nin 1.1.-ci bəndinə görə Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Nərimanov rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Cavabdeh inzibati orqan DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldlırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Məhkəmə iddia ərizəsinin “tələb” hissəsində “pensiyanın növü dəyişdirilərək” ifadəsinin göstərilməsini formal xəta qismində qiymətləndirir, çünki, iddiaçıya əmək pensiyası təyin edilməmişdir, sosial müavinət isə, başqa kateqoriya pdənişdir. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.4-cü maddəsinin tələblərinə uyğun olaraq cavabdehin olduğu yer (Bakı şəhərinin Nərimanov rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Nəzərə alınmalıdır ki, iddia ərizəsi məhkəmə icraatına 1 oktyabr 2021-ci il tarixdən əvvəlki dövrdə daxil olduğundan, hazırkı mübahisənin ərazi aidiyyətini İPM-in 8.1.2-ci maddəsinin həmin tarixdən sonrakı dövrdə qüvvədə olan müddəaları ilə tənzimlənmir. Mübahisənin mahiyyətinə gəldikdə isə məhkəmə qanunvericiliyin aşağıdakı normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnzibati icraat haqqında» AR Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.8-ci maddəsinə görə fərdi hesabın sığorta hissəsi – əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır, 1.0.10-ci maddəsinə görə pensiya kapitalı – müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: - (21.2.4) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci – yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarının 1-ci bəndi ilə “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” təsdiq edilmiş və həmin Qaydalar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 21 dekabr 2017-ci il tarixdə **********0017 qeydiyyat nömrəsi ilə X5 Reyestrinə daxil edilmiş, 22 dekabr 2017-ci il tarixdə qüvvəyə minmişdir. Qeyd olunan Qaydalara görə: - (1.1-ci bənd) Bu Qaydalar «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən hazırlanmışdır və əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi məsələlərini tənzimləyir; - (1.3-cü bənd) 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir; - (3.1-ci bənd) Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: (3.1.1-ci yarımbənd) Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; (3.1.2 yarımbənd) Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; - (3.9-cu bənd) İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarının 3-cü bəndi ilə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2011-ci il 21 noyabr tarixli “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi barədə” 17 nömrəli qərarın 1-ci və 2-ci hissələri ləğv edilmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 21 noyabr 2011-ci il tarixli 17 saylı qərarının 1-ci hissəsi ilə “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları” təsdiq edilmişdir və həmin Qaydalar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 23 noyabr 2011-ci il tarixdə **********0017 qeydiyyat nömrəsi ilə X5 Reyestrinə daxil edilmiş, 24 noyabr 2011-ci il tarixdə qüvvəyə minmişdir. Sözügedən Qaydaların 3.3-cü bəndinə görə İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə 70 yaşına çatmış ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığortaolunanın (xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxsin) ümumi iş (sosial sığorta) stajına aşağıdakı qaydada daxil edilir: - (3.3.1) İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edilməsi müddəti, qanunvericiliklə müəyyən edilmiş qaydada onları saxlamağa borclu olan valideynlərin, bunlar olmadıqda isə qulluq olunanın üzərində qanunvericiliklə müəyyən edilmiş qaydada təyin edilmiş qəyyumların (himayəçilərin) sığorta stajına bu barədə tərtib olunmuş müayinə aktı əsasında daxil edilir; - (3.3.2) 70 yaşına çatmış Ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti, onların üzərində qanunvericiliklə müəyyən edilmiş qaydada təyin edilmiş qəyyumlarının (himayəçilərinin) sığorta stajına bu barədə tərtib olunmuş müayinə aktı əsasında daxil edilir; - (3.3.3) İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq dövrü aşağıdakılara əsasən müəyyən olunur: qulluğun faktiki həyata keçirilməsi barədə müayinə aktı, əlillikdə olmanı və ya sağlamlıq imkanlarının məhdudluğunu təsdiq edən sənədlər. 70 yaşına çatmış ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq dövrü aşağıdakılara əsasən müəyyən olunur: qulluğun faktiki həyata keçirilməsi barədə müayinə aktı; yaşı təsdiq edən sənəd. İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, 70 yaşına çatmış ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluğun faktiki olaraq həyata keçirilməsi barədə müayinə aktı şəhər (rayon) icra hakimiyyəti orqanlarının və Şöbələrin nümayəndələrindən ibarət komissiya tərəfindən xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən tərtib olunur. Göründüyü kimi, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq dövrünün sığorta stajına daxil edilməsini 24 noyabr 2011-ci il tarixdən 22 dekabr 2017-ci il tarixədək qüvvədə olmuş Qaydalar qulluğun faktiki həyata keçirilməsi barədə müayinə aktı, əlillikdə olmanı və ya sağlamlıq imkanlarının məhdudluğunu təsdiq edən sənədlər, 22 dekabr 2017-ci il tarixdən hazıradək qüvvədə olan Qaydalar isə, şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında mümkün sayır. Hazırkı işin hallarına görə isə, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin olunması üçün sığorta stajının hesablanmasında “kolxozda işlədiyi dövr”ə və “sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağına qulluq müddəti”nə istinad edir, cavabdeh inzibati orqan onun 1981, 1983, 1985 – 1991, 1994-cü illərdə Beyləqan rayonunun K.Marks adına kolxozunda işlədiyi 5 il 4 ay 7 gün dövrü (minimum adam günü norması 180 gün olmaqla) sığorta stajı qismində nəzərə alsa da, onun “sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağına qulluq müddəti”ni müvafiq Qaydalara riayət olunmaması səbəbi ilə staja daxil etməmiş, bu əsasla da iddiaçının qaldırdığı məsələnin həllindən imtina etmişdir. Məhkəmənin qənaəti belədir ki, iddiaçının “sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağına qulluq müddəti” ilə bağlı 22 dekabr 2017-ci il tarixədək müayinə aktının (digər müvafiq sənədlərlə birlikdə), həmin tarixdən sonrakı dövrdə isə müvafiq komissiyanın aktının tərtib olunmaması və inzibati icraatda hazırkı cavabdehə təqdim olunmaması qeyd olunan dövrlərin iddiaçının sığorta stajına daxil edilməməsinə əsas verir. Odur ki, cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının imtinası qanuna zidd qiymətləndirilə bilməz. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-7174/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7174/2021
28.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver