Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7175/2025 27.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı “bildirişin ləğv edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən təqdim olunan “gömrük dəyərinə düzəlişlər edilməsi üçün bildiriş” sənədinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xarici ticarət iştirakçısı İddiaçı “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə etmək hüququ əldə etmiş sahibkarlıq subyekti kimi iqtisadi fəaliyyətində həmişə şəffaflığı, düzlüyü, dürüstlüyü rəhbər tutmuşdur. Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə yaradılan “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ xarici iqtisadi fəaliyyətlərində qanunvericiliyin tələblərinə tam riayət edən, şəffaf işləyən sahibkarlıq subyektlərinə verilir. İddiaçı da fəaliyyət göstərən bir subyekt kimi xaricdən (Türkiyə, Rusiya, Çin və s.) idxal edərək gətirdiyi malların Nazirlər Kabinetinin qərarına uyğun olaraq xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında qeyd edir, invoys sənədlərini və digər bəyanetmə sənədlərini gömrük orqanlarına təqdim edir. Həmçinin iddiaçı xarici və daxili iqtisadi-biznes fəaliyyətində haqsız qazanc əldə etmək, haqsız rəqabətə səbəb olacaq hallardan uzaq durmaq, ədalətli qiymət formalaşmasında iştirak etmək kimi şərtlərin formalaşmasına müsbət təsirlərini göstərir. Beynəlxalq ticarətlə məşğul olan, geosiyasi prosesləri izləyən hamı bilir ki tikinti materiyallarının qiyməti müxtəlif mövsüm, müxtəlif səbəblərə görə fərqlilik göstərə bilir. İddiaçı da uzun müddətli idxalatçı fəaliyyəti ilə bağlı müxtəlif satıcılardan bəzi hallarda (dəb, həcm, malın keyfiyyət göstəriciləri, nağd alış həcmi və s. nüanslar rol oynayır) müəyyən qədər əlverişli qiymətlərə (endirimli) mallar əldə edir ki, bunları da müqavilə, bank ödənişləri, köçürmələr formasında rəsmi sənədləri gömrük və vergi orqanlarına taqdim edir. İddiaçının yanvar ayının əvvəlində Türkiyə Respublikasından idxal edərək Azərbarbaycan Respublikasının gömrük ərazisinə gətirdiyi “Keramikadan sanitar-texniki məmulatlar” yükü xx.xx.2025-ci il tarixli **********1925 sorğu nömrəsi ilə bəyan edib Bakı Baş Gömrük İdarəsində gömrük rəsmiləşdirmə prsosesinə cəlb olunmuşdur. İddiaçı bəyanetmə sənədlərində satıcı şirkətlə olan müqavilə sənədlərini də (müəyyən qədər endirimli) təqdim etmişdir. Təqdim etdiyi rəsmi sənədlərə, beynəlxalq müqavilə bağlama səlahiyyətli subyektlərin rəsmi elan sənədlərinə və s. təsdiq etmə hallarına baxmayaraq gömrük orqanı bu sənədləri əsassız sayaraq malların gömrük dəyərində düzəliş etməyi ilə bağlı rəsmi bildiriş təqdim edib. Malların dəyərində düzəliş etməyi üçün gömrük orqanı “gömrük tarifi haqqında” qanunun tələblərini tətbiq etməli və iddiaçıya eyni növ, cins, marka, model olan mallarla qiymət eyniləşdirməsi edərək fikirlərini sübut etməlidirlər. Təqdim edilən bildiriş ilə gömrük dəyərində 10.940 manat, gömrük ödənişlərində isə 3.905,58 manat fərq yaranır. Bu yaranan əlavə ödəniş ilə iddiaçının satacağı tikinti materiyalının maya dəyəri qalxır və iddiaçının ədalətli bazar şəraitində rəqabət qabiliyyətinə mənfi təsir göstərir.
3. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddia tələbi qeyrimüəyyən və əsassız olduğundan mümkünlüyü yoxlanılmalı, mümkün sayıldığı halda isə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9.0.3-cü maddəsinə əsasən gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq gömrük orqanının hüququdur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.2-ci maddəsinə əsasən gömrük dəyəri dedikdə malların “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq müəyyən edilən dəyəri başa düşülür. Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən malların gömrük dəyərinin müəyyən edilməsi (gömrük dəyərləndirilməsi) beynəlxalq təcrübədə qəbul edilmiş ümumi prinsiplərə (1994-cü il tarixli Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) Vİİ maddəsinə, GATT-ın Vİİ maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə) əsaslanır. Gömrük tarifinin tətbiqi məqsədilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq "Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində qeyd olunan üsullarla müəyyən edilir. AR Gömrük Məcəlləsinin 1.0.17-ci maddəsinə görə gömrük ödənişləri - bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, vergilər, gömrük yığımları, dövlət rüsumu və haqqdan ibarətdir. Məhkəməyə ünvanlanan iddia ərizəsinin mahiyyəti ilə bağlı bildirmək istərdik ki, AR Gömrük Məcəlləsinin 162.2-ci maddəsinə əsasən gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdə, gömrük orqanları bəyannaməçidən müvafiq düzəlişlərin aparılmasını tələb etmək hüququna malikdir. Buraxılış, həmin tələb yerinə yetirildikdən (bu Məcəllənin 163.6-cı maddəsində müəyyən edilmiş hal istisna olmaqla) və müvafiq gömrük ödənişləri ödənildikdən dərhal sonra həyata keçirilir. Həmçinin, malların gömrük dəyərinin yenidən müəyyən edilməsi və mallara dair fiziki, texniki, ticarət və sair özünə məxsus göstəricilərini təsdiq edən sənədlərin təqdim edilməsi ilə bağlı müraciət edildikdə, Gömrük Məcəlləsinin 258-ci və 246.1 -ci maddələrinin tələblərinə uyğun, müəyyən edilmiş gömrük ödənişlərin həcminə barəbər təminat təqdim olunduqdan sonra mallar şərti olaraq sərbəst dövriyyəyə buraxıla bilər. İddiaçının ərizədə mübahisələndirdiyi **********1925 sorğu nömrəli gömrük bəyannaməsi 09.01,2025-ci il tarixdə gömrük orqanına sərbəst dövriyyəyə buraxılış gömrük proseduru altında "Keramikadan sanitar-texniki məmulatlar" adlı malların gömrük rəsmiləşdirilməsi məqsədilə təqdim edilmiş, bəyannamə gömrük yoxlaması üçün gömrük əməkdaşına yönləndirilmişdir. Araşdırma zamanı bəyannaməçı tərəfindən gömrük orqanına təqdim olunan mal-müşayiət sənədlərində ciddi uyğunsuzluqlar olduğu aşkar edilmişdir Belə ki, təqdim olunmuş xx.xx.2025-ci il tarixli İHR**********001 və İHR**********002 nömrəli invoys sənədində mallar haqqında məlumatlar içərisində onların hansı keyfiyyətdə olduğu və ya istifadə olunmuş olub-olmadığı barədə göstəricilər qeyd edilməmişdir. Bundan əlavə, mallar haqqında məlumatlar qeyd olunmuş digər sənədlərdə, məsələn alğı-satqı müqaviləsində, ixrac gömrük bəyannaməsində, çəki listində və s bu haqda qeydlər nəzərdə tutulmamışdır. Buna müvafiq olaraq təqdim edilmiş gömrük bəyannaməsinin 31-ci qrafasında da qeyd edilmiş göstəricilər haqqında məlumatlar göstərilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2024-cü il tarixli 312 nömrəli Qərarı ilə təsdiq edilmiş "Gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair Qaydalar”ının 1.4.2.-ci bəndinə əsasən, endirim anlayışı “müəyyən vaxt və şərtlər daxilində müəyyən müştərilər üçün konkret malların ilkin müəyyənləşdirilmiş qiymətinə münasibətdə mütləq məbləğdə və ya faiz nisbətində ifadə olunan azalma” kimi nəzərdə tutulur. Həmin qərarın 2.18-ci bəndinə görə gömrük dəyərləndirilməsi zamanı satıcı tərəfindən idxal olunan mala aid olan və bəyanetmə anında qüvvədə olan müqavilədə tətbiqi və həcmi nəzərdə tutulan endirimlər gömrük orqanı tərəfindən nəzərə alınır. Eyni zamanda qeyd edilir ki, NK-nin sözügedən qərarı endirimi yalnız konkret mallara münasibətdə, həcmi və şərtləndirən amilləri qeyd edildiyi halda gömrük dəyərinin müəyyən edilməsi zamanı nəzərə alınmalıdır. Məlumat üçün bildirilir ki, Dövlət Gömrük Komitəsinin 3-33/3-2-000212/2023 nömrəli xx.xx.2023-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Gömrük dəyərinin müəyyən edilməsinin Vahid Metodikası” nın 4-cü bölməsi “Gömrük dəyərində endirimlərin tətbiqi xüsusiyyətləri” adlanır. Həmin bölmədə qeyd edilir ki, Beynəlxalq ticarət əlaqələrində endirimlər alqı-satqı sənədlərində əks olunmuş və ya müxtəlif sövdələşmə tiplərinə görə gizli şəkildə təqdim edilən bonuslar, debitor-kreditor maliyyə borclarının silinməsi, xərclərin təyinatının dəyişdirilməsi, barter, nümunə və ya reklam təyinatlı və s. endirimlərdən ibarətdir. Endirimlər təsir dairəsinə görə iki cür olur: mal vahidinə tətbiq edilən endirimlər (distribüter, diler, partnyor, malın həcminə və ya miqdarına verilən, mövsümi və müddətli); ticarət-kommersiya endirimləri (ödəniş üsuluna görə, birdəfəlik, bəzi xərclərin əvəzlənməsi məqsədi ilə verilən bonuslar). Gömrük dəyərinə münasibətdə endirimlər yalnız bilavasitə mal vahidinə tətbiq ediləndə nəzərə alınır, ticarət-kommersiya endirimləri isə gömrük dəyərinin müəyyən edilməsi zamanı qiymət əmələgəlmə amili kimi çıxış edə bilməz. Beynəlxalq ticarət əlaqələrində endirimlər alqı-satqı sənədlərində əks olunmuş və ya müxtəlif sövdələşmə tiplərinə görə gizli şəkildə təqdim edilən bonuslar, debitor- kreditor maliyyə borclarının silinməsi, xərclərin təyinatının dəyişdirilməsi barter nümunə və ya reklam təyinatlı və s. endirimlərdən ibarətdir. Gömrük dəyərinin müəyyən edilməsi zamanı endirimlərin nəzərə alınması tələb olunan mütləq kriteriyalar aşağıdakılardır: • distribüter endirimlərində: mal satan həmin malın istehsalçısı olmalıdır; qiymət preskurantı alqı-satqı sənədlərinə əlavə olunmalıdır; • diler endirimlərində: mal satan həmin malın istehsalçısı və yaxud distribüteri olmalıdır; qiymət cədvəli mütləq şəkildə alqı-satqı sənədlərinə əlavə olunmalıdır; • partnyor endirimlərində: qiymət cədvəli alqı-satqı sənədlərinə əlavə olunmalıdır; • malın kəmiyyətinə görə endirimlərdə: həcm və ya miqdara görə edilən endirim cədvəl şəklində alqı-satqı sənədlərinə əlavə edilməlidir. Mal vahidinə tətbiq edilən endirimlər beynəlxalq təcrübədə qəbul edilmiş ağlabatan faiz nisbətində (malın maya dəyərindən aşağı olmamaq şərtilə) gömrük dəyərində nəzərə alına bilər. Təklif edilən endirimlərin ticarət məqsədi (dövriyyənin artırılması, bazar payının yüksəldilməsi, miqdar — qiymət nisbəti və s.) aydın olmalıdır və müvafiq sənədlərdə (əvvəlcədən bağlanmış müqavilələr və s.) əks etdirilməlidir. Yuxarıda qeyd olunmuş əsaslar nəzərə alındıqda iddiaçı öz iddia ərizəsində idxal etdiyi mallann müxtəlif əsaslarla endirimli qiymətə aldığını bildirsə də, bununla bağlı gömrük rəsmiləşdirilməsi zamanı gömrük orqanına hər hansı təsdiqedici sənəd təqdim etməmişdir. Eyni zamanda gömrük orqanına təqdim olunan İHR**********002 nömrəli invoys hər bir malın qarşısında 74 faiz endirim olunmuş sövdələşmə qiyməti ilə tərtib edilmiş olsa da, bunu əsaslandıran səbəblər və şərtlər, endirimin hansı növ olduğu və bunun nəticəsində alıcı və satıcının əldə edəcəyi mənfəət öz əksini tapmamışdır. Malların əsas sövdələşmə sənədi hesab edilən xx.xx.2023-cü il tarixli xx.xx.2023 nömrəli alğı-satqı müqaviləsi və xx.xx.2024-cü il tarixli 1 nömrəli müqaviləyə Əlavədə isə ümumiyyətlə malların endirimli qiymətlə alıcıya satıla biləcəyi şərtlər və digər əsaslar haqqında heç bir bənd daxil edilməmişdir. Daha əvvəl də qeyd edildiyi kimi mallara tətbiq olunmuş endirimin ağlabatan faiz nisbətində (malın maya dəyərindən aşağı olmamaq şərtilə) olması əsas götürüldüyü halda, iddiaçının idxal etdiyi mallar üçün tərtib edilmiş invoysda malların satış qiymətinin 74 faizi məbləğində endirimin özü də ağlabatan məbləğ kimi müəyyən edilə bilməz. Sözügedən malların maya dəyərinin məbləği ilə bağlı müqavilə və ya digər hər hansı bir sənəddə hər hansı müddəa göstərilməmişdir, lakin tətbiq edilmiş endirimin həcminin malın maya dəyərindən də az ola biləcəyi ehtimalını təxmin etmək çətin deyildir. Əlavə olaraq bildirilir ki, malların alıcının ünvanına çatdırılma şərtləri sənədlərdə “EXW İstanbul” kimi qeyd olduğunu nəzərə alaraq onların Azərbaycan Respublikasının gömrük ərazisinə qədər nəql edilməsi, xarici dövlətlərin ərazisində yerləşən aralıq nöqtələrdə yüklənmə-boşaldılması, sığortalanması, dəniz limanlarında saxlanc və demuraj xərclərinin təfsilatları barədə sənədlər və məlumatlar təqdim edilməmişdir Məhz bu əsaslarla gömrük orqanı əməkdaşı tərəfindən malların gömrük dəyərində durustləşmə zərurəti olduğundan bəyannaməçiyə GDD********** nömrəli xx.xx.2025-ci il tarixli elektron bildiriş (GDD) təqdim edilmişdir. Həmin gömrük dəyərinə düzəlişlə bağlı bildirişdə yuxarıda sadalanan səbəblərlə bağlı malların gömrük dəyərində 10940 manat fərq yarandığı qeyd edilmişdir. Lakin bəyannaməçi təqdim edilən gömrük dəyərinə düzəlişlə bağlı sözügedən bildirişi təsdiq etməkdən imtina etmişdir. AR Gömrük Məcəlləsinin 221.3-cü maddəsinə əsasən şəxs bu Məcəllənin 221.1-ci maddəsinə uyğun olaraq ona təqdim edilən bildirişdə göstərilən gömrük dəyərinə təklif olunan düzəlişlə razılaşmadıqda, yuxarı gömrük orqanına və (və ya) məhkəməyə müraciət edə bilər. Yuxarı gömrük orqanı və ya məhkəmə həmin müraciətə ən geci 10 (on) gün müddətində baxır. Bu barədə müraciətə baxılma müddətində dəbbə pulu hesablanmır. Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının tələblərini rəhbər tutaraq, iddiaçının cavabdehə qarşı iddia tələbinin mümkünlüyünün yoxlanılaraq mümkün sayılmaması barədə qərardad qəbul edilməsini, mümkün hesab edildiyi təqdirdə İnzibati Prosessual Məcəllənin 68-ci və 69-cu maddəsinin tələblərinə əsasən rədd edilməsi xahiş edilir.
4. Gömrük dəyərinə düzəlişlər edilməsi üçün GDD********** nömrəli xx.xx.2025-ci il tarixli Bildirişə əsasən 1- Gömrük dəyərinin məbləğinə təsir etmiş gömrük dəyərinin müəyyənləşdirilməsi üsulu və va gömrük dəyərinin hesablanması üçün əsas səhv seçilib (bundan sonra -metodoloji səhvlər), həmçinin metodoloji və texniki səhvlərin evni vaxtda aşkarlanması zamanı; 2- Sənədlərin və məlumatların yoxlanmasının nəticəsi səbəbindən 1 mal mövqeyində olan malın gömrük dəyərində 10.940,00 manat, gömrük ödənişlərində 3.905,58 manat məbləğində uyğunsuzluq aşkar edilmişdir.
5. İDEVİT SERAMİK SANAYİ ve TİCARET A.Ş və İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli Müqavilə iş materiallarına əlavə olunmuşdur.
6. İDEVİT SERAMİK SANAYİ ve TİCARET A.Ş tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Arayışda qeyd olunmuşdur ki, xx.xx.2023 tarixindən etibarən İddiaçı firması ilə aralarında Azərbaycandakı dileri olduğunu bəyan edən müqavilə imzalanmışdır.
7. İDEVİT SERAMİK SANAYİ ve TİCARET A.Ş tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Arayışda qeyd olunmuşdur ki, Azərbaycan bazarında rəqabəti təmin etmək üçün ilkin olaraq İddiaçı 73% endirim tətbiq edilsə də, şirkətlə danışıqlardan sonra endirim dərəcəsi artırılıb. Kommersiya qaimə-fakturasında Excel formul sahəsində yol verilmiş səhvə görə endirim dərəcəsinin artırılması yanlış və natamam olub. xx.xx.2025-ci il tarixində İddiaçı adına 25080100EX00000322 bəyannamə və İHR**********001 və İHR**********002 faktura nömrələri ilə 2-ci keyfiyyətli məhsul satışı və ixracı həyata keçirilmişdir. Tətbiq olunan bu qiymətlər və müvafiq kommersiya hesab-fakturalarında bəyan edilmiş məbləğlər düzgündür.
8. İş materiallarına əlavə olunmuş 1RSKAUB000103 nömrəli X2 əsasən: İşəgötürən: İddiaçı İşçi: X4 (FİN: 1RSKAUB) İşçının vəzifəsinin (peşəsinin) adı: Məşğulluq təsnifatı üzrə: Sürücü, Əmək müqaviləsi üzrə: Sürücü.
9. BD141566 nömrəli Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsinə əsasən 99XZ654 qeydiyyat nişan nömrəli nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir (qeydiyyat tarixi: xx.xx.2021).
10. BD153683 nömrəli Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsinə əsasən 77BM169 qeydiyyat nişan nömrəli nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir (qeydiyyat tarixi: xx.xx.2021).
11. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli **********1925 sorğu nömrəli gömrük bəyannaməsi iş materiallarına əlavə edilmişdir.
12. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçı və nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi xahiş etdi.
13. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə təqdim edilmiş yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi xahiş etdi.
İİ. İddianın növü və mümkünlüyü
14. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixli GDD********** nömrəli Gömrük dəyərinə düzəlişlər edilməsi barədə Bildirişin ləğv edilməsini tələb etmişdir.
15. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
16. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən:
13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır.
17. İPM-in 2.2.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır.
İİİ. Məhkəmənin mövqeyi
18. Gömrük Məcəlləsindən: 40.2. Gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. 104.1. Gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. 104.2. Malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması qaydaları”ndan: 2.1. Gömrük borcu üzrə ödənilmiş gömrük rüsumu aşağıdakı hallarda qaytarılır: 2.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 5.1. Gömrük ödənişlərinin qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il müddətində onu tətbiq edən gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. 6.1. Gömrük ödənişlərinin qaytarılması barədə qərar onları tətbiq edən gömrük orqanı tərəfindən qəbul edilir. 6.2. Gömrük ödənişlərinin qaytarılması və ya bundan imtina edilməsi haqqında qərar şəxs tərəfindən ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün müddətində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan Gömrük Məcəlləsinin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər. 6.7. Gömrük orqanı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada gömrük rüsumunun qaytarılması barədə 4 nüsxədə rəy tərtib edir.
20. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 10. Bəyannaməçinin hüquq və vəzifələri 10.1. Bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır. Maddə 11. Gömrük orqanının hüquq və vəzifələri 11.1. Gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır. 11.2. Aparılmış yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin bu Qanuna uyğun olmadığı, yaxud digər səbəblərdən düzgün olmadığı qənaətinə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi bu Qanunun tələbləri nəzərə alınmaqla gömrük dəyərinə müvafiq düzəlişlər edilməsi üçün bəyannaməçiyə yazılı, o cümlədən elektron bildiriş təqdim edir. Həmin bildirişdə gömrük dəyərinə təklif olunan düzəlişlər göstərilməli və onların edilməsi zərurəti əsaslandırılmalıdır. Maddə 12. Gömrük dəyərinin müəyyən edilməsi üsulları 12.1. Gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. 12.2. Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. 12.3. Bəyannaməçinin seçimi əsasında dəyərin çıxılması üsulu və dəyərin toplanması üsulu istənilən ardıcıllıqla tətbiq edilir. 12.4. Gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair qaydalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. Maddə 13. Malların sövdələşmə qiyməti üsulu 13.1. Gömrük ərazisinə gətirilən malların gömrük dəyəri, bu Qanunun 13.2-ci maddəsinə müvafiq qiymət tənzimlənməsi aparılmaqla, Azərbaycan Respublikasına ixrac məqsədi ilə satılan mallar üçün faktiki ödənilmiş və ya ödənilməli olan qiymət sövdələşmə qiyməti hesab olunur. Maddə 14. Eyni malların sövdələşmə qiyməti 14.1. Malların gömrük dəyərini bu Qanunun 13-cü maddəsində göstərilən qaydada müəyyənləşdirmək mümkün olmadıqda, dəyərləndirilən mallarla eyni və ya təqribən eyni vaxtda Azərbaycan Respublikasına ixrac məqsədi ilə satılan eyni malların sövdələşmə qiyməti qəbul edilir. Maddə 15. Eynicinsli malların sövdələşmə qiyməti 15.1. Malların gömrük dəyərini bu Qanunun 13-cü və 14-cü maddələrində göstərilən qaydada müəyyənləşdirmək mümkün olmadıqda, dəyərləndirilən mallarla eyni və təqribən eyni vaxtda Azərbaycan Respublikasına ixrac məqsədi ilə satılan eynicinsli malların sövdələşmə qiyməti qəbul edilir. Maddə 16. Çıxılmış dəyər 16.1. Malların gömrük dəyərini bu Qanunun 13–15-ci maddələrində göstərilən qaydada müəyyənləşdirmək mümkün olmadıqda, gömrük ərazisinə idxal edilən malların gömrük dəyəri çıxılmış (deduktiv) dəyər üsulu ilə müəyyənləşdirilir. Bəyannaməçinin seçimi əsasında bu Qanunun 16-cı və 17-ci maddələri istənilən ardıcıllıqla tətbiq edilir. Maddə 17. Toplanmış dəyər 17.1. İdxal edilən malların gömrük dəyərini bu Qanunun 13–16-cı maddələrinə əsasən müəyyənləşdirmək mümkün olmadıqda, malların gömrük dəyəri toplanmış dəyər kimi müəyyənləşdirilir. Maddə 18. Ehtiyat üsul 18.1. İdxal olunan malların gömrük dəyərini bu Qanunun 13–17-ci maddələrinə əsasən müəyyənləşdirmək mümkün olmadıqda, gömrük dəyəri bu Qanunun 7.1-ci maddəsinə uyğun olaraq, beynəlxalq təcrübədə qəbul edilmiş ümumi prinsiplərə, habelə bu Qanunun gömrük dəyərləndirilməsinə dair müddəalarına uyğun vasitələrdən istifadə etməklə və gömrük ərazisində mövcud olan məlumatlar əsasında müəyyən edilir. 18.2. Bu Qanunun 18.1-ci maddəsinə müvafiq olaraq malların gömrük dəyəri aşağıdakılar əsasında müəyyən edilə bilməz: 18.2.1. gömrük ərazisində istehsal edilən malların həmin ərazidəki satış qiyməti; 18.2.2. müqayisə üçün seçilən iki alternativ dəyərdən gömrük məqsədləri üçün ən yüksək olanının qəbul edilməsini nəzərdə tutan sistem; 18.2.3. malların ixrac ölkəsinin daxili bazarındakı qiyməti; 18.2.4. bu Qanunun 17-ci maddəsinə uyğun olaraq eyni və ya eynicinsli mallar üçün müəyyənləşdirilmiş xərclərdən fərqli istehsal xərcləri; 18.2.5. gömrük ərazisindən fərqli hər hansı ölkəyə ixrac üçün nəzərdə tutulan malların qiyməti; 18.2.6. minimum gömrük dəyəri; 18.2.7. kortəbii müəyyən edilən və ya saxta dəyərlər. 18.3. İdxalatçı tələb etdiyi halda, o, gömrük orqanları tərəfindən bu Qanunun 18.1-ci maddəsinə əsasən müəyyən edilmiş gömrük dəyəri və bu dəyərin müəyyən edilməsi üçün istifadə olunan üsul barədə yazılı, o cümlədən elektron formada məlumatlandırılmalıdır.
21. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iş üzrə mübahisənin yaranma səbəbi xx.xx.2025-ci il tarixli **********1925 sorğu nömrəli gömrük bəyannaməsi üzrə İddiaçı tərəfindən idxal olunan malların gömrük dəyərinin “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə uyğun olaraq “ehtiyat üsulu” ilə hesablanmasıdır.
22. İddiaçı xx.xx.2025-ci il tarixli **********1925 sorğu nömrəli gömrük bəyannaməsi əsasında ümumi invoys dəyəri 15110 AZN olan 481 ədəd keramikadan sanitar-texniki məmulatlar, istehsalçı “İdeal seramik sihhi tesisat malzemeleri san ve tic” keramikadan sanitar-texniki məmulatlardan ibarət malı sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirməsi məqsədilə Bakı Baş Gömrük İdarəsinə elektron qaydada bəyan etmişdir.
23. Məhkəmə nəzərə alır ki, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən gömrük ərazisinə gətirilən malların gömrük dəyəri 6 üsul – 1) malların sövdələşmə qiyməti, 2) eyni malların sövdələşmə qiyməti, 3) eynicinsli malların sövdələşmə qiyməti, 4) dəyərin çıxılması üsulu, 5) dəyərin toplanması üsulu, 6) ehtiyat üsulu əsasında müəyyən edilir və həmin üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir, bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. Odur ki, gömrük ərazisinə gətirilən malların dəyərinin “ehtiyat” üsulu ilə hesablanmasına həmin malların dəyərinin 1) malların sövdələşmə qiyməti, 2) eyni malların sövdələşmə qiyməti, 3) eynicinsli malların sövdələşmə qiyməti, 4) dəyərin çıxılması üsulu, 5) dəyərin toplanması üsulu ilə hesablanması mümkün olmadıqda yol verilir.
24. Məhkəmə qeyd edir ki, mallar üçün faktiki ödənilmiş və ya ödənilməli olan qiymət malların sövdələşmə qiyməti hesab olunur və malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Hazırki iş üzrə İddiaçı xx.xx.2025-ci il tarixli **********1925 sorğu nömrəli gömrük bəyannaməsi üzrə idxal etdiyi malları Türkiyə Respublikasında yerləşən İDEVİT SERAMİK SANAYİ ve TİCARET A.Ş şirkəti ilə bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə əsasında almışdır (müqavilənin surəti iş materiallarına əlavə olunmuşdur).
25. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, İddiaçı tərəfindən Azərbaycan Respublikasına idxal edilmiş malların sövdələşmə qiymətini əks etdirən invoyslar (yerləşən İDEVİT SERAMİK SANAYİ ve TİCARET A.Ş şirkəti tərəfindən verilmiş) iş materiallarına əlavə olunmuşdur.
26. Məhkəmə eyni zamanda müəyyən edir ki, İDEVİT SERAMİK SANAYİ ve TİCARET A.Ş tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Arayışda qeyd olunmuşdur ki, Azərbaycan bazarında rəqabəti təmin etmək üçün ilkin olaraq İddiaçı 73% endirim tətbiq edilsə də, şirkətlə danışıqlardan sonra endirim dərəcəsi artırılıb. Kommersiya qaimə-fakturasında Excel formul sahəsində yol verilmiş səhvə görə endirim dərəcəsinin artırılması yanlış və natamam olub. xx.xx.2025-ci il tarixində İddiaçı adına 25080100EX00000322 bəyannamə və İHR**********001 və İHR**********002 faktura nömrələri ilə 2-ci keyfiyyətli məhsul satışı və ixracı həyata keçirilmişdir. Tətbiq olunan bu qiymətlər və müvafiq kommersiya hesabfakturalarında bəyan edilmiş məbləğlər düzgündür.
27. Belə olan təqdirdə məhkəmə nəzərə alır ki, xx.xx.2023-cü il tarixli müqavilə (xx.xx.2025-ci il tarixli **********1925 sorğu nömrəli gömrük bəyannaməsi üzrə idxal edilən mallar barədə müqavilə) üzrə satıcı/təchizatçı tərəf İDEVİT SERAMİK SANAYİ ve TİCARET A.Ş İddiaçı tərəfindən idxal olunan malların 2-ci dərəcə keyfiyyətli mallar olduğunu, bu səbəbdən malların dəyəri ilə bağlı yüksək faiz dərəcəsi endirim tətbiq olunaraq satıldığını və malların sövdələşmə qiymətinin bəyannamə ilə uyğunluq təşkil etdiyini təsdiqləmişdir.
28. İddiaçı tərəfindən idxal olunmuş mallara dair fotoşəkillərdən görünür ki, müvafiq mallar 2-ci dərəcə keyfiyyətli, müəyyən qüsurları olan mallardır.
29. Məhkəmə hesab edir ki, iddiaçı malların invoys qiyməti ilə bağlı tətbiq edilmiş əhəmiyyətli endirimin açıqlamasını ağlabatan şəkildə, müvafiq təsdiqedici sənəd və məlumatlarla təqdim etmişdir.
30. Məhkəmə qeyd edilənləri məcmu halında qiymətləndirərək hesab edir ki, xx.xx.2025-ci il tarixli **********1925 sorğu nömrəli bəyannamə üzrə idxal olunan malların sövdələşmə qiyməti və iddiaçı tərəfindən bəyan edilmiş gömrük dəyəri arasında hər hansı uyğunsuzluq olduğu aşkar edilmir.
31. “Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun 7.1-cı maddəsinə əsasən malın gömrük dəyərinin müəyyən edilməsi (gömrük dəyərləndirilməsi) sistemi beynəlxalq təcrübədə qəbul olunmuş ümumi prinsiplərə (1994-cü il Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) Vİİ maddəsinə, GATT-ın Vİİ maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə) əsaslanır və gömrük ərazisinə gətirilən mallara şamil edilir.
32. Məhkəmə xüsusilə nəzərə alır ki, İddiaçı və İDEVİT SERAMİK SANAYİ ve TİCARET A.Ş şirkəti arasında bağlanılmış müqavilədə məhsulun satıcıdan alıcıya çatdırılması şərtləri ümumi qəbul olunmuş standartlar səviyyəsində 2020-ci il 1 yanvar tarixindən Azərbaycan Respublikası da daxil olmaqla əksər ölkələrdə tətbiq edilən 2019-cu il tarixli 723E saylı Beynəlxalq Ticarət Palatasının (international Chamber of Commerce) “İncoterms” (İnternational Commercial Terms) beynəlxalq ticarətin çatdırılma qaydaları adlı braşurası (bələdçi) ilə tənzimlənir. “Gömrük bəyannamələrinin doldurulması qaydası haqqında Metodika”nın 4 saylı Əlavəsində əksini tapan çatdırılma şərtlərinin Təsnifatı 2020 “İncoterms” qaydalarına uyğunlaşdırılmışdır. İddiaçı "xxxx" MMC-nin idxal etdiyi mallar üzrə rəsmiləşdirilən gömrük bəyannamələrinin «Çatdırılma şərtləri» adlı 20-ci qrafalarının birinci yarımbölmələrində göndərmə şərtlərinin iki rəqəmli kodu (01 kodu - Ex Works/Anbarda təhvil) göstərilmişdir. 723E saylı 2020 “İncoterms” qaydalarına əsasən EXW (Ex Works - Anbarda təhvil) kommersiya şərtində mümkün qədər az öhdəlik yüklü satıcının əsas vəzifəsi müqavilə üzrə razılaşdırılmış vaxtda və malların qablaşdırılmış formada yükləmənin ediləcəyi yerə (əsasən, anbar) çatdırılmasıdır. Müvafiq Qaydalara əsasən satıcının malları alıcının nəqliyyat vasitəsinə yükləmək öhdəliyi yoxdur). Bir sözlə, tərəflər arasında bağlanan müqavilənin şərtlərində satıcının ixracatçı qismində yalnız malın növündən, daşınma üsulundan asılı olaraq ölçülməsi, qablaşdırılması, çəkilməsi və ya sayılması kimi xərcləri qeyd edilir, razılaşdırılmış yerdən idxalatçının olduğu yerə qədər ödənilən və ya ödənilməli olan bütün xərclər, mallarla bağlı itki və ya zədə risklərinə qarşı sığorta xərcləri tərəflərin razılaşdırdığı qaydada alıcının öhdəliyi altına keçir. Odur ki, müvafiq Müqavilə üzrə nəqliyyat xərcləri, malların yüklənməsi, boşaldılması, yenidən yüklənməsi və yenidən boşadılması ilə bağlı xərclər, sığorta xərcləri İddiaçı öhdəliyində olmuşdur.
33. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixli **********1925 sorğu nömrəli gömrük bəyannaməsi əsasında idxal olunan mallar iddiaçının özünə məxsus olan şəxsi nəqliyyat vasitəsi ilə və iddiaçının öz işçiçi tərəfindən gətirilmişdir.
34. Məhkəmə iş materiallarının araşdıraraq müəyyən edir ki, xx.xx.2025-ci il tarixli **********1925 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən bəyan olunan mallar 77BM169 nişan nömrəli və 99ZX654 nişan nömrəli nəqliyyat vasitələri ilə Azərbaycan Respublikasına idxal edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş BD141566 nömrəli və BD153683 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat nişannamələrinə əsasən 99ZX654 qeydiyyat nişan nömrəli nəqliyyat vasitəsi və 77BM169 qeydiyyat nişan nömrəli nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdən etibarən İddiaçı mülkiyyətindədir.
35. Məhkəmə eyni zamanda müəyyən edir ki, iş materiallarına əlavə olunmuş 1RSKAUB000103 nömrəli X3 əsasən X6 adlı şəxs İddiaçı yanında sürücü vəzifəsində işləyir (əmək müqaviləsi qüvvədədir)
36. Belə olan təqdirdə İddiaçı xx.xx.2025-ci il tarixli **********1925 sorğu nömrəli gömrük bəyannaməsi üzrə bəyan edilən malları şəxsi mülkiyyətində olan nəqliyyat vasitəsi və öz işçisi tərəfindən idxal etməsi məhkəmədə hər hansı şübhə yaratmır.
37. Məhkəmə qeyd edilənləri məcmu halında qiymətləndirərək müəyyən edir ki, İddiaçı tərəfindən idxal olunan mallara münasibətdə gömrük dəyərinin malların sövdələşmə qiyməti ilə hesablanmasını istisna edən hal mövcud olmamışdır.
38. Məhkəmə nəzərə alır ki, cavabdeh orqan İddiaçı tərəfindən təqdim edilmiş sövdələşmə qiymətinin malların real dəyərini əks etdirmədiyini və ümumi bazar qiyməti ilə uyğunsuzluq təşkil etdiyini bildirsə də, bu faktı əsaslandıran hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
39. “Malın (işin, xidmətin) bazar qiymətinin müəyyən edilməsi Qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 6 nömrəli Qərarı:
1. Ümumi müddəalar 1.1. Malların (işlərin, xidmətlərin) bazar qiymətləri vergi ödəyicilərinin real gəlirlərinin və vergitutma bazarının düzgün hesablanması, habelə bu sahədə vergi nəzarətinin səmərəliliyinin artırılması məqsədilə müəyyənləşdirilir. 1.2. Bazar qiyməti malın (işin, xidmətin) tələb təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. 1.3. Eyni xüsusiyyətli və ya eyni cinsli mallar (işlər, xidmətlər) dedikdə, istehlak təyinatı, fiziki göstəriciləri, keyfiyyəti, mənşəyi, bir-biri ilə əvəzolunma imkanları və digər xüsusiyyətləri eyni olan mallar (işlər, xidmətlər) nəzərdə tutulur.
2. Bazar qiymətləri barədə məlumat mənbələri 2.1. Malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən aşağıdakı məlumat mənbələrindən istifadə edilir: 2.1.1. Dövlət Statistika Komitəsinin bazar qiymətləri barədə məlumatları; 2.1.2. Dövlət Gömrük Komitəsinin idxal-ixrac əməliyyatları üzrə tətbiq olunan qiymətlər barədə məlumatları; 2.1.3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Maliyyə Nazirliyinin, onların yerli orqanlarının bazar qiymətləri barədə məlumatları; 2.1.4. Vergilər Nazirliyi və onun yerli orqanlarının bazar qiymətləri barədə məlumatları; 2.1.5. digər səlahiyyətli orqanların, hüquqi və fiziki şəxslərin, o cümlədən intizamlı vergi ödəyicilərinin rəsmi məlumatları; 2.1.6. kütləvi informasiya vasitələrinin, müxtəlif nəşrlərin, “İnternet” sisteminin və digər mənbələrin elanları və reklam məlumatları; 2.1.7. qanunvericiliklə səlahiyyətə malik olan ekspertin (mütəxəssisin) rəyi, habelə, nəzarət qaydasında mal alqısının nəticələri, xronometraj qaydasında müşahidə aparılmaqla qeydə alınan qiymətlər; 2.1.8. bir-birindən asılı olmayan şəxslər arasında bağlanmış müqavilələr (əqdlər) əsasında onun bağlandığı günə, yaxud həmin dövrdə ərazi üzrə (rayon, şəhər) digər vergi ödəyicilərinin sənədlərində qeydə alınmış qiymətlər; 2.1.9. respublika daxilində, zəruriyyət yarandıqda xarici dövlətlərin birja kotirovkaları haqqında rəsmi və ya kütləvi məlumatlar. 2.2. Malların (işlərin, xidmətlərin) ixracı və idxalı əməliyyatları üzrə faktiki tətbiq olunan qiymətlərin reallığını müəyyənləşdirmək məqsədilə həmin ölkələrin müvafiq mallar (işlər, xidmətlər) üzrə bazar qiymətləri barədə məlumat mənbələrindən, habelə dünya bazar qiymətləri barədə məlumat mənbələrindən istifadə edilir.
3. Bazar qiymətlərinin məlumat mənbələrindən istifadə etməklə müəyyənləşdirilməsi 3.1. Bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) təqdim edildiyi andan çoxu 30 gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərə əsasən müəyyənləşdirilir. Bu zaman qiymətli kağızın bazar qiyməti bu qiymətli kağızın təqdim edildiyi andan əvvəlki ən yaxın tarixdə həmin emitentin eyni qiymətli kağızlar üçün fond birjasının kotirovkasına əsasən müəyyənləşdirilir, bu şərtlə ki, kotirovkalar yuxarıda göstərilən qaydaya uyğun elan edilsin. 3.2. Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulan hallarda vergilərin hesablanması məqsədi ilə bazar qiymətləri müxtəlif mənbələrdən alınmış məlumatlar və bütün dövrlər üzrə bazar qiymətlərinin səviyyəsində baş verən dəyişikliklər nəzərə alınmaqla müəyyənləşdirilir. 3.3. Malların (işlərin, xidmətlərin) bazar qiymətləri müəyyənləşdirilərkən qiymətlərə təsir edə bilən aşağıdakı amillər nəzərə alınır: 3.3.1. göndərilmiş malların (götürülmüş işlərin, göstərilmiş xidmətlərin) həcmi (əmtəə partiyasının həcmi); 3.3.2. öhdəliklərin icra olunması müddəti, ödəniş şərtləri; 3.3.3. mallara (işlərə, xidmətlərə) tələb və təklifin dəyişməsi, (o cümlədən istehlakçı tələbinin mövsümi olaraq artıb azalması); 3.3.4. malların mənşə ölkəsi, alındığı və ya təqdim edildiyi yer; 3.3.5. malların (işlərin, xidmətlərin) göndərilmə şərtləri; 3.3.6. malların keyfiyyətinin və digər istehlak göstəricilərinin səviyyəsi; 3.3.7. marketinq siyasətinin aparılması ilə əlaqədar olaraq bazara analoqu olmayan yeni malların (işlərin, xidmətlərin) çıxarılması, yaxud malların (işlərin, xidmətlərin) yeni bazara çıxarılması, istehlakçıların tanış olması məqsədilə əmtəə nümunələrinin təqdim edilməsi; 3.3.8. işlərin görülməsi, xidmətlərin göstərilməsi, o cümlədən təmir, tikinti, quraşdırma işləri, nəqliyyat, icarə, təhsil, tibb xidmətləri və digər sahələr üzrə bazar qiymətləri müəyyənləşdirilərkən işlərin görüldüyü, xidmətlərin göstərildiyi ərazi, onların keyfiyyət göstəriciləri və qiymətlərə təsir edə bilən digər şərtlər nəzərə alınır. 3.4. Malların (işlərin, xidmətlərin) keyfiyyəti ilə əlaqədar qiymətlər bazar qiymətlərindən aşağı səviyyədə müəyyənləşdirilərkən keyfiyyətin səviyyəsi aidiyyəti dövlət orqanı tərəfindən təsdiq olunmalıdır.
4. Bazar qiymətləri barədə məlumat mənbələri olmadıqda qiymətlərin müəyyənləşdirilməsi 4.1. Eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, aşağıdakı qiymətləndirmə üsullarından istifadə edilə bilər: 4.1.1. sonrakı (təkrar) satış qiymətinə əsasən. Bu halda malların (işlərin, xidmətlərin) bazar qiyməti həmin malların (işlərin, xidmətlərin) sonrakı (təkrar) satış qiymətinə əsasən müəyyən olunur. Bazar qiyməti sonrakı satın qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla müəyyənləşdirilir. 4.1.2. Dəyərin müəyyənləşdirilməsi üsulu. Bu üsulla bazar qiymətləri malları (işləri, xidmətləri) təqdim edənin əsaslandırılmış xərclərini və mənfəətini toplamaqla hesablanır.
40. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli **********1925 sorğu nömrəli gömrük bəyannaməsi ilə idxal olunan malların gömrük dəyəri “malların sövdələşmə qiyməti” üsulu ilə hesablanmalı, bu səbəbdən cavabdeh Bakı Baş Gömrük İdarəsinin “Gömrük dəyərinə düzəlişlər edilməsi barədə” GDD********** nömrəli xx.xx.2025-ci il tarixli Bildirişi ləğv edilməlidir.
41. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
42. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh Bakı Baş Gömrük İdarəsinin “Gömrük dəyərinə düzəlişlər edilməsi barədə” GDD********** nömrəli xx.xx.2025-ci il tarixli Bildirişi ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva