Məhkəmə qərarları › İş №2-1(112)-7178/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7178/2024

28.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7178/2024 28.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçılar İddiaçı və X5 iştirakı ilə, Birgə iddiaçılar İddiaçı və X5 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanının fərdi yaşayış evi göstərilməklə ev və istifadədə olan torpaq sahəsinə vahid çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərar qəbul edilməsi xahiş edilmişdir.

2. X8 məhkəməyə ərizə təqdim edərək hazırki iş üzrə iddiaçı qismində nəzərə alınmasını xahiş etmişdir.

3. Məhkəmənin xx.xx.2024-cü il tarixli Qərardadı ilə X8 iş üzrə birgə iddiaçı qismində nəzərə alınmışdır.

4. Birgə iddiaçılar daha sonra ərizə təqdim edərək ünvan 4 kimi qeydə alınmış daşınmaz əmlakı fərdi yaşayış evi və altındakı torpaq sahəsi 562,4 kv.m olmaqla mövcud paylar üzrə mülkiyyət hüququ kimi qeydə alınmaqla çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

5. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə 2/3-si iddiaçıya, 1/3-i iddiaçının qardaşına X6 məxsus olan yaşadığı ünvan 1 ünvanının fərdi yaşayış evi göstərilməklə, evə və yalnız iddiaçının ailələrinin istifadəsində olan torpaq sahəsinə vahid çıxarışın verilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi, 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi müraciətin təmin edilməsindən imtina edilmişdir. İddiaçının yaşadığı həyət evi 1956-cı ildən atası X4 məxsus olmuşdur. İddiaçı və qardaşı həmin evdə doğulmuşdur. O zamanlar, bu ərazi Hərbi Kimya Şəhərciyi adlanırdı və bu şəhərcikdə 200-dən artıq, hasarla qonşulardan ayrılmış və öz şəxsi həyətləri olan evlər var idi. Bu gün bu evlərin həyətlərindəki topaqların əksəriyyəti özəlləşdirilmişdir.

6. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı yaşadığı ünvan 1 ünvanının fərdi yaşayış evi göstərilməklə evinə və istifadəsində olan torpaq sahəsinə vahid çıxarışın verilməsinin cavabdehə həvalə edilməsinə dair iddiası etirazla qarşılanır. İddiaçı müvafiq iddia tələbi ilə bağlı xx.xx.2024-cü il tarixli ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli **********02 saylı cavab məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, sözügedən ünvanda yerləşən mənzilin fərdi yaşayış evi kimi torpaq sahəsi ilə birlikdə vahid əmlak şəklində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9463/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçı X2 mənzilin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və plan və ölçünün verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Müvafiq qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-907/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9463/2023 nömrəli 21 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Sözügedən torpaq sahəsi digər mənzil mülkiyyətçilərinin ümumi paylı mülkiyyətindədir. Bundan əlavə müvafiq torpaq sahəsinin üzərində inşa olunmuş və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş mənzil 2/3 hissə olmaqla İddiaçı, 1/3 hissə olmaqla X5 paylı mülkiyyətindədir. Həmçinin bildiririk ki, elektron kadastr məlumatlarına əsasən sözügedən torpaq sahəsinə dair X5 ********** nömrəli, xx.xx.2018-ci il tarixli müraciəti olmuşdur. Əlavə olaraq məlumat üçün bildiririk ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş mənzilin digər payçısı X1 mənzilin yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüquqlarının öz adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddia tələbi Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1281/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə təmin edilməmiş və qərar qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı) Fərmanının 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınməumatış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1 və 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin torpaq sahəsinə dair hissədə mümkün sayılmaması, fərdi yaşayış evinə dair hissədə isə rədd edilməsi xahiş edilmişdir.

7. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, sözügedən ünvanda yerləşən mənzilin fərdi yaşayış evi kimi torpaq sahəsi ilə birlikdə vahid əmlak şəklində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısfnda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən sizə hüquqi yardım göstərərək bildiririk ki, müvafiq hüquqmüəyyənedici sənədlər təqdim ediləcəyi təqdirdə müraciətinizə yenidən qanunamüvafiq qaydada baxılacaqdır.

8. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, X14 küçəsi, ev 1, mənzil 214 ünvanında yerləşən mənzil İddiaçı (2/3 hissə) və X5 (1/3 hissə) adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.

9. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli Müayinə (baxış) Aktına əsasən sözügedən mənzil fin tipli mənzildi. Paylı mülkiyyətdə olan 1 mərtəbəli tikilinin daxilində arxiv texniki pasport ilə müqayisədə yerləşkələrin bəzi ara kəsmələri dəyişdirilmişdir. Ərizəçinin istifadəsində S=562.4 kv.m daş hasara alınmış torpaq sahəsi mövcuddur. Torpaq sahəsinin ayrılmasına dair heç bir sənəd təqdim edilməmişdir. Torpaq sahəsinin üzərində 1 ədəd S=7.6 kv.m sanitar qovşağı və S=74.6 kv.m talvar mövcuddur.

10. Bakı şəhəri, Nəsimi rayonu, X14 küçəsi, ev 1, mənzil 214 ünvanında yerləşən torpaq sahəsi ilə qonşuluqda yerləşən torpaq sahələrinə dair mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı hüquqmüəyyənedici sənədlər məhkəməyə təqdim edilmişdir.

11. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçılar iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

12. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

13. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

14. İddia mümkündür.

III.Məhkəmənin mövqeyi

15. X11 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

16. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).

17. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

18. Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

19. Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X3 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50).

20. X16 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlərhüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

22. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

23. Məhkəmə ilk növbədə müəyyən edir ki, Bakı şəhəri, Nəsimi rayonu, X14 küçəsi, ev 1, mənzil 214 ünvanında yerləşən mənzilin birgə iddiaçılar İddiaçı və X5 xüsusi mülkiyyətində olması işin mübahisəsiz halıdır.

24. İddia ərizəsinin məzmunundan aydın olur ki, birgə iddiaçılar İddiaçı və X8 xüsusi mülkiyyətlərində olan mənzili fərdi yaşayış evi kimi və altındakı 562,4 kv.m torpaq sahəsinə dair mövcud paylar üzrə mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın (fərdi yaşayış evi və torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edən vahid çıxarışın) verilməsini tələb etmişdirlər.

25. Məhkəmənin hazırki iş üzrə mövqeyi “vahid daşınmaz əşya” və “vahid mülkiyyət obyekti” anlayışlarına əsaslanır.

26. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.

245. ...Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir.

27. Məhkəmə hesab edir ki, şəxsin fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları qeydə alındığı təqdirdə həmin evin altındakı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtina edilməsi qeyd edilən yanaşmaya (“vahid daşınmaz əşya” və “vahid mülkiyyət obyekti”) əsasən qanuni hesab edilə bilməz. Belə ki, şəxsin xüsusi mülkiyyətində olan fərdi yaşayış məhz onun isifadəsi üçün zəruri olan torpaq sahəsinin üzərində yerləşir və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) daşınmaz əşyadır. Eyni zamanda torpaq sahəsi üzərində hüquqlar qeydiyyata alınarkən torpaq sahəsinin üzərində yerləşən daşınmaz əmlak və həmin daşınmaz əmlakın istifadəsi üçün zəruri olan sahə nəzərə alınmaldır.

28. Mənzil Məcəlləsindən: 13.1. Yaşayış sahələrinə aşağıdakılar aiddir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; 13.1.2. mənzil, mənzilin hissəsi; 13.1.3. otaq; 13.1.4. bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri. 13.2. Otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. 13.3. Bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir.

29. Məhkəmə nəzərə alır ki, daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli Müayinə (baxış) Aktına əsasən sözügedən mənzil fin tipli mənzildir. Paylı mülkiyyətdə olan 1 mərtəbəli tikilinin daxilində arxiv texniki pasport ilə müqayisədə yerləşkələrin bəzi ara kəsmələri dəyişdirilmişdir. Ərizəçinin istifadəsində S=562.4 kv.m daş hasara alınmış torpaq sahəsi mövcuddur. Torpaq sahəsinin üzərində 1 ədəd S=7.6 kv.m sanitar qovşağı və S=74.6 kv.m talvar mövcuddur.

30. Beləliklə, müayinə aktından görünür ki, iddiaçılara məxsus yaşayış sahəsi mənzil kimi qeydə alınsa da, otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş evdir.

31. Belə olan təqdirdə birgə iddiaçılar İddiaçı və X5 xüsusi mülkiyyətlərində olan yaşayış sahəsinin altındakı 562,4 kv.m torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evi kimi kimi mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etməyə “qanuni gözlənti”si var.

32. Məhkəmənin qeyd edilən yanaşması iş materiallarında olan qüvvədə olan məhkəmə qərarı ilə də uyğunsuzluq təşkil etmir. Belə ki, həmin işdə iddiaçılardan yalnız biri tərəf qismində çıxış etmiş və yaşayış sahəsinin statusunun dəyişdirilmədən (mənzildən fərdi yaşayış evinə keçirilməklə) torpaq sahəsi üzərində hüququn qeydiyyatını tələb etmişdir. Bu isə yuxarıda qeyd edildiyi kimi “vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyekti” kompensasiyası ilə uyğunluq təşkil etmir. Belə ki, məhkəmə qərarı onunla əsaslandırılmışdır ki (Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-907/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərarı), “qeyd olunan əmlak daşınmaz əmlakın dövlət reyestrində fərdi yaşayış evi kimi deyil, mənzil kimi qeydiyyata alınmışdır. Həmçinin həmin mənzil paylı mülkiyyətdir və iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasını tələb etdiyi torpaq sahəsi (mənzilin yerləşdiyi torpaq sahəsi) paylı mülkiyyət hüququ üzrə mülkiyyətçilərə məxsusdur”. Hazırki işin hallarından görünür ki, birgə iddiaçılar qismində hər iki paylı mülkiyyətçi çıxış edərək tələbdə eyni zamanda yaşayış sahəsinin statusunun dəyişdirilməsini tələb etmişlər.

33. Məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının vəziyyətinə mütənasib olmamaqla onun üzərinə həddən artıq yük qoymuşdur, nəticə etibarilə iddiaçıya münasibətdə ədalətli tarazlığa riayət olunmamışdır.

34. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X16 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.

35. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

36. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

37. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

38. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

39. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. ünvan 4 ünvanında qeydə alınmış daşınmaz əmlakı altındakı 562,4 kv.m torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evi kimi iddiaçılar İddiaçı və X5 adına (mövcud paylar üzrə) qeydiyyata alaraq mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar