Məhkəmə qərarları › İş №2-1(112)-7179/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7179/2020

25.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7179/2020 25.12.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respblikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “müharibə veteranı üçün müavinətin əvvəlki 3 il üçün ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: İddiaçı cavabdeh Azərbaycan Respblikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbayacan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından xx xxxxxxxx 2020ci il tarixli, **********2 saylı cavab məktubunda qeyd edilənlərin qanunsuz hesab olunması və cavabdehin üzərinə son 3 (üç) il üçün müharibə veteranı adı almış şəxs olaraq kommunal və digər xidmətlərin ödənilməsi üçün “kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 613 nömərli Fərmanı ilə müharibə veteranlarına ödənilməsi nəzərdə tutulmuş aylıq 55000 (əlli beş min) manat və Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi ilə əlaqədar xx.xx.2019cu il tarixdən isə hər ay 80 manat müavinətin, yəni Prezident təqaüdü ilə təmin olunması haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilk cavabdeh əsl cavabdeh Azərbaycan Respblikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1992-ci ildə könüllü olaraq işğal altında olan Qarabağ ərazisində olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak etmiş və bir neçə ay həmin döyüşlərin birbaşa iştirakçısı olmuşdur. Xeyli müddət veteran statusu almaq üçün müraciət etməmiş və bu səbəbdən də dövlət tərəfindən müharibə veteranlarına verilmiş güzəşt və müavinət almaq hüquqlarını həyata keçirə bilməmişdir. 2020-ci ilin iyun ayında müvafiq dövlət orqanına veteran statusunun verilməsi üçün müraciət etmiş və xx xxxx 2020-ci il tarixdə 087907 saylı veteran vəsiqəsi almış və həmin vəsiqəni Azərbayacan Respublikası Əmək və Əhalinin Sosial Müdafısəi Nazirliyinin Nəsimi rayon şöbəsinə təqdim etmiş və həmin dövlət orqanının xətti əsasında 141 saylı müavinət kartı almışdır. Müavinət kartı aldıqdan və həmin kart əsasında iki aylıq müavinət aldıqdan sonra cavabdeh təşkilatın rayon şöbəsinə rəsmi qaydada ərizə təqdim edərək 1995-ci ildən hal-hazıradək qanunla ona, yəni müharibə veteranı olaraq ödənilməsi nəzərdə tutulmuş müavinələrin hesablanmasını və birdəfəlik ona ödənilməsini xahiş etmiş, lakin cavabdeh təşkilat Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından xx xxxxxxxx 2020-ci il tarixli, **********2 saylı cavab məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikasının ərazi bötüvlüyü uğrunda döyüş əməliyatlarında iştirak etdiyinə görə müharibə müharibə vereranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün “kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 613 nömərli Fərmanı ilə müharibə veteranlarına ayda 55000 (əlli beş min) manat məbləğində müavinət təyin edildiyini, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 641 nömərli Fərmanına uyğun olaraq müharibə veteranlarına 80 manat Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi ilə xx.xx.2019-cu il tarixdən sözügedən müavinət Prezident təqaüdü ilə əvəz edildiyini, ’’Veteranlar Haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq nəzərdə tutulmuş güzəştlər “Veteran vəsiqəsi” təqdim edildikdə həyata keçirildiyi və qeyd olunanlar əsasında müharibə veteranları üçün nəzərdə tutulan təqaüd qanuna uyğun təyin edildiyi bildirilərək, faktiki olaraq müraciət ərizəsində tələb etdiyi 1995-ci ildən hal-hazıradək qanunla ona, yəni müharibə veteranı olaraq ödənilməsi nəzərdə tutulmuş müavinələrin hesablanmasını və birdəfəlik ona ödənilməsindən imtina etmişlər. Aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, cavabdeh Azərbayacan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından xx xxxxxxxx 2020-ci il tarixli, **********2 saylı cavab məktubunda qeyd edilənlər qanunsuz və əsassızdır. Hesab edir ki, cavabdeh təşkilat tərəfindən ən azından son 3 (üç) il üçün müharibə müharibə veteranı adı almış şəxs olaraq kommunal və digər xidmətlərin ödənilməsi üçün “kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 613 nömərli Fərmanı ilə müharibə veteranlarına ödənilməsi nəzərdə tutulmiş aylıq 55000 (əlli beş min) manat və Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi ilə əlaqədar xx.xx.2019-cu il tarixdən isə hər ay 80 manat müavinətin, yəni Prezident təqaüdü ilə təmin olunması haqqında qərar qəbul etməli idi. Azərbaycan Respublikası Konstitusiyasının 149.7-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Yuxarıda göstərilənlərə əsasən hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafısi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Tətinatı üzrə Mərkəzi Filialından xx xxxxxxxx 2020-ci il tarixli, **********2 saylı cavab məktubunda qeyd edilənlər qanunsuz hesab olunmalı və cavabdehin üzərinə son 3 (üç) il üçün müharibə müharibə veteranı adı almış şəxs olaraq kommunal və digər xidmətlərin ödənilməsi üçün “kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 613 nömərli Fərmanı ilə müharibə veteranlarına ödənilməsi nəzərdə tutulmiş aylıq 55000 (əlli beş min) manat və Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi ilə əlaqədar xx.xx.2019-cu il tarixdən isə hər ay 80 manat müavinətin, yəni Prezident təqaüdü ilə təmin olunması haqqında qərar qəbul etmək vəzifəsinin qoyulması haqqında qərar qəbul edilməlidir. «Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli məlumatında Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar X1 tövsiyələrini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 dekabr tarixli Qərarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 23 aprel tarixli Qərarındakı yanaşmanın davam etdirilməsinin zəruriliyi nəzərə alınaraq, Azərbaycan Respublikasının məhkəmələrinə işlərə baxılması ilə bağlı sərtləşdirilmiş xüsusi karantin rejiminin müddətinin uzadıldığı 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00dək təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlər (tibbi xarakterli məcburi tədbirlərinin tətbiq edilməsi haqqında materiallar; qətimkan tədbirlərinin seçilməsi, dəyişdirilməsi, ləğvi, həbsdə, ev dustaqlığında saxlama müddətlərinin uzadılması, ev dustaqlığı qətimkan tədbiri ilə əlaqədar şəxsin üzərinə qoyulmuş vəzifələrin ləğvi, dəyişdirilməsi barədə, habelə məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında verilmiş digər müraciətlər; zəruri hallarda hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında müraciətlər; bəzi kateqoriya üzrə inzibati xətalara dair işlər, iddianın təmini tədbirləri və müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi ilə bağlı ərizələr, əmr icraatı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, bəzi kateqoriya üzrə xüsusi icraat və icra icraatı işləri) istisna olunmaqla, icraatlarında olan digər işlərə baxılmasının müvəqqəti olaraq təxirə salınması, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadə edilməsi tövsiyə edilmişdir. İddiaçı və cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılmasına etiraz etmədiklərini bildirmişlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında tərəflərin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən xx.xx.2020-ci ildə verilmiş M/V seriyalı 087907 nömrəli vəsiqənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. İş materiallarında olan Azərbaycan Respblikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********2 №-li məktubda qeyd olunur: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə Nəsimi rayon xidmət nümayəndəliyindən Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə baxaraq bildiririk ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 613 nömrəli Fərmanı ilə müharibə veteranlarına ayda 55 000 (əlli beş min) manat məbləğində müavinət təyin edilirdi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 641 nömrəli Fərmanına uyğun olaraq müharibə veteranlarına 80 manat Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi ilə xx.xx.2019-cu il tarixdən sözügedən müavinət Prezident təqaüdü ilə əvəz edilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq nəzərdə tutulmuş güzəştlər “Veteran vəsiqəsi” təqdim edildikdə həyata keçirilir. Qeyd olunanlar əsasında sizə, müharibə veteranları üçün nəzərdə tutulan təqaüd qanunauyğun olaraq təyin edilmişdir. İş materiallarında olan müavinət işinin surətindən görünür ki, Azərbaycan Respblikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2020-ci il tarixli qərarına əsasən İddiaçı xx.xx.2020-ci il tarixdən müddətsiz 80 manat məbləğində təqaüd (müharibə veteranlarına Prezident təqaüdü) təyin edilmişdir. «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir; 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər; 4.0.1.6-cı maddəsinə əsasən bu Qanunla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət təyin edilir; 6.1-ci maddəsinə əsasən bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş aylıq və birdəfəlik müavinətlər (bu Qanunun 6.2-ci maddəsi ilə nəzərdə tutulan hallar istisna olmaqla) dövlət büdcəsinin vəsaiti hesabına ödənilir; 7.0.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadığı hallarda təyin edilir; 9.1, 9.1.5-ci maddələrinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2006-cı il Fərmanının 2.1-ci bəndinə əsasən “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1.6-cı, 4.0.1.8-ci, 7.0.6-cı, 7.0.7-ci, 7.0.8-ci (hər iki halda), 8-ci, 9.1.5-ci, 9.1.6-cı, 9.1.7ci, 11.1.5-ci, və 11.1.6-cı maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001ci il tarixli 613 nömrəli Fərmanının 1-ci bəndinin 6-cı abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, 1941-1945-ci illərdə keçmiş sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş, müharibə illərində orden və medallarla təltif edilmiş şəxslərə İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə" medalı, "Leninqrad mühasirəsində yaşayan" döş nişanı ilə təltif edilmiş şəxslərə, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrində və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərə və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslərə - 55,0 min manat müavinət müəyyən edilmişdir (Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli 514 nömrəli Fərmanı ilə 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanının 1-ci bəndinin 6-cı abzası qüvvədən düşmüş hesab edilmişdir). «Sosial müavinətlərin məbləğinin artırılması haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 973 nömrəli Fərmanının 1.1.7-ci maddəsinə əsasən əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, 1941-1945-ci illərdə keçmiş sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş, müharibə illərində orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərə və keçmiş SSRİ silahlı qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri kimi iştirak etmiş şəxslərə 55 manat aylıq sosial müavinət müəyyən edilmişdir (xx.xx.2019-cu ilədək qüvvədə olmuşdur). “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 640 nömrəli Fərmanına əsasən “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 973 nömrəli Fərmanın Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Həmin Fərmanın 3-cü bəndinə əsasən, bu Fərman xx.xx.2019-cu il tarixindən tətbiq edilir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında» Azərbaycan Pespublikası Prezidentinin xx xxxxx 2019-cu il tarixli 641 nömrəli Fərmanının 1-ci bəndinə əsasən “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmiş və onun aylıq məbləği 80 manat müəyyən olunmuşdur. Həmin Fərmanın 2.1.1-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, xx.xx.2020-ci il tarixdə iddiaçıya “Müharibə veteranı” statusu və vəsiqəsi verilmişdir. İddiaçıya cavabdeh tərəfindən həmin tarixdən aylıq 80 manat məbləğində (ömürlük) müharibə veteranları üçün təsis edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir və ödənilir. Hazırda iddiaçı müavinətin (təqaüdün) ona son üç il üçün ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, xx.xx.2019-cu il tarixindən qüvvəyə minmiş qanunvericilikdəki yeni tənzimləmələrə görə müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, bununla da qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə sosial müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə əvvəlki üç il üçün ödəmələrin aparılmasını nəzərdə tutan “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq edilə bilməz. Qeyd olunan təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda da təqaüdün onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçıya müharibə veteranı statusunun verildiyi xx.xx.2020-ci il tarixdən həmin dövrdə qüvvədə olan “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında» Azərbaycan Pespublikası Prezidentinin xx xxxxx 2019-cu il tarixli 641 nömrəli Fərmanına əsasən təsis edilmiş müharibə veteranları üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir və ödənilir. Qeyd olunan Fərmanda həmin ödənişin təyin edilməsi, ödənilməsi müddətləri və qaydası konkret olaraq müəyyən edilmişdir və təqaüdün onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi nəzərdə tutulmamışdır. Belə olan halda hazırki iddia tələbi ilə əlaqədar olaraq fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsini nəzərdə tutan Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi tətbiq oluna bilməz. Beləliklə, xx.xx.2019-cu il tarixindən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Ona görə də iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: İddiaçı cavabdeh Azərbaycan Respblikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “müharibə veteranı üçün müavinətin əvvəlki 3 il üçün ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar