Məhkəmə qərarları › İş №2-1(112)-7179/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7179/2022

03.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7179/2022 03.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialın nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı məhkəməyə müraciət edərək cavabdeh "əsassız ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında" cavabdehin xx.xx.2022-ci il tarixli, **********8 nömrəli qərarının ləğv edilməsi tələbini irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, ona 2006-cı il tarixdən prokurorluq orqanının əməkdaşı kimi xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir. Həmin vaxtdan təyin edilmiş əmək pensiyası heç bir şərt qoyulmadan ona qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilmiş və ödənişlərlə bağlı da cavabdeh və DSMF-nun hər hansı digər qurumu tərəfindən heç bir qeyd şərt göstəriməmişdir. Lakin cari ilin fevral ayının 22-də cavabdeh tərəfindən artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması barədə qərar qəbul edilərək xx.xx.2015-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ona 23880,86 manat artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması nəticəsinə gəlinmişdir. Qərar onunla əsaslandırılmışdır ki, müvafiq araşdırılma aparılmış və araşdırılma nəticəsində artıq ödənişin olduğu müəyyən edilmişdir. İnzibatı orqan pul məbləğinin tutulması barədə inzibati akt qəbul etmək səlahiyyətinə malik olduğundan yuxarıda qeyd olunan qərar qəbul edilməsi məqsədəuyğundur. Hesab edir ki, nə hüquqi, nə faktiki əsası olmadan qəbul edilmiş qərar onun pensiya hüququnun pozulmasına gətirib çıxarmaqla qanunvericiliyin kobud pozuntusunun inzibati akt formasında təzahürür. Qərarın əsassız və qanunsuz olması ilə bağlı aşağıdakıları qeyd edir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının 2.0, 2.0.2 və 2.0.6.-cı maddələrinə əsasən inzibatı akt dedikdə inzibati orqan tərəfindən müəyyən (publik) hüquqi sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanladığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri,inzibati icraat dedikdə isə fiziki və ya hüquqi şəxslərin müraciətləri əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibatı aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən edilmiş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət başa düşülür. Göründüyü kimi inzibati orqan tərəfindən inzibati akt bu Qanunla müəyyən edilmiş prosedur qaydalar daxilində həyata keçirilən inzibatı icraat çərçivəsində qəbul edilməlidir ki, prosedur qaydalara əməl edilib-edilməməsi, inzibati aktın qanuni olubolmamasını müəyyən edir. Adı çəkilən Qanunun prosedur qayda müəyyən edən 21.1-ci və 21.2-ci maddələrinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlərlə haqqında maraqlı şəxslərə və ya onun nümayəndələrinə məlumat verməyə və ya bu barədə onların mülahizələrinin dinləməyə borcludur. Qanunun 51.1-ci maddəsinə görə inzibati orqan icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Göründüyü kimi inzibatı icraat barədə inzibati orqan maraqlı şəxsə məlumat verməyə borcludur. Adı çəkilən Qanun məlumatlandırmanının həyata keçirilməsindən imtinaya dair inzibati orqana səlahiyyət versə də, qeyd olunan imtinanın hansı hallarda nəzərdə tutulduğu konkret olaraq adıçəkilən Qanunun 21.3- cü maddəsində qeyd edilmişdir. Həmin maddənin tələbindən də göründüyü kimi maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibatı aktın qəbul edilməsi nəzərdə tutulması, ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yaranması, dinləmənin keçirilməsi inzibati aktin qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halın olması və s. dinləmələrdən imtina üçün əsas olaraq nəzərdə tutulmuşdur. Mübahisələndirilən xx.xx.2022-ci il tarixli qərarın qəbul edilməsi ilə nəticələnmiş inzibati icraat aparılarkən isə inzibati orqanın səlahiyyətli əməkdaşları tərəfindən ümumiyyətlə göstərilən normanın tələbləri nəzərə alınmamış, mənim qərarın qəbul edilməsinə münasibətim öyrənilməmiş, araşdırma mənim iştirakım olmadan aparılmışdır ki, bu həmin qərarın qanunsuz hesab edilməsinin hesab edirəm ki, bir neçə əsasından biridir. Göründüyü kimi inzibati icraat zamanı iştirakımın təmin edilməməsi qərarın qanunsuz hesab edilmə əsasıdır ki, qanunsuz hesab edilməninin digər əsasları ilə bağlı da aşağıdakıların qeyd edilməsi mütləqdir. Qanunun 24.1 maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qanunun 24.1-ci maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanının xidməti vəzifəsindən irəli gəlir. Göründüyü kimi inzibati orqan tərəfindən inzibati icraat zamanı tam, hər tərəfli və obyektiv araşdırma aparılmalıdır ki, barəmdə qəbul edilmiş qərarın təsviri əsaslandırıcı hissəsindən isə görünür ki, qərarın qəbulu ilə bağlı heç bir araşdırma aparılmamış, qərarın qəbul edilməsi üçün əsas olan məlumatların nə olduğu müəyyən edilməmiş, əgər artıq hesablanma üçün əsas yaranmışdırsa bunun hansı sübutlarla təsdiq edildiyi, sübutların hansı qaydada qiymətləndirildiyi barədə bir cümlə belə olsun qərarda qeyd edilməmişdir. Bununla belə əlavə olaraq qeyd olunur ki, Qanunun 58-ci maddəsi birbaşa tələb olraq müəyyən edir ki, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına , bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Adı çəkilən Qanunun 61-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır.Əsalandırılma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir.İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Barəmdə qəbul edilmiş qərarda isə səlahiyyətli əməkdaşlar tərəfindən qanunun qeyd olunan maddələi ümumiyyətlə unudulmuş ,əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar barədə bir söz belə yazılmamışdır ki,bu da barəmdə qəbul edilmiş qanunun legitimliyinə şübhələr yaradır. Göründüyü kimi barəsində qəbul edilmiş inzibati akt qanunsuzdur və bununla bağlı aşağıdakılarında qeyd edilməsi zərurəti yaranmışdır. Adı çəkilən Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddı hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunun 67.3 maddəsinə görə Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri ardan qaldırır. Beləliklə, barəsində qəbul edilmiş qərar qanunsuz əlverişsiz inzibati akt hesab edilir, belə ki, qəbul edilməsi zamanı inzibati icraat haqqında qanunvericiliyin tələbləri pozulmuşdur ki, bu onu qanunsuz, vətəndaşa münasibətdə puluyn geri qaytarılması ilə bağlı öhdəlik müəyyən edilməsi onu həmçinin əlverişsiz inzibati akt edir. Qanunsuz əlverişsiz inzibati akt isə ləğv olunmalı və onun qüvvəyə mindiyi andan yaratdığı hüquqi nəticələr aradan qaldırılmalıdır. Lakin "İnzibati icraat haqqinda" Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsi barəsində qəbul edilmiş qərarın qiymətləndirilməsi baxımından əhəmiyyət daşıyır.

3. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı 16 mart 2022-ci tarixində Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Aparılmış inzibati icraat tədbirləri nəticəsində bildirilir ki, Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsi tərəfindən iddiaçıya 30 may 2006-cı il tarixindən sabiq prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə Mərkəzi Filiala müraciət edərək, mövcud qanuna əsasən ona iki dəfə məzuniyyət pulu, iki aylıq müalicə pulu, iki aylıq maddi yardım və iki dəfədən az olmayaraq mükafat pulu verilməsi və nəzərdə tutulmuş güzəştlərin ona da şamil edilməsini (2005-ci ildən 2018-ci ilə kimi) 3 qat pensiyanın təyin edilməsinə və qeyd etdiyi illərin pensiya fərqi nəzərə alınmaqla ona təzə pensiya məbləği yenidən hesablanmaqla ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsini xahiş etmişdir. Müraciətinə əsasən aparılan araşdırma zamanı məlum olmuşdur ki, Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsi tərəfindən iddiaçıya prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 yanvar 2014-cü il tarixindən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı 1737,75 manat, rütbəyə görə əlavəsi 187,60 manat, qulluq stajına görə əlavəsi 833,24 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 121,20 manat olmaqla orta aylıq əmək haqqı 2879,78 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək olan redaksiyasının 20.8.3-cü maddəsinə əsasən 31 il 9 ay 1 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (2879,79 manat) 80 faizi-2303,83 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2015-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində iddiaçıya hər ay 2746,93 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində iddiaçıya 15951,60 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı 1910,25 manat, rütbəyə görə əlavəsi 187,60 manat, qulluq stajına görə əlavəsi 910,78 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 132,30 manat olmaqla orta aylıq əmək haqqı 3140,93 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.8.2-ci maddəsinə əsasən 31 il 9 ay 1 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (3140,93 manat) 80 faizi-2512,74 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2018xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 55280,28 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 63209,54 manat ödənilmişdir. Bu səbəbdən də iddiaçıya yuxarıda qeyd olunan dövr ərzində 7929,26 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2015-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 23880,86 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq artıq əsassız ödənilmiş vəmək pensiya məbləğinin geri qaytarılması haqqında xx.xx.2022-ci il tarixli **********8 nömrəli qərar qəbul edilmişdir. Həmin artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması ilə əlaqədar iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin tələblərinə uyğun qaydada yazılı razılığının qısa müddət ərzində Mərkəzi Filiala təqdim etməsi xahiş olunmuşdur. Əks halda iddiaçıya həmin maddəyə uyğun olaraq əmək pensiyasından tutulmanın aparılması üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Bundan başqa iddiaçının müraciəti ilə bağlı bildirilmişdir ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.9-cu maddəsinə əsasə prokurorluq orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinət verilir. Həmin Qanunun 20.8-ci maddəsində isə qeyd olunub ki, prokurorluq orqanlarının işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı həcmində müavinət ödənilir. Həmçinin Qanunun 21.4-cü maddəsində qeyd olunmuşdur ki, prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. Göründüyü kimi, prokurorluq orqanlarının pensiyaya çıxmış işçilərinə və onların ailə üzvlərinə yalnız pulsuz dövlət tibb xidməti göstərilməsi nəzərdə tutulub. İddiaçının ərizəsində qeyd etdiyi müavinətlərin verilməsi isə hazırda prokurorluq orqanlarında xidmət edən əməkdaşlar üçün nəzərdə tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası. Qanununun 1.0.1, 1.0.2, 1.0.5, və 20.14-cü maddələrinin şərh edilməsinə dair 1Ş may 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14- cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Qeyd olunanları nəzərə alaraq, iddfiaçıya yuxarıda göstərilən pul təminatları vaxtilə prokurorluq orqanlarında işlədiyi dövrdə ona ödənilmədiyindən həmin əlavələrin orta aylıq əmək haqqının hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. Əlavə olaraq bildirilmişdir ki, yuxarıda qeyd edilənlərlə bağlı tərəfimizdən İddiaçı yaşadığı ünvana artıq ödənilmiş pensiya məbləğinin hesablanması barədə xx.xx.2020ci il tarixdə **********9 nömrəli məktub göndərilmişdir. Göründüyü kimi Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsi tərəfindən iddiaçıya qanunvericiliyə zidd olaraq 23880,86 manat artıq pul vəsaiti ödənilmişdir.

4. Əsassız ödənilmiş əmək pənsiya məbləğinin geri qaytarılması haqqında xx.xx.2022-ci il tarixli **********8 nömrəli qərara əsasən, xx.xx.1953-cü il tarixində anadan olmuş, ünvan 1 ünvanında yaşayan (qeydiyyatda olan) borclu İddiaçı xx.xx.2015-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində 23880,86 manat artıq ödənilmiş əmək pensiyası məbləği tələb edilərək 10 gün müddətində Binəqədi rayon, Ziya Bünyadov 43 ünvanında yerləşən tələbkar Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi qərara alınmışdır. Qərara əsasən müəyyən olunmuşdur ki, Vaqif Nəsib oğlu X2 rayon şöbəsi tərəfindən 30 may 2006-cı il sabiq prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Aparılmış araşdırmaya əsasən İddiaçı xx.xx.2015- xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində 23880,86 manat məbləğində artıq ödənilmiş məbləğin geri tələb edilməsi zərurəti ortaya çıxmışdır. İddiaçı artıq ödənilmiş ümumilikdə 23880,86 manat pul vəsaiti onun “Azərbaycan Beynəlxalq Bankı" ASC-də olan kart hesabına körülümüşdür.

5. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və şifahi məhkəmə dinləmələrinin onun iştirakı olmadan keçirilməklə tələbinin təmin edilməsini xahiş etdi.

6. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verdi.

II. İddianın növü və mümkünlüyü

7. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

8. İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

9. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər.

10. Hazırki iddia mübahisələndirmə növündə iddiadır. İddia mümkündür.

II. Məhkəmənin mövqeyi

11. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir.

12. Göründüyü kimi inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur.

13. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunundan: 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

14. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

15. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Məhkəmə hesab edir ki, qeyd edilən normaya əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tələb edilməsi pensiyanın hüququ olmayan şəxsə təyin edilməsi halında deyil (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallara istinad edildiyi hallar istisna olmaqla), pensiyanın hesablanması zamanı yol verilmiş texniki xəta və ya yanlış riyazi hesablama zamanı mümkün hesab edilə bilər.

16. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.

17. Məhkəmə hesab edir ki, müvafiq əsaslar olduqda pensiyanın hüququ olmayan şəxsə təyin edilməsi halında vurulmuş zərərin əvəzi hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti qaydasında tələb oluna bilər.

18. X5 Məhkəməsinin presedent hüququna əsasən: - Məhkəmə bir daha xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsi konkret məbləğdə pensiya almaq hüququna təminat vermir, bununla belə, pensiyanın bütünlüklə məhrum edilməsi 1 saylı Protokolun 1-ci maddəsinin müddəalarını poza bilər və əksinə, pensiyaya və ya müvafiq müavinətlərə ağlabatan azalmaların bunu etməməsi ehtimalı var. Bununla belə, ədalətli tarazlıq testi mücərrəd olaraq yalnız məruz qalan azalmanın məbləğinə və ya faizinə əsaslana bilməz. Bir sıra işlərdə Məhkəmə bütün müvafiq elementləri konkret hallara uyğun qiymətləndirməyə cəhd göstərmişdir (bax: Stefanetti və başqaları § 59; Domalewski Polşaya qarşı (kk.), №. 34610/97, AİHM 1999V). Bununla da, Məhkəmə hüququn itirilməsinin ayrı-seçkilik xarakteri kimi amillərinə əhəmiyyət vermişdir (Kjartan Asmundsson, § 43); keçid tədbirlərinin olmaması (bax: Moskal işi § 74, burada ərizəçi praktiki olaraq bir gündən digərinə yeganə gəlir mənbəyini təşkil edən erkən pensiya pensiyasının tamamilə itirilməsi ilə üzləşdi və dəyişikliyə uyğunlaşmağın perspektivləri zəif idi); şərtin özbaşınalığı (Klein, § 46), eləcə də ərizəçinin vicdanlılığı (bax: Moskal, § 44) (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 113); - Hər hansı xüsusi formada müavinətlərin və ya pensiyaların verilməsi üçün daxili hüquqi şərtlər dəyişdikdə və bu şərtlərin dəyişməsi səbəbindən müvafiq şəxs artıq onları tam təmin etmədikdə, milli qanunvericiliyə əsasən kifayət qədər müəyyən edilmiş, maddi marağın mövcudluğunu yoxlamaq üçün işin fərdi halları, xüsusən də dəyişikliyinin xarakteri ciddi nəzərdən keçirilməlidir. Konvensiyanı özündə birləşdirən əsas dəyərlərə aid hüquqi müəyyənlik və qanunun aliliyi tələbləri bunlardır (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 89); - Məhkəmə əvvəllər qərara almışdır ki, əlavə pensiya müavinətlərinin dəyişdirilməsi və ya dayandırılması “nə özgəninkiləşdirmə, nə də əmlakın istifadəsinə nəzarət tədbiri” təşkil etmir (bax: Aizpurua Ortiz və başqaları İspaniyaya qarşı, № 42430/05, § 48, 2 fevral 2010) və pensiyanın müsadirə yolu ilə azaldılması “nə istifadəyə nəzarət, nə də əmlakdan məhrumetmə”dir (bax: X1rşı (dek.), № 6223/04, AİHM 2005-Xİ ). Məhkəmə hesab edir ki, bu işdə ərizəçinin mülkiyyət hüquqlarına müdaxilə yuxarıda qeyd olunan birinci qaydaya, yəni mülkiyyətdən dinc istifadənin ümumi prinsipinə əsasən nəzərdən keçirilməlidir (Lakiçeviç və digərləri v. Monteneqro və Serbiya, № 27458/06 § 64, 13 dekabr 2011-ci il və Panfile işi § 19) (Fabian Macarıstana qarşı №. 53080/13, 2016 § 64); - Moskal Polşaya qarşı məhkəmə işindən (Ərizə № 10373/05; xx.xx.2009-cu il tarixli qərar): Ərizəçi vicdanla və qüvvədə olan qanuna uyğun olaraq erkən pensiya təyin edilməsi üçün müraciət etmişdir. Səlahiyyətli orqanlar onun müavinət almaq hüququnu təsdiq edən kimi, o, bu qərarı düzgün hesab etməkdə və həyatını buna uyğun təşkil etməkdə haqlı idi. O, pensiya hüququnun səhvən verildiyini dərk edə bilməzdi. Onu pensiya almaq hüququndan məhrum edən qərar onun mülkiyyətinə müdaxilə idi. Müdaxilə qanuni idi və hakimiyyətin səhvini düzəltmək və sosial təminat sisteminin layiq olmayan benefisiarlarına dövlət vəsaitinin vaxtında məhdudiyyət olmadan subsidiya verməyə çağırılmamasını təmin etmək üçün qanuni məqsəd güdürdü. Proporsionallığa gəldikdə, pensiya təyini qərarı müəyyən müddətdə qüvvədə qalmışdı və şübhəsiz ki, ərizəçiyə və onun ailəsinə təsir göstərmişdir. Bununla belə, səhv aşkar edildikdə, müavinətin ödənilməsinin dayandırılması barədə qərar nisbətən tez və dərhal qüvvəyə minir. Ərizəçidən səhvən ödənilmiş pensiyanın qaytarılması tələb olunmaması bu qərarın nəticələrini kifayət qədər yumşaltmadı. Onun pensiya hüququ məhkəmələr tərəfindən cəmi iki ildən sonra müəyyən edilib və bu müddət ərzində o, heç bir pensiya almayıb. Mülkiyyət hüquqları kontekstində yaxşı idarəetmə prinsipinə xüsusi əhəmiyyət verilməli idi. Dövlət orqanlarının, xüsusən də rifah müavinətləri kimi fərdlər üçün həyati əhəmiyyət kəsb edən məsələlərə baxarkən son dərəcə diqqətli davranması arzu edilirdi. Öz səhvlərini aşkar edərək, səlahiyyətli orqanlar öz vəzifələrini vaxtında, lazımi və ardıcıl şəkildə yerinə yetirməmişlər. Ümumi prinsip olaraq, dövlət orqanlarının öz səhvlərini, hətta öz səhlənkarlıqlarından irəli gələn səhvləri düzəltməyə mane olmamalıdır. Başqa cür yanaşma əsassız varlanma doktrinasına zidd olardı. Sosial müdafiə fonduna töhfə verən digər şəxslərə, xüsusən də qanunla müəyyən edilmiş tələbləri yerinə yetirmədiklərinə görə müavinətdən məhrum edilmiş şəxslərə qarşı da ədalətsizlik olardı. Nəhayət, bu, özlüyündə ictimai maraqlara zidd olan qıt dövlət resurslarının yersiz bölüşdürülməsinə sanksiya tətbiq etmək deməkdir. Lakin üçüncü şəxsin təqsiri olmadan, səlahiyyətli orqanların özləri tərəfindən səhvə yol verilmişsə, müavinət alanın üzərinə düşən yükün həddən artıq olub-olmadığını müəyyən etmək üçün fərqli proporsional yanaşma tətbiq edilməli idi. Etiraz edilən tədbir nəticəsində ərizəçi praktiki olaraq bir gündən digər günə onun yeganə gəlir mənbəyi olan erkən pensiya pensiyasının tam itirilməsi ilə üzləşmişdi. Üstəlik, onun yeni iş tapmaqda xeyli çətinlik çəkməsi riski var idi. Yalnız üç ildən sonra o, yeni müavinət əldə edə bildi (əvvəlki tarifdən 50% az). Buna görə də, cəmiyyətin ümumi mənafeyinin tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlıq təmin edilməmişdir və ərizəçinin üzərinə qoyulan yük həddindən artıq olmuşdur.

III. Qeyd edilənlərin hazırki işə tətbiqi

19. Hazırki işdə mübahisələndirilən inzibati aktın qəbul edilməsi zamanı cavabdeh qurumun qeyd edilən normalara riayət etdiyi müəyyən olunmur.

20. Odur ki, mübahisələndirilən inzibati akt qanunsuz əlverişsiz inzibati aktdır.

21. Qanunvericinin mövqeyinə əsasən, inzibati orqan tərəfindən əmək pensiyaçısının əmək pensiyasından tutulma haqqında qərar yalnız onun razılığı olduqda qəbul oluna bilər. İşin hallarına əsasən iddiaçının belə bir yazılı razılığının olduğu müəyyən olunmur.

22. Məhkəmə həm də nəzərə alır ki, iddiaçı xx.xx.1953-cü il təvəllüdlüdür və sabiq prokuror kimi xx.xx.2006-cı il tarixdən əmək pensiyası təyin edilərək ödəniş aparılmışdır. Cavabdeh iddiaçının hər hansı digər gəlirlərinin olduğunu müəyyən etməmiş, eləcə də inzibati icraat zamanı iddiaçının iştirakını təmin etməmişdir.

23. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulan halların mövcudluğu sübut edilməmiş və həmin hallara istinad edilməmişdir.

24. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir.

25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

26. Məhkəmə hesab edir ki, artıq ödənilmiş pensiya məbləğinin tutulması iddiaçının fərdi hallarına uyğun olaraq (yaşı və digər gəlirlərinin müəyyən olunmaması) cəmiyyətin ümumi mənafeyinin tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlıq pozulmasına və vətəndaşın üzərinə həddindən artıq yük qoyulması ilə nəticələnə bilər.

27. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

28. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının İddiaçı barəsində qəbul etdiyi "əsassız ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında" xx.xx.2022-ci il tarixli **********8 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar