Məhkəmə qərarları › İş №2-1(112)-7179/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7179/2025

16.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7179/2025 16.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə (üçüncü şəxs: X3 və qeyriləri) qarşı “qeydiyyata çıxarma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı “qeydiyyata çıxarma” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadları ilə X3 və qeyriləri üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia onunla əsaslandırılır ki, iddiaçı paylı mülkiyyətlərində olan yaşayış sahəsində onlardan başqa üçüncü şəxs qeydiyyatdadır. O iddiaçının ailə üzvü deyildir, hər hansı qohumluq əlaqəsi mövcud deyildir. Həmin şəxslə X7 arasında nikah məhkəmə qaydasında pozulmuşdur. X4 fərdi yaşayış evində hər hansı mülkiyyət hüququ yoxdur. İddiaçı qeyd edir ki, həmin şəxsin yaşayış sahəsində qeydiyyatda qalması onların hüquqlarının pozulmasına səbəb olur. Sonradan iddia tələbinə dəqiqləşmə verilərək üçüncü şəxs X1 ünvan 1 ünvandan qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsi xahiş edilmiş, ərizə icraata qəbul edilmişdir. T.Rəhimova iddiaya etirazında qeyd etmişdir ki, paylı mülkiyyətin çox hissəsi X2 payına düşür. O, da 1994-cü il tarixdən həmin evdə ona məxsus hissədə həyat yoldaşı və uşaqları ilə birlikdə yaşayır. İddiaçı heç həmin ünvanda yaşamır. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs T.Rəhimova iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyətdə olmaqla, o cümlədən paylı mülkiyyətdədir. Payçılar arasında iddiaçı və X5 da mövcuddur. “ASAN 5” tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, üçüncü şəxs T.Rəhimova həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır. İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün inzibati məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin məktubunda qeyd edilmişdir ki, qeydiyyatdan çıxarılamsı tələb edilən üçüncü şəxsin əmlakda mülkiyyət, istifadə və ya digər məhdud əşya hüquqlarının qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Eyni ünvan göstəricilərinə malik hər hansı əmlak aşkar edilməmişdir. Mənzil Kommunal İstismar Sahəsinin arayışından görünür ki, üçüncü şəxs T.Rəhimova həmin həmin ünvanda yerləşən yaşayış sahəsində yaşamaqdadır. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən görünür ki, payçılardan X6 cavabdehlərdən biri üçüncü şəxs Şirbanova(Rəhimova) Tamilla olmaqla onlara qarşı iddia qaldıraraq evdən çıxarılmasını tələb etmiş, məhkəmə iddianı rədd etmiş, rədd onunla əsaslandırılmışdır ki, paylı mülkiyyətdə olan həmin mənzildə üçüncü şəxs digər paylı mülkiyyətçi Gülnarə Kazımovanın ailə üzvüdür və onun şifahı razılığı ilə həmin evə köçürülmüşdür. Üçüncü şəxsin evə istifadə hüququ mövcuddur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Eyni Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Mülki Məcəllənin: -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər”. İşin faktiki hallarından görünür ki, hazırkı inzibati mübahisə paylı mülkiyyətçi olan İddiaçı üçüncü şəxs T.Rəhimovanın yaşayış yeri üzrə paylı mülkiyyətdə olan yaşayış sahəsindən ünvan üzrə qeydiyyatdan çıxarılması ilə əlaqədardır. Qeyd olunmalıdır ki, AR İPM-nin 14.3-cü maddəsinin tələbləri baxımından iddianın təminini istisna edən hallar mövcud olduğundan iddia qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, təqdim edilmiş izahatlardan məlum olur ki, paylı mülkiyyətdə olan əmlak, faktiki birneçə olmaqla, ayrı-ayrı fərdi yaşayış evlərindən ibarətdir. Paylar müəyyən edilsə də, naturada ayrılmamış, ünvan eyni olmuşdur. Üçüncü şəxs T.Rəhimova da həmin ünvanda yerləşən yaşayış sahələrindən birində yaşamış, məhkəmə qətnaməsindən də göründüyü kimi paylı mülkiyyətçilərdən birinin ailə üzvü kimi həmin əmlakda yaşayan şəxs kimi istifadə hüququna malik olmuşdur. İddiaçı isə paylı mülkiyyətdə olan əmlakın mülkiyyətçisi olması halını nəzərə almamış, digər payçıların da ailə üzvlərinə məxsus istifadə hüququnun mövcudluğuna əhəmiyyət verməyərək, üstəlik həmin ünvanda yerləşən əmlakda faktiki də yaşayan və iddia ərizəsində dediyinin əksinə işin halları ilə nikah münasibətlərinə xitamı olmayan şəxsin qeydiyyatdan çıxarılmasını tələb etmişdir ki, məhkəmə hesab edir ki, iddia qanunsuz və əsassızdır. Lakin, məhkəmə iddiaçıya əmlakın naturada ayrılması və ayrı ünvan verilməklə ayrıca mülkiyyət hüququnun qeydiyyata alınması barədə hüququnu izah edir ki, hər bir halda həmin hal mövcud olmadan, ünvanın paylı mülkiyyətdə olan əmlakla bağlı olması, bir-neçə yaşayış sahəsinin həmin ünvan üzrə istifadəsi və üçüncü şəxsin də həmin ünvanda yerləşən fərdi yaşayış sahəsində qanuni əsaslarla, məhkəmə tərəfindən istifadə hüququna malik olmasını nəzərə almaqla hesab edir ki, iddianın təmini əsası mövcud olmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar