Məhkəmə qərarları › İş №2-1(112)-718/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-718/2022

15.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-718/2022 15.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə çıxarışın və texniki pasportun verilməsi öhdəliyin qoyulması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin layihəyə uyğun dövlət qeydiyyatına alınaraq, reyestrdən İddiaçı adına çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında iddiaçının xüsusi mülkiyyətindədir. Heç bir əlavə artımlar olmadan qeyri-yaşayış binasının içərisində arakəsmə divarlar sökülmüş, daxildə pilləkən sahələrin yeri dəyişdirilməsi ilə rekonstruksiya işləri aparılmış və daşınmaz əmlakın ümumi sahəsi böyümüşdür. Eyni zamanda 542 kv.m ümumi sahəsi olan zirzəmi də faktiki istifadəsindədir. Daşınmaz əmlakın rekonstruksiyasından sonra yeni ölçülərlə və zirzəminin dövlət reyestrində qeydiyyata alınaraq iddiaçının adına çıxarışın verilməsi üçün cavabdeh ərizə ilə müraciət edilmişdir. Cavabdeh 25.02.2021-ci il tarixdə imtina məktubu ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2 və 11.1-ci maddələrinə istinad edərək ərizənin icrasının mümkün olmadığı bildirilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuzdur.

3. Cavabdeh orqanın məhkəməyə təqdim etdiyi (dəftərxana vasitəsilə) etirazda bildirilmişdir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin layihəyə uyğun olaraq mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası tərəfimizdən etirazla qarşılanır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, müvafiq iddia tələbi ilə bağlı iddiaçının 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi müraciəti daxil olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunanlar nəzərə alınaraq, cavabdeh orqan iddianın mümkün sayılmaması xahiş etmişdir.

4. Məhkəmənin 07.05.2021-ci il tarixli hazırlıq icraatı iclasında iddiaçı iştirak etmiş, cavabdeh məhkəmənin vaxtı və yeri barədə qanuna müvafiq olaraq məlumatlandırılmasına baxmayaraq iclasda iştirak etməmişdir. İclas məhkəmə sorğusunun cavablandırılması məqsədilə növbəti tarixə təxirə salınmışdır.

5. İddiaçı ərizəylə məhkəməyə (dəftərxana vasitəsilə) məhkəməyə müraciət edərək, iddia tələbini dəqiqləşdirmişdir.

6. Məhkəmənin 12.07.2021-ci il tarixli hazırlıq icraatı iclasında iddiaçı iştirak etmiş, cavabdeh məhkəmənin vaxtı və yeri barədə qanuna müvafiq olaraq məlumatlandırılmasına baxmayaraq iclasda iştirak etməmişdir. İş üzrə iddia tələbi “ünvan 1 ünvanında yerləşən və mülkiyyətində olan 3137,9 kv.m, əmlakdan əlavə 649 kv.m qeyri-yaşayış sahəsinin də əlavə olunmaqla çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəqiqləşdirilmişdir. Cavabdehin iştirakının təmin edilməsi məqsədilə iclas növbəti tarixə təxirə salınmışdır.

7. Məhkəmənin 27.07.2021-ci il tarixli hazırlıq icraatı iclasında iddiaçı iştirak etmiş, cavabdeh məhkəmənin vaxtı və yeri barədə qanuna müvafiq olaraq məlumatlandırılmasına baxmayaraq iclasda iştirak etməmişdir. Məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi barədə qərardad qəbul edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə təqdim etdiyi (dəftərxana vasitəsilə) 05.11.2021-ci il tarixli Ekspert rəyinə əsasən, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binasının texniki pasportu ilə faktiki vəziyyəti arasında uyğunsuzluq mövcud olduğu və həmin uyğunsuzluğun binanın 2-ci mərtəbəsində mövcud zalın yan divarları boyunca (1-ci mərtəbədə yerləşən tikililərin üzərində və binanın ümumi sərhədləri daxilində) inşa edilmiş əlavə tikililərdən ibarət olduğu müəyyən edilmişdir. Tədqiq olunan qeyri-yaşayış binası üzrə Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışda göstərilmiş 3137,9 kv.metrdən əlavə 2-ci mərtəbədə mövcud zalın yan divarları boyunca (1-ci mərtəbədə yerləşən tikililərin üzərində və binanın ümumi sərhədləri daxilində) əlavə tikililər inşa edildiyi və həmin tikililərin iş otaqları, mətbəx ticarət sahəsi, sanitar qovşağı, anbar, texniki otaq və s. kimi istifadə olunmaqla ümumi sahəsi 702,06 kv.metr təşkil etdiyi müəyyən olunmuşdur.

8. Məhkəmənin 31.01.2022-ci il tarixli şifahi məhkəmə baxışı iclasında iddiaçı iştirak etmiş, cavabdeh məhkəmənin vaxtı və yeri barədə qanuna müvafiq olaraq məlumatlandırılmasına baxmayaraq iclasda iştirak etməmişdir. Cavabdehin iştirakının təmin edilməsi məqsədilə iclas növbəti tarixə təxirə salınmışdır.

9. İddiaçının nümayəndəsi (vəkili) ərizəylə məhkəməyə (dəftərxana vasitəsilə) məhkəməyə müraciət edərək, iddia tələbi və ona əlavə olunmuş sənədləri geri götürdüyünü bildirmişdir.

10. 15.02.2022-ci il şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iddiaçının nümayəndəsi (vəkili) iştirak etmiş və məhkəməyə təqdim etdiyi iddia tələbi və ona əlavə olunmuş sənədləri geri götürülməsinə dair ərizəni müdafiə etmişdir.

11. Cavabdeh orqanın nümayəndəsi iclasda iştirak etməmişdir. II. İddianın geri götürülmüş sayılması

12. Məhkəmə qeyd edir ki, inzibati icraat qaydasında iddiaçının müraciəti əsasında iddia ərizəsinin geri qaytarılmasına dair birbaşa norma olmasa da, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsi halını müəyyən edir.

13. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

14. Qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 29.03.2016-cı il tarixli qərarı).

15. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.

16. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir, iddia ərizəsinin geri qaytarılmasına dair müraciət isə iddiaçının məhkəmə icraatından yayınmasının aktiv forması olmaqla iddiaçının iddiaya həmin ana prosessual marağının olmamasını ifadə edir. Odur ki, oxşar münasibət olduğundan həmin norma analogiya qaydasında tətbiq edilə bilər.

17. Bu səbəbdən məhkəmə hesab edir ki, oxşar münasibət İPM-lə tənzimlədiyindən Mülki Prosessual Məcəllənin iddianın baxılmamış saxlanmasına dair institutu tətbiq edilməməlidir. Belə ki, prorsessual qanunvericiliyin analogiyası ya normanın özündə göstərilmiş olduqda, ya da prosessual qanunvericilikdə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda tətbiq edilə bilər. Mülki Prosessual Məcəllənin 259-cu maddəsində nəzərdə tutulmuş iddianın baxılmamış saxlanmasına dair əsaslar inzibati icraatda bir qayda olaraq iddianın qeyri-mümkünlüyü üçün əsaslardır. İddia ərizəsinin qaytarılması MPM-in 152-ci maddəsi ilə tənzimlənir. İnzibati prosesdə isə həmin formal xətalar olduğu təqdirdə məhkəmə İPM-in 13-cü maddəsinə əsasən, hüquqi yardım göstərərək onların aradan qaldırılmasına kömək etməlidir. Belə ki, İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bu o deməkdir ki, iddia ərizəsinin qaytarılması və bu əsasla iddianın baxılmamış saxlanması inzibati icraat üzrə prosesə ziddir.

M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından

18. ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X3 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).

19. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).

20. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.

21. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...

22. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyrimümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...

23. ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.

24. Konstitusiya məhkəməsinin plenumunun qeyd edilən qərarına əsasən ifadə edilən hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsini müəyyən etdiyindən iddiaçının iddia ərizəsinin geri qaytarılmasına (bu əsasla baxılmamış saxlanmasına) dair müraciəti olduqda İPM-in 55.5-ci maddəsinə istinad etmədən məhkəmə tərəfindən məhz qeyd edilən məhkəmə aktı qəbul edilməlidir.

25. Məhkəmə hesab edir ki, iddiaçının iddiaya münasibətdə artıq prosessual marağı olmadığından prosessual qənaət prinsipindən çıxış edərək iddianın əsaslılığını yoxlamaq zərurəti mövcud deyildir.

26. İddianın geri götürülmüş sayılması barədə qərardadın qəbul edilməsi ilə məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırılmış olur. Həmin hüquq mütləq hüquq olmadığından (yəni məhdudlaşdırıla bilər) qərardadın (məhdudlaşdırmanın) legitim məqsəd daşıması və ağlabatan mütənasiblik əlaqəsinin mövcudluğu aydınlaşdırılmalıdır. Həmin mütənasiblik əlaqəsi qəbul edilən məhkəmə aktından şikayət verilməsi və yenidən iddia qaldırmaq imkanının mümkünlüyündə ifadə olunur. Hazırki iş üzrə icraata xitam verilmədiyindən (iddiaçı məhkəmədən yayınmadığı üçün iddiadan imtina etmiş sayılmır) iddiaçının yenidən iddia qaldırma imkanı istisna edilmir.

III. Məhkəmə xərci ilə bağlı

27. İPM-in 29-1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müvafiq müddəaları tətbiq olunur. AR MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. AR MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İPM-in 108.1-ci maddəsinə əsasən, prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. İPM-in 110.1-ci maddəsinə əsasən, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia geri götürüldüyündən iş üzrə keçirilmiş ekspertiza xərci iddiaçıdan tutulmalıdır. İPM-in 83.2-ci maddəsinə əsasən, məhkəmə qərarının yalnız əsaslandırma hissəsi və məhkəmə xərcləri ilə bağlı şikayətə yol verilmir.

28. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia geri götürülmüş sayılsın. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-718/2022 saylı (işin əvvəlki nömrəsi 2-1(112)- 4875/2021) inzibati iş üzrə ekspertiza xərci cəmi 100 (yüz) manat cavabdeh İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu: 142593; Büdcə səviyyəsinin kodu 3; SAP (XİİS) hesabı: Adı: X1; kodu: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZ********************; SWİFT BİK: CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********; hesab: AZ34CTRE********************) köçürülsün. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar