Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7181/2021 28.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X7) «mənzildən qeydiyyatdan çıxarılma» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı «mənzildən qeydiyyatdan çıxarılma» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev (keçmiş Moskva) prospekti, 78 saylı evin 3 saylı mənzili iddiaçının (İddiaçı) mülkiyyətindədir və bu barədə Bakı ŞİH başçısı X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 77896 nömrəli 16 avqust 1995-ci il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. Həmin mənzildə iddiaçı övladları Sara və Vüsal ilə birlikdə qeydiyyatda olmuş və yaşamışlar. İddiaçının oğlu X8 X7 ilə əvvəlcə qeyri-rəsmi ailə münasibətləri yaranmış və onların iki övladı doğulmuşdur. Sonradan onların nikahı rəsmiləşdirilmişdir. Vüsal Zeynalov ailəsi ilə birlikdə üzun müddət müxtəlif ünvanlarda, o cümlədən xarici ölkədə yaşamışlar. İddiaçı 2017-ci ildə öz mülkiyyətində olan həmin mənzilə X3 qeydiyyata alınmasına icazə vermişdir. 22 aprel 2017-ci il tarixdən etibarən X7 iddiaçının oğlu X13 və onların 3 azyaşlı övladı – X11, X9 və X14 ilə birlikdə qeydiyyatdadırlar. Lakin onlar başqa ünvanda yaşayırlar. Son vaxtlar iddiaçının oğlu Vüsal Zeynalov və gəlini Səbinə Eyvazova ailə münasibətləri tamamilə pozulmuş, artıq bir neçə aydır ki, onlar birlikdə yaşamırlar. Səbinə Eyvazova nikahın pozulması ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Hazırda həmin işə baxılır. Artıq iddiaçını Səbinə Eyvazova ilə heç bir qohumluq və sair əlaqələr birləşdirmir. İddiaçı hesab edir ki, Səbinə Eyvazovanın onun mülkiyyətində olan mənzildə qeydiyyatda qalmasına heç bir əsas qalmamışdır. İddiaçı Səbinə Eyvazovanın mənzildə istifadə hüququna xitam verilməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli qərardadı ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmuşdur. Qərardad Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “«Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli qərarına istinadən əsaslandırılmışdır. Bundan sonra iddiaçı ərizə ilə cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə müraciət edərək, Səbinə Eyvazovanın qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Lakin cavabdeh 13 may 2021-ci il tarixli məktubla məsələnin həllindən imtina etmiş və bildirmişdir ki, bununla bağlı məhkəmə qərarı olmalıdır. Cavabdehin imtinası ilə iddiaçının hüquları pozulmuş hesab edilir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, İPMin 2.1, 2.2, 33.1, 33.2, 68 – 73-cü maddələrinə əsaslanaraq, X3 iddiaçının mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Bakı şəhəri Nərimanov RPİ-nin İPM-in 47-ci maddəsinə müvafiq olaraq iddia ilə bağlı məhkəməyə ünvanlanmış 6 avqust 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - Vətəndaş İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev küçəsi, 78 saylı evin 3 saylı mənzilindən üçüncü şəxslərin qeydiyyatdan çıxarılması barədə müraciəti 23 aprel 2021-ci il tarixdə Nərimanov RPİ-yə daxil olmuşdur. 13 may 2021-ci il tarixdə 078-11523Ə məktubla rəsmi cavab verilmişdir. Məktubda qeyd olunmuşdur ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun 9-cu maddəsinə əsasən qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün yeni yaşayış yerinə qeydiyyata düşməsi barədə məlumat, istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı və s. sənədlər tələb olunur. Əks təqdirdə şəxsin qeydiyyatdan çıxarılması RPİ tərəfindən mümükün deyildir. Bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət edilməsi məqsədəmüvafiqdir. İPM-in 28.1-ci maddəsinə görə iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məhkəmənin qərardadı ilə X7 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxsə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf və üçüncü şəxs gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiış etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarında olan Bakı ŞİH başçısı X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 16 avqust 1995-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev (keçmiş Moskva) prospekti, 78 saylı evin 3 saylı mənzili İddiaçı mülkiyyətindədir. İş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2233/2021 saylı iş üzrə 4 noyabr 2021-ci il tarixli qətnaməsi ilə X13 və X7 arasında 31 avqust 2015-ci il tarixdə 36 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahdan doğulmuş 23 oktyabr 2004-cü il təvəllüdlü X5 və 14 mart 2017-ci il təvəllüdlü X10 anaları X3 yanında, 3 aprel 2008-ci il təvəllüdlü X4 atası X8 yanında saxlanılması, 23 oktyabr 2004-cü il təvəlüdlü X12 və 14 mart 2017-ci il təvəllüdlü X1 üçün 31 mart 2021-ci il tarixdən başlayaraq cavabdeh X6 hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğində alimentin X3 xeyrinə tutulması qət edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin İddiaçı ünvanlanmış 13 may 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - Nərimanov RPİ-yə ünvanlanmış ərizə İdarənin icraatına daxil olmuşdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun 9-cu maddəsinə əsasən qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün yeni yaşayış yerinə qeydiyyata düşməsi barədə məlumat, istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı və s. sənədlər tələb olunur. Əks təqdirdə şəxsin qeydiyyatdan çıxarılması RPİ tərəfindən mümükün deyildir. Bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət edilməsi məqsədəmüvafiqdir. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, 78 saylı evin 3 saylı mənzili İddiaçı mülkiyyətindədir və bu barədə aidiyyəti səlahiyyətli qurum tərəfindən 16 avqust 1995-ci il tarixdə qeydiyyat vəsiqəsi verilmişdir. Üçüncü şəxs X7 iddiaçının keçmiş gəlinidir və ona məxsus həmin evdə qeydiyyatdadır, lakin həmin mənzildə yaşamır. İddiaçı onun sözügedən mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh Bakı şəhəri Nərimanov RPİ-yə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən məsələnin həllindən imtina olunmuş və ona məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə mübahisəyə mahiyyəti üzrə qiymət verilməsi üçün qanunvericiliyin aşağıdakı normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsaəsn hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnzibati icraat haqqında» AR Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. AR Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. AR Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə – yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, başqa ölkədə yaşayış yeri seçdikdə – müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, ömürlük azadlıqdan məhrum edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə – ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında, qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Azərbaycan Respublikasının 8 dekabr 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin 14-cü bəndinə əsasən vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixdə qərara almışdır ki: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir; - «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir; - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi, mövcud qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyat çıxarılması üçün halları müəyyən etmiş və “şəxsin yaşayış yerini dəyişməsi” və “şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” belə hallara aiddir. Nəzərə alınmalıdır ki, şəxsin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasının qanunvericiliklə müəyyən edilmiş digər əsasları hazırkı mübahisə ilə uzlaşmır və belə əsasların iş üzrə müəyyən edilməsinin yoxlanılmasına zərurət yaramır. Lakin hazırkı işin hallarından məlum olur ki, üçüncü şəxs X7 hazırkı İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, 78 saylı evin 3 saylı mənzilinə hüquqlarının olmasına dair nə cavabdeh, nə də üçüncü şəxslər tərəfindən hər hansı sübut, dəlil təqdim edilmədiyindən, onların belə hüququnun mövcudluğu müəyyən edilmir. Hətta həmin şəxsin sözügedən mənzilə əvvəllər istifadə hüququ mövcud olsaydı belə, nikah pozulduqdan sonra AR Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə həmin hüquq da saxlanılmır. Odur ki, məhkəmənin qənaətinə görə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, 78 saylı evin 3 saylı mənzilində üçün şəxs X7 yaşamadığından və sonuncunun mənzilə hər hansə hüququ olmadığından, mənzilin mülkiyyətçisi kimi hazırkı iddiaçının müraciəti əsasında onun (üçüncü şəxsin) sözügedən yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasından imtina olunması qanuna zidd sayılmalı və iddiaçının mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, 78 saylı evin 3 saylı mənzilindən üçün şəxs X3 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 52, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, 78 saylı evin 3 saylı mənzilindən üçün şəxs X3 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-7181/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7181/2021
28.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver