Məhkəmə qərarları › İş №2-1(112)-7181/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7181/2022

15.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7181/2022 15.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı “kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, Q.Nəbi küçəsində yerləşən 10 saylı evin 43 saylı mənzilinə dair onunla daimi kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi vəzifəsinin cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Q.Nəbi küçəsində yerləşən 10 saylı evin 43 saylı mənzil Azərbaycan Respublikası Ali Təhsil Nazirinin xx.xx.1993-cü il tarixli təqdimatı əsasında, ADNA rektorluğunun və HİK-nin qərarı əsasında ona gənc mütəxəssis kimi iddiaçıya ayrılmışdır. Belə ki, o Azərbaycan Dövlət Neft Akademiyasında 1984-cü ildən mənzilə ehtiyacı olan şəxs olaraq gənc mütəxəssis kimi mənzil növbəsində olmuşdur. Mənzil şəraitinin olmadığını nəzərə alaraq ADNA-nın 73-01-5/24 saylı, xx.xx.1993-cü il tarixdə qeyd edilən mənzilin ona ayrıldığını və həmin mənzilə daimi qeydiyyata alınmağına müvafiq köməklik göstərilməsi üçün Xətai Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli sərəncamı əsasında Xətai Rayon Polis İdarəsinin pasport qeydiyyat şöbəsinə qeydiyyata alınmağı ilə bağlı qərar verilmiş və o həmin mənzilə daimi qeydiyyata alınmışdır. Hazırda həmin mənzildə 4 nəfər ailə tərkibi ilə daimi qeydiyyatda olmaqla (özü, oğlu, 2 nəvəsi) yaşayırlar. Mənzil kirayə müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetrməsinə baxmayaraq, Xətai rayon İcra Hakimiyyətinə müraciət etsə də Xətai rayon İcra Hakimiyyətinin cavab məktubu ilə mənzil hüquqlarının müdafiəsi məhkəmə orqanlarının səlahiyyətinə aid edildiyindən qeyd edilən məsələ ilə əlaqədar məhkəmə orqanına müraciət etməyi ona tövsiyə olunmuşdur. Həmin mənzildə faktiki olaraq 29 il daimi qeydiyyatda olmaqla yaşadıqları nəzərə alınaraq yaşadığı mənzili 29 il ərzində öz vəsaitləri hesabına dəfələrlə əsaslı təmir etdirmişlər. Bu mənzildən başqa yaşamağa heç bir yeri yoxdur. Cavabdeh Xətai rayon İcra Hakimiyyətinin onun xahişinin təmin edilməsindən imtina etməsi əsassızdır. Daimi qeydiyyatda olduğu həmin mənzildə uzun illər yaşamaqla istifadə hüququ əldə edib, daimi kirayə müqaviləsindən irəli gələn hüquq və vəzifələri həyata keçirir. Uzun illər ərzində göstərilən mənzildə yaşayaraq mənzil kirayə müqaviləsindən irəli gələn bütün vəzifələri yerinə yetirdiyindən, göstərilən mənzilə dair hüquqların və vəzifələrin faktiki daşıcısıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın xx.xx.2022-ci il tarixli 502 nömrəli iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı ərizə ilə rayon İcra Hakimiyyətinə müraciət edərək qeydiyyatda olmaqla yaşadığı Xətai rayonu, Q.Nəbi küçəsində yerləşən 10 nömrəli evin 43 saylı mənzilinə dair kirayə müqaviləsinin onunla bağlanmasına köməklik göstərilməsini xahiş etmişdir. Bildiririk ki, iddiaçı iddia ərizəsində ünvan 1 ünvanında Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli sərəncamı ilə pasport qeydiyyatına alınmaqla yaşadığını bildirir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 62.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsinin bir tipli forması müvafiq icra Hakimiyyəti orqanı tərəfindən təsdiq edildiyi nəzərdə tutulmuşdur (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur). Qeyd edilən forma isə hal-hazırda mövcud deyildir. Müvafiq İcra Hakimiyyəti orqanı dedikdə isə qanunda Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur. Qeyd olunan sosial kirayə müqaviləsinin birtipli forması Nazirlər Kabineti tərəfindən təsdiq edilmədiyi üçün məsələyə baxılması mümkün deyil. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada cavabdehin ünvanına məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2021-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, ünvan 3 ünvanında İddiaçı, X6, X3, X2 qeydiyyatdadır. Həmin məktuba əlavə edilmiş Xətai rayon MKTB-nin 75 saylı MKİS-nin xx.xx.2022ci il tarixli 115 nömrəli arayışda qeyd edilir ki, İddiaçı Q.Nəbi küçəsi, 10 saylı 9 mərtəbəli evin 4-cü mərtəbəsində 29.01 kv.m sahəsi olan 2 otaqlı 43 nömrəli mənzilində yaşayır. Daimi qeydiyyatda olanlar: İddiaçı-qeydiyyata alındığı tarix xx.xx.1993-cü il, X6 qeydiyyata alındığı tarix xx.xx.1994-cü il, X2- qeydiyyata alındığı tarix xx.xx.2013-cü il, X3- qeydiyyata alındığı tarix xx.xx.2013-cü il. İş materiallarına əlavə edilmiş Azərbaycan Dövlət Neft Akademiyası tərəfindən Xətai Rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.1993-cü il tarixli 73-01-5/24 nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Dövlət Neft Akademiyasının assistenti İddiaçı mart 1984-cü ildən gənc mütəxəssis kimi mənzil növbəsindədir. ADNA-a məxsus Xətai rayonu, Q.Nəbi küçəsi ev 10 ünvanında 2 otaqlı mənzilləri var. Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyinin müsbət xarakteristikasını və gənc mütəxəssis assistent İddiaçı ailə vəziyyətinin ağır olmasını (tək ana və oğul) nəzərə alaraq Q.Nəbi küçəsi 10, mənzil 43-də yerləşdirilib. Ona görə də İddiaçı-özü, E.İddiaçı 1986-cı il (oğlu), və M.H.Rüstəmovanın - 1930-cu il (anası) həmin ünvanda pasport qeydiyyatına düşmələri üçün müvafiq orqanlara göstəriş verməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Dövlət Neft Akademiyası tərəfindən Azərbaycan Respublikası Ali Təhsil Nazirinə ünvanlanmış xx.xx.1993-cü il tarixli 70-01- 47/17 nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) müəllimi və xarici tələbələrlə ideya-tərbiyə işləri üzrə dekan müavini, akademiyanı 1983-cü ildə fərqlənmə diplomu ilə bitirmiş X7 çağırış ilə gənc mütəxəssis kimi 1986-cı ildən akademiyada işləyir. O, elmi-pedoqoji fəaliyyəti ilə yanaşı akademiyanın demokratik prinsiplər əsasında yeniləşməsində iştirak edən öncülərdəndir. Günün əsas hissəsini (dərs saatlarından əlavə) xarici tələbələr yaşayan yataqxanada olur və onlara ciddi ideya-tərbiyə işləri aparır. İddiaçı mənzil şəraitinin olmaması, onun həm elmi-pedoqoji, həm də dekanlıq səviyyəsindəki işlərinin tələb olunan səviyyədə yerinə yetirməsinə mane olur. İddiaçı 1984cü ilin martından gənc mütəxəssis kimi akademiyada mənzil növbəsindədir. Akademiya büdcədən maliyyələndiyi üçün əməkdaşların mənzillə təmin olunması qeyri mümkündür. ADNA-nın Qaçaq Nəbi küçəsi ev 10 ünvanında xarici tələbələrə məxsus ailələr üçün on iki (12) ədəd iki otaqlı mənzilləri var. Həmin ünvanda boş mənzil olmasını və İddiaçı həm mənzil şəraitinin yaxşılaşdırılmasını həm də tələbələrlə yaxından işləməsi üçün həmin ünvandakı boş mənzilin İddiaçı verilməsini ADNA rektorluğu Ali Təhsil Nazirliyindən xahiş etmişdir İş materiallarına əlavə edilmiş Azərbaycan Dövlət Neft Akademiyası tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2005-ci il tarixli 05/08 nömrəli məktubda bildirilmişdir ki, sizin 16 iyun 2005-ci il tarixli məktubunuza cavab olaraq bildirirəm ki, yaşadığınız mənzilə order verilməsi barədə ərizənizə rektorluq və HİK komitəsi tərəfindən baxıldı.Bakı şəhər XDS-nin 71/1117 saylı, xx.xx.1979-cu il tarixli qərarına əsasən Q.Nəbi küçəsi 10 saylı binanın 11 mənzili, o cümlədən sizin yaşadığınız mənzil ADNA-nın əməkdaşlarına verilmişdir. Sizə də Azərbaycan Respublikası Ali Təhsil Nazirinin xx.xx.1993-cü il tarixli təqdimatı, ADNA rektorluğunun və HİK-in qərarı əsasında gənc mütəxəssis kimi həmin mənzil verilmişdir. Bütün bunları nəzərə alaraq Sizə həmin mənzilə order verilməsi ilə bağlı müvafiq strukturlara müsbət rəyimizi bildiririk. İş materiallarına əlavə edilmiş X6 tərəfindən səlahiyyətli orqanlara ünvanlanmış xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədə bldirmişdir ki, qeydiyyatda olduğu ünvan 5 ünvaninda yerləşən mənzilin atası İddiaçı adına kirayə müqaviləsi bağlanmasına razı olduğunu və heç bir etirazı olmadığını bildirmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin xx.xx.2022-ci il tarixli 06-100 nömrəli məktubunda bildirilmişdir ki, sorğunuzda qeyd olunan sənədlərlə bağlı diqqətinizə çatdırırıq ki, əməkdaşlarımıza mənzillərin verilməsi ilə bağlı sənədlərdən heç biri Azərbaycan Dövlət Neft və Sənaye Universitetində qalmayıb. Həmin sənədlər 1991-ci ildə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə təqdim olunub və həmin idarədə saxlanılır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı xx.xx.2022-ci il tarixli BA-02093-2022 nömrəli məktubu ilə təqdim edilmiş İddiaçı barəsində Dövlət Arxivinin Bakı filialında saxlanılan Xətai rayon İH-nin arxiv fondunun xx.xx.1993-cü il tarixli, 1313 saylı sərəncamından təsdiq edilmiş arxiv çıxarışından çıxarışdan görünür ki, Bakı şəhər Xətai rayonu İcra hakimiyyəti aparatının müstəsna hal kimi pasport qeydiyyatına götürülməsi məsələləri üzrə komissiyasının 10 noyabr 1993-cü il tarixli 8 nömrəli protokoluna əsasən və Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamənin 13mad. “3” bəndini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 sentyabr 1974-cü il tarixli 317 nömrəli qərarının 4-cü bəndini rəhbər tutaraq qərara alınmışdır: 1. Aşağıda göstərilən şəxslər müstəsna hal kimi pasport qeydiyyatına götürülsünlər: 3.İddiaçı-Bakı şəhəri, Qaçaq Nəbi küçəsi 10 nömrəli evdə yerləşən yataqxanaya, mənzil 43. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli 018-8071-1222 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı xx.xx.2004-cü il tarixdən ünvan 6 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Göstərilən şəxsin qeyd olunan ünvana qeydiyyata alınmasına və ona şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlama müddəti (5 il) bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2022-ci il tarixli 327/d nömrəli məktubunda bildirilmişdir ki, Q.Nəbi küçəsi 10 ünvanı ünvan 7 Həmin məktuba əlavə edilmiş Xətai rayon MKTB-nin 75 saylı MKİS-nin xx.xx.2022-ci il tarixli 175 nömrəli arayışda qeyd edilir ki, həmin arayış İddiaçı ondan ötrü verilir ki, həqiqətən o Q.Nəbi küçəsi, 10 saylı evin 43 nömrəli mənzilində yaşayır. Həmin ünvanda faktiki qeydiyyatda olan şəxslər: İddiaçı, X6, X3, X1r. Məhkəmənin sorğusuna cavab olaraq Dövlət Arxivinin Bakı Filialından xx.xx.2022-ci il tarixli BA-03897-2022 nömrəli məktubla təqdim edilmiş Bakı şəhər XDS İK(indiki Bakı İH) xx.xx.1979-cu il tarixli 77/1117 saylı qərarından görünür ki, Azərbaycan Neft Kimya İnstitutuna ümumi sahəsi 530.2 kv.m olan 11 mənzil xarici ölkə tələblərinin yerləşdirilməsi üçün ayrılmışdır: 10 nömrəli ev məhəllə 2316-20 (Əhmədli)- (...) 43 nömrəli ev, blok 3, mərtəbə 4, sahə 29.01 kv.m. Məhkəmənin sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2022-ci il tarixli 616 nömrəli məktubunda bildirilmişdir ki, ünvan 8 ünvanında yerləşən 1977-ci ildə inşa edilmiş 9 mərtəbəli, 4 girişli, 72 mənzilli yaşayış binası və həmin binanın 43 saylı mənzili dövlət mənzil fonduna aid olmaqla istismara qəbul edildiyi ildən Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Xətai Rayonu İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli R-18-068 nömrəli məktubda bildirilmişdir ki, ərizənizdə yaşadığınız mənzilə sizinlə daimi kirayə müqaviləsinin bağlanılması ilə əlaqədar Sərəncam verilməsinə müvafiq köməklik göstərilməsini xahiş edirsiniz. Bildiririk ki, Sizin yuxarıda qeyd edilən mənzilə dair hüquqi sənədlərinizin olmadığı (order, qərar, sərəncam, məhkəmə qərarı və s.) nəzərə alınaraq xahişinizin yerinə yetirilməsi rayon İcra Hakimiyyətinin imkanı xaricindədir. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, Q.Nəbi küçəsində yerləşən 10 saylı evin 43 saylı mənzilin Azərbaycan Respublikası Ali Təhsil Nazirinin xx.xx.1993-cü il tarixli təqdimatı əsasında, ADNA rektorluğunun və HİK-nin qərarı əsasında ona gənc mütəxəssis kimi ona ayrıldığını, 1993-cü ildən həmin ünvana qeydiyyata alındığını, o vaxtdan mənzildə daimi yaşadığını əsas götürərək sözügedən mənzilə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi ilə bağlı cavabdeh Xətai rayon İcra Hakimiyyətinə müraciət etmiş, cavabdeh iddiaçının mənzilə dair hüquqi sənədlərinin olmadığına istinad edəərk müraciətin təminindən imtina etmişdir. İddiaçı hazırkı tələbində cavabdehin qeyd edilən imtinasını əsasız hesab edərək onunla kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını mübahisələndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddiaçının tələbi kirayə müqaviləsinin bağlanması barədə sərəncamın iddiaçı barəsində əliverişli inzibati aktın qəbul edilməsidir ki, qeyd edilən tələb məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmiş və cavabdehin verdiyi xx.xx.2022 il tarixli imtinasından sonra xx.xx.2022-ci il tarixdə iddia qaldırmaqla 30 günlük iddia müddətini ötürməmişdir. Beləliklə, iddianın mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsaslı iddiadır. İş materiallarından görünür ki, Bakı şəhər XDS İK xx.xx.1979-cu il tarixli 77/1117 saylı qərarı ilə xarici ölkə tələblərinin yerləşdirilməsi üçün Azərbaycan Neft Kimya İnstitutuna ümumi sahəsi 530.2 kv.m olan 11 mənzil ayrılmışdır. İddiaçı 1984-cü ildən işlədiyi Azərbaycan Dövlət Neft Akademiyasında mənzil növbəsində olmuş, ona Akademiyanın Azərbaycan Respublikası Ali Təhsil Nazirinə müraciəti, ADNA rektorluğunun və HİK-in qərarı əsasında ADNA-nın Qaçaq Nəbi küçəsi ev 10 ünvanında xarici tələbələrə məxsus ailələr üçün ayrılmış mənzillərdən Bakı şəhəri, Q.Nəbi küçəsi, 10 saylı evin 4-cü mərtəbəsində yerləşən 29.01 kv.m sahəsi olan 2 otaqlı 43 nömrəli mənzili verilmişdir. Xətai rayon İH-nin xx.xx.1993-cü il tarixli, 1313 saylı sərəncamı ilə İddiaçı ünvan 11 ünvanına qeydiyyata götürülmüşdür. Hazırda sözügedən ünvan 12a Xətai rayon MKTB-nin balansındadır. Həmin sahəyə xidmət edən Xətai 75 saylı MKİS-nin arayışına əsasən İddiaçı, X6, X3, X2 hazırda həmin ünvanda yaşayırlar. Eyni zamanda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında arayışına əsasən adları çəkilən İddiaçı, X6, X3, X2 ünvan 3 ünvanında qeydiyyatdadırlar. Mənzilin iddiaçıya verilməsi zamanı qüvvədə olmuş 8 iyul 1982-ci il tarixli 979-X nömrəli “Azərbaycan SSR Mənzil məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Sovet Sosialist Respublikasının Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin (xx.xx.2009cu il tarixədək qüvvədə olmuş): -28-ci maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar SSR İttifaqı qanunvericiliyində, bu Məcəllədə və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara (SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində başqa qayda müəyyən edilməmişdirsə) yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir. -31-ci maddəsinə əsasən mənzil fondu olan və mənzil tikən yaxud mənzil tikintisində pay vəsaiti ilə iştirak edən müəssisələrdə, idarələrdə, təşkilatlarda işləyən və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar həm iş yerində, həm də öz arzularına görə yaşayış yerində uçota götürülürlər (.....). -33-cü maddəsinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. -45-ci maddəsinə əsasən idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə, SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. -46-cı maddəsinə əsasən ictimai mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müvafiq təşkilatın orqanının və onun həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. -48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. -51-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 85-ci maddəsinə əsasən icarədarın ailə üzvü yaşayış sahəsinin bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə onun ailə üzvlərinin hər birinin belə hüququ vardır Beləliklə, sadalanan normalardan müəyyən olunur ki, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəxslərin uçota götürülmə əsaslarından biri də iş yerində uçota götürülmədir. İş yerində mənzil uçotuna götürülmüş şəxslərə idarə mənzil fondu evlərində yaşayış sahəsi müvafiq təşkilatın orqanının və onun həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında müvafiq rayon xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. Yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir, həmin order əsasında kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə icarə müqaviləsi bağlanır. Qeyd edilən normaları işin hallarına tətbiq etdikdə müəyyən olunur ki, iddiaçı 1984cü ildən iş yerində-Azərbaycan Dövlət Neft Akademiyasında mənzil növbəsində olmuş, ona 1993-cü ildə xarici tələbələr üçün ADNA-ya ayrılmış mənzillərdən birinin ayrılması ilə bağlı Ali Təhsil Nazirliyinə müraciət edilmiş, ADNA rəhbərliyi və Həmkarlar İttifaqının birgə qərarı əsasında Bakı şəhəri, Xətai rayonu, Q.Nəbi küçəsində yerləşən 10 saylı evin 43 saylı mənzili iddiçıya verilmiş, iddiaçı anası ilə həmin mənzilə köçürülmüş, iddiaçı və onun ailə üzvlərinin (anası və oğlu) qeydiyyata alınmaları üçün yerli icra hakimiyyəti orqanına müraciət edilmiş və iddiaçı Xətai XDS İK-nin xx.xx.1993-cü il tarixli sərəncamı əsasında həmin ünvana qeydiyyata alınmışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı ilə qeyd edilən dövr üzrə qüvvədə olmuş qanunvericiliyin tələbinə uyğun olaraq mənzilə dair order verilməməsi və ya müvafiq kirayə müqaviləsinin bağlanmaması onun da iştirakçısı olduğu mənzil kirayə münasibətlərinin etibarlılığına təsir etməmişdir. Qeyd edildiyi kimi iddiaçı həmin mənzildə 1993-cü ildən qeydiyyata alınmış, həmin vaxtdan sözügedən ünvanda fasiləsiz yaşamaqla icarədar kimi mənzilə dair kirayə müqaviləsindən irəli gələn hüquq və vəzifələri bilavasitə icra etmişdir. İddia olunan mənzilə dair order verilməməsi və ya kirayə müqaviləsinin bağlanmaması keçmiş Mənzil Məcəlləsinin qüvvədə olduğu dövrdən yaranmış və davam edən kirayə münasibətlərin mahiyyətinə təsir etmir. Başqa sözlə, iddiaçının hazırkı halda keçmiş Mənzil Məcəlləsinin tələbinə əsasən kirayə hüquq münasibətlərindən irəli gələn “qazanılmış hüququ” mövcuddur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının məhkəmə təcrübəsinin vahidliyini təmin edən 03/2020 nömrəli 08 oktyabr 2020-ci il tarixli Qərardadında qeyd edilmişdir ki, qazanılmış hüquq – yarandığı an hüquqa uyğun olan, şəxsin xeyrinə yeni hüquqi status yaratmaqla və ya dəyişməklə faktiki və hüquqi nəticələr doğuran, eləcə də fərdin özü üçün qətiləşmiş tələb etmə hüququ yaradan, lakin daha sonra qanunvericiliyin dəyişməsinə baxmayaraq hüquq nizamının qorumalı olduğu haqqdır. Hər hansı bir konkret halda qazanılmış hüququn varlığından söz edə bilmək üçün şəxsə aid artıq yaranmış (tamamlanmış) və hüquqi müdafiə altına alınmış bir vəziyyət mövcud olmalıdır. Qazanılmış hüququn mövcud olması üçün sözügedən hüquq müəyyən bir müddət üçün verilməməlidir. Çünki, həmin müddət ərzində istifadə edilmədikdə müddətin bitiməsindən sonra hüquqla bağlı müdafiə təminatı da ortadan qalxmış olur. Konvensiyaya əlavə 1 saylı Protokolun 1-ci maddəsi özündə qazanılmış daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirən mülkiyyət hüququnu qoruyur (İatridis Yunanıstana qarşı işi üzrə Böyük Palatanın qərarı, § 54; Beyeler İtaliyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 100). Bu maddə, həmçinin şəxsin mülkiyyət hüququnun əldə edilməsinə dair “qanuni gözləntisi”ni də müdafiə edir (X5 S.A. və digərləri Belçikaya qarşı işi üzrə qərarı, § 31). Şəxsin ən azından mövcud (və ya qazanılmış) mülkiyyətinin və ya əmlakının, o cümlədən iddialarının reallaşacağına dair "qanuni gözləntisi" olduğunu iddia edə bildikdə, “qanuni gözləntilər” həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər (X4-Adam İİ Almaniyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 83). Sözügedən “gözlənti” mülkiyyətə dair qanunvericilik aktına və ya normalarına əsaslandıqda “qanuni” hesab olunur (Kopecký Slovakiyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 45-52). Mülkiyyət maraqlarına aid "gözlənti" "qanuni" hesab olunması üçün sadəcə ümidə yox, daha konkret bir xarakter daşımalı və hüquq normasına və ya məhkəmə qərarı kimi digər hüquqi akta əsaslanmalıdır (Kopecký Slovakiyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 49-50; Sentro Avropa 7 S.R.L. və di Stefano İtaliyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 173; Béláné Naqi Macarıstana qarşı işi üzrə Böyük Palatanın qərarı, § 75). Qüvvədə olan Mənzil Məcəlləsinin: - 59.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. -59.2-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi müddətsiz (onun qüvvədə olma müddəti müəyyənləşdirilmədən) bağlanılır. -59.3-cü maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi almağa hüquq verən əsasların və halların dəyişməsi yaşayış sahəsinin sosial kirayə müqaviləsinin ləğv edilməsinə əsas deyil. -62.1-ci maddəsinə görə yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.9.2-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısı müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir, kommunal təsərrüfatın və mənzil-istismar sahələrinin idarə olunmasını təşkil edir, mühəndis qurğularının və kommunikasiyaların saxlanılmasına, istismarına, cari və əsaslı təmirinə nəzarəti həyata keçirir, mənzilkommunal infrastrukturunun inkişafını təmin edir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın iddia premeti olan mənzilə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsindən imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Odur ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, Q.Nəbi küçəsində yerləşən 10 saylı evin 43 saylı mənzilinə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi vəzifəsi cavabdeh Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Q.Nəbi küçəsində yerləşən 10 saylı evin 43 saylı mənzilinə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi vəzifəsi cavabdeh Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar