Məhkəmə qərarları › İş №2-1(112)-7182/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7182/2023

04.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7182/2023 04.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı müraciətinə cavab verilməsi tələbinə dair iddiası üzrə mümkünlük məsələsinə Bakı şəhərində Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəh. N.Vəzirov küç. 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 yanvar 2023-cü il tarixli ərizəsinə cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 14 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə yazılı müraciət etmiş, lakin müraciəti hazırki vaxtadək cavablandırılmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra ərizənin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, iddianın mümkünlük məsələsi ilə bağlı sonuncu məhkəmə iclası 04 may 2023-cü il tarixə təyin edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, müvafiq olaraq məhkəmə iclasına gəlməmiş və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçıya məxsus AZE seriyalı 09246870 №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyən olunur ki, İddiaçı xx.xx.1976-cı ildə Cəbrayıl şəhərində doğulmuşdur, Cərayıl rayonu, Şixalıağalı kəndində qeydiyyatdadır. Bakı şəhər İcra Hakimiyyəti Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin 113 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 128 №-li arayışda qeyd olunmuşdur ki, Əliyeva X3 qəsəbəsi, Y.Hüseynov küçəsi, 80 saylı evin 3 nömrəli mənzilində Cəbrayıl rayonunda Məcburi Köçkün kimi qeydiyyatdadır. Binəqədi Rayon Polis İdarəsinin “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X1 Kəbirə Ramiz qızının müraciəti əsasında Binəqədi RPİnin 6-cı Polis Bölməsində torplanmış HK-1/1742 saylı materialı nəzərdən keçirib – qərarın təsviri hissəsində göstərilənlərə əsasən, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Binəqədi rayon Prokuroruna və ərizəçiyə göndərilməsi qərara alınmışdır. Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 059- 53261-1222 №-li, xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, onun müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Odur ki, qərarın surəti məlumat üçün göndərilmişdir. Qərardan narazı qaldığı təqdirdə Azərbaycan Respublikası CPM-nin 122-ci maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət vermək hüququ var. İddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə ünvanlanmış xx.xx.2023cü il tarixli ərizəsində göstərilmişdir ki, 28 noyabr 2022-ci il tarixində Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinin baş müstəntiqi polis mayoru, Nuru Həsənovun icraatında olmuş iş materiallarından ərizəsi əsasında izahatı alınmış X2 izahatının kserosurətinin onun ünvanına göndərilməsini xahiş etmişdir. Ərizəsinin cavabını almaq üçün Binəqədi RPİ-nin dəftərxanasına yaxınlaşdıqda, ona bildirilmişdir ki, Nuru Həsənovdan iş alınmış Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi Nicat Nayibovun icraatına verilmişdir, odur ki, Nicat Nayibovun ünvanına ərizə yazsın. O, da xx.xx.2022-ci il tarixində Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Nicat Nayibovun ünvanına ərizə yazıb, Binəqədi RPİ-nin dəftərxanasına təhvil vermişdir. 14 yanvar 2023-cü il tarixində Binəqədi RPİ-nin müstəntiqi Nicat Nayibov “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətini onun ünvanına göndərmişdir. Hesab edir ki, Binəqədi RPİ-nin müstəntiqi Nicat Nayibov yazdığı ərizəni oxumayıb, ya da ki oxuyub mənasını dərk etməmişdir. Belə olmasaydı yəqin ki, iş materialına əlavə olunmuş X2 izahatının kserosurətini onun ünvanına göndərmişdi. Odur ki, ərizəsində göstərdiyi X2 izahatının kserosurətini onun ünvanına göndərilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) normaları ilə tənzimlənir. İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması ilə əlaqədar olduğu nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir. Qanunun mənasından göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İş materiallarından göründüyü kimi, iddiaçı inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyəti ilə əlaqədar məhkəmədə iddia qaldırmışdır. xx.xx.2005-ci il tarixdə qəbul edilmiş və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə eyni gündə qüvvəyə minən “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.1-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmur. İPM-nin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. İddiaçıya izah olunur ki, hazırki tələblə bağlı cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq ümumi məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən və İPM-nin 2, 35, 80, 81 və 83-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “müraciətinə cavab verilməsi öhdəliyinin cavabdehə həvalə olunması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar