Məhkəmə qərarları › İş №2-1(112)-7183/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7183/2022

27.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7183/2022 27.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X8, üçüncü şəxs X1, üçüncü şəxs X7, üçüncü şəxs D.Məmmədovun nümayəndəsi və vəkili Nümayəndə, üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi X12 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı (üçüncü şəxslər X4, X13 və Bakı şəhər İcra Hakimiyyəti) “kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı (üçüncü şəxslər X4, X13 və Bakı şəhər İcra Hakimiyyəti) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən tikilinin ona məxsus olan hissəsinə (tikilinin 2-ci mərtəbəsinə) görə ödənilməli olan kompensasiyanın ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, Səbail Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 171 saylı qərarına əsasən Səbail rayonu ərazisində olan H.Seyidbəyli küçəsində yerləşən 180 kv.m torpaq sahəsinin onun adına sənədləşdirilməsi qərara alınmışdır. Həmin qərara əsasən onun adına sənədləşdirilməsi nəzərdə tutulmuş 180 kv.m torpaq sahəsinin planı tərtib edilmişdir. Bundan sonra "xxxx" Layihə-İstehsalat Firması tərəfindən həmin torpaq sahəsində inşa ediləcək ona məxsus fərdi yaşayış evinin eskiz layihəsi tərtib edlmişdir. Bundan sonra həmin torpaq sahəsinə bitişik sahədə yerləşən üçüncü şəxs X2 məxsus, onun yaşadığı, yəni yaşayış sahəsi kimi istifadə etdiyi qarajın ikinci mərtəbəsini tikmək üçün sonuncu tərəfindən xx.xx.2008-ci il tarixdə ona icazə verilmişdir. Bundan sonra o, üçüncü şəxs X3 məxsus qarajın ikinci mərtəbəsində öz pul vəsaiti hesabına tikili inşa etdirmiş, tikilidən təyinatı üzrə istifadə etmişdir. Səbail rayon MKTB 58 saylı MKİS-in xx.xx.2018-ci il tarixli 107 saylı arayışına əsasən 1-ci H.Seyidbəyli döngəsi, 9 saylı evin həyətindəki tikili 2006-cı ildən ona məxsusdur. Belə ki, Səbail rayon MKTB-nin xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli Qeyri-yaşayış sahələrindən istismar haqqı üçün mədaxil qəbzinin surətindən göründüyü kimi xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci il tarixədək həmin sahənin istismar haqqı onun tərəfindən ödənilmişdir. Həmin ünvanda tikilinin onun tərəfindən tikilməsi qonşuların ərizələri ilə də öz təsdiqin tapır. Sözügedən tikili üçüncü şəxs X13 tərəfindən 2013-cü ildə zəbt edilmişdir. O, üçüncü şəxs X7 həmin tikilidən çıxarılması barədə aidiyyəti orqanlara dəfələrlə müraciət etsə də, həm o, həm də qarajın sahibi - digər üçüncü şəxs Zenfira Həmidova sonuncu tərəfindən döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Belə ki, üçüncü şəxs Dadaş Məmmədov Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə üçüncü şəxs Zenfira Həmidovaya onun yaşayış yeri olan həmin qarajda bədən xəsarətləri yetirməsi faktı ilə bağlı təqsirli bilinərək 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Dadaş Məmmədov Cinayət Məcəlləsinin 127.1-ci maddəsi üzrə bu dəfə ona bədən xəsarətləri yetirməsi faktı ilə bağlı təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sonuncu dəfə o, xx.xx.2021-ci il tarixdə ora gedərək üçüncü şəxs X5 həmin tikilidən çıxmasını tələb etmiş, lakin sonuncu onu döymək istəmişdir. Onun və üçüncü şəxs X1 Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizələrindən göründüyü kimi sözügedən tikilinin onlara məxsus olan hissəsinin, yəni birinci və ikinci mərtəbəsinin sökülməsinə razılıq vermişlər. Bu fakt da mübahisə predmeti olan tikilinin ikinci mərtəbəsinin ona məxsus olmasını bir daha təsdiq edir. Lakin üçüncü şəxs Dadaş Məmmədov həmin tikiliyə dair kompensasiyanı özü qanunsuz olaraq əldə etməyə cəhd edir. Həmin mənzilin yerləşdiyi ərazi hazırda sökülmüş və Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 354 saylı Sərəncamına əsasən ayrılmış vəsait hesabına cavabdeh tərəfindən kompensasiyanın ödənilməsi təmin edilir. Belə ki, sözügedən ünvanda yerləşən tikilinin köçürülməsi ilə əlaqədar hesablanmış kompensasiyanın ödənilməsi barədə cavabdeh ilə üçüncü şəxs Zenfira Həmidova arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən həmin tikiliyə görə sonuncuya 120.500 manat ödənilməsinin təmin edilməsi barədə öhdəlik götürülmüşdür. Ona məxsus tikilinin olduğu hissə isə Zenfira Həmidovaya məxsus tikilinin ikinci mərtəbəsində yerləşir. O, həmin tikiliyə görə ödənilməli olan kompensasiyanın dayandırılması, bu kompensasiyanın üçüncü şəxs Dadaş Məmmədova ödənilməməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət etmiş, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli məktubla onun müraciətinin təmin edilməsindən imtina olunmuş, müraciətdə göstərilən əmlaka görə müvafiq hüquqmüəyyənedici sənəd, o cümlədən yekun məhkəmə qərarı təqdim edildikdən sonra müəyyən edilmiş kompensasiyanın ödənilməsi ilə bağlı aidiyyəti üzrə tədbirlər görüləcəyi bildirilmişdir. Ona görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X15 izahatında bildirdi ki, ünvan 1 ünvanında yerləşən tikili ilə bağlı iki qardaş arasında mübahisə olduğundan kompensasiya ödənişi dayandırılmışdır. İddianın təmin edilib-edilməməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X4 izahatında bildirdi ki, onun yaşadığı ünvan 1 ünvanında yerləşən mənzil qəzalı vəziyyətdə olduğundan köçürülməsi ilə əlaqədar ona kompensasiya ödənilmişdir. Həmin ünvanın ikinci mərtəbəsində iddiaçı onun razılığı ilə tikili inşa etmişdir. Həmin tikili uzun müddətdir iddiaçının istifadəsində olmuş, orada yaşamışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X13 izahatında bildirdi ki, o, ünvan 1 ünvanında yerləşən tikilinin ikinci mərtəbəsindəki mənzil ona məxsus olmuşdur. O, həmin mənzildə ailəsi ilə birlikdə yaşamışdır. Sonradan mübahisələndirilən ünvan qəzalı vəziyyətdə olduğundan sökülmüşdür. Həmin mənzilin ona məxsus olması və orada yaşaması öz təsdiqini tapdığı üçün həmin tikiliyə görə kompensasiya ödənilməsi ilə bağlı tərtib edilmiş siyahıya onun adı daxil edilmişdir. Qeyd olunan mənzilin iddiaçı ilə heç bir əlaqəsi yoxdur. 58 saylı MKİS-in arayışı 1-ci H.Seyidbəyli döngəsi 9 saylı evin həyətindəki tikili ilə bağlıdır, hazırda mübahisələndirilən ünvan 1 ünvanı ilə əlaqəsi yoxdur. Mənzil 51 ünvanı ona məxsusdur və orada o, yaşamışdır. İddia tələbi əsassız və qanunsuzdur. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X7 nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək onun rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi X17 iddianın təmin edilib-edilməməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində bildirdi ki, o, Bakı şəhər İcra Hakimiyyətində işləyir. Qeyd olunan ərazidə torpaq sürüşməsi təhlükəsi olduğundan müvafiq Sərəncama əsasən orada yaşayan sakinlərin köçürülməsi və söküntü işləri aparılmışdır. Sakinlərin köçürülməsi və kompensasiyanın ödənilməsi ilə bağlı sakinlərlə danışıqları o, aparmışdır. O, qəzalı vəziyyətdə olan ünvan 1 ünvanında yerləşən mənzilin köçürülməsi işlərini apararkən üçüncü şəxs Dadaş Məmmədov həmin ünvanda olmuşdur. Qiymətləndirici təşkilat tərəfindən ölçmə işləri aparılarkən də Dadaş Məmmədov evdə olmuşdur. Həmin mənzildən Dadaş Məmmədov köçürülmüşdür və mənzildən ona məxsus olan əşyalar çıxarılaraq başqa ünvana daşınmışdır. Dadaş Məmmədovun köçürülməsi və əşyalarının daşınmasını o, həyata keçirmişdir. Qeyd olunanlara əsasən qəzalı ünvanların sökülməsi ilə əlaqədar kompensasiya ödənişinə dair tərtib edilmiş siyahıya Dadaş Məmmədovun adı daxil edilmişdir. Lakin sonradan X16 Məmmədov arasında mübahisə yarandığı üçün kompensasiyanın ödənilməsi dayandırılmışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: ünvan 4 ünvanlarda yerləşən tikiliyə görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizənizin Bakı İnzibati Məhkəməsinin icraatına qəbul edildiyini nəzərə alaraq kompensasiyanın X9 ödənilməsinin dayandırılması və ya Sizə ödənilməsi barədə müraciətinizə baxılmışdır. Bununla əlaqədar bildiririk ki, Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamına əsasən torpaq sürüşməsi təhlükəsi olan Bakı şəhəri, Səbail rayonu, 1-ci Həsən Seyidbəyli döngəsi 7 və 9 ünvanlarda yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin (qarajların) köçürülməsi işləri hüquqmüəyyənedici sənədlər əsasında notarial qaydada alqı-satqı müqaviləsi bağlanılmaqla daşınmaz əmlaka görə vəsaitin əmlak sahibləri tərəfindən bankdan əldə edilməsi yolu ilə həyata keçirilmişdir. Müraciətdə göstərilən əmlaka görə müvafiq hüqüqmüəyyənedici sənəd, o cümlədən yekun məhkəmə qərarı təqdim edildikdən sonra müəyyən edilmiş kompensasiyanın ödənilməsi ilə bağlı aidiyyəti üzrə tədbirlər görüləcəkdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti MKTD Səbail rayon MKTB-nin 58 saylı MKİS-nin 107 saylı, xx.xx.2018-ci il tarixli arayışından görünür ki, qonşuların aktına əsasən 1-ci H.Seyidbəyli döngəsi 9 saylı evin həyətindəki tikili 2006-cı ildən İddiaçı məxsusdur. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti MKTD Səbail rayon MKTB-nin 58 saylı MKİS-nin 206 saylı, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X13 H.Seyidbəyli küçəsi, 51 nömrəli evin üst hissəsində öztikili sənədi olmayan qeyri-yaşayış sahəsində ailəsi ilə birlikdə yaşayır (həyat yoldaşı, qızı, oğlu). İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 254 saylı “Torpaq sürüşməsi təhlükəsi olan ünvan 6 ünvanlarında yerləşən yaşayış və qeyri-yaşayış sahələri haqqında” Sərəncamının surətindən görünür ki, Səbail rayonu, 1-ci Həsən Seyidbəyli döngəsi, 7 və 9 ünvanlarında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin söküntüsü işlərinin həyata keçirilməsi məqsədilə "xxxx" MMC Azərbaycan Respublikası Maliyyə Nazirliyinin İ-255 nömrəli, xx.xx.2019-cu il tarixli əmrilə ayrılmış vəsaitdən 5801638,0 manatının Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin təqdim etdiyi bank hesabına köçürülməsinin təmin edilməsi, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin müvafiq qanunvericiliyin tələblərinə uyğun ünvan 7 ünvanlarında yerləşən 26 evin və 66 qeyri-yaşayış sahəsinin qarajların istifadəçiləri (mülkiyyətçiləri) ilə münasibətlərin tənzimlənməsi və birdəfəlik maddi yardım ödənilməsi şərtilə, sökülməsi və ərazinin abadlaşdırılmasının təmin edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Səbail rayon MKTB tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: tərəfimizdən araşdırma zamanı 58 saylı MKİS-nin verdiyi arayışa əsasən 1-ci H.Seyidbəyli döngəsi, 9 saylı evin qarşısında olmuş tikilinin 1-ci mərtəbəsində yaşayan X1 razılığı ilə həmin tikilinin 2-ci mərtəbəsində İddiaçı 1 otaqlı tikmiş və istifadə etmişdir. Həmin ünvan 2021-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sökülmüşdür. Tikili iki qardaş arasında mübahisəli olduğu üçün kompensasiya verilməmişdir. İddiaçı Səbail Rayon Məhkəməsinə kompensasiya ona ayrılması üçün müraciət etmişdir. İşin məhkəmənin icraatında olduğunu bildirmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Bakı şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamına əsasən torpaq sürüşməsi təhlükəsi olan Bakı şəhəri, Səbail rayonu, 1-ci Həsən Seyidbəyli döngəsi, 7 və 9 ünvanlarında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin (qarajların) köçürülməsi işləri hüquqmüəyyənedici sənədlər əsasında notarial qaydada alqı-satqı müqaviləsi bağlanılmaqla daşınmaz əmlaka görə vəsaitin əmlak sahibləri tərəfindən bankdan əldə edilməsi yolu ilə həyata keçirilmişdir. ünvan 1 ünvanında yerləşən tikilinin (daşınmaz əmlakın) iddiaçıya məxsus olması barədə hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmiş, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən həmin əmlaka görə İddiaçı birdəfəlik maddi yardım (kompensasiya) ödənilməmişdir. Aparılan abadlıq işləri çərçivəsində göstərilən ünvanda sökülməsi ilə əlaqədar kompensasiyanın ödənildiyi və X1 qeydiyyatda olduğu mənzil hal-hazırda iddiaçı tərəfindən mübahisələndirilən sahə ilə eyni olmadığından, əmlak sahibi ilə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən kompensasiya ödənişi həyata keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Bakı Şəhər İcra Hakimiyyətinin müraciəti əsasında Maliyyə Nazirliyinin 29 sentyabr 2021-ci il tarixli, MİHO/1.1-2-2021-4392 nömrəli cavab məktubu ilə ünvan 13 ünvanlarda yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin birdəfəlik maddi yardım müqabilində köçürülməsi üçün tələb olunan 5,8 milyon manat vəsaitin Bakı şəhərində qəzalı vəziyyətə düşmüş yaşayış binaları və evlərin sakinlərinin təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi üçün 2019-cu ildə Bakı Şəhər İcra Hakimiyyətinə ayrılmış vəsaitin qalığı hesabına maliyyələşdirilməsinə etirazın olmadığı bildirilmişdir. Sözügedən ünvanda yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi ilə əlaqədar mülkiyyətçilərə birdəfəlik maddi yardımın ödənilib-ödənilməməsi barədə Maliyyə Nazirliyində məlumat yoxdur. İş materiallarında olan Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 58 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 43 saylı arayışdan görünür ki, MKİS-in xidməti ərazisi olmuş 1-ci H.Seyidbəyli döngəsi 9 saylı evin 51 saylı mənzildə yaşayan X1 ərizəsinə əsasən həmin ünvanın 2-ci mərtəbəsində İddiaçı üstündə tikmək üçün razılıq vermişdir. 2008-ci ildə 2-ci mərtəbə tikərək İddiaçı istifadə etmişdir. Bunu qonşusu X1 ərizəsi təsdiq edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. 246.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1.1-ci maddəsinə əsasən alınma - dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. 3.2-ci maddəsinə əsasən torpaqlar dövlət ehtiyacları üçün yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda alına bilər. 4.1-ci maddəsinə əsasən bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 6.1-ci maddəsinə əsasən torpaqları dövlət ehtiyacları üçün alan orqan (bundan sonra - alan orqan) bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir. 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. 7.2-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 254 saylı Sərəncamına əsasən Səbail rayonu, 1-ci Həsənseyidbəyli döngəsi, 7 və 9 ünvanlarında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin söküntüsü işlərinin həyata keçirilməsi məqsədilə "xxxx" MMC Azərbaycan Respublikası Maliyyə Nazirliyinin İ-255 nömrəli, xx.xx.2019-cu il tarixli əmrilə ayrılmış vəsaitdən 5801638,0 manatının Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin təqdim etdiyi bank hesabına köçürülməsinin təmin edilməsi, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin müvafiq qanunvericiliyin tələblərinə uyğun ünvan 7 ünvanlarında yerləşən 26 evin və 66 qeyri-yaşayış sahəsinin qarajların istifadəçiləri (mülkiyyətçiləri) ilə münasibətlərin tənzimlənməsi və birdəfəlik maddi yardım ödənilməsi şərtilə, sökülməsi və ərazinin abadlaşdırılmasının təmin edilməsi qərara alınmışdır. Həmin sərəncama əsasən torpaq sürüşməsi təhlükəsi olan Bakı şəhəri, Səbail rayonu, 1-ci Həsən Seyidbəyli döngəsi, 7 və 9 ünvanlarında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin (qarajların) köçürülməsi işləri hüquqmüəyyənedici sənədlər əsasında notarial qaydada alqı-satqı müqaviləsi bağlanılmaqla daşınmaz əmlaka görə vəsaitin əmlak sahibləri tərəfindən bankdan əldə edilməsi yolu ilə həyata keçirilmişdir. Hazırda iddiaçı ünvan 1 ünvanında yerləşən tikilinin ona məxsus olan hissəsinə (tikilinin 2-ci mərtəbəsinə) görə ödənilməli olan kompensasiyanın ona ödənilməsini tələb edir. Lakin iddiaçı həmin tikilinin ona məxsus olmasını və orada yaşamısını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən qəzalı vəziyyətdə olan ünvan 1 ünvanında yerləşən mənzilin köçürülməsi işləri aparılarkən üçüncü şəxs Dadaş Məmmədov həmin ünvanda olmuş, həmin mənzildən Dadaş Məmmədov köçürülmüşdür və qəzalı ünvanların sökülməsi ilə əlaqədar kompensasiya ödənişinə dair tərtib edilmiş siyahıya da Dadaş Məmmədovun adı daxil edilmişdir. Göründüyü kimi, iddiaçı həmin tikilinin ona məxsus olmasını və orada yaşamısını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bununla da iddiaçının həmin tikilinin sökülməsi ilə bağlı kompensasiya hüququ yaranmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar