Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7184/2025 23.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, Vəliyeva Şəms Aslan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “əmrin ləğvi, işə bərpa və s.” tələbinə dair iddiası üzrə inzibati işə 23 dekabr 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 29), qapalı məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 15 dekabr 2023-cü il tarixli 630-K saylı əmrin ləğvi edilməsi, işə bərpa edilərək ixtisas dərəcəsinin artırılaraq kapitan ixtisas dərəcəsi verilməsi və cavabdeh tərəfindən məcburi iş buraxmaya görə ödənilməmiş bütün ödənişlərin (vəkil xərcləri daxil edilməklə) hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 01 oktyabr 2021-ci il tarxdən etibarən Azərbaycan Respublikası Ədliyyə Nazirliyində çalışır. 09 yanvar 2023-cü il tarxli 10-K saylı əmrlə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər probasiya idarəsinin icra məmuru (probasiya üzrə) vəzifəsinə təyin olunmuş, İll dərəcəli ədliyyə qulluqçusudur. Həmin vəzifədə işlədiyi müddət ərzində heç bir intizam və inzibati məsuliyyətə cəlb edilməmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 15 dekabr 2023-cü il tarixli 630-K saylı əmri ilə ədliyyə orqanlarından xaric edilmişdir. Əmrin məzmunu belədir: “İddiaçı azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası zamanı məhkumun daktiloskopik məlumatlarını vaxtında aidiyyəti üzrə göndərməmiş, hökmün icrasından qərəzli yayınmasına baxmayaraq barəsində qanunamüvafiq tədbirlər görməmiş, onun özəl bərpa mərkəzinə yerləşdirilməsi üçün qeyri- prosessual söhbətlər aparmaqla ədliyyə orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol vermiş, habelə iş üzrə konfidensiallığı təmin etməyərək kənar şəxslərlə müzakirələr aparmışdır. Göstərilənlər korrupsiya hüquqpozması təəssüratı yaratmaqla haqlı narazılığa səbəb olmuşdur. İdarəyə rəhbərlik edən Elşad Əbdülrəhimzadə isə məsələ ilə bağlı Nazirliyə xüsusi məlumatı vaxtında verməmişdir”. Araşdırma üzrə toplanmış materialların hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğu göndərilməsi qərara alınmışdır.” İşin əsl mahiyyəti isə belədir: 20 avqust 2023-cü il tarixdə nahar zamanı bir nəfər şəxs iddiaçının şəxsi telefonuna zəng edərək özünü Nail Kəmərli kimi təqdim etdi, icraatında olan Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Aişə Səfərlinin onun barəsində görüləcək tədbirlərlə maraqlandı. X1 özəl tibbi müəssisəsinə yerləşdirilməsinin mümkünlüyünü soruşdu. İddiaçı ona bildirmişdir ki, qanunvericilikdə barələrində məcburi müalicə cəzası təyin edilmiş məhkumların müalicəsi yalnız dövlət tabeçiliyində olan tibb müəssisəsində mümkündür və belə məhkumların özəl tibb müəssisəsilərində müalicəsi nəzərdə tutulmamışdır. N.Kəmərli məhkumun valideyinin adından danışaraq valideyinin bununla bağlı razılığını ona bildirdiyini dedi. Sonradan iddiaçı məhkumun valideyni ilə əlaqə saxladığı zaman o N.Kəmərlini tanımadığını və ona heç bir fikir bildirmədiyini dedi. X2 bloger olduğunu, danışıqlarını “çəkiliş” apararaq qeydə aldığını (sonradan həmin çəkilişi təqdim edə bilməmiş) və həmin səs yazısını Ədliyyə Nazirliyinə təqdim edəyəcəyini bildirmişdir. Daha sonra həmin səs yazısını montaj edərək iddiaçı barəsində tədbir görülməsi məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim etmişdir. Həmin fakt üzrə barəsində 30 avqust 2023-cü il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən araşdırma başlamış, onun izahatı alınmışdır. Aişə Səfərlinin ailəsindən hər hansı təmannası olmadığını, aralarında bu barədə heç zaman söhbət olmadığını bildirsə də, Nail Kərimlinin təqdim etdiyi səs yazısının montaj olduğunu müəyyən etmək üçün ekspertiza təyin edilməmişdir. Nail Kərimlinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim etdiyi səs yazısında montaj əlamətlərinin olduğunu ədliyyə orqanlarından xaric edildikdən sonra telefonunda olan səs yazısını aparan tətbiqə baxış zamanı aşkar etmişdir. Nail Kəmərli qərəzli yanaşmış və bu cür səs yazısını göndərməklə onun hüquqlarını pozmuşdur. Montaj edilərək danışığın mahiyyəti dəyişmişdir. Buradan da korrupsiya faktını istisna edildiyi aydın görünür. Ədliyyə orqanlarında xaric edilməyinin digər səbəbi kimi də iddiaçı tərəfindən iş üzrə konfidensiallığa əməl etməyərək etik davranış qaydalarının pozulması göstərilmişdir. Probasiya üzrə icra məmurunun icraatında olan işlər üzrə məhkumlar barəsində onların yaxınlarına məlumat vermək vəzifəsi vardır. İddiaçı da Aişə Səfərlinin barəsində görüləcək tədbirlər barədə məlumat vermişdir. Əmrdə iddiaçı tərəfindən hansı etik qaydanın pozulması göstərilməmişdir. Bunu da nəzərə almaq lazımdır ki, xaric edilənədək heç bir intizam məsuliyyətinə cəlb edilmədi halda, ən son cəza tədbiri tətbiq edilərək bir başa orqandan xaric edilmişdir. İşdən xaric edilməyi də əmək haqqından, mükafatdan və sair maddi ödənişlərdən məhrum edilmişdir. İddiaçı dövlət qulluğunun xüsusi növü üzrə dövlət qulluqçusudur, icra məmuru olmaqla ədliyyə orqanları işçisidir, barəsində mübahisə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənməlidir. İddiaçı hesab edir ki, xüsusi dövlət qulluğunda olarkən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6-cı maddəsində və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə təsbit edilmiş tələbləri pozmamış, ona görə də ədliyyə orqanlarından xaric edilməklə qulluq keçməyinə xitam verilməsi barədə əmr əsassız olduğundan iddiaçı ədliyyə orqanları işçisi kimi məhkəmənin qərarı ilə əvvəllər tutduğu vəzifəyə, yaxud bərabər vəzifəyə bərpa edilməlidir. İddiaçı mübahisənin tərəflər arasında qarşılıqlı müzakirə əsasında həll edilməsi üçün mediasiya qurumuna müraciət etsə də, qurumun nümayəndəsi üzrsüz səbəblərdən mediasiya iclasına gəlmədiyi üçün mediasiya prosesi baş tutmamışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçı sonradan məhkəməyə iddia ərizəsinə əlavə təqdim etmişdir. Ərizədə bildirilmişdir ki, təqdim etdiyi 2 fraqment səs yazısında fərqlilik mövcuddur. Belə ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılan zaman səsinin yazılmasını aparan şəxs blogger Nail Kəmərlinin ona nahar vaxtı zəng etdiyini deyərkən bunu sübut etməli olduğu bildirilmişdir. Edilən zəngin nahar vaxtı baş verdiyini aşkar etmək məqsədi ilə mobil telefonunda olan səs yazma tətbiqinə baxış keçirdiyi zaman həmin tətbiq ilə qeydə alınan (07:35 dəqiqə) və Ədliyyə Nazirliyi tərəfindən (06:21 dəqiqə) ona təqdim edilən səs yazılarının vaxt müddətində açıq aşkar ziddiyyətin olduğu iddiaçı tərəfindən müşahidə edilmişdir. Belə ki, 07:35 dəqiqə davam edən, eyni zamanda mobil telefonunda olan səs yazma tətbiqi vasitəsi ilə qeyd edilən və əsl olan səs yazısında 03:12 dəqiqədə tərəfindən münasibət bildirdiyi qeydiyyatda olan nəzarət subyektinin təyin edilən (21 gün könüllü olaraq) və 6 ayadək davam edəcək (heç bir ödəniş olmadan) dövlət müəssisəsində məcburi müalicəsini təşkil edəcəyi və 06:52 dəqiqədən etibarən davam edən sair olan danışıqlar kəsilib çıxarılaraq həmin şəkildə Nazirliyə təqdim edilmişdir. Məsələyə münasibət bildirməsi iddiaçı tərəfindən konfedensial məlumatları ötürmək kimi hesab edilmir. Hər bir halda barəsində hər hansı bir intizam tənbehi tətbiq edilə biləcək təqdirdə işlədiyi qurumdan xaric edilməsi məqsədəmüvafiq olmamışdır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi bir daha məhkəmədən xahiş edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən iddiaya dair təqdim edilmiş yazılı münasibətdə (etirazda) bildirilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə müsabiqə yolu ilə ədliyyə orqanlarına qulluğa qəbul edilərək Füzuli rayon icra və probasiya şöbəsinin böyük icra məmuru (probasiya üzrə) vəzifəsi üzrə stajorluq və sınaq keçmiş, xx.xx.2022-ci il tarixdə həmin vəzifəyə təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə isə müraciətinə əsasən ailə vəziyyəti ilə əlaqədar Bakı şəhər probasiya idarəsinin icra məmuru vəzifəsinə keçirilmişdir. İddiaçı Ədliyyə Nazirliyi üzrə əmrlə xx.xx.2022-ci il tarixdə İİİ dərəcəli ədliyyə qulluqçusu xüsusi rütbəsi verilmişdir. 2023-cü ilin avqust ayında onun məhkumun narkomaniyadan özəl müəssisədə müalicə edilməsinə razılıq verilməsi müqabilində videobloger Nail Kəmərlidən pul istəməsi barədə danışıqlarının yayılması ilə bağlı Nazirlikdə araşdırma aparılmış və nəticədə onun “İcra məmurları haqqında” Qanunun 7-ci maddəsinin, “Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Qaydaları”nın 2.3.4-cü və 2.3.14-cü və “Ədliyyə orqanları işçilərinin etik davranış Qaydaları”nın tələblərini pozaraq fəaliyyətində ciddi nöqsan və qanun pozuntularına yol verdiyi müəyyən edilmişdir. Bununla əlaqədar o, Ədliyyə Nazirliyi üzrə xx.xx.2023-cü il tarixli 630-K nömrəli əmrlə ədliyyə orqanlarından xaric edilmiş və araşdırma materialları hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilmişdir. İddiaçı xüsusi rütbəyə malik əməkdaş olduğundan onun, qulluq keçməsindən irəli gələn məsələlər, o cümlədən barəsində araşdırmanın aparılması və intizam məsuliyyətinə cəlb edilməsi “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həll edilmişdir. Həmçinin ədliyyə nazirinin 29 noyabr 2007-ci il tarixli 41- T nömrəli əmri ilə “Ədliyyə orqanları işçilərinin etik davranış Qaydaları” təsdiq edilmişdir. Bu qaydalar ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan, habelə dövlət qulluğu vəzifələrində qulluq keçən işçilərə şamil edilir və ədliyyə orqanlarında qulluq keçən işçilərin qulluq etikası (o cümlədən işçilərin korrupsiyaya qarşı davranışını) və xidmətdənkənar davranışının normalarını, prinsiplərini və onlara əməl edilməsi ilə bağlı münasibətləri müəyyən edir və etik davranış qaydalarının pozulması ədliyyə işçisinin intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. İddiaçı xx.xx.2023-cü il tarixdə verdiyi izahatında Nazirliyə təqdim edilmiş səs yazısının montaj edilməsi barədə fikir bildirməmişdir. İddiaçı Ədliyyə Nazirliyinə qarşı hazırkı iddia tələbi tamamilə əsassızdır. Eyni zamanda, İnzibati Prosessual Məcəllənin 38ci maddəsinin tələblərinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Verilmiş müvafiq əmr “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 32.9-cu maddəsinə uyğun olaraq xx.xx.2023-cü il tarixdə İddiaçı elan edilmiş, lakin o, xx.xx.2024cü il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8025/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia müddətinin ötürülməsi əsası ilə mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-931/2025 saylı, xx.xx.2025-ci il qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8025/2024 nömrəli, 18 oktyabr 2024-cü il tarixli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisələndirilən əmrdə ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadığından və həmin hüquqi müdafiə vasitələri barədə iddiaçıya rəsmi məlumat verilmədiyindən, qanunvericiliklə müəyyən edilmiş müddət (iddiaçıya münasibətdə 6 aylıq müddət) ötürülməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə prosesində üzrlü səbəbdən iştirak edə bilməyəcəyini qeyd edərək, işə onun iştirakı olmadan baxılmasını və tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verdi və tələbi müdafiə edərək təmin edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia mübahisələndirmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddianın mümkünlüyünə hüquqi qiymət verildiyindən, məhkəmə bu məsələyə təkrar münasibət bildirilməsinə zərurət görmür. Belə ki, İPM-in 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İddiaçı intizam məsuliyyətinə cəlb edilməsi haqqında xx.xx.2023-cü il tarixli, 630-K nömrəli əmrin surətindən görünür ki, fəaliyyətində kobud pozuntulara yol verdiyinə görə, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 31.1.8-ci, 31.5-ci, 32.1-ci ,40.1.11-ci maddələrini və “Ədliyyə orqanları işçilərinin etik davranış Qaydaları”nın tələblərinə əsasən Bakı şəhər probasiya idarəsinin icra məmuru İİİ dərəcəli ədliyyə qulluqçusu İddiaçı ədliyyə orqanlarından xaric edilmişdir (1-ci bənd). -Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, Bakı şəhər probasiya idarəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu İddiaçı qanunsuz hərəkətləri barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən Baş İdarəyə daxil olmuş material üzrə araşdırma aparılmışdır. Araşdırma zamanı İddiaçı tərəfindən cinayət xarakterli əməlin törədilməsi mötəbər sübutlarla tam təsdiq olunmadığı, eyni zamanda araşdırma nəticəsində onunla bağlı təsdiq olunan pozuntu hallarının intizam məsuliyyəti ilə əhatə edilməsi və buna görə məsuliyyət tədbirinə cəlb edilməsi nəzərə alınaraq, toplanmış material üzrə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CPM-nn 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə mübahisənin mahiyyəti ilə bağlı ilk növbədə qeyd edir ki, iddiaçı cavabdeh inzibati orqan tərəfindən onun üçün əlverişsiz hüquqi nəticələr yaradan xx.xx.2023-cü il tarixli, 630-K nömrəli əmri mübahisələndirir, eyni zamanda həmin aktın icrası nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılmasını- əvvəlki vəzifəsinə bərpa edilməsini, ixtisas dərəcəsinin artırılaraq kapitan ixtisas dərəcəsi verilməsini və cavabdeh tərəfindən məcburi iş buraxmaya görə ödənilməmiş bütün ödənişlərin hesablanaraq ödənilməsini tələb edir. İddiaçı hesab edir ki, mübahisələndirilən əmrin qəbul edilməsi üçün xüsusi dövlət qulluğunda olarkən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6-cı maddəsində və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə təsbit edilmiş tələbləri pozmamış, tərəfindən cinayət xarakterli əməlin törədilməsi təsdiq olunmamışdır. Buna baxmayaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq əmri ilə ədliyyə orqanlarından xaric edilmişdir. Halbuki, o, işlədiyi müddət ərzində heç bir intizam və inzibati məsuliyyətə cəlb edilməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanundan: 1.1. Ədliyyə orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan ədliyyə orqanlarının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. 1.2. Ədliyyə orqanları işçilərinin qulluq keçməsi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş ədliyyə orqanlarının fəaliyyət prinsiplərinə əsaslanır. Ədliyyə orqanlarının işçiləri qulluq keçərkən qanunun tələblərini rəhbər tutaraq səlahiyyətləri hüdudlarında fəaliyyət göstərirlər. 11.2. Ədliyyə orqanları işçisinin aşağıdakılara ixtiyarı yoxdur: 11.2.1. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş korrupsiya hüquqpozmaları və korrupsiyaya şərait yaradan hüquqpozmalar törətməyə; 31.1. Ədliyyə orqanlarının işçisi bu Qanunun 10-cu və 11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: 31.1.1. irad tutma; 31.1.2. töhmət; 31.1.3. şiddətli töhmət; 31.1.4. tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; 31.1.5. aşağı vəzifəyə keçirmə; 31.1.6. xüsusi rütbənin bir pillə aşağı salınması; 31.1.7. vəzifədən azad etmə (bu halda ədliyyə orqanlarının işçisi müvafiq icra hakimiyyəti orqanının əmri ilə sərəncamda ola bilər və həmin müddət ərzində şəxsin ədliyyə orqanlarından xaric edilməsinə əsaslar olmazsa, o, ədliyyə orqanlarında işə təyin edilir); 31.1.8. ədliyyə orqanlarından xaric etmə; 31.1.9. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada xüsusi rütbədən məhrum edilməklə ədliyyə orqanlarından xaric etmə. 31.2. Ədliyyə orqanlarının işçisi intizam məsuliyyətinə cəlb edilərkən onun xidməti və şəxsi keyfiyyətləri, törədilən xətanın xarakteri, törədilməsi şəraiti və digər hallar nəzərə alınır. 31.5. Bu Qanunun 31.1.8-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq yol verilmiş pozuntulara və ya bu Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş qulluqla bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər. 32.1. İntizam tənbehlərinin tətbiqi müvafiq icra hakimiyyəti orqanının rəhbəri və ya onun müvafiq səlahiyyətlər verdiyi vəzifəli şəxslər tərəfindən həyata keçirilir. 32.2. Ədliyyə orqanları işçisinin intizam məsuliyyətinə cəlb edilməsi barədə müvafiq qurumun rəhbəri öz səlahiyyəti daxilində vəsatət qaldıra bilər. 32.10. Ədliyyə orqanlarının işçisi intizam tənbehi tətbiq edilməsi barədə əmrdən qanunvericilikdə müəyyən edilmiş qaydada yuxarı orqanın rəhbərinə və ya məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası ədliyyə nazirinin 29 noyabr 2007-ci il tarixli 41-T nömrəli əmri ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin etik davranış qaydaları”ndan: 1.1. Ədliyyə orqanları işçilərinin etik davranış qaydaları (bundan sonra – Qaydalar) ədliyyə orqanlarında qulluq keçən işçilərin (bundan sonra – ədliyyə işçisi) qulluq etikası və xidmətdənkənar davranışının normalarını, prinsiplərini və onlara əməl edilməsi ilə bağlı münasibətləri müəyyən edir. 1.2. Bu Qaydalar ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan, habelə dövlət qulluğu vəzifələrində qulluq keçən işçilərə şamil edilir 3.1. Ədliyyə işçisi tərəfindən qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etmək və ya qərarlar qəbul etmək qadağandır. Ədliyyə işçisi onun hərəkətlərinin (hərəkətsizliyinin) və ya qərarlarının maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə gətirib çıxarmasını istisna edən tədbirlər görməlidir. Qanunvericiliklə müəyyən olunmuş ödəniş məbləğləri istisna olmaqla, şəxslərə xidmət (xidmətlər) göstərən ədliyyə işçisi buna görə hər hansı haqq tələb edə bilməz. 3.2. Ədliyyə işçisi qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda onlardan imtina etməlidir. Maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər ədliyyə işçisinə ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə birbaşa rəhbərinə məlumat verməli, maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər onun qulluq keçdiyi ədliyyə orqanına akt üzrə təhvil verilməlidir. 3.3. Ədliyyə işçisi xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan və ya onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. Bu qayda qonaqpərvərliklə bağlı və dəyəri "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanunda nəzərdə tutulmuş məbləğdən yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir. 7.4. Etik davranış qaydalarının pozulması ədliyyə işçisinin intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. 7.5. Ədliyyə işçisinin intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir. 7.6. Bu Qaydaların müddəalarının ədlliyyə işçisi tərəfindən pozulması barədə şikayət və ya digər məlumat daxil olduqda xidməti yoxlama (intizam icraatı) başlanıla bilər. Ədliyyə işçisi barəsində xidməti yoxlama (intizam icraatı) aparılarkən ona verilən sualları tam, səmimi və obyektiv cavablandırmalıdır. 7.7. Xidməti yoxlama (intizam icraatı) zamanı ədliyyə işçisi tərəfindən yol verilən hüquq pozuntusunda cinayət tərkibinin əlamətləri aşkar edildikdə, həmin əlamətləri aşkar etmiş ədliyyə orqanının rəhbəri bu barədə cinayət təqibi orqanına məlumat verməlidir. “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanundan: 9.1. Korrupsiya ilə əlaqədar hüquqpozmalar bilavasitə korrupsiya hüquqpozmalarından və korrupsiyaya şərait yaradan hüquqpozmalardan ibarətdir. 9.3. Vəzifəli şəxsin aşağıdakı hərəkətləri korrupsiyaya şərait yaradan hüquqpozmalar sayılır: 9.3.1.xidməti vəzifəsini (səlahiyyətlərini) icra etdiyi dövrdə elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, digər ödənişli vəzifə tutmaq və ya fəaliyyət növü ilə məşğul olmaq; 9.3.2. statusundan, təmsil etdiyi orqanın (qurumun) statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsi məqsədilə fiziki və hüquqi şəxslərə sahibkarlıq fəaliyyətini həyata keçirməkdə, eləcə də subsidiyalar, subvensiyalar, dotasiyalar, kreditlər və digər güzəştlər alınmasında qanunsuz kömək etmək; 9.3.3.bilavasitə, başqa və ya uydurma şəxslər vasitəsilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, əvəzçilik üzrə işləmək (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla), habelə sahibkarlıq fəaliyyətini həyata keçirən təsərrüfat subyektlərinin və maliyyə-kredit müəssisələrinin icra orqanlarının tərkibinə daxil olmaq; 9.3.4. statusundan, təmsil etdiyi orqanın (qurumun) statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə onun səlahiyyət dairəsinə daxil olmayan məsələlər üzrə digər orqanların (qurumların) fəaliyyətinə qanunsuz müdaxilə etmək; 9.3.5. statusundan, təmsil etdiyi orqanın (qurumun) statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə şəxsi maraqlarına aid məsələlərin həllinə təsir etmək; 9.3.6. normativ hüquqi aktların və digər qərarların qəbul edilməsi zamanı fiziki və ya hüquqi şəxslərə onların təyinatına uyğun olmayan üstünlüklər vermək; 9.3.7. vəzifə tutduğu və ya ona tabe olan, onun nəzarətində olan, habelə ona hesabat verən orqanların (qurumların) işi üzrə fiziki və ya hüquqi şəxslərin nümayəndəsi qismində iştirak etmək; 9.3.8. qanunla və ya digər normativ hüquqi aktlarla verilməsi nəzərdə tutulmuş məlumatların fiziki və ya hüquqi şəxslərə verilməsindən əsassız imtina etmək, belə məlumatların verilməsini gecikdirmək və yaxud natamam və ya təhrif olunmuş məlumatlar vermək; 9.3.9. qanunla və ya digər normativ hüquqi aktlarla verilməsi nəzərdə tutulmayan məlumatları və sənədləri fiziki və hüquqi şəxslərdən tələb etmək; 9.3.10. orqanların (qurumların) maddi və maliyyə vəsaitlərini qanunsuz olaraq namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının, referendum üzrə təşəbbüs qruplarının seçki fonduna vermək; 9.3.11. qanunvericiliklə başqa hal nəzərdə tutulmamışdırsa, dövlət fondlarına, orqanların (qurumların) təsərrüfat subyektlərinə məxsus olan maddi və maliyyə ehtiyatlarını qeyri-dövlət strukturlarına vermək; 9.3.12. fiziki və ya hüquqi şəxslərə hüquqlarının və qanuni mənafelərinin həyata keçirilməsində süni maneələr yaratmaq; 9.3.13. sahibkarlıq fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi ilə bağlı səlahiyyətləri belə fəaliyyəti həyata keçirən fiziki və hüquqi şəxslərə qanunsuz olaraq vermək. Göründüyü kimi, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunu ədliyyə orqanlarında qulluq zamanı yol verilən intizam pozuntularına görə tətbiq edilə bilən intizam tənbehlərinin dairəsini dəqiq müəyyən etmiş, ədliyyə orqanlarından xaric etmə intizam tənbehinin tətbiqini isə müstəsna tədbir kimi qulluq vəzifələrinin icrası zamanı kobud pozuntuya yol verilməsi və ya qulluqla bir araya sığmayan hərəkətlərin törədilməsi halları ilə şərtləndirmişdir. Qanunun 31.5-ci maddəsinə əsasən, bu növ intizam tənbehi xidməti vəzifələrin icrası zamanı dövlət qulluğunun nüfuzuna xələl gətirən, etimadın itirilməsinə səbəb olan və ədliyyə orqanlarının normal fəaliyyətinə ciddi təhlükə yaradan hallarda tətbiq oluna bilər. İş üzrə toplanmış sübutlarla təsdiq edilir ki, iddiaçının xidməti fəaliyyəti zamanı yol verdiyi hərəkətlər korrupsiya hüquqpozması təəssüratı yaratmaqla yanaşı, “Ədliyyə orqanları işçilərinin etik davranış qaydaları”nın tələblərinə, habelə xidməti intizamın əsas prinsiplərinə zidd olmuş, ədliyyə orqanlarına və dövlət qulluğuna olan ictimai etimada xələl gətirmişdir. Məhkəmə qeyd edir ki, belə hallarda, dövlət qulluğunun xüsusi növü üzrə qulluq keçən şəxslərdən daha yüksək etik davranış və məsuliyyət standartlarının gözlənilməsi nəzərə alınmaqla, qanunvericilik əvvəlki intizam tənbehinin mövcudluğunu şərt kimi irəli sürmür və kobud pozuntuya yol verildikdə birbaşa ədliyyə orqanlarından xaric etmə tədbirinin tətbiqini mümkün hesab edir. Bu baxımdan, cavabdeh inzibati orqan tərəfindən seçilmiş intizam tənbehi törədilmiş pozuntuların xarakterinə, ağırlıq dərəcəsinə və iddiaçının tutduğu vəzifənin xüsusiyyətlərinə uyğun olmaqla, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsində təsbit edilmiş mütənasiblik prinsipinə zidd hesab edilmir. Məhkəmə qeyd edir ki, iddiaçının xidməti fəaliyyəti ilə bağlı daxil olmuş məlumat əsasında cavabdeh inzibati orqan tərəfindən xidməti yoxlama (intizam icraatı) aparılması, iddiaçının izahatının alınması və araşdırma materiallarının hüquqi qiymət verilməsi üçün müvafiq orqanlara göndərilməsi işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə iddiaçının dəlillərini əsaslı saymayaraq bildirir ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, iddiaçının hərəkətlərində cinayət tərkibi müəyyən edilməmiş və cinayət işinin başlanması rədd edilmişdir. Lakin qeyd edilməlidir ki, cinayət məsuliyyətinin istisna edilməsi iddiaçının intizam məsuliyyətindən azad olunması demək deyildir. Qanunvericiliyə əsasən, cinayət tərkibi olmayan, lakin qulluq etikası və intizam qaydalarını pozan hərəkətlərə görə intizam tənbehi tətbiq edilə bilər. Hazırkı mübahisə iddiaçının cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi ilə deyil, ona tətbiq edilmiş intizam tənbehinin – ədliyyə orqanlarından xaric edilmə tədbirinin qanunauyğunluğu və mütənasibliyi ilə bağlıdır. Eyni zamanda, iş materiallarından müəyyən edilir ki, iddiaçı barəsində aparılmış xidməti araşdırma zamanı verdiyi izahatlarda səs yazısının montaj olunması və ya məzmununun təhrif edilməsi barədə hər hansı halı qeyd etməmişdir. İddiaçının bu arqumenti yalnız inzibati akt qəbul edildikdən sonra məhkəmə mərhələsində irəli sürülmüş, lakin onu təsdiq edən mötəbər sübutlar, o cümlədən müstəqil ekspert rəyi təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, inzibati aktın qanunauyğunluğu onun qəbul edildiyi vaxt mövcud olmuş faktiki və hüquqi hallar əsasında qiymətləndirilir və inzibati icraat mərhələsində irəli sürülməyən, sübutlarla təsdiqlənməyən sonrakı iddialar inzibati aktın ləğvi üçün əsas hesab edilə bilməz. İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh AR Ədliyyə Nazirliyi mübahisələndirilən xx.xx.2023-cü il tarixli 630-K nömrəli əmrin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Belə olan halda sözügedən inzibati akt qanunazidd sayıla bilməz. Həmçinin iddia “iddiaçının əvvəlki iş yerinə bərpa olunması” və “məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbləri hissəsində birinci tələbdən asılı olduğundan, əsaslı sayılmamalıdır. Odur ki, iddia təmin edilməməlidir. “İnzibati icraat haqqında” Qanunun: -11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. -17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-7184/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7184/2025
23.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver