Məhkəmə qərarları › İş №2-1(112)-7185/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7185/2021

19.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7185/2021 19.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə qarşı X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən mülkiyyət hüququ ilə ona məxsus olan mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 04.06.2021-ci il tarixli, 2-1(112)-7185/2021 nömrəli qərardadı ilə X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən mənzil mülkiyyət hüququ ilə ona məxsusdur. O, həmin mənzili "xxxx" MTK-dan almışdır və mənzilin dəyəri 27.05.2019-cu il tarixli maliyyə arayışına əsasən ödənilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 20.06.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə mülkiyyət hüququ qeydiyyata alınmaqla, mənzilə çıxarış verilmişdir. 07.06.2019-cu il tarixdə X3 ilə nikaha daxil olmuşdur, həmin nikahdan 30.04.2020-ci il təvəllüdlü X5 adlı övladı dünyaya gəlmişdir. Nikaha daxil olandan sonra Xəyalə Məmmədova mülkiyyət hüququ ilə ona məxsus olan mənzilə qeydiyyata düşmüşdür. Övladı dünyaya gəldikdən sonra Xəyalə Məmmədova faktiki olaraq Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən mənzildə onunla yaşamamışdır. Həmçinin mənzili tərk edərkən özünə məxsus cehiz əşyaları da daxil olmaqla bütün geyim və sair əşyalarını aparmışdır. Hazırda harada və kiminlə yaşaması ona məlum deyildir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4074/2020 saylı, 06.10.2020-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuşdur, 05.12.2020ci il tarixdə isə nikahın pozulması haqqında şəhadətnaməni əldə etmişdir. Bu günlərdə ona məlum olmuşdur ki, X3 ilə rəsmi olaraq boşanıb faktiki ayrı yaşamağına baxmayaraq hələ də onun qeydiyyatı mənzilində saxlanılmışdır. ASAN xidmət tərəfindən verilmiş ******* nömrəli, 27.04.2021-ci il tarixli arayışla müəyyən olunur ki, X3 mənzildə qeydiyyatdadır. Xəyalə Məmmədovanın həmin mənzildə qeydiyyatda qalması mülkiyyətçi olaraq onun hüquqlarını pozduğu üçün tərəfindən 29.04.2021-ci il tarixdə ərizə ilə Qaradağ Rayon Polis İdarəsinə müraciət olunaraq X1 Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən mülkiyyət hüququ ilə ona məxsus olan mənzildən pasport qeydiyyatdından çıxarılması xahiş olunmuşdur. Cavabdeh tərəfindən 06.05.2021-ci il tarixli, 069-7999M- 3221 saylı məktub göndərilərək müraciətindən imtina edilmiş və məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Hesab etmişdir ki, cavabdeh orqanın imtinası hüquqlarının pozulması ilə nəticələnmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh və üçüncü şəxs lazımi qaydada xəbərdar edilmiş, cavabdeh Qaradağ rayon Polis İdarəsi məhkəməyə məktub ünvanlayaraq məhkəmə iclasının onların nümayəndələrinin iştirakı olmadan keçirilməsini və iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etmiş, üçüncü şəxs məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, ********** №-li, 20.06.2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən 59.79 kv.m yaşayış sahəsindən ibarət mənzil tam xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 20.06.2019-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Bakı şəhəri Yasamal rayon məhkəməsinin 06.10.2020-ci il tarixli, 2(004)-4074/2020 №-li qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə X1 arasında 07.06.2019-cu il tarixdə 5 saylı Bakı ASAN xidmət mərkəzinin qeydiyyat şöbəsində 2044 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, 30.04.2020-ci il təvəllüdlü X4 anası X1 yanında qalması, 30.04.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdeh İddiaçı qazancın və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında və uşaq 3 yaşına çatanadək 70 manat məbləğində alimentin tutularaq iddiaçı X2 verilməsi qət edilmişdir. - Bakı şəhəri, Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05.12.2020-ci il tarixli, AZ-İ 368609 №-li nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X3 arasında olan nikah 09.11.2020-ci ildə pozulmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 21.08.2020-ci il tarixli, **********93 №-li məktubun surətindən görünür ki, sorğu ilə əlaqədar olaraq bildirmişlər ki, "xxxx" MTK-nın 27.05.2019-cu il tarixli maliyyə arayışı və 27.05.2019-cu il tarixli 161 nömrəli protokoldan çıxarışı əsasında Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi-Lökbatan yolu, ev 24A, giriş 3, 127 saylı mənzilə dair 20.06.2019-cu il tarixdə İddiaçı adına çıxarış verildiyi üçün həmin sənədlərin surəti yalnız məhkəmə qərarına əsasən verilə bilər - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li, 27.04.2021-ci il tarixli arayışdan görünür ki, 08.02.1993cü il təvəllüdlü X3 Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 21.06.2021-ci il tarixli **********27 №-li məktubdan görünür ki, hazırda İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanı üzərində X1 istifadə hüquqlarının qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktubdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi-Lökbatan yolundakı 24A nömrəli evin mülkiyətçisi olduğu 127-ci mənzilində yaşayış yeri üzrə qeydiyyatda olan X1 ərizəsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinin tələblərinə zidd olduğu üçün mümkün deyildir. Qeyd olunan iddiası ilə bağlı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə əsasən aidiyyatı üzrə məhkəməyə müraciət edə bilər. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Üçüncü şəxs X3 iddiaçının arvadı olmuş və nikah dövründə mübahisəli yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Bakı şəhər Yasamal rayon məhkəməsinin 06.10.2020-ci il tarixli, 2(004)-4074/2020 №-li qətnaməsi ilə İddiaçı ilə X3 arasında olan nikah pozulmuşdur. Üçüncü şəxs X3 mübahisəli yaşayış sahəsində qeydiyyatda olsa da hal-hazırda həmin ünvanda yaşamır. Həmin şəxsin iddiaçının mülkiyyətində olan mənzilə istifadə hüquqları qeydə alınmamışdır. İddiaçı mülkiyyətçisi olduğu mənzildə qeydiyyatda olan, lakin həmin mənzildə yaşamayan və ailə üzvü olmayan şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı inzibati orqana müraciət etsə də onun müraciəti təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən mərhum edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinin tələbinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. - 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. - 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. - 228.5-ci maddəsinin birinci cümləsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsini onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə ailə üzvləri və digər şəxslərlə mülkiyyətçi arasında bağlanan yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: -mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; -həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; -istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, «mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Ayrıca olaraq vurğulanmalıdır ki, mülkiyyət barəsində sərəncam verilməsi əqdlərin bağlanması yolu ilə və ya digər hüquqi aktların qüvvəsinə görə mümkündür» (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarı). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin ikinci hissəsində olan digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, MM-nin 228.5-ci maddəsində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş «mülkiyyətçinin razılığı» yazılı şəkildə bağlanan razılaşmada ifadə edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə qeyd edir ki, mənzildən qeydiyyatdan çıxarılması tələb edilən üçüncü şəxsin mübahisəli yaşayış sahəsi üzrə istifadə hüquqlarının yaranmasına dair iddiaçı ilə bağlanmış notariat qaydada təsdiq edilmiş yazılı razılaşmanın mövcud olması məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun: - 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yeri üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycar Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. - 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında) daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunverciliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. - 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi) - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 24.09.2020-ci il tarixli qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi mübahisəli mənzil iddiaçının tam mülkiyyətindədir. Belə olan halda mülkiyyətçi ona məxsus mənzildə qeydiyyatda olan, lakin faktiki olaraq həmin mənzildə yaşamayan və istifadə hüququ olmayan üçüncü şəxsin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Qeydiyyatda olan üçüncü şəxs həmin mənzildə yaşamadığından, onun həmin mənzillə bağlı əmlak hüquqlarının mövcudluğu, eləcə də həmin mənzildə istifadə hüququnun olması barədə sübut məhkəməyə təqdim edilmədiyindən həmin şəxsin iddiaçıya məxsus mənzildə qeydiyyatdan çıxarılmaması qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. Məhkəmə eyni zamanda qeyd edir ki, mübahisəli mənzilin birgə nikah dövründə əldə edilmiş əmlak olması ilə bağlı hər hansı mübahisənin olması hazırki məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, X1 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X1 Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri, Qaradağ rayon Polis İdarəsinə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar