Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7187/2022 13.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X27 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X13 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X22 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X22 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul olunmuş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********0301 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X22 üzrə Baş İdarəsi tərəfindən İddiaçı (VÖEN **********) Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məqsədilə operativ vergi nəzarəti həyata keçirilmişdir. Həyata keşirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında cavabdeh vergi orqanı tərəfindən akt tərtib olunmuşdur. Belə ki, müəssisədə operativ vergi nəzarəti keçirilən zaman vergi orqanı əməkdaşları tərəfindən ona hər hansı qeyd aparılmamış, boş bir vərəqə imza etdirərək, onunla hər hansı bir problemin olmadığını, burada əsas sahibkarın Ələkbər adlı şəxsin olduğunu və onun imza etdikdən sonra gedə biləcəyini bildirmişlər. Daha sonra isə ona məlum olmuşdur ki, vergi orqanı tərəfindən onun barəsində 20000 manat maliyyə sanksiyasının tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Həmin şəxslər onun bu işlər barədə savadının olmamasından istifadə etmiş və ona yalan vədlər verərək həmin akta imza etməli olduğunu bildirmişlər. Tərəflərindən vergi orqanından həmin tərtib edilmiş aktın onlara təqdim edilməsi tələb edilsə də, onlara hər hansı akt təqdim edilməmişdir. Həmin akt əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X22 üzrə Baş İdarəsi tərəfindən Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********0301 saylı Qərar çıxarılmışdır. Həmin qərara əsasən Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlamadan işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə müvafiq olaraq 20000 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Akta əsasən, ünvan 1 ünvanda yerləşən çörək sexində əmək müqaviləsi olmayan və izahatları vergi əməkdaşları tərəfindən məcburi alınan 10 nəfər şəxs mövcud olmuşdur. Lakin müəssisədə həmin zaman 3 nəfər işçi olmuş və onlar məcbur edilərək izahatları alınmışdır. Daha sonra isə ona məlum olmuşdur ki, operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı iştirak edən vergi orqanı tərəfindən 7 nəfər əlavə əmək müqaviləsiz işçi qeyd edilmiş və toplamda 10 nəfərin əmək müqaviləsi olmadığı üçün 20000 manat maliyyə sanksiyasının tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Bu göstərilənlər isə sözügedən vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə qərarının qanunsuz və əsassız olaraq qəbul edildiyinə dəlalət edir. İzahatları vergi əməkdaşları tərəfindən məcburən alınmış və tərəflərindən adlarını məcburən işçi kimi göstərilən şəxslərin çoxu çörək sexinin işçiləri kimi işləməyiblər. Həmin gün izahatları alınmış şəxslərin əksəriyyəti vergi əməkdaşlarının davranışlarından öz narazılıqlarını dilə gətirmiş və onlardan alınan izahatları vergi orqanının əməkdaşlarından çəkindikləri üçün imzaladıqlarını bildirmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X22 üzrə Baş İdarəsi iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, araşdırma zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X22 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********8402 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən xx.xx.2022-ci il tarixdə fiziki şəxs İddiaçı (VÖEN: **********) sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi ünvan 2 ünvanda yerləşən obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 10 (on) nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2022-ci il tarixli DVX seriyalı 005944 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirildiyi və aktın vergi ödəyicisi tərəfindən imzalandığı və bir nüsxəsinin qəbul edildiyi müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********0301 nömrəli qərar qəbul edilərək, vergi ödəyicisinə 20000 (iyirmi min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvana xx.xx.2022-ci il tarixli **********675900 nömrəli bildirişlə göndərilmiş və onun tərəfindən xx.xx.2022-ci il tarixində saat 20:01:46-da oxunmuşdur. Yuxarıda da qeyd olunduğu kimi akt vergi ödəyicisi tərəfindən imzalanmış və bir nüsxəsi qəbul olunmuşdur. Əlavə olaraq vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixində vergi oranına məktub ünvanlanaraq, aktın nüsxəsi yenidən istənmiş və xx.xx.2022-ci il tarixində **********289400 nömrəli məktubla vergi ödəyicisinin müraciəti cavablandırılmış və aktın surəti yenidən İddiaçı göndərilmişdir. Həmin məktub vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixində saat 14:04:02-də oxunmuşdur. İddiaçı operativ vergi nəzarəti tədbiri zamanı xx.xx.2022-ci il tarixli etirafedici izahatında Binəqədi rayonu, Biləcəri ŞTQ, Yəhya Hüseynov küçəsi, ev 59 saylı ünvanda yerləşən çörək sexində sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, fəaliyyətə yeni başladığından tabeliyində olan işçilərlə (X9, X6, X14, X5, X7, X10, X11, X12, X4) əmək müqaviləsi bağlamadığını, ən qısa zamanda bütün işçilərlə əmək müqaviləsi bağlayacağını, izahatı özünün yazdığını qeyd etmiş və imzası ilə təsdiq etmişdir. X1 xx.xx.2022-ci il tarixli etirafedici izahatında xx.xx.2022-ci il tarixindən İddiaçı tərəfindən çörək bişirən vəzifəsinə götürüldüyünü gündəlik əmək haqqının 8 manat təşkil etdiyini, özündən başqa obyektdə işləyən işçilərdən İlhamı tanıdığını və onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. X2 xx.xx.2022-ci il tarixli etirafedici izahatında 10 gün olar ki, İddiaçı məxsus çörək sexində çörək bişirən vəzifəsinə götürüldüyünü, gündəlik əmək haqqının 12 manat təşkil etdiyini, özündən baqa obyektdə işləyən işçilərdən Gülnarə, Şahnaz, Ayparəni tanıdığını və onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. X3 xx.xx.2022-ci il tarixli etirafedici izahatında 6 gün olar ki, İddiaçı tərəfindən çörək bişirən vəzifəsinə işə götürüldüyünü gündəlik əmək haqqının 10 manat təşkil etdiyini, özündən başqa obyektdə işləyən işçilərdən İlham, Gülnarə, Şahnazı tanıdığını və onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. Digər 7 nəfər işçi isə heç bir əsas göstərmədən izahat verməkdən imtina etmişdir. Göründüyü kimi, operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir. Cavabdeh İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq 3 nəfərin həmin vaxt əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edildiyi etiraf edilmiş, lakin digər 7 nəfərin əlavə əmək müqaviləsiz işçi qeyd edilməsinin əsassız olması bildirilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazı müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********8402 nömrəli qərar ilə, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ Yəhya Hüseynov (Biləcəri qəs.) 59 ünvanda yerləşən İddiaçı məxsus çörək sexində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022 tarixi daxil olmaqla) operativ vergi nəzarəti keçirilməsi qərara alınmışdır; “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” xx.xx.2022-ci il tarixli, KY221715440 nömrəli Çıxarışda plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsinin əsası kimi Vergi Mcəlləsinin 50.2.2-ci maddəsinə istinad olunmuşdur; DVX seriyalı 005944 nömrəli, 18 fevral 2022-ci il tarixli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi halların aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında akt”dan görünür ki, fərdi sahibkar İddiaçı (VÖEN: **********) məxsus çörək sexində operativ vergi yoxlaması zamanı 10 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilməsi müəyyən edilmişdir, həmin aktın əlavəsinə əsasən X10, X11, X12, X4, X9, X6, X14, X5, X7 və X15 əmək müqaviləsi olmadan işlərə cəlb edilmiş şəxslər sırasında göstərilmişlər; “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********0301 nömrəli qərara əsasən, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 10 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 20.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilməsi və xx.xx.2022-ci tarixədək 20.000 manat məbləğin büdcəyə ödənilməsi qərara alınmışdır; “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********0302 nömrəli tələbnamədən görünür ki, İddiaçı büdcəyə ödənilməli olan 20000 manat vəsait xx.xx.2022-ci il tarixə kimi Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin AZ17CTRE******************** №-li hesabına ödənilməsi tələb edilmişdir. Beləliklə, məhkəməyə təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, cavabdeh tərəfindən qəbul edilmiş “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərar əsasında iddiaçıya məxsus obyektdə operativ vergi nəzarəti həyata keçirilən zaman 10 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edildiyi müəyyən edilmiş, bu barədə 005944 nömrəli akt tərtib edilmiş, həmin akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********0301 nömrəli qərarına əsasən iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən 20000,0 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Hazırda iddiaçı həmin qərarın ləğv edilməsini tələb edir. Məhkəmə bildirir ki, mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üstüstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 7-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 7-ci maddəsinin 2-1-ci hissəsinə əsasən, Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır; 49-cu maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir; 44-cü maddəsinə əsasən, əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 50.1-ci maddəsinə əsasən, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: ... 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.2-ci maddəsinə əsasən, operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3-cü maddəsinə əsasən, operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir; 50.4-cü maddəsinə əsasən, operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir; 58.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Göründüyü kimi, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tətbiqi üçün əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktının müəyyən edilməsi yetərlidir. Belə ki, qanunverici məhz həmin faktın özünü gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradan hal kimi normada təsbit etmişdir. İşin faktiki hallarına əsasən iddiaçının 10 nəfər fiziki şəxsi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən ona məxsus olan çörək sexində müxtəlif işlərin görülməsinə cəlb etməsi, bununla da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinin pozulması aşkar edildiyi üçün cavabdeh tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinə əsasən iddiaçıya iddiaçının mübahisələndirdiyi qərar ilə maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı tərəfindən tələbin faktiki əsası kimi yalnız sözügedən 10 nəfər şəxsdən 3 nəfərin həmin çörək sexinin işçisi olduğu göstərilmişdir. Göründüyü kimi iddiaçı iddiasının dəlilinin əsası kimi kifayət qədər güclü, aydın və “əsaslı şübhədən kənar” sübut təqdim edə bilməmişdir. İddiaçının dəlilləri məhkəmə araşdırması zamanı da təsdiqini tapmamış və hər hansı mötəbər sübutla dəstəklənmədiyi halda isə yalnız şifahi bildirilənlərə əsasən iddianın əsaslı olması qənaətinə gəlmək mümkün deyildir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati pozuntunun baş verməsi əmək müqaviləsi bildirişi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmiş 10 nəfər fiziki şəxsin üçündən (X4, X12 və X9) alınan izahatlar (bu izahatlar həmin şəxslərin özləri tərəfindən yazılmış və bu halı özləri təsdiq edərək imzalamışlar), eyni zamanda vergi nəzarəti tədbirindən sonra iddiaçının həmin şəxslərin yeddisi ilə (X4, X8, X5, X12, X6, X14 və X9) ilə bağlanmış əmək müqavilələrini müvafiq icra hakimiyyəti orqanının elektron sistemində qeydiyyata aldırması, iddiaçının özünün etirafedici izahatı və işin digər faktiki halları ilə kifayət qədər əsaslı formada sübuta yetirilir. Qeyd edilməlidir ki, izahatı alınan fiziki şəxslər izahatlarında adıçəkilən obyektdə konkret gördükləri işi, aldıqları əmək haqlarını, iş qrafikini, işəgötürənin İddiaçı olduğunu bildirməklə yanaşı, onlarla birlikdə çalışan digər şəxslərin adlarını bildirmişlər ki, bu məlumatlar yalnız həmin obyektdə işləyən şəxslərin malik ola biləcəkləri informasiyalardır. İddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəmə iclasında həmin 3 nəfərin həmin vaxt əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edildiyi etiraf edilmişdir. Məhkəmə qeyd edir ki, 7 nəfər şəxsin izahat verməməsi ilə bağlı qeyd edilməlidir ki, bu hal hazırkı vergi hüquq pozuntusunun mövcudluğuna təsir edə bilən hal deyildir. VM-in 58.10-cu maddəsinin tətbiqi üçün əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktının müəyyən edilməsi yetərlidir. Məhkəmə bir daha vurğulayır ki, iddiaçı özü də izahatında işçilərin adlarını sadalamaqla 10 nəfər işçi ilə əmək müqaviləsi bağlamadan onları işə qəbul etdiyini, əmək haqqının tərəfindən ödənildiyini, qısa müddət ərzində həmin şəxslərlə müqavilə bağlayacağını bildirmişdir. Beləliklə, məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, İPM-in 14.1-ci maddəsinin tələbləri baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etdiyindən, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X22 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası təmin еdilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X22 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-7187/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7187/2022
13.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver