Məhkəmə qərarları › İş №2-1(112)-7189/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7189/2022

20.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7189/2022 20.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki,qeyri-yaşayış sahəsi onun qanuni istifadəsindədir. İddiaçı bildirir ki, qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi onun istifadəsindədir. Həmin torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış sahəsi müvafiq olaraq səlahiyyətli orqan ilə razılaşdırılmış eskiz layihəsi əsasında inşa edilmişdir. İddiaçı qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması və çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh heç bir hüquqi əsas olmadan müraciətin təmin edilməsindən imtina etmişdir. Hesab edir ki, cavabdehdə təqdim edilmiş sənədlər əsasında qeyri-yaşayış sahəsi üzərində onun hüquqları qeydiyyata alınmalıdır. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, əmlaka dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən ünvan 1 ünvanında yerləşən 3.450 kv.m torpaq sahəsi üzərində tikilmiş qeyri-yaşayış binasının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, reyestrdən onun adına çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1 və 2.2-ci maddələrinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaş-dırılma-sının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Mülki Məcəllə ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 10-cu maddəsində hüquqların dövlət qeydiyyatı üçün təqdim edilməli olan sənədlərin siyahısı göstərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki,hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 4 oktyabr 2016-cı il tarixli Qərarı). Göründüyü kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar, təqdim edilməli olan sənədlərin siyahısı, həmin sənədlərə dair tələblər, hüquqların dövlət qeydiyyatından imtinanın halları konkret müəyyən olunmuşdur. Hüquqların dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı belə sənədlərin olmadığı təqdirdə “İnzibati icraat haqqında” Qanunun müvafiq normalarına əsasən maraqlı şəxsə yardım etməli və ya işin həlli üçün zəruri olan əlavə sənədlərin təqdim olunmasını tələb etməlidir. Həmi Qanunun 32.2-1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların ərizəçi tərəfindən əldə olunmasını tələb edə bilməz. İnzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədləri və ya məlumatları inzibati orqan özü əldə edir. İnzibati orqanın həmin sənədlərin və ya məlumatların əldə olunmasını ərizəçidən tələb etməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə səbəb olur. Cavabdehin mülkiyyət hüququnun qeydiyyata alınmasının imtina əsaslarından görünür ki, cavabdeh qeyri-yaşayış sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydiyyatan keçirilməsi üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respbublikası Qanunda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyini bildirir. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd olmuşdur. Belə ki, iddiaçı hal-hazırda qeydiyyatdan keçməsini istədiyi qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinə istifadə hüququna malik olmuşdur ki, iddiaçının bu hüququ müvafiq olaraq istifadəyə (icarəyə) verilən torpaq sahəsinin ayrıc aktı ilə rəsmiləşdirilmişdir. Belə ki, ilkin olaraq qeyd olunmalıdır ki, ünvan 2 ünvanında yerləşən 0.03491 ha torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüquqları qeydə alınmış və müvafiq çıxarış ilə rəsmiləşdirilmişdir. Bundan sonra yerli icra hakimiyyətinin sərəncamları ilə vətəndaş İddiaçı, Əhməd Rəcəbli küçəsi 1, 35A ünvanında yerləşən mülkün sökülüb, yerində təqdim olunmuş layihəyə uyğun qeyriyaşayış sahəsinin tikintisinə icazə verilmiş, ərazi planlaşdırma sənədlərinin təsdiq edilməsi həyata keçirilmiş və qeyri-yaşayış sahəsinin tikintisi üçün 0.345 ha torpaq sahəsin onun istifadəsini verilmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan iddiaçının qeyriyaşayış sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata alarkən 0.345 ha torpaq sahəsinin onun istifadəsində olduğunu qəbul etmiş və qeyri-yaşayış sahəsi üzərində onun mülkiyyət hüquqlarını tanımışdır. Göründüyü kimi, inzibati orqan bilavasitə öz iradə ifadəsi ilə torpaq sahəsinin iddiaçının istifadəsində olduğunu nümayiş etdirmişdir. Məhkəmə qeyd edir ki, hər nə qədər də qeyri-yaşayış sahəsinin sökülməsi həyata keçirilsə də bu hal qeyriyaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin iddiaçının istifadəsində olmasını təkzib etmir. Əksinə müxtəlif qurumlar tərəfindən iddiaçıya torpaq sahəsi üzərində qeyri-yaşayış sahəsinin yenidən tikilməsinə icazə verilmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdehin etiraz ərizəsində iddiaçının torpaq sahəsi üzərində istifadə hüquqlarının olmadığını iddia etsə də, bu əsas yuxarıda göstərilənlər ilə aradan qalxmışdır. Digər tərəfdən nəzərə alınmalıdır ki, həmin torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış sahəsinin eskiz layihəsi səlahiyyətli yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş, tikinti obyektinin istismarına hazırlıq və tikinti obyektinin istismarına icazə sənədi verilmişdir. Beləliklə də, yerli icra hakimiyyəti orqanı tikilinin həyata keçirilməsinə öz iradə ifadəsini nümayış etdirmişdir ki, mülkiyyət hüququnun qeydə alınmasında maraqlı olan şəxs də həmin sənədlər əsasında cavabdehə müraciət etmiş, lakin cavabdeh formal hesab ediləcək əsaslarla iddianın təminini həyata keçirməmişdir. Göründüyü kimi mülkiyyət hüququnun realizəsini təmin edən şərtlər, eyni zamanda vətəndaşın etimad hüququna istinad etməsini təmin edən şərtlər mövcud olmuş, vətəndaş tikiliyə müvafiq orqanın iradə ifadəsinə etibar edərək cavabdehə müraciət etmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçının iddia etdiyi əmlakın qeyri-yaşayış sahəsi kimi istifadəsini təsdiq edən əsaslardan biri də, Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş rəylərdir. Belə ki, Fövqəladə Hallar Nazirliyi X1 Xidmətinin Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində İddiaçı məxsus iki səviyyəli zirzəmili (avtodayanacaq), beş mərtəbəli (+texniki mansard) qeyri-yaşayış obyektinin (otel) tikintisi üçün tərtib olunmuş layihə sənədlərinin yanğın təhlükəsizliyi ekspertizasının nəticələri barədə rəydən görünür ki, "xxxx" MMC tərəfindən tərtib olunmuş layihə sənədləri, qüvvədə olan 2.6-1 “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” AzDTN-nın, 2.08.02-89 “İctimai bina və qurğular” TN və Q-nın, 2.11-1 “Su təchizatı. Xarici xətlər qurğular” AzDTN, 2.04.01-85 “Binaların daxili su kəmərləri və kanalizasiya” TN və Q-nın, 2.02.01-97 “Bina və qurğuların yanğın təhlükəsizliyi” DTN-nın, “Elektrik Qurğularının quraşdırılması” Qaydalarının tələblərinə uyğundur. Beləliklə, sözügedən daşınmaz əmlak istismara yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinə cavab verir. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, X.Miratayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Etimad hüququnun qorunmasını inzibati icraatın təməl prinsiplərindən biri kimi məhkəmə işin hazırkı faktiki hallarını da nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçı yerli icra hakimiyyəti orqanının tikintiyə münasibətdə verilmiş sənədləri nəzərə alaraq cavabdehə müraciət etmiş, cavabdeh isə işin mahiyyəti üçün əsas olan həmin sənədləri nəzərə almadan formal əsaslarla müraciətin təminin həyata keçirməmiş, təqdim edilməli olan sənədlərin konkret formada təqdim edilməsini tələb etmişdir. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.10-cu maddəsində nəzərdə tutulmuş sənədlər cavabdehə təqdim edilmişdir. Cavabdeh isə, həmin Qanunun 15.1-ci maddəsinin tələblərinə əsasən müraciətin təminindən imtina etmişdir ki, məhkəmə həmin imtinanı qeyd olunan maddənin tələbləri ilə uzlaşmadığı qənaətindədir. Belə ki, adıçəkilən maddədən görünür ki, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı işin faktiki halları isə təsdiq edir ki, qeyd olunan imtina əsaslarından heç bir mövcud deyil. Həmin hallar mövcud deyilsə, deməli imtina qanunsuzdur. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə Q Ə R A R A A L D İ: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən 3.450 kv.m torpaq sahəsində tikilmiş qeyri-yaşayış binası üzərində İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar