Məhkəmə qərarları › İş №2-1(112)-7190/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7190/2025

23.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7190/2025 23.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Mustafaev Zakhidin cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin tanınması” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq şifahi məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: I.İşin halları İddiaçı Mustafaev Zakhid (bundan sonra - İddiaçı) xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün ərizə-anket ilə cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə (bundan sonra - Cavabdeh) müraciət etmişdir. Cavabdeh ******* nömrəli, xx.xx.2019-cu il tarixli qərar ilə xx xxxxxx 1968-ci il təvəllüdlü X3 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini tanımamışdır. İddiaçı xx.xx.2025-ci ildə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması vəzifəsinin cavabdehə üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırması İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1968-ci ildə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində anadan olmuşdur. 1976-1986-cı illərdə Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 106 nömrəli orta məktəbdə 10 illik təhsil almışdır. 1986-cı ildə məktəbi bitirdikdən sonra isə hərbi xidmət üçün onu Rusiya Federasiyasına göndərmişlər. 1988-ci ildə hərbi xidməti bitirdikdən sonra isə Bakıya gəlmişdir. Daha sonra isə 1989-cu ildə Rusiya Federasiyasının Ufa şəhərinə yolanmış və 1989-1992-ci illərdə həmin şəhərdə diş həkimliyi ixtisası üzrə təhsil almışdır. 1 il orada diş həkimi işləmişdir. 2005-ci ildə Bakı şəhərində keçmiş həyat yoldaşı X5 ilə nikaha daxil olmuşdur. X5 Azərbaycan Respublikası vətəndaşı idi. Birgə nikahdan bir qızı var - 2004-cü il təvəllüdlü X9. X5 ilə olan nikahları Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5305/2019 saylı 27 iyun 2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur, X5 ilə ortaq mülkləri vardır. İddiaçı hal-hazırda subaydır və Rusiya Federasiyasının vətəndaşıdır. Azərbaycan Respublikası vətəndaşlığını almaq üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 04 sentyabr 2019-cu il tarixli cavab məktubuna əsasən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən iddiaçının vətəndaşlıq mənsubiyyəti tanınmamış və bu səbəbdən də ona Azərbaycan Respublikası vətəndaşlığını vermək mümkün olmamışdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən iddiaçının vətəndaşlı mənsubiyyəti tanınmamasının səbəbi isə iddiaçının “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanun qüvvəyə minənə qədər —(xx.xx.1998-ci ilə qədər) Azərbaycan Respublikası ərazisində yaşayış yeri üzrə qeydiyyatda olmadığı göstərilmişdir. Həmçinin iddiaçı Rusiya Federasiyasının vətəndaşı olduğu üçün Azərbaycan Respublikası vətəndaşlığını ala bilmir. Birinci dəfə 1 il müddətinə, ikinci dəfə isə xx.xx.2023-cü ildə 2 il müddətinə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətindən Azərbaycan Respublikasında yaşamaq üçün icazəsi almışdır. İkinci və sonuncu icazə vəsiqəsinin müddəti 05.1.2025-ci ildə bitmişdir. İddiaçı Azərbaycan Respublikası vətəndaşlığından imtina etmək üçün müraciət etməmişdir. İddiaçı Rusiyada təhsil alarkən orada qeydiyyatda olduğu üçün iddiaçını qısa bir zamanda vətəndaşlığa almışlar. 1998-ci ildən sonra da Azərbaycana gəlib getmişdir. Lakin qeydiyyata alınmamışdır. 2018-cı ildən Bakıdadır və hal-hazırda ünvan 1 ünvanında anası, bacısı və ailəsi ilə birlikdə yaşayır. X1 Azərbaycan Respublikası vətəndaşıdır və 1936-cı ildə Tovuz rayonu, Yanıxlı kəndində anadan olmuşdur. Həmçinin atası 1928-ci il təvəllüdlü X8 da Azərbaycan Respublikası vətəndaşı olmuş və 2005-ci ildə Bakı şəhərində vəfat etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddianın mümkün sayılmamasını xahiş etmiş və göstərmişdir ki, iddiaçı Xidmətə xx.xx.2019-cu il tarixdə müraciət edərək Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmişdir. Xidmət tərəfindən müvafiq araşdırma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.1-ci bəndlərinə əsasən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə xx.xx.2019-ci il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Xidmət sözügedən şəxslərlə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, xx.xx.2019-cu il tarixli MAPS-a ünvanlanmış sorğuya cavab olaraq iddiaçının Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmadığı bildirilmişdir. Qeyd olunmalıdır ki, qanunvericilik vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın aparılması hallarını konkret müəyyən etmişdir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun (5.1-ci maddəsi) və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın (qaydaların 3.4.3-ci bəndi) müddəalarına əsasən şəxs Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmuşdursa, Azərbaycan Respublikasının vətəndaşı sayılır. Göründüyü kimi, sözügedən şəxs “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixinədək) ölkə ərazisində qeydiyyatı olmamış və bu konkret hal kimi nəzərdə tutulduğundan onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmamasına dəlalət edir (sistem üzrə sorğunun cavabı əlavə edilir). Sözügedən qərar iddiaçıya 2019-cu ildə təqdim edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi) III. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddiaçının hazırkı iddiası Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması ilə bağlı olmaqla müəyyənetmə haqqında iddia növünə aiddir (İPM, maddə 2.2.5). Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra –İPM) 2.2.5-ci maddəsinə əsasən, inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə iddianın mümkünlüyünü yoxlayaraq hesab edir ki, iddiaçı həm ümumi, həm də xüsusi mümkünlük şərtlərin əməl etmişdir. İddianın əsaslılığına gəldikdə isə məhkəmə aşağıdakıları qeyd edir. İş materiallarında olan 332455 nömrəli xx.xx.2019-cu il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.1968-ci il tarixində Bakı şəhərində doğulmuşdur. X2, X1dır. MYİ №0****** nömrəli Müvəqqəti yaşamaq üçün icazə vəsiqəsindən görünür ki, Mustafaev Zakhidə xx.xx.2023-cu ildən xx.xx.2025-ci ilədək Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə verilmişdir. İddiaçının cavabdehə təqdim etdiyi xx.xx.2019-cu il tarixli tərcümeyi-haldan görünür ki, iddiaçı 1989-cu ildə ölkəni tərk etmi, 2018-ci ildə qayıtmışdır. Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli, 18/2-12696 nömrəli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1965-ci il təvəllüdlü Zakhid Mustafayevin Azərbaycan Respublikası ərazisində qeydiyyatı və sənədləşməsi barədə məlumat müəyyən edilməmişdir. İşdən görünür ki, cavabdeh iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında xx.xx.2019-cu il tarixli, ******* nömrəli qərarını bununla əsaslandırmışdır ki, şəxsin xx.xx.1998-ci tarixli "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmadığı müəyyən edilmişdir. İddiaçı hazırda bu imtina ilə razılaşmayaraq onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsinə əsasən “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; 2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi; 3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı; 3-1) Azərbaycan Respublikası vətəndaşının terror fəaliyyətində iştirakı və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirməsi; 3-2) Azərbaycan Respublikası vətəndaşının dini ekstremist fəaliyyətdə iştirakı, o cümlədən dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etməsi və ya həmin münaqişəyə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə sabit qrup yaratması, habelə Azərbaycan Respublikası vətəndaşının dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi; 4) Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 2.2-ci bəndinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar aşağıdakılardır: 2.2.1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olubsa; 2.2.2. Azərbaycan Respublikasının ərazisində doğulduqda (valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olduğu hallar istisna olmaqla); 2.2.3. valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla); 2.2.4. valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşıdırsa; 2.2.5. valideynlərindən biri və ya hər ikisi vətəndaşlığını dəyişərək Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmişdirsə və ya onların Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilmişdirsə; 2.2.6. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa; 2.2.7. 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqındırsa; 2.2.8. Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum uşaqdırsa. Həmin Qaydanın 4.1-ci bəndinə əsasən aşağıdakı hallardan hər hansı biri müəyyən edildikdə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır: 4.1.1. bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda; 4.1.2. 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduqda; 4.1.3. Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum olan uşaq olduqda; 4.1.4. Azərbaycan Respublikasının ərazisində doğulmuş aşağıdakı şəxslərdən biri olduqda: 4.1.4.1. doğulduğu anda valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa; 4.1.4.2. doğulduğu anda hər iki valideyni vətəndaşlığı olmayan şəxs olmuşdursa; 4.1.5. Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşından (vətəndaşlarından) doğulmuş şəxs; 4.1.6. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvadın hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa, həmin uşaq; 4.1.7. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşıdırsa, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə, həmin uşaq; 4.1.8. valideynlərin vətəndaşlığı dəyişdikdə və bunun nəticəsində hər ikisi Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onların uşağı; 4.1.9. uşağın valideynlərindən biri məlumdursa, həmin valideyn Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onun uşağı; 4.1.10. Azərbaycan Respublikasının ərazisində yaşayan uşağın valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxs, digəri isə vətəndaşlığı olmayan şəxs olduqda; 4.1.11. valideynlərdən birinin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilərsə, digəri isə Azərbaycan Respublikasının vətəndaşlığında qalarsa, onların uşağı. Qaydanın 4.3-cü bəndinə əsasən həmin Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxslərin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmamaları onların vətəndaşsızlığına səbəb olursa, həmin şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri tanınır. Qaydanın 4.4-cü bəndinə əsasən isə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. Göründüyü kimi, şəxs “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda, onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır. Lakin şəxsin digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması üçün əsasdır. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, iddiaçının Azərbaycan Respublikası ərazisində qeydiyyatı və sənədləşdirilməsi barədə məlumat müəyyən edilməmişdir. Həmçinin iddiaçıya məxsus ********* nömrəli Rusiya Federasiyasının pasportundan görünür ki, iddiaçıya Rusiya Federasiyasının vətəndaşı kimi xx.xx.2020-ci il tarixdə pasport verilmişdir, pasport xx.xx.2030-cuil tarixədək etibarlıdır. Göründüyü kimi, iddiaçının “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olması müəyyən edilməməklə yanaşı, onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması üçün yuxarıda istinad olunan qanunvericiliklə nəzərdə tutulmuş konkret hal mövcuddur, o könüllü olaraq digər dövlətin vətəndaşlığını qəbul etmişdir. Bu isə onun hazırkı məzmunda tələbinin təmin olunmasını istisna edir. Çünki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan məhkəmə belə qənaətə gəlir ki, cavabdehin imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Beləliklə, göstərilənləri nəzərə alan məhkəmə qeyd edir ki, iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması üçün Qaydaların 4.1-ci maddəsində göstərilən hallardan heç biri mövcud olmadığından, əksinə tanınmadan imtina üçün əsas olan Qaydaların 4.4-cü bəndindəki əsas hazırkı iş üzrə mövcud olduğundan iddia təmin edilməməlidir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar