Məhkəmə qərarları › İş №2-1(112)-7193/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7193/2025

30.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7193/2025 30.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi X1, üçüncü şəxsin vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri rüblük hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsi) qarşı “arayışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə müraciət edərək, Suraxanı rayonu Zığ Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli sərəncamı ilə Zığ qəsəbəsinin şərq hissəsində İddiaçı ayrılmış 200 kv.m torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatdan keçməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edilmişdir.

2. Məhkəmənin qərardadı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsi üçüncü şəxslər qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdirlər.

3. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsinə əsasən iddia tələbi “Suraxanı rayonu Zığ Bələdiyyəsinin 25 fevral 2006-cı il tarixli sərəncamı ilə Zığ qəsəbəsinin şərq hissəsində İddiaçı ayrılmış 200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəqiqləşdirilmişdir.

4. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, məh. 2944 ünvanında yaşayan İddiaçı ərizə ilə Zığ Bələdiyyəsinə müraciət edərək, fərdi yaşayış evinin tikintisi üçün 200 kv.m torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Suraxanı rayonu Zığ Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli sərəncamı ilə Zığ qəsəbəsinin şərq hissəsində 200 kv m torpaq sahəsi tikinti üçün İddiaçı ayrılmışdır. İşə əlavə olunan sənədlərdən göründüyü kimi İddiaçı xx.xx.2006-cı il tarixdə torpağın alqı-satqısı üçün bir milyon qırx manat məbləğində pul ödəmişdir. İddia tələbinə əlavə olunan 1 saylı Bakı Ərazi İdarəsinin cavab məktubundan göründüyü kimi, torpaq sahəsi daşınmaz əmlakın dövlət reysterində qeydiyyatdan keçmədiyindən sahə barəsində ətraflı məlumat verilməsi tərəflərindən mümkün olmamışdır. xx.xx.2024-cü il tarixli 1347/24 saylı sorğu məktubuna cavab olaraq bildirilmişdir ki, Zığ Bələdiyyəsi tərəfindən vətəndaş İddiaçı X2 edilməsi haqqında Azərbaycan Respublikası Qanunu xx.xx.2001-ci il 160İİQ) 6-cı maddəsinin 7-ci bəndinə istinad olunmaqla xx.xx.2006-cı il tarixli 48 saylı sərəncamla torpaq sahəsi ayrıldığına dair bələdiyyənin arxivində digər sənədlər aşkar olunmamışdır. Sokarın xx.xx.2024-cü il tarixli cavab məktubunda həmin koordinatlarda olan torpaq sahəsi Azərbaycan Respublikası xx.xx.2007-ci il tarixli 256-İİİ1 nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişə əsasən X5 Limited” Sirkətinin istifadəsinə verilmiş sahənin hüdudları daxilində yerləşir. Torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması barədə daşınmaz əmlaka xx.xx.2024-cü il tarixdə sənədləri rəsmi götürməkdən imtina etmiş və səbəb olaraq, Xəritəçəkmə Komisəsinin müqavilədə imzasının və kadastrın olmamasını bildirmiş və bu əsasla poçt vasitəsi ilə rəsmi müraciət imzalanmış və poçt qəbzinin surətini iddia tələbinə əlavə edir. Hesab edir ki, torpaq sahəsinin özəlləşdirilməsinə maneə yaradılması mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməli və torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göründüyü kimi, iddiaçının qanuni istifadəsindəki bağın yerləşdiyi torpağın mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini mərzçəkmə qaydasında müəyyən etmək cavabdehin vəzifəsidir. Torpaq sahələrinin sənədləşdirilməsi zamanı texniki kadastr sənədi kimi plan-sxem, cizgi-plan, cizgi-sxem və sair terminlər tətbiq olunmur. Bu cür hallarda tələb olunan texniki kadastr sənədi Torpaq sahəsinin yerquruluşu işləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmək Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamənin 2-ci bəndinin tələbinə uyğun olaraq yerquruluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və idarəçilərinin sifarişi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılır.

5. Cavabdeh imtina məktubunda qeyd etmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin şərq hissəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2024-cü il tarixli, ********** nömrəli ərizənizə tərəfimizdən baxılmışdır. Ərizəyə əlavə olunmuş sənədlər surətdir.

6. Cavabdehin iddiaya yazılı etirazında qeyd edilmişdir ki, təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad, istinad məsafələri və perimetrik ölçülər qeyd olunmamış, eyni zamanda cizgidə müvafiq bələdiyyənin sərəncamına istinad edilməmişdir. Həmçinin elektron kadastr baza məlumatına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməklə dövlət mülkiyyətində olan torpaqlara aiddir. “X2 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

7. Üçüncü şəxs iddia tələbinə etirazda qeyd etmişdir ki, qeyd edilən torpaq sahəsi 1976-cı ildən uzun illər ərzində neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsində olmuş və hal-hazırda da torpaq sahəsi Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 256-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən, neft-qaz əməliyyatları aparmaq məqsədi ilə Podratçının, xüsusi olaraq “X4 Limited” Əməliyyat Şirkətinin vahid və müstəsna olaraq istifadəsinə verilmiş Kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Sazişin 1 və 2 saylı Əlavələrində Saziş ərazisinə daxil olan torpaqların koordinatları verilmişdir. Mübahisəli torpaq sahəsinin koordinatları da həmin torpaqlar arasındadır. Əlavələr Sazişin ayrılmaz tərkib hissəsidir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatından imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 5-ci bəndinə əsasən, sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. Həmin Məcəllənin 48-ci maddəsinin 4-cü bəndinə əsasən, torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir. Həmin Məcəllənin 86-cı maddəsinin 2-ci bəndinin tələbinə əsasən, dövlət torpaqları alqı-satqı obyekti ola bilməz. Hüquqi əsaslandırma: “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 256-İİİQ nömrəli Qanununa əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. “Torpaq islahatı haqqında qanunun” 6-cı maddəsinə əsasən, “Dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər.” Torpaq Məcəlləsinin 9-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Torpaq Məcəlləsinin 10-cu maddəsinin 1, 4 və 5-ci bəndlərinə əsasən, torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. Torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. Kateqoriyalar daxilində torpaqlardan istifadə qaydaları onların təbii-təsərrüfat rayonlaşdırılması, zonalaşdırılması, istifadəsinin ərazi planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir. Torpağın kateqoriyaları torpağın verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarında, dövlət torpaq kadastrı sənədlərində, torpaq qeydiyyatı kitablarında və bu Məcəllədə göstərilən digər sənədlərdə əks olunur. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən, sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Göründüyü kimi, Sazişlə bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər və sonralar bağlanmış hər hansı qərar, sərəncam və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr qüvvədən düşmüşdür, həmçinin Suraxanı rayon Zığ Bələdiyyəsinin qərarı olmuşdursa da (iş materiallarında arxiv sənədlərində aşkar olunmadığı bildirilmişdir) bu qaydada artıq qüvvədən düşmüşdür. Torpaq sahəsinin iddiaçı tərəfindən zəbt edilməsi nəticəsində, həmin torpaq sahəsində neft və qaz hasilatı üzrə fəaliyyətin həyata keçirilməsinə maneçilik yaradılır, “X4 Limited” Əməliyyat Şirkəti tərəfindən Saziş üzrə nəzərdə tutulmuş neft-qaz əməliyyatlarının aparılması işlərinə, bu da öz növbəsində Azərbaycan Respublikası Hökumətinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərinin yerinə yetirilməsinə maneələr yaradır. Bu isə öz növbəsində neft və qaz hasilatını aşağı salaraq, dövlətin gəlirlərinin azalmasına səbəb olur. Göstərilənlər ölkənin iqtisadiyyatına mənfi təsir edən amildir, eyni zamanda qanunun aliliyi prinsipinə xələl gətirir. Bu kimi halların artması ayrılıqda kiçik bir məsələ kimi görünə bilər, lakin neft-qaz əməliyyatlarının aparılması üçün Dövlət Neft Şirkətinin qanuni istifadəsinə verilmiş torpaq sahələrinin səlahiyyətləri olmadığı halda müvafiq inzibati aktlarla vətəndaşlara ayrılması hallarının artması, nəticə etibarilə dövlət üçün zərər hesabına başa gəlir. Neft sektoru ölkə iqtisadiyyatında əhəmiyyətli sahə olduğuna görə hər bir dövlət qurumu müvafiq inzibati aktlar qəbul edərkən torpaq sahəsinin təyinatı və hüquqi rejimi diqqətlə araşdırılmalı və müvafiq qurumun həmin torpaq sahəsinin ayrılmasına səlahiyyətli olub-olmamasına xüsusi diqqət yetirilməlidir. “Yuxarıda qeyd olunanları rəhbər tutaraq məhkəmədən İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı - Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin şərq hissəsində yerləşən 200 kvm. torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə iddiası təmin edilməməsini xahiş etmişdir.

8. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 48 nömrəli sərəncamında qeyd edilmişdir ki, ünvan 1 ünvanında yaşayan İddiaçı Zığ qəsəbəsinin şərq hissəsindən 200 kv.m. torpaq sahəsi fərdi ev tikintisi üçün mülkiyyətinə verilməsi haqqında sərəncam verilmişdir.

9. Məhkəmə sorğusu əsasında əldə edilmiş Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 98 nömrəli məktubunda qeyd edilmişdir ki, Zığ Bələdiyyəsi tərəfindən vətəndaş İddiaçı "X2 edilməsi” haqqında Azərbaycan Respublikası Qanunu (29 iyun 2001ci il 160-İİQ) 6-cı maddəsinin 7-ci bəndinə istinad olunmayaraq xx.xx.2006-cı il tarixli 48 saylı sərəncamla torpaq sahəsi ayrıldığına dair bələdiyyənin arxivində digər sənədlər aşkarlanmamışdır.

10. Məhkəmə sorğusu əsasında əldə edilmiş cavabdehin daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, torpaq sahəsi dörd tərəfdən mişar daşla hasarlanıb. Torpaq sahəsi ilə bağlı ********** və ********** nömrəli ərizələr ilə müraciətlər olub. Torpaq sahəsinin faktiki koordinatları əlavə olundu.

11. Məhkəmə sorğusu əsasında əldə edilmiş Dövlət Arxivinin Bakı Filialının xx.xx.2025-ci il tarixli 3-48-2F/2-427/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, Suraxanı rayonu Zığ Bələdiyyəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.

12. İddiaçı tərəfindən təqdim edilmiş “SOCAR”ın xx.xx.2024-cü il tarixli 14-2/2-2098/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, sənaye təyinatlı torpaqlarda yalnız sənaye obyektlərin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti nəzərdə tutulmuşdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli Qanununun 6-cı maddəsinə əsasən, “Dövlət obyektlərinin - dağmədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən bildiririk ki, istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, sözügedən torpaq sahəsindən yalnız təyinatı üzrə istifadə oluna bilər.

13. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.

14. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.

15. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.

16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

17. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

18. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

19. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

20. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

21. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

22. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 48 nömrəli sərəncamına əsasən İddiaçı Zığ qəsəbəsinin şərq hissəsindən 200 kv.m. torpaq sahəsi fərdi ev tikintisi üçün mülkiyyətinə verilməsi haqqında sərəncam verilmişdir. İddiaçı cavabdehə müraciət edərək, torpaq sahəsinə dair çıxarış verilməsini xahiş etmiş, cavabdeh orqan isə iddiaçının müraciətini təmin etməmişdir.

23. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

24. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.

25. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

26. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

27. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

30. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”.

31. Göründüyü kimi mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.

32. Belə ki, iddiaçının göstərdiyi torpaq sahəsi onun faktiki sahibliyində və istifadəsindədir. Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 48 nömrəli sərəncamı ilə İddiaçı Zığ qəsəbəsinin şərq hissəsindən 200 kv.m. torpaq sahəsi fərdi ev tikintisi üçün mülkiyyətinə verilmişdir. Torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Torpaq sahəsi ilə bağlı hər hansı mübahisə mövcud deyil. İddiaçı isə məhz qanuni istifadəsində olan torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatını tələb edir. Cavabdeh tərəfindən həmin hüquqmüəyyənedici sədədlərin qanunvericiliklə tələb olunan müvafiq sənədlərə uyğunluğu yoxlanılmadan, qanuni əsaslarla torpaq sahəsindən istifadə olmasına baxmayaraq, əsassız olaraq torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. Eyni zamanda, sözügedən sərəncam ləğv edilmədiyindən və etibarsız sayılmadığından, habelə onda göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19 və 64-cü maddələrinə görə mötəbər sübut kimi qiymətləndirilir.

33. Nəzərə alınmalıdır ki, cavabdeh orqanın özü də həmin sənədlərin həqiqiliyini şübhə altına almamış, sənədlərin mötəbərliyini mübahisələndirməmişdir. Cavabdehin imtinasının əsası kimi istinad etdiyi dəlillər odur ki, torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərin sərhədləri daxilində yerləşir və torpaq sahəsi dövlət mülkiyyəti torpaqlarıdır.

34. Qeyd edilməlidir ki, torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş torpaqların hüdudları daxilində yerləşsə belə, bu hal iddianın təmin edilməsini istisna edən hal deyil. Belə ki, iddiaçı hazırkı halda mülkiyyət hüququna dair qanuni gözləntiyə malik olmuş və bu hüquq mülkiyyət hüququna bərabər hesab edilir. Qanuni gözləntiyə malik olmaları dövlət daxili konkret qanunvericilik aktından, yəni «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanundan irəli gəlir. Həmin Qanunda müəyyən edilmiş şərtlərə və qaydaya əməl ediləcəyi təqdirdə iddiaçı torpaq sahəsinə münasibətdə mülkiyyət hüquqları əldə edəcəyi üçün cavabdeh inzibati orqanın özəlləşdirməni həyata keçirməkdən imtinası nəticəsində onun mülkiyyət hüquqlarına müdaxilə baş vermişdir.

35. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, torpaq sahəsinin təqdim olunmuş ortofoto görüntüsündən məlum olur ki, sahənin bir tərəfi yolla sərhəddir, digər üç tərəfi qonşu torpaq sahələri ilə həmsərhəddir. Qeyd edilən torpaq sahəsi Dövlət Neft Şirkətinin torpağı olduğu halda belə, qonşuluqda yerləşən torpaq sahələri yaşayış məntəqə torpaqlarına aid edilmiş və ayrı-ayrı şəxslərə Ziğ Bələdiyyəsinin qərarları ilə ayrılmış torpaq sahələrinə dair hüquqlar tanınmışdır. Həmin hal cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-33979/2025 nömrəli məktubu ilə müəyyən edilir.

36. Göründüyü kimi, cavabdeh inzibati orqan bərabərlik hüquqlarının təməl prinsipini pozaraq iddiaçıya münasibətdə fərqli mövqeyini nümayiş etdirmişdir ki, məhkəmənin qənaətinə görə bu hal iddiaçının mülkiyyət hüquqlarına müdaxilə kimi qiymətləndirilir.

37. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanının 1-ci hissəsi ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilsə də, Fərmanın 2-ci hissəsində müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.

38. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

39. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

40. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

41. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

42. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

43. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Suraxanı rayonu Zığ Bələdiyyəsinin 25 fevral 2006-cı il tarixli sərəncamı ilə Zığ qəsəbəsinin şərq hissəsində İddiaçı ayrılmış 200 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınması vəzifəsi cavabdehin Azərbaycan Respublikasının İqtisadiyyat yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar