Məhkəmə qərarları › İş №2-1(112)-7194/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7194/2022

20.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7194/2022 20.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X9 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh 2 saylı Bakı “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsinə qarşı doğum akt qeydində olan yanlışlığın düzəldilməsi tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi-56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh 2 saylı Bakı “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsinə qarşı doğum haqqında şəhadətnaməsində qeyd olunmuş ata adının “Faizil” yox “Fazil” olaraq qeyd olunması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, atasının adı Fazildir və həm atasının, həm də, onun sənədlərində ata adı elə Fazil olaraq da, qeyd olunmuşdur. Lakin, atası ilə anasının nikah haqqında şəhadətnaməsində atasının adı “Faizil” olaraq yazıldığı üçün onun doğum haqqında şəhadətnaməsində də, ata adı “Faizil” olaraq yazılmışdır. Lakin, şəxsiyyət vəsiqəsində və digər bütün sənədlərdində atasının adı Fazildir. xx.xx.2008-ci ildə atası vəfat etmişdir. Atasının ölüm haqqında şəhadətnaməsində də, onun adı “Fazil” olaraq yazılmışdır. Onun doğum haqqında şəhadətnaməsi ilə şəxsiyyət vəsiqəsindəki ata adı uyğun gəlmədiyinə görə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Bu səbəbdən də, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək “doğum akt qeydində olan yanlışlığın düzəldilərək ata adının “Fazil” kimi göstərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət təqdim edilərək bildirilmişdir ki, iddiaçının iddiasına etiraz etmirlər və mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxırlar. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Şifahi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəməyə gəlməmişdir. Cavabdeh tərəfindən məhkəməyə məktubla müraciət edilərək, işə onların iştirakları olmadan baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normalarına əsasən tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1977-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli, 05Q-21/68 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçının Xətai rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış xx.xx.1978-ci il tarixli, 1364 saylı doğum haqqında akt qeydində ata adı “Faizil” adının “Fazil” adına düzəliş edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli müraciətinə baxılaraq bildirilmişdir ki, şəxsiyyət vəsiqəsində ata adı “Fazil”, doğum haqqında şəhadətnamədə ata adı “Faizil” olduğu halda Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış xx.xx.1950-ci il tarixli, 132 saylı atasına məxsus doğum haqqında akt qeydində ata adı qrafasında “Faiz” qeyd edilmişdir. yaranan ziddiyyətlərə görə ərizəni təmin etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi kifayət qədər əsaslar olduqda və aidiyyatı şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat orqanı tərəfindən həyata keçirilir. Qeydiyyat şöbəsi tərəfindən mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatlarının düzəliş qaydası məhkəmə qaydasında müəyyən edilir. İşdə olan “AZEMİS” Elektron Məhkəmə Sisteminin “Şəxsiyyət vəsiqələri” bölməsindən əldə edilmiş sorğu məlumatına əsasən müəyyən edilmişdir ki, iddiaçının atası X4 xx.xx.1950-ci il tarixdə, Bakı şəhərində anadan olmuşdur. İşdə olan iddiaçıya məxsus V-ЖГ seriyalı, 451366 nömrəli, 22 aprel 1978-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 03 avqust 1977ci il tarixdə Bakı şəhərində anadan olmuş, İddiaçı Faizil qızının ata qrafasında X3, ana qrafasında X1 qeyd edilmişdir. İşdə olan Bakı şəhəri Nizami rayon VVAQD Şöbəsi tərəfindən 11 yanvar 2008-ci il tarixə verilmiş AZ-İ seriyalı, 281878 nömrəli “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X4 06 yanvar 2008-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2008-ci ilin 01 ayının 11 günündə, 24 nömrə ilə qeyd edilmişdir. İşdə olan İ-ЖГ seriyalı, 342912 nömrəli, 28 avqust 1975-ci il tarixdə verilmiş “Nikahın bağlanması haqqında” şəhadətnamənin surətindən görünür ki, X3 ilə X2 arasında 28 avqust 1975-ci il tarixdə nikah bağlanmışdır. İşdə olan məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən 12 may 2022-ci il tarixli, 1459-05/13 nömrəli məktubla təqdim edilmiş İddiaçı Faizil qızının 1364 saylı, xx.xx.1978-ci il tarixli doğum haqqında akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Faizil qızı 03 avqust 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında X3, ana qrafasında X1 göstərilmişdir. İşdə olan sənədlərdən görünür ki, cavabdeh tərəfindən iddiaçının müraciəti ilə əlaqədar aparılmış inzibati icraat materialları təqdim edilmişdir. Həmin icraat materiallarında iddiaçının atasına məxsus 132 nömrəli doğum akt qeydi əlavə edilmiş, sözügedən doğum akt qeydindən müəyyən edilmişdir ki, iddiaçının atasının soyadı “Zeynalov”, adı “Faiz” qeyd edilmişdir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətindən 10 fevral 2022-ci il tarixli, 05Q-21/68 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, işin hallarından göründüyü kimi, iddiaçı 03 avqust 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun doğumu barədə Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən 1364 saylı, xx.xx.1978-ci il tarixli doğum haqqında akt qeydi tərtib olunmuşdur. İddiaçının atasının adı ona və atasına məxsus Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində “Fazil” kimi qeyd edilməsinə baxmayaraq, doğum akt qeydində “Faizil” kimi göstərilmişdir. Halbuki, ümumiyyətlə atasına məxsus doğum haqqında akt qeydində də, atasının adı “Faizil” şəklində qeyd edilməmişdir. İddiaçının atası 2008-ci il tarixdə ölmüş, ona məxsus ölüm haqqında şəhadətnamədə də, adı “Fazil” şəklində qeyd edilmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının tələbi təmin edilməklə onun doğum haqqında akt qeydində ata adı “Faizil”-dən “Fazil”-ə düzəliş edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001–ci il tarixli, 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 1–ci bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydində səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Əsas Müddəaların 2–ci bəndinə görə aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsaslında aparılır. Əsas Müddəaların 3–cü bəndinin 8–ci hissəsində vətəndaşlıq vəziyyəti aktlarının qeydində səhvlərin olmasının qeyddə dəyişikliyə səbəb olması təsbit edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər Azərbaycan Respublikası Konstitusiyası 60.2-ci maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə görə, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan kimi təsnif olunmuşlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən tərtib edilmiş 22 aprel 1978-ci il tarixli, 1364 saylı doğum akt qeydində iddiaçının adının “Faizil”dan “Fazil”ə düzəliş edilməsi öhdəliyi cavabdeh 2 saylı Bakı “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar