Məhkəmə qərarları › İş №2-1(112)-7196/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7196/2021

10.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7196/2021 10.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X29 üzrə Dövlət Komitəsinə qarşı məcburi köçkün statusunun verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı X17 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X29 üzrə Dövlət Komitəsinə (bundan sonra Komitə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı xx.xx.2003-cü il təvəllüdlü İddiaçı "məcburi köçkün" vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qardaşı, Füzuli rayonundan məcburi köçkün X31 25.09.2003-cü ildə X9 ilə rəsmi nikaha girərək evlənmiş və bu nikahdan üç övladları - xx.xx.2003-cü il təvəllüdlü İddiaçı, 10.01.2006-cı il təvəllüdlü X27 və 04.08.2008-ci il təvəllüdlü X28 doğulmuşdur. X7 ilə X9 bir neçə il ailə kimi bir yerdə yaşasalar da sonralar münasibətləri pozulmuş, 2013-cü ilin əvvəllərində X9 ailəsini və uşaqlarını ataraq, doğulduğu Lerik rayonuna getmiş və orada yaşamağa başlamışdır. X2 Nuranə Həsənxan qızına qarşı nikahın pozulması tələbi ilə Füzuli rayon məhkəməsində iddia qaldırmış və Füzuli rayon məhkəməsinin 11.10.2017-ci il tarixli, 2(064)-22/2017 saylı qətnaməsi ilə X31 ilə X9 arasında olan 25.09.2003-cü il tarixli nikah ləğv edilmiş, tərəflərin birgə nikahlarından doğulmuş övladları - xx.xx.2003-cü il təvəllüdlü İddiaçı, 10.01.2006-cı il təvəllüdlü X27 və 04.08.2008-ci il təvəllüdlü X3 Araz Rüşan oğlunun himayəsində qalmaları və uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün X5 hər ay hər bir uşaq üçün 70 manat olmaqla, cəmi 210 manat alimentin tutulub X22 verilməsi qət edilmişdir. O, Abşeron rayon Məhkəməsinə hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizə verərək xx.xx.2003-cü il təvəllüdlü İddiaçı, 10.01.2006-cı il təvəllüdlü X19 və 04.08.2008-ci il təvəllüdlü X20 övladlığa götürməyi faktının müəyyən olunması; xx.xx.2003-cü il təvəllüdlü İddiaçı, 10.01.2006-cı il təvəllüdlü X15 və 04.08.2008-ci il təvəllüdlü X16 doğum qeydinin ana qrafasında X17 qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon məhkəməsinin 27 fevral 2019-cu il tarixli, 2(012)- 360/2018 saylı qətnaməsi ilə ərizə təmin edilərək, xx.xx.2003-cü il təvəllüdlü İddiaçı, 10.01.2006-cı il təvəllüdlü X15 və 04.08.2008-ci il təvəllüdlü X16 onun övladlığına verilməsi və onların doğum şəhadətnamələrinin ana qrafasında X10 qeyd edilməsi qət edilmişdir. Övladı xx.xx.2003-cü il təvəllüdlü İddiaçı 2020-ci ildə Sumqayıt Dövlət Universitetinin dil-ədəbiyat fakultəsinin ödənişli bölməsinə qəbul daxil olmuşdur. İllik təhsil haqqı 1800 manat təşkil edir. Lakin onun hal-hazırda həmin məbləğdə təhsil haqqını ödəmək imkanı yoxdur. Qanunvericiliyə əsasən məcburi köçkünlər təhsil haqqı ödəməkdən azad edilmişdiriər. Lakin övladı İddiaçı məcburi köçkün vəsiqəsi olmadığına görə universitet onu təhsil haqqından azad etmir. O, ərizə ilə Komitəyə müraciət edərək övladı xx.xx.2003-cü il təvəllüdlü İddiaçı məcburi köçkün vəsiqəsi verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Ərizə 26.10.2020-ci il tarixində Komitənin vəzifəli şəxsi tərəfındən qəbul edilmişdir. Lakin ərizəsi cavabdeh tərəfindən qəbul edilməsindən 35 gün keçməsinə baxmayaraq inzibati orqan ona hüquqi yardım göstərməmiş, ərizəsini cavablandırmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının razılığı ilə iş üzrə əsl olmayan iddiaçı X17 əsl İddiaçı ilə əvəz edilmişdir. Cavabdeh iddia tələbinə dair verdiyi etirazını onunla əsaslandırmışdır ki, iddiaçı X1 iddia tələbi tam əsassız və qanunsuz olduğundan, həmçinin heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasında qaçqınların və məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X29 üzrə Dövlət Komitəsinin Əsasnaməsi”nə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 05 iyun 2013-cü il tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası Qaçqınların və X29 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 1-ci maddəsinin 3-cü bəndinə əsasən məcburi köçkün - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 10-cu maddəsinə əsasən qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 1.1-ci bəndinə əsasən “Azərbaycan Respublikasının Qaçqınların və X30 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün" statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X29 üzrə Dövlət Komitəsi (bundan sonra Komitə) qəbul edir. Qaydaların 3.3-cü bəndinə əsasən şəxsə “məcburi köçkün” statusu verilməsi və ya bundan imtina haqqında qərar ərizənin Komitədə qeydə alındığı gündən bir ay müddətində qəbul edilir. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilir. İddiaçı X10 “İddiaçı məcburi köçkün vəsiqəsinin verilməsi”nə dair ərizəsi Komitənin Status sektorunda araşdırılan zaman müəyyən olunmuşdur ki, İddiaçı atası X31 məcburi köçkündür və yaşayış yeri üzrə qeydiyyat ünvanı Füzuli rayonu, Qərbənd kəndidir. Lakin İddiaçı anası X21 AA serıyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən ünvan 2ində yaşayış yeri üzrə qeydiyyatdadır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 46.1-ci maddəsinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 122.1-ci maddəsinə əsasən valideynləri olan uşaq bu Məcəllənin 123-cü maddəsində göstərilənlər istisna olmaqla, yalnız valideynlərinin razılığı ilə övladlığa götürülə bilər. Yetkinlik yaşına çatmayan valideynlərin uşaqlarının övladlığa götürülməsi zamanı həmin valideynlərin qəyyumlarının (himayəçilərinin) və valideynlərinin razılığı, valideynlər, qəyyumlar və himayəçilər olmadıqda isə müvafiq icra hakimiyyəti orqanının rəyi tələb olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 127.1-ci maddəsinə əsasən məhkəmə övladlığa götürənlərin xahişi ilə onların övladlığa götürülənlərin valideynləri kimi doğumun qeydi kitablarına yazılmasını qət edə bilər. Abşeron rayon məhkəməsinin 27 fevral 2019-cu il tarixli, 2(012)-360/2018 saylı qətnaməsi ilə xx.xx.2003-cü il təvəllüdlü İddiaçı, 10.01.2006-cı il X15 və 04.08.2008-ci il təvəllüdlü X16 X10 övladlığına verilməsi, onların doğum haqqında şəhadətnamələrinin ana qrafasında iddiaçının adının qeyd olunması qət edilmişdir. İddiaçının övladlığına verilməsi halı X12 valideynlik hüququndan məhrum etmir və ya bu hüququ məhdudlaşdırmır. Qüvvədə olan qanunvericilik normalarının tələbindən göründüyü kimi valideyni (ana və ata) olan uşaqlar da digər şəxslərin övladlığına verilə bilər. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ının 4.1.6-cı bəndi uşağın anasının yaşayış yeri üzrə qeydiyyat ünvanının işğal olunmuş rayon olmasını şərtləndirdiyindən, uşağın digər şəxsin övladlığına verilməsi halı belə bu tələbi istisna etmir. Beləliklə İddiaçı anası X21 yaşayış yeri üzrə ünvan 2i ünvanında qeydiyyatda olduğundan, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa və “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə müvafiq olaraq İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada xəbərdarlıq edilmiş, cavabdehin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq olunmuş: -Azərbaycan Respublikası vətəndaşının AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2003-cü ildə doğulmuşdur. -Azərbaycan Respublikası vətəndaşının AZE 16926278 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X17 31.08.1981-ci ildə Füzuli rayonu, Qərbənd kəndində doğulmuşdur. Yaşayış yeri Füzuli rayonu, Qərbənd kəndidir. - Şəxs barəsində elektron məlumatdan görünür ki, AZE 17118505 nömrəli şəxsiyyət vəsiqəsinə malik X18 yaşayış yeri Füzuli rayonu, Qərbənd kəndidir. - AA 458090 №-li məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, X8 rayonundan məcburi köçkündür. - AA 278994 №-li məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, X4 rayonundan məcburi köçkündür. - Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 013932 №-li, 24.04.2019cu il tarixli övladlığa götürmə haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2003-cü il təvəllüdlü İddiaçı X17 tərəfindən övladlığa götürülmüşdür. Bu barədə övladlığa götürmə haqqında akt qeydləri kitabında 2019-cu ilin 04 ayının 24 günündə 04 № ilə qeyd edilmişdir. - Füzuli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T 100422 №-li, 04.07.2019-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X31, anası X17 olan İddiaçı xx.xx.2003-cü il tarixdə Füzuli rayonu, Qərvənd kəndində doğulmuşdur. - Komitə tərəfindən X13 ünvanlanmış 08.05.2021-ci il tarixli, 01/2583 nömrəli məktubdan görünür ki, Sumqayıt Dövlət Universitetinin Filologiya fakultəsində bakalavriat pilləsi üzrə təhsil alan, vətəndaş İddiaçı məcburi köçkün vəsiqəsi əldə edənədək təhsil haqqının ödənilməsi ilə bağlı müvafiq köməklik göstərilməsi məqsədilə Komitə tərəfindən Sumqayıt Dövlət Universitetinə məktub ünvanlanmışdır. - Komitə tərəfindən X13 ünvanlanmış 18.12.2020-ci il tarixli, 01/23823 nömrəli məktubdan görünür ki, onun övladına məcburi köçkün statusunun verilməsi ilə əlaqədar müraciətinə Komitədə baxılmışdır. Bildirilir ki, “Azərbaycan Respublıkasına məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə daır Qaydalar”ın 4.1.6-cı bəndinə görə valideynlərindən atası “məcburi köçkün’’ statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış (16 yaşlı) uşaqlara məcburi köçkün statusu və bu barədə vəsiqənin verilməsi nəzərdə tutulmuşdur. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyərək, iş materiallarını tədqiq edərək aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Füzuli rayon məhkəməsinin 11.10.2017-ci il tarixli, 2(064)-22/2017 saylı qətnaməsi ilə X31 ilə X9 arasında olan 25.09.2003-cü il tarixli nikah ləğv edilmiş, tərəflərin birgə nikahlarından doğulmuş övladları - xx.xx.2003-cü il təvəllüdlü İddiaçı, 10.01.2006-cı il təvəllüdlü X15 və 04.08.2008-ci il təvəllüdlü X16 ataları X18 himayəsində qalmaları və uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün X5 hər ay hər bir uşaq üçün 70 manat olmaqla, cəmi 210 manat alimentin tutulub X22 verilməsi qət edilmişdir. Abşeron rayon məhkəməsinin 27 fevral 2019-cu il tarixli, 2(012)-360/2018 saylı qətnaməsi ilə xx.xx.2003-cü il təvəllüdlü İddiaçı, 10.01.2006-cı il təvəllüdlü X15 və 04.08.2008-ci il təvəllüdlü X16 X10 övladlığına verilməsi və onların doğum şəhadətnamələrinin ana qrafasında X10 qeyd edilməsi qət edilmişdir. Füzuli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnaməyə əsasən hazırda İddiaçı anası X17, atası X23r. İddiaçının valideynlərinin hər ikisi Füzuli rayonunda qeydiyyatda olmaqla “məcburi köçkün” statusuna malikdirlər. Cavabdeh inzibati orqan iddiaçıya “məcburi köçkün” statusunun verilməsindən imtinasını iddiaçının bioloji anası X11 yaşayış yeri üzrə ünvan 2i ünvanında qeydiyyatda olmasına, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa və “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə istinad etməklə təmin etməmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 118.19-ci maddəsinə əsasən övladlığa götürmək istəyən şəxsin (şəxslərin) və övladlığa götürülən uşaqların hüquq və vəzifələri məhkəmənin uşağın övladlığa götürülməsinin müəyyən olunması barədə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən yaranır. - 113.2.2-ci maddəsinə əsasən məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə aliment ödənilən uşaq övladlığa götürüldükdə xitam verilir. - 134.2-ci maddəsininə əsasən övladlığa götürülən uşaqlar öz valideynlərinə (qohumlarına) münasibətdə bu Məcəllənin 129-cu maddəsində nəzərdə tutulan hallar istisna olmaqla şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələrini itirirlər. - 129-cu maddəsinin tələblərinə görə övladlığa götürülmə vaxtınadək ailə başçısını itirməyə görə pensiya, dövlət müavinəti almaq hüququna malik olan yetkinlik yaşına çatmayanlar bu hüququ övladlığa götürüldükdən sonra da saxlayırlar. - 177-ci maddəsinə əsasən övladlığa götürülmüş uşağa övladlığa götürənin adı ilə ata adı və soyadı verilərsə, habelə övladlığa götürülənin adı dəyişdirilərsə və ya övladlığa götürənlər övladlığa götürülənin valideynləri kimi yazılarsa, eləcə də övladlığa götürülənin doğulduğu yer dəyişdirilərsə, övladlığa götürülmüş uşağın doğulması haqqında akt yazısına müvafiq icra hakimiyyəti orqanı tərəfindən dəyişikliklər edilir və bu dəyişikliklər nəzərə alınmaqla doğum haqqında yeni şəhadətnamə verilir. Qanunvericiliyin tələblərindən göründüyü kimi övladlığa götürülən uşaq öz valideynlərinə (qohumlarına) münasibətdə pensiya, dövlət müavinəti almaq hüququ istinsna olmaqla digər şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələrini itirirlər. Övladlığa götürülən uşaqların valideynləri övladlığa götürənlərdir və onlara münasibətdə hüquq və vəzifələri yaranır. Hazırki işin xüsusiyyətlərindən göründüyü kimi İddiaçı X17 tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən övladlığa götürülmüşdür və onun doğulması haqqında akt yazısına müvafiq icra hakimiyyəti orqanı tərəfindən dəyişikliklər edilərək valideyn olaraq anası kimi Elnurə Abdullayeva qeyd edilmişdir. Belə olan halda İddiaçı bioloji anası olan X14 münasibətdə qeyri-əmlak və əmlak hüquq və vəzifələrini, həmçinin X21 da İddiaçı münasibətdə qeyri-əmlak və əmlak hüquq və vəzifələrini itirmişdir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) — Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir; - 9-cu maddəsinə əsasən qaçqın və yaməcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etməməsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. - 10-cu maddəsinə əsasən qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər.Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; - 12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1999-cu il tarixli Fərmanının 2-ci bəndinə əsasən: Qanunun 10-cu və 12-ci maddələrinin ikinci hissələrində nəzərdə tutulmuş “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; Qanunun 1-ci maddəsinin ikinci hissəsində, 10-cu maddəsinin birinci hissəsində (ikinci halda), 12-ci maddəsinin birinci hissəsində (ikinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Qaçqınların və X29 üzrə Dövlət Komitəsi həyata keçirir. İstinad edilmiş normaların ümumiləşdirilmiş mənası onunla bağlıdır ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X29 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Məcburi köçkün statusunun verilməsi üçün isə hər hansı bir qaydaların müəyyən edilməsi üçün digər hüquqi aktın qəbul edilməsi bu qanunda nəzərdə tutulmamışdır. Bunun əksinə olaraq qaçqın statusu verilməsi qaydasınının Azərbaycan Respublikası Prezidentinin müvafiq aktı ilə tənzimlənməsi göstərilmişdir. Məcburi köçkün statusunun verilməsi isə onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcı olur. Belə ki, istinad edilmiş qanunun İİ fəsli “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmaqla sadalanmış sonrakı müddəalar bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təminatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. O cümlədən, həmin Qanunun 6-cı maddəsində müəyyən olunmuşdur ki, qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir. Eyni zamanda “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ının (dövlət qeydiyyatına 05 iyun 2013-cü ildə **********0001 nömrə ilə alınmışdır) 4.1.6-cı maddəsində nəzərdə tutulmuşdur ki, valideynlərdən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi” Qaydasının 2.6-cı maddəsinə əsasən valideynlərindən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara aylıq müavinət şamil edilmir. İşin araşdırılmış halları ilə müəyyən edilir ki, İddiaçı atası Araz Abdullayev və anası Elnurə Abdullayeva məcburi köçkün statusuna malikdirlər və hər ikisinin, həmçinin iddiaçının daimi yaşayış yeri üzrə qeydiyyatları vaxtı ilə işğal olunmuş Füzuli rayonu, Qərvənd kəndidir. Məhkəmə eyni zamanda qeyd edir ki, inzibati orqanın iddiaçının müraciətinə “Qaçqınlara və məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə istinad etməklə, yəni bioloji anasının qeydiyyatının işğal edilmiş rayon olmaması əsas gətirilərək müraciətinin təmin edilməsindən imtinası qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, iddiaçının bioloji anası olan X11 iddiaçıya münasibətdə hər hansı hüquq və vəzifələri, öhdəlikləri mövcud deyildir. Həmçinin hazırda iddiaçının valideynlərinin (atası və anasının) hər ikisinin qeydiyyatları daimi yaşayış yeri üzrə vaxtı ilə işğal olmuş rayondur. Bundan əlavə məhkəmə qeyd edir ki, “Qaçqınlara və məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın (dövlət qeydiyyatına 05 iyun 2013-cü ildə **********0001 nömrə ilə alınmışdır) 4.1.6-cı maddəsi 2013-cü ildən sonra qəbul edildiyindən və iddiaçının vəziyyətini ağırlaşdırdığından ona münasibətdə geriyə tətbiq edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmamış, iddiaçının qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı «məcburi köçkün» statusu və onu təsdiq edən vəsiqənin verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı «məcburi köçkün» statusu və onu təsdiq edən vəsiqənin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X29 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar