Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7199/2022 18.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə “ərizənin aidiyyəti üzrə göndərilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin ərizənin aidiyyəti üzrə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə göndərməkdən imtinasının qanunsuz və əsassız hesab edilməsi və ərizənin aidiyyəti üzrə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASCyə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziri, Dövlət Su Komissiyasına ərizə ilə müraciət edərək nümayəndəsi olduğu X1 Hacıqabul rayonunun Navahi kəndində mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin suvarma suyu ilə təmin edilməməsini, bu səbəbdən də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədrinin qanunsuz hərəkətlərinin araşdırılmasına göstəriş verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi 09 mart 2022-ci il tarixli MİHO/1.2-2-2-2022-1347 saylı cavab məktubunda yaranmış problemin Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyətinə aid olmadığı nəzərə alınaraq aidiyyəti üzrə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə müraciət edilməsi tövsiyə edilib. Cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin ərizənin aidiyyəti üzrə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə göndərməkdən imtinası qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçıya 04.04.2022-ci il tarixli hüquqi yardımın göstərilməsi haqqında məktub göndərilərək qanunvericiliyin müvafiq tələbləri izah edilmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan iddianın mümkünlük məsələsinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd) İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddianın mümkünlük şərtlərindən biri iddiaçının subyektiv hüquqa malik olmasıdır. İnzibati Prosessual Məcəllənin istinad olunan 35.1-ci maddəsinə əsasən iddiaçının subyektiv hüququ o vaxt yaranır ki, o, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırsın. Bununla bağlı olaraq “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 4 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Beləliklə, iddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. Bu şərt hər hansı şəxsin heç bir əsas olmadan başqalarının adından iddia qaldırmasının qarşısının alınmasına xidmət edir. İddiaçı yalnız öz (subyektiv) hüquqlarının pozulduğunu bildirməlidir. Subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Yuxarıda göstərilənləri nəzərə almaqla məhkəmə qeyd edir ki, hazırkı işin halları baxımından iddiaçını subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən hərəkətlərin edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutların iddia verilərkən təqdim olunması tələb olunur. İddia ərizəsinə əlavə edilmiş 21.02.2022-ci il tarixli X1 nümayəndəsi İddiaçı tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə ünvanlanan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədrinin hərəkətləri barədə şikayətdə göstərilmişdir ki, nümayəndəsi olduğu X1 Hacıqabul rayonunun Navahi kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 40,2941 ha torpaq sahəsində arpa bitkisi əksə də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən səpin suyu ilə təmin edilməyib. Bu barədə dəfələrlə Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyinə müraciət edilsə də heç bir müsbət nəticə əldə edilməmişdir. X1 qeyd edilən torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi barədə müraciəti Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC və X4 İdarəsi tərəfindən araşdırılmır, su təminatı problemi aradan qaldırılmır. Göstərilənləri nəzərə alaraq İddiaçı Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədrinin hərəkətlərinin araşdırılmasına göstəriş verilməsini xahiş etmişdir. Beləliklə, iş materiallarından müəyyən olunur ki, şikayət ərizəsi bilavasitə X1 hüquqlarının müdafiəsi ilə bağlı olmaqla inzibati orqana müraciət bilavasitə X1 adından nümayəndə qismində müraciət etmiş İddiaçı tərəfindən verilmiş və hazırkı iddia İddiaçı adından qaldırılmışdır. Hazırkı iddiasında İddiaçı qeyd edilən şikayət ərizəsinin Kənd Təsərrüfatı Nazirliyi tərəfindən aidiyyəti üzrə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə göndərilməsindən imtinasının qanunsuz hesab edilməsini və ərizənin aidiyyəti üzrə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə göndərilməsi vəzifəsinin Kənd Təsərrüfatı Nazirliyinin üzərinə qoyulmasını tələb edir. Məhkəmə hesab edir ki, ilk növbədə iddiaçının hazırkı iddia ilə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiyasının müraciət etmək hüququ adlanan 57-ci maddəsinin birinci hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hərbi qulluqçular bu hüquqdan yalnız fərdi qaydada istifadə edə bilərlər. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə və 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir, vəzifəli şəxslərin müraciətlərə baxması qaydasını müəyyən edir. Həmin Qanunun: -1.1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. -1.2-ci maddəsinə görə vətəndaşlar müraciət etmək hüququnu sərbəst və könüllü həyata keçirirlər. Vətəndaşın öz müraciət hüququnu həyata keçirməsi digər şəxslərin hüquqlarını və azadlıqlarını pozmamalıdır. -3.0.2-ci maddəsinə görə müraciət - müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı (o cümlədən elektron) formada göndərilən (təqdim edilən) və ya şifahi formada edilən fərdi və ya kollektiv təklif, ərizə, şikayətdir. -3.0.3-cü maddəsinə əsasən təklif - qanunların və digər normativ hüquqi aktların təkmilləşdirilməsi, dövlət və bələdiyyə orqanlarının və digər müraciətə baxan subyektlərin fəaliyyətinin yaxşılaşdırılması, elm, təhsil, mədəniyyət, hüquq, sosial-iqtisadi, yaradıcılıq və başqa sahələrlə bağlı məsələlərin həlli barədə edilən müraciətdir. -3.0.4-cü maddəsinə görə ərizə - hüquq və azadlıqların həyata keçirilməsi ilə bağlı tələbləri nəzərdə tutan müraciətdir. -3.0.5-ci maddəsinə əsasən şikayət - pozulmuş hüquq və azadlıqların bərpası və müdafiəsi ilə bağlı tələbləri nəzərdə tutan müraciətdir. -6.2-ci maddəsinə görə yazılı müraciətlər şəxsən və ya nümayəndə vasitəsilə təqdim edilir və ya poçt, telefaks, yaxud bu Qanunun 6.7-ci maddəsində göstərilən qaydada göndərilir. -6.3-cü maddəsinə əsasən yazılı müraciətdə aşağıdakılar göstərilir: 6.3.1. müraciətə baxan subyektin adı və ya onun vəzifəli şəxsinin adı, soyadı, vəzifəsi (vəzifəli şəxsin elektron ünvanına göndərilən müraciətlər istisna olmaqla); 6.3.2. müraciət edən fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı (yaxud işlədiyi yer), hüquqi şəxsin adı və hüquqi ünvanı; 6.3.3. müraciət nümayəndə vasitəsilə təqdim edildikdə, nümayəndənin adı, soyadı, atasının adı və ünvanı. Göründüyü kimi vətəndaşın dövlət orqanlarına müraciət etmək hüququ konstitusion hüquq olmaqla müraciətə qanunla müəyyən edilmiş qaydada baxılmasını tələb etmək hüququ vardır. Şəxs müraciət etmək hüququnu şəxsən və ya nümayəndə vasitəsilə həyata keçirə bilər. Qanunda yuxarıda qeyd edildiyi kimi vətəndaşın şəxsən müraciət etmək hüququnun göstərilməsi, eləcə də müraciətin forması olan ərizənin məhz hüquq və azadlıqların həyata keçirilməsi ilə bağlı olması, şikayətin pozulmuş hüquq və azadlıqların bərpası və ya müdafiəsi ilə əlaqədar edilməsi onu ifadə edir ki, vətəndaş yalnız Konstitusiya və ya qanunla nəzərdə tutulmuş öz hüquq və azadlıqları ilə bağlı müraciət etmək hüququna sahibdir və bu hüququ istər şəxsən, istərsə də nümayəndəsi vasitəsilə realizə edə bilər. Həmçinin “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.3-cü maddəsində göstərilmişdir ki, maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun: -20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. -37.1-ci maddəsinə görə fiziki və ya hüquqi (maraqlı) şəxs inzibati icraatda şəxsən iştirak edə bilər və yaxud nümayəndə vasitəsilə təmsil oluna bilər. -37.3-cü maddəsinə əsasən nümayəndənin səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirilmiş etibarnamə ilə təsdiq olunur. Nümayəndə təmsil etdiyi şəxsin adından icraatla bağlı bütün prosessual hərəkətləri yerinə yetirmək hüququna malikdir. Qeyd edilən inzibati icraat qanunvericiliyindən çıxış etdikdə də müəyyən olunur ki, inzibati icraat bilavasitə hüquq sahibi olan subyektə münasibətdə həyata keçirilir. Bu subyekt ya hüquq və qanunla qorunan maraqlarının təmini üçün inzibati orqana müraciət edən şəxsdir və yaxud inzibati orqanın inzibati aktı və ya hərəkətləri (və ya hərəkətsizliyi) ilə bilavasitə hüquqlarına toxunulan şəxsdir. Hüquq subyekti inzibati icraatda şəxsən və yaxud nümayəndəsi vasitəsilə iştirak edə bilər. Lakin hər bir halda icraat məhz hüquq sahibinin adından və onun mənafeyi üçün aparılmış olur. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 48-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Prossesual qanunvericiliyin göstərilən tələbləri bilavasitə yuxarıda qeyd olunan hər iki qanun - istər “Vətəndaşların müraciətləri haqqında” Qanun, istərsə də “İnzibati icraat haqqında” Qanunun tələblərinin məntiqi davamı kimi çıxış edir. Belə ki, məhkəmə müdafiəsi hüququ konkret olaraq məhkəməyə qədər hüquqları təmin edilməmiş və ya pozulmuş şəxsin hüquqlarının müdafiəsini nəzərdə tutur və iddianın da məhz həmin şəxslərin adlarından, onların mənafeyi naminə qaldırılmasını tələb edir. Beləliklə, sadalananlara əsasən bu nəticəyə gəlinir ki, pozulmuş hüquqların bərpası və ya müdafiəsi ilə bağlı müraciət etmək hüququ - subyektiv hüquq bilavasitə şəxsə məxsus olduğundan şikayəti nümayəndəsi vasitəsilə vermiş olsa belə həmin şikayətə cavab verilmədiyi, lazımınca cavab verilmədiyi və ya hazırkı iddiada olduğu kimi aidiyyəti üzrə göndərilmədiyi iddia edildiyi təqdirdə nümayəndənin deyil, bilavasitə hüquq sahibi olan şəxsin hüququ pozulmuş olur. Hazırkı iş üzrə R.X3 Nazirliyinə müraciət etmək hüququ və Nazirliyin həmin şikayətə cavab vermək vəzifəsindən ibarət olan inzibati hüquq münasibəti yaranmışdır ki, bu münasibət çərçivəsində müraciət etmək, həmin şikayətə cavab verməyi tələb etmək, cavab verilmədiyi təqdirdə isə müdafiə tədbirindən istifadə etmək kimi elementlərdən ibarət olan subyektiv hüquq məhz X2 məxsusdur. İş üzrə iddiaçı V.Ağazadə isə hüquq sahibi deyil, yalnız inzibati orqana müraciətdə R.N.İsmayıllını təmsil edən etibarnamə üzrə nümayəndədir. Başqa sözlə, o, yalnız öz hüquqlarının pozulduğu halda həmin hüquq pozuntularından qorunma tədbirləri görə, o cümlədən müvafiq iddia tələbi ilə öz adından məhkəmədə iddia qaldıra bilərdi. Lakin məlum olduğu kimi inzibati icraat zamanı İddiaçı nümayəndəsi olduğu X1 adından onun barəsində Kənd Təsərrüfatı Nazirliyinə müraciət etsə də hazırkı məhkəmə icraatında iddianı İddiaçı öz adından qaldırmışdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə iddianın ilk növbədə subyektiv hüquq baxımından mümkün olmaması nəticəsinə gəlir. Qeyd edildiyi kimi İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. İşdən müəyyən olunur ki, iddiaçı cavabdehin hərəkəti nəticəsində hansı hüquqların və qanunla qorunan maraqların pozulmasını əsaslandıra bilməmişdir. Belə ki, işdən müəyyəndir ki, İddiaçı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin hərəkətlərinin araşdırılması üçün Kənd Təsərrüfatı Nazirliyinə şikayət etmiş, Kənd Təsərrüfatı Nazirliyi müraciətə cavab olaraq Azərbaycan Respublikası Prezidentinin 2005ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”nin 2-ci hissəsinə istinad edərək Nazirliyin Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, torpaqların səmərəli istifadəsi də daxil olmaqla aqrar bölmədə dövlət siyasətini işləyib hazırlayan, normativ hüquqi və iqtisadi tənzimlənməni həyata keçirən fitosanitar və baytarlıq sahəsində xidmətlər göstərən mərkəzi icra hakimiyyəti orqanı olduğunu, qeyd edilən məsələnin həllinin Nazirliyin səlahiyyətləri xaricində olduğunu, suvarma suyuna olan tələbatın ödənilməsi ilə bağlı aidiyyəti üzrə Azərbaycan Meliorasiya və X8 Səhmdar Cəmiyyətinə müraciət edilməsi tövsiyə olunmuşdur. Göründüyü kimi iddiaçı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin hərəkətlərindən şikayətlə Kənd Təsərrüfatı Nazirliyinə müraciət edərək qeyd edilən hərəkətlərin araşdırılmasını Nazirlikdən tələb etdiyi halda, hazırkı iddiada həmin şikayətin Kənd Təsərrüfatı Nazirliyi tərəfindən baxılması üçün aidiyyəti üzrə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə göndərilməsini mübahisələndirir. Dolayısı ilə iddiaçının inzibati orqana etdiyi şikayətlə hazırkı iddia tələbi eyni deyildir. İddiaçı cavabdeh Nazirliyə qarşı tələbinin əsası kimi “Vətəndaşların müraciətləri haqqında” Qanunun 7.10-cu maddəsinə istinad edərək müraciətin baxılması üçün cavabdeh Nazirlik tərəfindən aidiyyəti subyektə göndərilməsini tələb etsə də nəzərə alınmalıdır ki, qeyd edilən maddədə müraciətə baxan cavabdehin müraciətdə irəli sürülən məsələlərin həlli onun səlahiyyətinə aid olmadığı təqdirdə, müraciətin aidiyyəti üzrə göndərilməli olmasını təsbit etmişdir, lakin eyni zamanda nəzərə alınmalıdır ki, Qanunun 7.13-cü maddəsi isə vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərməyin qadağan olduğunu da təsbit etmişdir. Başqa sözlə, cavabdeh qismində qoyulmuş inzibati orqanın iddiaçının hazırkı iddia tələbində irəli sürdüyü kimi ASC-nin sədrinin hərəkətlərindən edilmiş şikayəti aidiyyəti üzrə ASC-nin özünə göndərmək kimi qanunla nəzərdə tutulmuş vəzifəsi mövcud olmamış, qanunla nəzərdə tutulmamış vəzifənin icrası isə mümkün hesab olunmur. Beləliklə, hazırkı halda iddiaçının subyektiv hüququ olmamaqla yanaşı, cavabdeh qismində qoyulmuş inzibati orqan tərəfindən iddiaçının hansı hüququnun pozulduğu və ya hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi əsaslandırılmadığından iddia tələbi mümkün hesab edilə bilməz. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə “ərizənin aidiyyəti üzrə göndərilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-7199/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7199/2022
18.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver