Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7199/2025 12.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlilliyinin xx.xx.2024-cü il tarixindən bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, "04" dekabr 2018-ci ildə Fövqəladə Hallar Nazirliyinin Kadr siyasəti Baş idarəsinin rəis müavininin xx.xx.2018-ci il tarixli 1624 nömrəli göndərişinə əsasən (vəzifəli şəxsi, sənədin tarixini və nömrəsini göstərməli) Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin Xüsusi həkim ekspertiza komissiyası tərəfindən şəhadətləndirilmişdir. xx.xx.2019-cu ildə xx.xx.2024-cü ilə kimi ikinci dərəcə əlillik təyin edilmişdir. 2022-2023-cü illərdə iddiaçı TSEK-in komissiyasına dəvət edilərək Hərbi komissiyadan keçirilmişdir. İddiaçı komissiyadan keçməyinə baxmayaraq son 5 illik təyinatında xx.xx.2024-cü il tarixi dəyişməmişdir. TSEK-in vaxtı dəyişilərək təkrar qeyd etməklə 2025-ci il və ya 2026-cı ilə kimi uzadılmalı, iddiaçının sağlamlığı xroniki, təkrar qeyd edilməklə “Müddətsiz” təyin edilməlidir. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmiş və göstərmişdir ki, iddiaçının sonuncu dəfə əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı ona xx.xx.2019-cu il tarixindən 5 il müddətinə hərbi xidmət dövrü ilə əlaqədar İİ dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2024-cü il tarixində müddət başa çatdığından avtomatlaşdırılmış qaydada iddiaçının əlilliyi qüvvədən düşmüşdür. Əlillik alt sistemində olan məlumatlara əsasən iddiaçının yeni göndərişlə müraciəti daxil olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı əlillik vəziyyəti Xocasən Sağlamlıq Mərkəzinin 2740003AAB5P nömrəli göndərişi əsasında xx.xx.2019-cu il tarixində elektron qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq Hərbi xidmət dövrü ilə əlaqədar beş il müddətinə (xx.xx.2024-cü il tarixinədək) ikinci dərəcə əlillik təyinatı aparılmışdır. İddiaçı hazırda əlillik müddətinin bitdiyi xx.xx.2024-cü il tarixdən onun əlilliyinin bərpa edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, əlilliyin təyin edilməsi qaydasını tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən: - Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. - Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. - Bənd 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. - Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. - Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - Bənd 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. - Bənd 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. İstinad olunan normalardan görünür ki, şəxsin əlilliyinin qiymətləndirilməsi, yəni ona əlillik təyin edilməsi üçün ilk növbədə həkim-məsləhət komissiyası tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilməli, göndərişdə şəxsin sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməli, şəxsin əlilliyi məhz həmin göndərişə əsasən qiymətləndirilməlidir. Şəxsə əlillik təyin edildikdən sonra o, əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Həmin tarix bitdikdən sonra o əliliyin qiymətləndirilməsi üçün yenidən yuxarıda istinad olunan Qaydalara uyğun göndəriş verilməsi üçün həkim-məsləhət komissiyasına müraciət etməli, verilən göndəriş əsasında əlilliyi qiymətləndirilməklə qərar qəbul edilməlidir. İşdən görünür ki, iddiaçıya təyin edilmiş əlilliyin müddəti xx.xx.2024-cü il tarixdə bitmiş, bundan sonra iddiaçı yeni müddətə (yaxud müddətsiz) əlillik təyin edilməsi üçün göndəriş verilməsi ilə bağlı həkim-məsləhət komissiyasına müraciət etməmiş, onun barəsində yeni göndəriş verilməmişdir. Halbuki yuxarıda istinad olunan normalardan da göründüyü kimi, qanunverici əlilliyin göndəriş olmadan, birbaşa təyin edilməsi ilə bağlı hər hansı bir müddəa nəzərdə tutmamışdır. Qeyd edilməlidir ki, əlilliyin qiymətləndirilməsi ilə bağlı cavabdeh tərəfindən inzibati icraatın başlanması üçün ona müvafiq göndərişin təqdim edilməsi mütləqdir. Çünki əlillik şəxsdə müəyyən fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır ki, bu pozuntular ambulator və ya stasionar müalicə nəticəsində aradan qalxa da bilər. Məhz buna görədir ki, qanunverici 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması halında, yaxud əlillik müddətinin bitməsindən sonra qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi halında şəxsə əlilliyin təyin edilməsini təsbit edir, hansı ki, bu pozuntular şəxs barəsində verilən müvafiq göndərişdə öz əksini tapmalıdır. Beləliklə, iddiaçı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi üçün cavabdehə müvafiq göndəriş təqdim edilmədiyindən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh onun hüquqlarını pozan hər hansı bir hərəkət və ya hərəkətsizliyə yol verilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə isə iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hazırkı halda cavabdeh inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması əsaslandırılmadığından, iddiaçının cavabdehə qarşı məhkəmə müdafiəsindən istifadə etməsi üçün ilkin zəruri şərt mövcud olmadığından məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Qənbərova
Məhkəmə qərarları › İş №2-1(112)-7199/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7199/2025
12.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver