Məhkəmə qərarları › İş №2-1(112)-72/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-72/2025

28.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-72/2025 28.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı Bakı şəhəri İddiaçı Cavabdeh qarşı 3-cü şəxslər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi və “Azəriqaz” İstehsalat Birliyinin Bakı X3 Departamenti işə cəlb edilməklə qaz xəttinin mühafizə zonasının üzərində layihədən kənar qanunsuz inşa edilmiş qeyri-yaşayış sahəsinin cavabehin öz hesabına sökülməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi 5 ünvanında Cavabdeha məxsus xüsusi mülkiyyət hüququ əsasında qeyri-yaşayış sahəsində (“Offside Pub” restoranı) yeraltı orta təzyiqli D219 mm-lik qaz xəttinin mühafizə zonasının üzərində tikilmiş qeyri-yaşayış sahəsinin sökülməsi və yeraltı qaz xəttinin mühafizə zonasının bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhərinin Baş planına uyğun olaraq, abadlıq-quruculuq işlərinin davamı olaraq Bakı şəhərinin görünüşünə xələl gətirən binaların fasadlarının təmir edilməsi, fasadların rənglənməsi, şəhərsalma normalarına uyğun olmayan tikililərlə bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi İddiaçı tərəfindən mütəmadi olaraq həyata keçirilir. Azərbaycan Respubikası Fövqəladə Hallar Nazirliyi X4 Xidməti 2-ci ərazi X5 İdarəsi rayon İcra Hakimiyyətinə məktubla müraciət edərək ünvan 2 ünvanda 5 mərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsinin birinci mərtəbəsində əlavə artırılmış obyektlərin altında keçən qapalı şəraitdə yeraltı orta təzyiqli daşıyıcı qaz xəttində sızmanın olduğu müəyyən olunmuş və bunun da, gələcəkdə yanğın və partlayış hadisəsinin baş verməsinə şərait yaratması qeyd edilmişdir. Qeyd olunanlara əsasən yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin ünvanda komissiya tərəfindən araşdırma aparılaraq müvafiq tədbirlərin görülməsinə göstəriş verilməsi və 2-ci ərazi X4 İdarəsinin məlumatlandırılması xahiş olunmuşdur. Bundan sonra İddiaçı nümayəndələri, Energetika Nazirliyinin, Fövqəladə Hallar Nazirliyi 2-ci Ərarzi X4 İdarəsinin, Bakı Regional Qaz İstismar Departamentinin mərkəzi rayon üzrə TİX-in, X2 və Satışı İdarəsinin əməkdaşları ilə birlikdə sözügedən ünvandakı qeyriyaşayış obyektlərinə baxış keçirilmiş, ünvan 4nda, 5 mərtəbəli yaşayış binasını qeyri-yaşayış sahələrində (zirzəmi və yarımzirəmilərdə) obyektlərin altında keçən qaz xəttində sızma olduğu müəyyən edilərək yerində aktlaşdırılmışdır. Tərtib olunmuş aktların bir nüsxəsi qaz xəttinin həmin ünvanda yerləşən obyektlərin daxilindən kənarlaşdırılması üçün tədbir görülməsi məqsədilə qeyd olunan obyektlərin nümayəndələrinə təqdim olunmuşdur. Eyni zamanda, ünvan 2 ünvanda 5 mərtəbəli yaşayış binasına bitişik Cavabdeh məxsus xüsusi mülkiyyət hüququ əsasında qeyri-yaşayış sahəsi və yarımzirəmi mövcuddur. Tərtib olunmuş akt üzrə Cavabdeh məxsus xüsusi mülkiyyət hüququ əsasında qeyri-yaşayış sahəsində fəaliyyət göstərən “Offside Pub” restoranına xəbərdarlıq (pretenziya) məktubu göndərilərək obyekt tərəfindən baş vermiş qaz xəttində sızmaya dair sözügedən qaz kəmərinin mühaifzə zonasının bərpa edilməsi barədə tədbir görülməsi tələb edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təchiz edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın təsdiq edilməsi haqqında Qərarının 3.8-ci bəndinə əsasən təzyiqi 6 kqq/sm2 (0.6 Mpa) qədər olan qaz kəmərləri binaların arası ilə və tağların altından çəkildikdə və bu sahələrdə, habelə binaların və qurğuların hər bir tərəfindən 5 metr məsafədə qaz kəməri tikişsiz borulardan, əyilmiş və ştamplanmış ayırmalarda ibarət olduqda: bütün qaynaq birləşmələri isə rentgen, yaxud qammaqrafalama üsulu ilə yoxlanan hallarda, belə borulardan binalara və yeraltı qurğulara qədər oan məsafəni Dövləttikintikomun təsdiq etdiyi Texniki Norma və Qaydalar (TN və Q) şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin planlaşdırılması və abadlaşdırılmasının layihəşdirmə normalarının müvafiq bölməsində göstəriləndən 50%-dək azaltmağa icazə verilir. Bakı Regional Qaz İstismar Departamentindən rayon İcra Hakimiyyətinə təqdim olunmuş RƏ-23 saylı, xx.xx.2022-ci il tarixli Yasamal rayonu, İzmir küçəsi 5 ünvanında sakinlər tərəfindən qoruq zonası pozulmuş D219 mm-lik yeraltı orta təzyiqli qaz xəttinin prinsipal sxeminə əsasən Cavabdeh məxsus xüsusi mülkiyyət hüququ əsasında qeyri-yaşayış sahəsində fəaliyyət göstərən “Offside Pub” restoranı D219 mm-lik qaz xəttinin mühafizə zonasının 1 metr məsafində yerləşir. Qeyd olunan sahə yeraltı orta təzyiqli D219 mm-lik qaz xəttinin mühafizə zonasının 1 metr məsafəsində yerləşir. Həmin ünvanda “Offside Pub” restoranı fəaliyyət göstərir. Yeraltı orta təzyiqli D219 mm-lik qaz xəttində sızma mövcud olduğundan hər an partlayış olacağı istisna edilmir. Məhkəmənin 2-1(112)-9332/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi və “Azəriqaz” İstehsalat Birliyinin Bakı X3 Departamenti iş üzrə üçüncü şəxs qismində cəlb edilmişlər. Sonradan iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi ünvanında 5 mərtəbəli binaya bitişik və eyni zamanda yeraltı orta təzyiqli D219 mm-lik qaz xəttinin mühafizə zonasının üzərində layihədən kənar qanunsuz inşa edilmiş (“Offside Pub” restoranı) qeyri-yaşayış sahəsinin cavabehin öz hesabına sökülməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İş üzrə şifahi məhkəmə baxışı iclası təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin hallarının araşdırılması prinspi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yanlız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər – tələbi iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyekitv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən Qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Subyektiv hüququ və ya başqa sözlə “subyektin hüququ” – bu konkret şəxsə məxsus olan hüquq olur. Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. Hazırki işin faktiki halları ilə isə müəyyən edilir ki, iddiaçı cavabdehə məxsus qeyriyaşayış sahəsinin sökülməsini və yeraltı qaz xəttinin mühafizə zonasının bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılmasını tələb etməyə dair subyektiv hüquqa malik olmayan şəxsdir. Belə ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 95.1-ci maddəsinə əsasən tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: 95.1. Tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: 95.1.1. tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; 95.1.2. bu Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 6 ay ərzində tikintiyə icazə alınmadıqda; 95.1.3. bu Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4-cü maddələrinə əsasən tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 1 il ərzində aradan qaldırılmadıqda; 95.1.3-1. bu Məcəllənin 92-1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda; 95.1.4. sifarişçinin (tikinti obyektinin mülkiyyətçisinin) öz arzusu ilə. 95.2. Bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. 95.3. Bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. 95.3-1. Bu Məcəllənin 95.1.3-1-ci maddəsində nəzərdə tutulmuş halda tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər 95.4. Bu Məcəllənin 95.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda tikinti obyekti həmin Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, 74.2-ci maddəsinə uyğun olaraq sökülür. 95.5. Sökülməsi barədə qərar qəbul edilmiş tikinti obyekti 1 ay müddətində onun sahibi tərəfindən sökülmədikdə həmin tikinti obyekti müvafiq icra hakimiyyəti orqanı (reklam qurğuları isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən sökülür. 95.6. Tikinti obyektinin sökülməsi müvafiq layihə əsasında həyata keçirilir. 95.7. Tikinti obyektlərinin sökülməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarına əsasən: ... 10.1. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra mətndə “ŞTM”) müddəalarına uyğun olaraq tikintiyə icazə verilməsi, tikintiyə nəzarətin həyata keçirilməsi, tikinti fəaliyyətinin həyata keçirilməsi (tikinti obyektlərinin inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi), tikinti obyektlərinin istismarına icazə verilməsi ilə əlaqədar inzibati orqanların qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Tikinti fəaliyyətinin həyata keçirilməsinə icazə verilməsi barədə inzibati orqanın qərarı üçüncü şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğu hallarda da eyni qayda tətbiq olunur. 10.2. ŞTM-nin 95.3-cü maddəsinə əsasən, həmin Məcəllənin 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. 10.3. «Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında» Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 04 sentyabr tarixli 695 saylı Fərmanının 4.10-cu bəndinə əsasən, ŞTM-nin 95.3-cü maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. 10.4. ŞTM-nin müddəalarına uyğun olaraq tikinti obyektlərinin sökülməsi barədə iddianı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi qaldıra bilər. Həmin mübahisələr ümumi (publik) hüquq münasibətlərindən irəli gəldiyindən, onlara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Göründüyü kimi, qanunvericiliyin tələbərinə əsasən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ iddiaçı Bakı şəhəri İddiaçı deyil, digər müvafiq icra hakimiyyəti orqanlarının (Fövqəladə Hallar Nazirliyi və s.) səlahiyyətinə aiddir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsini və yeraltı qaz xəttinin mühafizə zonasının bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılmasını tələb etməyə dair subyektiv hüquqa malik olmadığından iddia tələbi mümkünlük şərtlərini ödəmir. Həmçinin qeyd edilməlidir ki, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-3290/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadında oxşar mövqeyindən çıxış edərək bu növ mübahisələrdə məhkəməyə müraciət etmək hüququnun iddiaçı Bakı şəhəri İddiaçı deyil, digər müvafiq icra hakimiyyəti orqanlarının (Fövqəladə Hallar Nazirliyi və s.) səlahiyyətinə aid olduğunu bildirmiş, bununla da, iddianın mümkünlük şərtlərinin ödənilmədiyi qənatinə gəlmişdir. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Bakı şəhəri İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar