Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-720/2023 25.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanova Fəridə Sultan qızının katibliyi, iddiaçının nümayəndəsi X8, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin xx.xx.2021-ci il tarixli, **********44 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişin əsassız hesab edilərək, iddiaçıya “Neftçi” bağçılıq-yoldaşlıq təsərrüfat üzvlərinin 15 dekabr 1999-cu il tarixli 06/39 saylı iclasının qərarına əsasən, ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində yerləşən “188” saylı bağ sahəsinə dair plan və ölçünün tərtib olunaraq, həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti
1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “cavabdehin xx.xx.2021-ci il tarixli, **********44 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişin əsassız hesab edilərək, iddiaçıya “Neftçi” bağçılıq-yoldaşlıq təsərrüfat üzvlərinin 15 dekabr 1999cu il tarixli 06/39 saylı iclasının qərarına əsasən, ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində yerləşən “188” saylı bağ sahəsinə dair plan və ölçünün tərtib olunaraq, həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Neftçi” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin 15 dekabr 1999-cu il tarixli 06/39 saylı iclasının qərarına əsasən, Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində yerləşən “188” saylı bağ sahəsi iddiaçıya verilmişdir. Bu barədə ona üzvlük kitabçası təqdim edilmişdir. 23 ildir ki, sözügedən bağ sahəsi iddiaçının qanuni istifadəsindədir və bu bağ özəlləşdirmək iddiaçının hüququdur. İddiaçı daşınmaz əmlak üzərində hüquqlarının qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraicətindən imtina edilmişdir. İmtinaya səbəb kimi, “Neftçi bağçılıq-yoldaşlıq təsərrüfat üzvlərinin siyahısında onun adının aşkar olmamasını, həmçinin göstərilən bağ sahəsinin bir hissəsi elektron kadastr məlumatlarına əsasən, yüksək gərginlik elektrik şəbəkəsinin mühafizə zolağında yerləşdiyini bildirmişlər. İddiaçı cavabdehin imtinasını əsassız və qanunsuz hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Cаvаbdеh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Neftçi” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı və üzvlərin iclasının protokolundan çıxarışda qeyd olunan X1 adı aşkar olunmayıb. Göstərilən bağ sahəsinin bir hissəsi (280 kv.m) elektron kadastr məlumatlarına əsasən yüksək gərginlikli elektrik şəbəkəsinin mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. Bundan əlavə, idarənin mütəxəssisləri tərəfindən xx.xx.2021-ci il tarixdə ünvana keçirilən texniki baxış zamanı məlum olmuşdur ki, bağ sahəsinin ölçüsü hüquqmüəyyənedici sənədə əsasən 1200 kv.m olsa da, faktiki 1100 kv.m təşkil edir, həmçinin bağ sahəsində istixanalar mövcuddur. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
İİ. İddianın növü və mümkünlüyü
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
5. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və ona “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş” verilmişdir, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahat və çıxışını dinləyərək, iş üzrə toplanılmış sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
İİİ. Tədqiq edilmiş sənədlər
xx.xx.1999-cu il tarixli “Tampontaj və X6 və Artırılması İdarəsinin nəzdində “Neftçi” Bağçılıq Yoldaşlıq üzrə idarə heyətinin geniş iclasının 06/39 saylı protokolundan çıxarışa əsasən, boş qalmış sahələri yeni üzvlər arasında bölünməsinə idarə heyətinin etiraz etmədiyi, 188 saylı, sahəsi 1200 kv.m olan bağ sahibi X3, ona ayrılmış bağ sahəsində heç bir abadlıq işi aparmadığına görə Baçılıq Yoldaşlıq üzvündən azad edilməsi, həmin ərazidə olan 188 saylı torpaq sahəsi 1200 kv.m olmaqla Cəmiyyətin üzvü İddiaçı verilməsi, Cəmiyyətin üzvü İddiaçı Bağçılıq Yoldaşlıq nizamnaməsi ilə tanış edilməsi və ona ayrılmış torpaq sahəsində abadlıq işləri aparmaqla yanaşı qısa müddətdə aldığı sahədə yaşıllaşdırma işlərinin aparılmasının tapşırılması qərara alınmışdır. Tompanaj və LNA-sı idarəsinin Bağçılıq Yoldaşlığı üzvlərinin ümumi siyahısının 23-cü bəndində İddiaçı adı qeyd edilmişdir. 188 nömrəli bağçının üzvlük kitabçasından görünür ki, İddiaçı xx.xx.1999-cu il tarixdə Tompanaj və LNA-si idarəsinin Bağçılıq Yoldaşlığına üzv qəbul edilmiş, Tamponat və X6 və artırılması İdarəsinin nəznində “Neftçi” bağçılıq-yoldaşlıq üzrə idarə heyətinin xx.xx.1994-cü il tarixli, 03 saylı protokoluna əsasən ona 179 saylı torpaq sahəsi verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 1342 nömrəli sərəncamı ilə bağçılıq yoldaşlıq üzvlərinin istifadəsindəki bağ evlərinin və tikililətinin onların xüsusi mülkiyyətlərinə verilməsi Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinə həvalə edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021ci il tarixli, **********44 nömrəli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişə əsasən bildirilmişdir ki, saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Neftçi” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmayıb. Göstərilən bağ sahəsinin bir hissəsi elektron kadastr məlumatlarına əsasən yüksək gərginlikli elektrik şəbəkəsinin mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. Məhkəmə sorğusu əsasında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Bakı İnzibati Məhkəməsinə **********13 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu ilə “Neftçi” bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısının təsdiq edilmiş surəti təqdim edilmişdir. Məhkəmə sorğusu əsasında Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Bakı İnzibati Məhkəməsinə ünvanladığı 7-1204/17 nömrəli, 16 mart 2022-ci il tarixli məktubu ilə, Bakı şəhər XDS İK-nin 1987-ci ilə dair qərarları, həmçinin “Neftçi” bağçılıq yoldaşlıq təsərrüfatının üzvləri siyahısı Bakı şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmadığını bildirərək, BŞİH başçısının xx.xx.1996-cı il tarixli, 1342 nömrəli sərəncamının surətini təqdim etmişdir. Məhkəmə sorğusu əsasında Dövlət Neft Şirkətinin (SOCAR) Bakı İnzibati Məhkəməsinə ünvanladığı 06 iyul 2022-ci il tarixli “sorğunun cavablandırılması haqqında” məktubuna əsasən bildirilmişdir ki, İddiaçı “Neftçi” Bağçılıq-Yoldaşlıq Təsərrüfatı tərəfindən torpaq sahəsinin ayrılmasına dair SOCAR-ın aidiyyəti strukturunda hər hansı sənəd mövcud deyil. Məhkəmə sorğusu əsasında cavabdeh inzibati orqan tərəfindən “Neftçi” bağçılıqyoldaşlıq təsərrüfatının arxiv qovluğunun əsli məhkəməyə təqdim edilmişdir.
İV. Məhkəmənin mövqeyi
7. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir.
8. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 29-cü maddənin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
9. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.
10. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir...Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.
11. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1–ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddələrində müəyyən olunmuşdur.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;
13. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış.
14. İşin faktiki hallarına əsasən iddiaçı “Neftçi” bağçılıq yoldaşlığına üzv qəbul edilmiş, ona 188 nömrəli bağ səhəsi daimi istifadə etmək üçün verilmişdir, bu barədə bağçılıq cəmiyyətin üzvlərinin iclasının 15 dekabr 1999-cu il tarixli, 06/39 nömrəli protokoldan çıxarış və bağçının üzvlük kitabçası mövcuddur. Cavabdeh inzibati orqanın imtinanın əsası kimi və etirazda qeyd etdiyi dəlilə (bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adının aşkar olunmaması) gəldikdə məhkəmə hesab edir ki, həmin dəlil əsassızdır. Belə ki, işdə olan sənədlər: bağçının üzvlük kitabçası, xx.xx.1999-cu il tarixli “Tampontaj və X6 və Artırılması İdarəsinin nəzdində “Neftçi” Bağçılıq Yoldaşlıq üzrə idarə heyətinin geniş iclasının 06/39 saylı protokolundan çıxarışı İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində yerləşən “188” saylı bağ sahəsinə dair hüquqlarını təsdiq edir. Bundan əlavə, iddiaçının uzun müddət maneəsiz olaraq istifadəsində olan mübahisəli torpaq sahəsi üzərində fiziki və ya hüquqi şəxslər arasında hər hansı bir mübahisənin olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Cavabdehin etirazında göstərilən digər dəlil (bağ sahəsinin bir hissəsi (280 kv.m) elektron kadastr məlumatlarına əsasən yüksək gərginlikli elektrik şəbəkəsinin mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir) ilə əlaqədar məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydalarının” 6-cı bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Həmin Qaydaların 7ci bəndinə əsasın, Torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(102)- 445/2021 nömrəli inzibati iş üzrə qəbul etdiyi qərarında əks olunmuş mövqeyinə əsasən “elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə Qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da onların xüsusi mülkiyyətdə olmasına heçbir qadağa yoxdur. Əksinə həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər”. Bundan əlavə, cavabdeh inzibati orqannın arixivində saxlanılan bağçılıq yoldaşlığının siyahısında iddiaçının adının göstərilməməsi, onun bağçılıq yoldaşlığın üzvü olmadığına dəlalət etmir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.1999-cu il tarixli “Tampontaj və X6 və Artırılması İdarəsinin nəzdində “Neftçi” Bağçılıq Yoldaşlıq üzrə idarə heyətinin geniş iclasının 06/39 saylı protokolu və ona əlavə edilmiş Tompanaj və LNA-sı idarəsinin Bağçılıq Yoldaşlığı üzvlərinin ümumi siyahısında 23-cü bənddə İddiaçı adı göstərilmişdir. Cavabdeh tərəfindən iddiaçının mübahisəli bağ sahəsinə dair mülkiyyət hüquqlarının mövcudluğunu təsdiq edən sənədlərin mötəbərsizliyi sübuta yetirə bilməmişdir.
15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd.
16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil.
17. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır.
18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
19. Cavabdeh qeyd edilən əsasların mövcud olmasına dair halları məhkəməyə bildirməmişdir.
20. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1-ci bəndində göstərilmişdir: “Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.22. daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum qismində bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək;...”
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları» təsdiq edilmişdir. Qaydaların 4cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 gün müddətində icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur.
22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
23. Cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsi ilə onun üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş, iddiaçıya qanuni əsaslarla bağ sahəsi məxsus olmasına baxmayaraq, hüquqların dövlət qeydiyyatından alınmasından imtina etmişdir.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
25. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, “Neftçi” bağçılıq-yoldaşlıq təsərrüfat üzvlərinin 15 dekabr 1999cu il tarixli 06/39 saylı iclasının qərarına əsasən, ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində yerləşən “188” saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi və həmin bağ sahəsinə dair plan və ölçünün tərtib olunması vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.
26. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
27. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar.
28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. “Neftçi” bağçılıq-yoldaşlıq təsərrüfat üzvlərinin 15 dekabr 1999-cu il tarixli 06/39 saylı iclasının qərarına əsasən, ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində yerləşən “188” saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi və həmin bağ sahəsinə dair plan və ölçünün tərtib olunması vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova