Məhkəmə qərarları › İş №2-1(112)-720/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-720/2025

19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-720/2025 19.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək onun xx.xx.1982-xx.xx.2004-cü illərdə “Bakı Alüminyum-Yayma” zavodunda, yəni indiki “Şüvəlan ASC”-də işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun xx.xx.1982-xx.xx.2004-cü illərdə “Bakı Alüminyum-Yayma” zavodunda, yəni indiki “Şüvəlan ASC”-də işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı xx.xx.2016-cı il tarixindən, 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “Azərneftikinti” trestinin 3 saylı tikinti-quraşdırma idarəsində xx.xx.1978-ci il tarixdə birinci dərəcəli fəhlə vəzifəsinə qəbul edilmişdir. Daha sonra ona xx.xx.1980-ci il tarixdə 2-ci dərəcəli bənna peşəsi verilib. Sovet ordusuna çağırılması ilə əlaqədar olaraq, xx.xx.1980-ci il tarixində tutduğu vəzifədən azad edilmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra, Bakı Alüminium Yayma Zavodunda xx.xx.1982-ci il tarixində 4 saylı sahəyə məftilçəkən şagirdi kimi işə qəbul edilmişdir. Həmin zavodda, xx.xx.1983-cü il tarixdə ona ikinci dərəcəli məftilçəkən dərəcəsi verilmişdir. Yenə həmin zavodda, xx.xx.1984-cü il tarxdə, 1 saylı sahəyə ikinci dərəcəli məftilçəkən vəzifəsinə keçirilmişdir. Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1986-cı il, 205 R saylı Qərarına əsasən, Bakı Yüngül Metalların Emalı Zavodu (BYMEZ) ilə “Bakı Alüminium Prokatı Zavodu” birləşdirilərək, onların bazasında Bakı Əlvan Metalların Emalı Zavodu (BƏMEZ) yaradılmışdır. Azərbaycan SSR ƏHQ 36-cı maddəsinə əsasən, xx.xx.1987-ci il tarixində, öz xahişilə tutduğu vəzifədən azad edilmişir. “Azərenerjixüsusitəmir” ixtisaslaşdırılmış müəssisəsində xx.xx.1987-ci il tarixdə, 5-ci dərəcəli suvaqçı/rəngsaz vəzifəsinə işə qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən, xx.xx.1994-cü il tarixdə, öz xahişilə işdən azad olunmuşdur. Daha sonra isə, 11 saylı X2, xx.xx.1995-ci il tarixdə, 7 saylı sahəyə qablaşdırıcı işinə qəbul edilmişdir. Azərbaycan SSR ƏHQ 37-ci maddəsinə əsasən, xx.xx.1995-ci il tarixində tutduğu vəzifədən azad edilmişdir. Təkrarən, 11 sayılı X2, xx.xx.1995-ci il tarixdə, 3 saylı sahəyə 2-ci dərəcəli qablaşdırıcı-daşıyıcı işinə qəbul edilmişdir. Azərbaycan SSR ƏHQ 38.1-ci maddəsinə əsasən, xx.xx.1996-cı il tarixində sahənin ləğv edilməsi ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilmişdir. Təkrar “Bakı Alüminium Yayma Zavodu”-na işə qayıdaraq, xx.xx.1996-cı il tarixdə, 1 saylı məftilçəkən sevinə 4-cü dərəcəli məftilçəkən işinə qəbul olunmuşdur. Azərbaycan Respublikası İqtisadi inkişaf Nazirliyinin xx.xx.2000 ci il tarixli, 222 saylı Sərəncamına əsasən Bakı Alüminium Yayma Zavodunun bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. xx.xx.2004-cü il tarixdə, öz xahişilə işdən azad olunmuşdur. Keçmiş “Bakı Alüminyum-Yayma” zavodunda, yəni indiki "xxxx" ASC-də xx.xx.2013-cü il tarixində yanğın baş verdiyindən, zavodun arxiv sənədləri saxlanılan otaqda bütün sənədlər yanmışdır. İşçilərin əmək haqqları əmrləri və T 12 kartoçkaları da yanmışdır. Bu şəbədən də, zavod ona əlavə sənədlər təqdim edə bilmir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, iddiaçının əmək kitabçasının və digər sənədlərin surətinə əsasən, ümumi stajı 25 ildən az (12 il 6 ay 27 gün (xx.xx.1978-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1987xx.xx.1994-cü il, xx.xx.1995-xx.xx.1995-ci il və xx.xx.1995-xx.xx.1996-cı il tarixləri arasındakı dövrlər) olduğundan müraciətinin müsbət həlli mümkün olmamışdır. Belə ki, Mərkəzi Filiala təqdim edilən iddiaçının ИТ-1 ******* nömrəli əmək kitabçasında və "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli arayışında xx.xx.1982-xx.xx.1987-ci il, xx.xx.1996xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər ərzində sözügedən müəssisədə İddiaçı məftilçəkən vəzifəsində işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəsissədəki iddiaçının iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün Mərkəzi Filial tərəfindən aidiyyəti üzrə sorğu göndərilmişdir. Müvafiq sorğuya cavab olaraq "xxxx" ASC yaradılarkən müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə planına əlavə edilmiş işçilərin siyahısında iddiaçının adı qeyd edilməmişdir. Buna görə də həmin dövrlər ərzində İddiaçı əmək fəaliyyəti ilə məşğul olub-olmadığını müəyyən etmək mümkün deyil. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün Mərkəzi Filiala verdiyi ərizəsinə və təqdim etdiyi sənədlərə əsasən müəyyən olunmuşdur ki, sığorta stajı 12 il 6 ay 27 gün olmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 illik sosial sığorta stajına malik deyil. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Qanunvericiliyin tələbləri və işin faktiki halları əsasında müəyyən olunmuşdur ki, İddiaçı tələb olunan sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya yazılı etirazla oxşar məzmunlu izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş etdi. İddiaçıya şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmiş və ərizə ilə müraciət edərək səhhətində olan problemlərlə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddianı müdafiə etdiyini və məhkəmədən təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1961-ci ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdehin 11 oktyabr 2023-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı xx.xx.1978-ci ildə birinci dərəcəli fəhlə vəzifəsinə qəbul edilmişdir. xx.xx.1980-ci ildə ona 2-ci dərəcəli bənna peşəsi verilmişdir. xx.xx.1980-ci ildə Sovet Ordusuna çığırılması ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilmişir. 1980-1982-ci illərdə iddiaçı Sovet Ordusu sıralarında xidmə etmişdir. xx.xx.1982-ci ildə “Bakı Alüminyum-Yayma” zavodunda 4 saylı sahəyə məftilçəkən şagirdi kimi qəbul edilmişdir. xx.xx.1983-cü ildə ikinci dərəcəli məftilçəkən dərəcəsi verilmişdir. xx.xx.1984-cü ildə 1 saylı sahəyə ikinci dərəcəli məgtilçəkən vəzifəsinə keçirilmişdir. xx.xx.1984-cü ildə üçüncü dərəcəli məftilçəkən dərəcəsi verilmişdir. xx.xx.1986-cı ildə Azərbaycan SSR Nazirlər Kabinetinin 205 p nömrəli xx.xx.1986-cı il tarixli qərarına əsasən BZOEM və BAPZ birləşdirilərək onların bazasında Azərbaycan SSR Bakı rəngli metallurgiya zavodu yaradılmışdır. xx.xx.1987-ci ildə Azərbaycan SSR ƏQHM 37 maddəsinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1987-ci ildə “Azərenrjixüsusitəmir” ixtisaslaşdırılmış müəssisəsində 5-ci dərəcəli suvaqçı/rəngsaz vəzifəsinə qəbul edilmişdir. xx.xx.1995-ci ildə 11 nömrəli X2 7 nömrəli sahəyə qablaşdırıcı vəzifəsinə qəbul edilmişdir. xx.xx.1995-ci ildə Azərbaycan SSR ƏQHM 37 maddəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1995-ci ildə 11 nömrəli X2 3 nömrəli sahəyə 2-ci dərəcəli qablaşdırıcı – daşıyıcı vəzifəsinə qəbul edilmişdir. xx.xx.1996-cı ildə sahənin ləğv edilməsi ilə əlaqədar olaraq Azərbaycan SSR ƏQHM 38.1 maddəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətinə əsasən iddiaçı 14 oktyabr 1980-cı il tarixdən 01 noyabr 1982-ci il tarixədək hərbi xidmətdə olmuşdur. "xxxx" ASC tərəfindən iddiaçıya verilmiş 05 nömrəli 15 iyun 2023-cü il tarixli güzəştli arayışında qeyd edilmişdir ki, o, xx.xx.1982-ci il tarixsən xx.xx.1987-ci il tarixə kimi məftilçəkən sexdə məftilçəkən vəzifəsində işləmişdir. (Vəzifəsinin adı məftilçəkən siyahı 2 bölmə 8 kod 209230401-11487). Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramına uyğun olaraq keçmiş Dövlət Əmlak Nazirliyinin xx.xx.2000-ci il tarixli, 222 nömrəli sərəncamı ilə Metallaurgiya Dövlət Şirkətinin tabeliyində olmuş X4 zavodunun bazasında "xxxx" ASC yaradılmış və səhmləri xx.xx.2020-ci ildə tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Eyni zamanda xidmətin arxivində olan "xxxx" ASC yaradılarkən müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş özəlləşçdirmə planına (emissiya prospektinə) əlavə edilmiş işçilər siyahısında iddiaçının adı aşkar edilmədir. "xxxx" ASC tərəfindən iddiaçıya verilmiş 06 nömrəli 15 iyun 2023-cü il tarixli güzəştli arayışında qeyd edilmişdir ki, o, xx.xx.1982-ci ildən xx.xx.1987-ci ilədək və xx.xx.1996-cı il tarixdən xx.xx.2004-cü il tarixədək Bakı Alüminium Yayma Zavodu da Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli Sərəncamı ilə "xxxx" Dövlət Şirkəti və onun tabeliyində fəaliyyət göstərmiş digər müəssisələr kimi ləğv olunmuş “Azərbaycan Respublikasında Dövlət Əmlakının Özəlləşdirilməsiüzrə İİ Dövlət Proqramı”-na uyğun olaraq xx.xx.2000-ci il tarixdən Dövlət Əmlakı Nazirliyinin tabeliyinə verilmişdir. Arayış əmək kitabçasında qeyd olunmuş məlumatlar əsasında verilmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində ona 55 yaşının tamam olduğu 07 fevral 2016-cı il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində göstərilmişdir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunda həmçinin göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır (9.1). Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir (9.8). Qanunun yuxarıda qeyd edilən müddəalarından görünür ki, həmin Qanun qüvvəyə minənədək, yəni xx.xx.2006-cı ilədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən işlərdə 12 il 06 ay stajı olan kişilərin yaşa və staja görə əvvəllər qüvvədə olan qanunvericiliklə pensiyaya çıxmaq hüquqları vardır. İddiaçı 2006-cı ilədək pensiya təyini üçün ümumi və güzəştli stajı topladığını hesab edərək ona 55 yaşdan əmək pensiyası təyin edilməsini xahiş edir. Cavabdehin etirazının əsas dəlili isə ondan ibarət olmuşdur ki, iddiaçının xx.xx.1982-xx.xx.2004-cü il tarixədək olan müddətdə “Bakı Alüminium Yayma zavodu”nda, yəni indiki "xxxx" ASC-də olan iş stajı öz təsdiqni tapmır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”nda göstərilmişdir ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1dək olan dövr üzrə: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən (4.1.1.); 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən (4.1.2.) müəyyən edilir. Yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir (4.1.20.). İşin müəyyən edilmiş hallarından göründüyü kimi “Bakı Alüminium Yayma zavodu” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli Sərəncamı ilə "xxxx" Dövlət Şirkəti və onun tabeliyində fəaliyyət göstərmiş digər müəssisələr kimi ləğv olunmuş, “Azərbaycan Respublikasında Dövlət Əmlakının Özəlləşdirilməsi üzrə İİ Dövlət Proqramı”na uyğun olaraq xx.xx.2000-ci il tarixdən Dövlət Əmlakı Nazirliyinin tabeliyinə verilmişdir. İqtisadi İnkişaf Nazirliyinin xx.xx.2000-ci il tarixli 222 saylı sərəncamına əsasən Bakı Alüminium Yayma zavodunun bazasında "xxxx" ASC yaradılmışdır. Yəni, həmin müəssisənin hüquqi varisi mövcuddur. İddiaçı xx.xx.1982-xx.xx.2004-cü il tarixədək olan müddətdə olan stajı ilə bağlı "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışlara əsaslanmışdır. Həmin arayışlarda iddiaçının xx.xx.1982-ci il tarixsən xx.xx.1987-ci il tarixə kimi məftilçəkən sexdə məftilçəkən vəzifəsində vəzifəsində işlədiyi göstərilmişdir. Lakin, həmin arayışda onun iddiaçının əmək kitabçasına əsasən tərtib edildiyi qeyd edilmişdir. Eyni zamanda iddiaçı iddia ərizəsində də bildirmişdir ki, 2013-cü ildə "xxxx" ASC-də yanğın baş vermiş və arxiv sənədləri yanmışdır. Həmin fakt iş materiallarına əlavə edilmiş digər şəxslərin hazırkı iş üzrə cavabdehə qarşı analoji iddia tələblərinə dair məhkəmə aktlarında da öz əksini tapmışdır. Yəni, 2013-cü ildə yanğın nəticəsində btün arxiv sənədləri yanmış bir hüquqi şəxsin iddiaçıya güzəştli arayışı hər hansı mötəbər bir sənədə əsaslanaraq verməsi mümkün deyildir. Bu hal da məhz iddiaçıya verilmiş güzəştli arayışın əmək kitabçası məlumatlarına əsasən tərtib edildiyini təsdiq edir. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”nın yuxarıda istinad edilən müddəaları ilə müəyyən edilir ki, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti əmək kitabçası ilə yanaşı işəgötürənin arayışına əsasən müəyyən edilir. Həmin staj əmək kitabçasında əks olunmaqla yanaşı işə götürənin arayışı ilə də təsdiq edilməlidir. Yəni, işə götürənin arayışı əmək kitabçasında göstərilən stajın həqiqiliyini və güzəştli şərtlərlə pensiya hüququ verən staja aid olduğunu təsdiqləməlidir. Bunun əksinə olaraq güzəştli arayış əmək kitabçası məlumatlarına əsaslanmaqla tərtib olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramına uyğun olaraq keçmiş Dövlət Əmlak Nazirliyinin xx.xx.2000-ci il tarixli, 222 nömrəli sərəncamı ilə Metallaurgiya Dövlət Şirkətinin tabeliyində olmuş X4 zavodunun bazasında "xxxx" ASC yaradılmış və səhmləri xx.xx.2020-ci ildə tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Eyni zamanda xidmətin arxivində olan "xxxx" ASC yaradılarkən müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş özəlləşçdirmə planına (emissiya prospektinə) əlavə edilmiş işçilər siyahısında iddiaçının adı aşkar edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1982-ci ildən xx.xx.2004-cü ilədək Bakı Alüminium Yayma zavodunda olan güzəştli iş stajı öz təsdiqini tapmır. Bu səbəbdən iddiaçının 55 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmamışdır. Məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olmadığı üçün təmin edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar